C. X. Cübran Sükutun poeziyası / Ərəb, ingilis və rus dillərindən seçilmiş tərcümələr. Bakı. 2008, 273 səh



Yüklə 2,16 Mb.
səhifə12/15
tarix01.12.2016
ölçüsü2,16 Mb.
#534
1   ...   7   8   9   10   11   12   13   14   15

3
Gecə öz qara yağmurluğu ilə vadiləri örtdü, tufan daha da qızışdı, leysan elə bir şiddətlə yağmağa başladı ki, mən hərdən yer üzərində həyatı məhv etmək və yer üzünü murdar, iyrənc əməllərdən təmizləmək üçün ikinci ümumdünya selinin başlandığını düşünürdüm. Lakin, mənə elə gəlirdi ki, təbiətin azğınlığı Yusif əl-Fəxrinin qəlbində bəzən həyəcana cavab olaraq yaranan sakitliyi doğurmuşdu. Onun mənə qarşı antipatiyası mehribanlığa çevrildi. O, ayağa qalxıb, iki şam yandırdı, daha sonra qabağıma şərab dolu bardaq və çörək, pendir, bal və quru meyvələrlə dolu boşqabı qoyaraq, qarşımda əyləşib nəzakətlə dedi:

– Olanım budur. Qardaşım, səndən xahiş edirəm ki, süfrəmə qonaq olasan.

Biz küləyin uğultusunu və yağışın ağlamaq səsini dinləyərək, sakitcə şam yeməyinə başladıq. Arabir mən onun simasına baxaraq, onun üz cizgilərində nələrin gizləndiyini tapmağa çalışırdım. Mən onun daxili dünyasına hakim kəsilən arzuları və meyli barəsində özümü sorğu-suala tuturdum.

O, süfrəni yığışdırıb, mis qəhvədanı ocaqdan götürdü və fincanlara tünd, ətirli qəhvə tökdü. Daha sonra o, ətirli tütün qutusunu açaraq sakitcə dedi:

– Qardaşım, buyur.

Mən gözlərimə güc-bəla ilə inanaraq tütün və qəhvə fincanını götürdüm.

O gözlərini mənə zillədi və sanki nə düşündüyümü anlayaraq başını təbəssümlə yellətdi. Sonra tütündən qulab vurub, bir qurtum da qəhvə içərək dedi:

– Bu komada şərab, tütün və qəhvə tapmağın çox yəqin ki, sənə qəribə gəlir. Ola bilsin ki, sən bu daxmada qidanın və yatağın olmasına da təəccüb edirsən. Mən səni qınamıram. Axı sən də insan cəmiyyətindən imtinanın həyatın təbii zövqü-səfasından, sadə nəşələrdən imtinaya gətirdiyini xəyal edən milyonlardan birisən.

– Mənim ağam, doğrudur, – deyə mən cavab verdim, – özünü Allaha həsr etmək üçün tərki-dünya olan kəslərin bütün zövqü-səfalardan və dünyanın nəşələrindən imtina edərək, tənhalığa qapandığına, su və yabanı otlarla kifayətlənərək zahid həyatı sürdüyünə inanmaq bizlərə xasdır.

– Mən tanrıya xidmət edib, onun xəlq etdiyi varlıqların arasında qala bilərdim, – o dedi, – çünki bunun üçün nə tənhalıq, nə də təklik axtarmaq lazım gəlmir. Mən dünyanı tanrını axtarmaq naminə tərk etmədim. Çünki onu atamın evində də, istənilən ayrı məkanda da tapa bilərdim. Yox, mən insanları ona görə tərk etdim ki, mənim əxlaqım onların əxlaqına, mənim arzularım onların arzularına ziddir. Mən insanları ona görə tərk etdim ki, mən ruhumun sola tərəf fırlanan təkərlər arasında sağa tərəf fırlanan təkər olduğunu anladım; mən şəhəri tərk etdim, çünki onun nəhəng, qoca, qüdrətli, lakin kökləri torpağın zülmət qatında şaxələnən, budaqları buludlara çatan, çiçəkləri–tamahkarlıq, şər və cinayətlə açılan, meyvələrin isə dərd, bədbəxtlik və iztirab dadan çürümüş ağac olduğunu gördüm. Peyvəndlərin köməyi ilə qoca ağacı cavanlaşdırmağa cəhd göstərənlər heç nəyə nail olmur və qovulub, məğlubiyyətə uğrayaraq ümidsizlikdən ölürdülər.

Sanki onun söylədikdlərinin mənə necə təsir bağışlamasını izləmək ona həzz verirdi və o, ocağa söykənərək ucadan dilləndi:

– Yox, mən tənhalığı ibadət etmək, tərki-dünya olmaq üçün axtarmıram. Çünki dua – minlərlə insanların fəryadına qarşıdıqda belə qəlbin tanrı dərgahına çatan nəğməsidir. Tərki-dünyalıq isə bədənə təcavüz, onun istəklərinin, tələbatlarının keyləşdirilməsidir. Mənim etiqadımda tərki-dünyalığa yer yoxdur. Çünki tanrı bədəni ruhun cismi kimi yaratmışdır və onun tərkibində məskunlaşan ilahi varlığın layiqli, pak, güclü qalması üçün biz onu qorumalıyıq. Mənim qardaşım, tənhalıq mənə nə dua etmək, nə də tərki-dünya olmaq üçün lazım deyil. Mən onu qanunlara, təlimlərə, ənənələrə və fərziyyələrə təhkim olunan, qalmaqallar salan və fəryad qoparan insanlardan xilas olmaq üçün axtarırdım. Mən tənhalığı ruhunu satan kişilərin simalarını görməmək, bunun müqabilində dəyərli və layiqli bir bəxşiş əldə etmək üçün axtarırdım.

Mən təkliyi üzlərini açaraq gözlərini işvə ilə süzdürərək, təbəssümünü paylaraq, lakin qəlbinin dərinliyində yalnız bir məqsəd bəsləyərək gəzən qadınlara rast gəlməmək üçün axtarırdım.

Mən təkliyi gəzirdim, çünki, röyasında idrakın kölgəsini görüb ona mükəmməlliklə yiyələndiklərini güman edən, ayılan zaman həqiqətlə qarşılaşdıqda, onu mütləq və dolğun mahiyyəti ilə mənimsədiklərini güman edən cahillər ilə bir cərgədə dayanmaq istəmirdim.

Mən təkliyi gəzirdim, çünki, nəzakəti – zəiflik, səbri – qorxaqlıq, qüruru isə lovğalıq hesab edən kobud insana uyğunlaşmaqdan bezmişdim. Mən tənhalıq axtarırdım, çünki mənim ruhum günəşin, ayın və ulduzların xəzinələrdən qalxaraq yenidən onun cibinə girdiklərinə əmin olan varlılarla ünsiyyətdən yorulmuşdu – çünki mənim ruhum millətin ümidi ilə oynayaraq, onların gözünə kül üfürən və qulaqlarını gurultulu sözlərlə batıran siyasətçilərlə ünsiyyətdən yorulmuşdu; çünki mənim ruhum inanmadıqlarını təbliğ edən və özündən tələb etmədiklərini dindarlardan tələb edən ruhanilərlə ünsiyyətdən yorulmuşdu. Mən tənhalığa və təkliyə can atırdım, çünki insanlardan aldığım hər bir şeyin dəyərini ürəyimin qanı ilə ödəməli olurdum. Mən yüksək zövqlə bəzənmiş və biçilmiş, insan kəllərindən qalaqlanan təpədə ucaldılmış, sivilizasiya adlanan nəhəng və dəhşətli tikiliyə nifrət edirəm. Mən tənhalıq axtarırdım, çünki ruhum və qəlbim, fikrim və cismim üçün həyatı məhz tənhalıqda görürdüm. Mən səhraya can atırdım, çünki yalnız səhrada günəşin ziyası, çiçəklərin rayihəsi, çayların nəğməsi var. Mən dağlara can atırdım, çünki yalnız burada baharın təravətini, yayın ehtirasını, payızın kamilliyini, qışın soyuğunu görmək mümkündür. Mən bu tənha komada məskunlaşdım, çünki yer üzünün sirlərini dərk etmək və tanrının dərgahına yaxınlaşmaq istəyirəm.

O susdu, ürəkdolusu nəfəs aldı, sanki çiynindən ağır yükü yerə qoydu, onun gözləri qəribə sehrli işıqla parıldadı, simasında isə qürurun, iradənin və gücün işartıları yarandı.

Bir neçə dəqiqə keçdi, mən isə ona baxa-baxa, nəhayət ki, öyrənmək istədiymi öyrəndiyimə görə sevinirdim. Daha sonra mən dedim:

– Mənim ağam, sən, sözsüz, haqlısan və cəmiyyətin xəstəliyinə qoyduğun diaqnoz məni sənin ən bacarıqlı təbib olduğuna inandırdı. Lakin həkim xəstəni şəfa tapacağı və ya vəfat edəcəyi məqama qədər tərk etməməlidir. Dünyanın sənin kimi insanlara ehtiyacı var və sənin faydan dəyə biləcək insanlardan uzaqlaşmağın ədalətsizlik olardı.

O bir anlığa mənə diqqətlə baxdı, sonra ağrı və acı ilə cavab verdi:

– Həkimlər ta bineyi-qədimdən xəstəni xəstəlikdən gah neştərin, gah da tozların və dərmanların köməyi ilə xilas etməyə çalışırdılar. Lakin xəstələr ümidlərini itirib həyatdan əllərini üzərək ölürdülər. Kaş əbədi xəstə çirkli yatağında uzanıb, xroniki yaralarını müşahidə edə biləydi. Lakin çox əfsuslar olsun ki, o, əlini yorğanın altından çıxarıb, kömək etmək məqsədilə ona yaxınlaşan hər kəsi qamarlayaraq boğur. Bu məkrli xəstə təbibi öldürəndən daha sonra gözlərini yumub: «Həqiqətən bu dahi həkim idi!», deyəndə damarlarımda qanım coşur, hiddətimdən nə edəcəyimi bilmirəm. Yox, qardaşım, insanlara heç kəs fayda verə bilməz. Axı hətta ən təcrübəli və bacarıqlı cütçü belə qış mövsümündə tarlasında məhsul yetişdirməyi bacarmaz.

– Mənim ağam, bu dünyanın qışı keçəcək və onun ardınca gözəl, laləzar bahar gələcək, çöllərdə güllər, çiçəklər açacaq və vadilərdə çaylar səs-səsə verəcəkdir, – deyə qeyd etdim.

O, dərindən nəfəs alaraq qaşlarını çatdı və hüznlü səslə cavab verdi:

– Əgər tanrının insan həyatını, bəşəriyyəti də bir-birini əvəz edən fəsillər kimi müəyyən dövrlərə bölüb bölmədiyini bilsəydik. Görəsən, min ildən sonra yer üzündə ruhun və həqiqətin qanunları ilə yaşayan insanlar dünyaya gələcəklərmi? Görəsən, insanın mədh olunacağı və oturaq həyat sürərək gün işığına və gecənin sakitliyinə ürəkdən şadlanacağı bir vaxt gələcəkmi?

Lakin bu belə olacaqmı? Doğrudanmı bu, yer üzünün insanın cismi və qanı ilə vidalaşmasından sonra baş verəcəkdir?

O ayağa durdu və sanki başqa bir dünyaya işarə edən tək sağ əlinin qaldıraraq dedi:

– Bütün bunlar həyata keçməyəcək arzulardır, bu daxmada isə onlar barəsində düşünməyin yeri yoxdur. Çünki burada, hər bir dəlikdə, hər bir çıxıntıda, eləcə də bu dağların və vadilərin hər bir bucağında yalnız insanın idrakına münasib olanlar müəyyən yer tutur. Mən hər şeyi doğru-dürüst bilmirəm: mən mövcudam – «mənimin» dərinliyində isə – aclıq və susuzluq hökm sürür. Mən həyatın çörəyini yemək və əllərimlə yaratdığım qabdan şərab içmək hüququna malikəm. Mən bunun xatirinə insanların dünyasını tərk edərək buraya gəldim və ömrümün son günlərinə kimi burada qalacağam.

O, komada o başa bu başa gəzməyə başladı. Mən isə onu diqqətlə gözdən keçirərək, söylədikləri barəsində düşünür, insan cəmiyyətinin hansı səbəbdən ona bu qədər təhrif olunmuş və korlanmış bir şəkildə göründüyünü anlamağa çalışırdım. Daha sonra mən dedim:

– Mənim ağam, mən sənin tənhalığına hörmət bəslədiyim kimi mühakimələrinə və niyyətinə də ehtiramla yanaşıram. Lakin mən ağır da olsa etiraf edirəm ki, sənin gedişinlə bu bədbəxt millət ona xidmət edə bilən və onun qəflət yuxusundan ayılmasına yardım göstərə bilən istedadlı bir insanı itirmişdir.

O, başını yellədərək cavab verdi:

– Bu millət digər millətlərdən heç nə ilə fərqlənmir. Bütün insanlar təbiətcə eynidirlər, onları bir-birlərindən fərqləndirən isə çox da əhəmiyyətli olmayan zahiri görünüşləridir. Şərq millətləri yer üzündəki digər millətlərlə müqayisədə heç də az bədbəxt deyildirlər. Sənin Qərb tərəqqisi hesab etdiyin isə iddianın əlamətlərindən biridir. Riyakarlığın caynaqlarını kəsməsən, o, riyakarlıq olaraq qalacaqdır. Saxtakarlıq isə hansı dona girirsə girsin, yenə də saxtakarlıqdan savayı bir şey deyildir. İpəkdən don geyməklə və saraylarda yaşamaqla yalan həqiqətə çevrilməyəcəkdir. Qatarda səyahətə çıxmaqla və ya hava balonu ilə səmalara qalxmaqla yalan düzlüyün, səmimiyyətin şəklini almayacaqdır. Ölçüb-biçməyə və tərəzidə çəkməyə adət etmiş tamahkarlıq mötədilliyə çevrilməyəcək, cinayətlər isə zavodlar və idarələr arasında xeyirxah əməl olmayacaqdır. Köləliyə – həyatın köləliyinə, keçmişin köləliyinə, təlimlərin köləliyinə, adət-ənənələrin və dəbin köləliyinə, ölülərin köləliyinə – gəldikdə isə, onlar üz cizgilərinin və qiyafələrinin dəyişilməsindən asılı olmayaraq, yenə də köləlik olaraq qalmaqdadırlar. Köləlik azadlıq adlanan zamanda da köləlik kimi qalacaqdır.

Yox, qardaşım, Qərbin sakini Şərqin sakinindən heç də yaxşı deyildir, Şərqin sakini isə Qərbin sakinindən heç də alçaqda dayanmır. Onların arasındakı fərq isə canavarla goreşən arasındakı fərqi xatırladır. Mən hamı üçün əzəli, ədalətli qanunun olduğunu artıq çoxdan anlamışam. Bu qanun bədbəxtliyi, cahilliyi və axmaqlığı bərabər şəkildə paylayaraq bir xalqa digər xalqdan fərqli imtiyazlar vermir və birini digərlərinin hesabına istismar etmir.

Mən o qədər heyrətlənmişdim ki, onu artıq başa düşə bilmirdim. Soruşdum:

– Deməli belə çıxır ki, sivilizasiya və onunla bağlı hər şey faydasızdır?

O acıqla əlavə etdi:

– Elədir, sivilizasiyanın özü də onunla bağlı hər şey də faydasızdır. Kəşflər və ixtiralar – insan şüurunun darıxmaqndan və tənbəllikdən başını qatdığı oyuncaqlardan savayı bir şey deyildir. Məsafələrin ixtisara salınması, dağların və vadilərin düzləndirilməsi, dənizlərin və fəzaların fəthi – yalnız yalandır; onlar ruhun yüksəlişinə səbəb olmur, insanın gözünü və qəlbini sevindirmir. Bilik və incəsənət adlanan sirlər və müəmmalar isə insanın öz arxası ilə sürüdüyü, parıltısı və cingiltisi ilə baş qatdığı qızıl suyuna salınmış qandallardan savayı bir şey deyildir; ən dəhşətlisi isə budur ki, onlar insanın öz əlləri ilə çoxdan döyəclədiyi və işini tamamlayan kimi köləsinə çevricələcəyini anlamadığı qəfəslər, çubuqlar və dəmir barmaqlıqlardır. Bəli, insanın əməlləri onun niyyəti, məqsədi, ümidləri, yer üzündəki hər şey kimi faydasızdır. Yalnız insanın məhəbbətinə, məqsədinə və qayğısına layiq olan yeganə şeydən savayı. Yalnız bir şeydən savayı…

– Mənim ağam, o nədir? – deyə mən soruşdum.

O bir anlığa susaraq durdu, daha sonra gözlərini yumub, əllərini sinəsində çarpazladı. Onun siması açıldı, üz cizgiləri yumşaldı və tirək səslə cavab verdi:

– Bu – ruhun oyanışı, onun ən məhrəm güşələrinin oyanışıdır. Bu – gözlənilmədən insanın qayğısız varlığını nurlandıran və onun könül gözləri qarşısında melodiyalarla dolu, işıq selinə bənzər şəfəqlə bürülü, yer üzü ilə sonsuzluq arasında qərar tutan həyatı canlandıran fikirdir. Bu – varlığın vicdanının qığılcımlarından biridir; o, ruhun dərinliyində gözlənilmədən alışır, quru otları yandırır və lərzəyə gələrək, həddsiz hüdudsuz fəzaya buxarlanır. Bu – insanın qəlbini çuğlayan və qiyam qaldıraraq onun ziddinə gedən, hər şeyi inkar və məzəmmət edən, ona maneçilik göstərən, hər şeyə nifrət bəsləyən və onun sirlərini anlamayanlarla mübarizə aparan hissdir, duyğudur. Bu – insan cəmiyyətində, ailəmin, dostlarımın və həmvətənlərimin arasında yaşadığım zaman gözlərimi açan görünməz əldir. O zaman mən heyrətdən və çaşqınlıqdan qışqırmışdım: «Bu simalar kimə məxsusdur və mənə baxan insanlar kimdir? Mən onları haradan tanıyıram və onlara nə zaman rast gəlmişəm? Mən buraya nə üçün düşmüşəm və onların məclisində, söhbətlərində nə üçün iştirak edirəm? Mən ki onların arasında yadam və ya onlar həyatın mənim üçün qurduğu və açarını isə mənə təhvil verdiyi evdə mənə yaddırlar».

O gözlənilmədən susdu, sanki xatirələr onun hafizəsində haqqında danışmaq istəmədiyi surətləri və kölgələri canlandırdı. Daha sonra o əlini mənə tərəf uzadaraq pıçıldadı:

– Dörd il bundan əvvəl tərki-dünya olub, yaşamaq, ruhlanmaq, düşüncələrimdən, tufandan və sakitlikdən həzz almaq üçün bu səhraya gəlməmiş başıma gələnlər bunlar idi.

O komanın qapısına yaxınlaşaraq gecənin qaranlığına boylandı. Sonra tufana müraciət edirmiş kimi ucadan dedi:

– Ruhumun məhrəm güşələrinin oyanışı bu cür oldu. Onu hiss edən kəs bunu söz ilə deməkdə acizdir, bu oyanışı dərk etməyən isə onun sirlərindən heç bir zaman agah ola bilməyəcəkdir!


4
Fikirlərimizin pıçıltısı, tufanın uğultusu ilə dolu uzun saatlar keçdi. Yusif əl-Fəxri komada gəzişir, qapıya yaxınlaşaraq zülmətin çökdüyü sonsuzluğa diqqətlə boylanırdı. Mən onun ruhunun hərəkətini dərk etməyə, söylədiklərinin mənasına varmağa, onun zövqü-səfa və tənhalığın sıxıntıları ilə dolu həyatı barəsində düşünməyə çalışaraq susurdum. Gecə yarısı o mənə yaxınlaşdı və sanki tənhalığının sirrini açdığı insanın üz cizgilərini hafizəsinə həkk etmək niyyəti ilə mənə diqqətlə baxaraq, sakitcə dedi:

– Mən bu tufanlı gecədə ətrafı dolaşmağa gedəcəyəm. Adətən mən payız və qış mövsümündə bu cür gəzintilərdən həzz alıram. Qəhvə və tütün qarşındadır, şərab içmək istəsən, şərab bardaqdadır. Yatmaq istəsən, yorğanla yastıqlar otağın küncündədir.

O bunu deyib ağır, qara yağmurluğunun qabağını möhkəmcə bağladı və gülümsəyərək əlavə etdi:

– Xahiş edirəm, səhər gedəndə qapını möhkəm bağlayarsan. Mən sabah bütün günü sidr meşəsində olacağam.

O, qapıya yaxınlaşaraq, qapının kənarında divara söykədiyi uzun əsasını götürdü və dedi:

– Əgər nə vaxtsa bu komanın yaxınlığında tufana düşsən, bu daxmada gizlənə bilərsən. Lakin, mən tufandan qorxmayacağına və onu sevməyi öyrənəcəyinə ümid edirəm. Gecən xeyrə qalsın, qardaşım!

Və o, tələsik daxmadan çıxdı.

Mən onun haraya yollandığını görmək üçün qapıya yaxınlaşanda, o artıq zülmətə qərq olmuşdu. Mən bir neçə dəqiqə onun ayaq səslərini dinləyə bildim.

Səhər açıldı, tufan sakitləşdi, buludlar pərən-pərən düşdü və günəş şüası qayalara, ətrafdakı meşələrə səpələndi. Mən komanı tərk edərək qapını möhkəm bağladım və Yusif əl-Fəxrinin söylədiyi ruhi oyanışın zərrəsini qəlbimdə özümlə apardım.

Lakin yenidən insanların yanına qayıdan da, onlarla evimdə qarşılaşan da, onların səs-küyünü və qələbəliyini görən də, öz-özümə dedim: «Şübhəsiz, ruhi oyanış insanın daha şərəfli durumu, həyatdakı məqsədidir. Lakin, məgər sivilizasiya bütün mürəkkəbliyi ilə özünəməxsus ruhi oyanış deyilmi? Varlığın mövcudiyyəti onun məhsədəuyğunluğu haqqında şəhadətlik edən zaman biz, varlığı necə inkar edə bilərik? Ola bilsin ki, muasir siviilizasiya – təsadüfü, ötəri təzahürdür. Lakin, məgər əbədi qanun bu təzahürü mütləq varlığa doğru aparan nərdivanın pilləsinə çevirməmişdirmi?».

Mən bir daha Yusif əl-Fəxri ilə görüşmədim. Payızın axırlarında yaranmış vəziyyət məni Livanın şimalını tərk etməyə məcbur etdi və mən tufanların sakitləşdiyi, zahidliyin isə divanəlik hesab olunduğu uzaq bir məmləkətə sürgünə yollandım.
Balla qarışdırılmış zəhər
Qızıl payız gününün səhəri, Livanın gözəlliyinin valehedici bir şəkildə göz önündə canlandığı zaman Tuli kəndinin sakinləri gözlənilməz xəbərdən təşvişə düşərək kilsəyə üz tutdular. Faris ər-Rəhhalın gözlənilməz səfəri nə demək idi? O gənc xanımını tərk edərək – onların nigahı altı ay əvvəl kəsilmişdi – naməlum istiqamətdə qeyb olmuşdu.

Faris ər-Rəhhal kəndxuda idi və bu vəzifə ona irsən atasından və babasından keçmişdi. Onun iyirmi yeddi yaşı tamam olmasa da, o həmkəndlilərinin hörmət və ehtiramını qazanmışdı. O ötən baharda Süsən Bərəkətə evlənən də insanlar: «Bu insanın xoşbəxt ulduz altında doğulduğunu, otuz yaşı olmasa da, bu dünyada arzuolunan hər şeyi əldə etdiyini», söyləmişdilər.

Həmin səhəri isə Tuli kəndinin sakinləri kəndxudanın nə doğmaları, nə də dostları ilə vidalaşmadan, atlanaraq kiçik məbləğdə pulla kəndi tərk etməsindən xəbər tutdular. Bu qaçaqaçın səbəbləri haqqında neçə cür fərziyyələr quruldu! Farisi gənc xanımını, bağlı-bağatlı, meynəli malikənəsini, həmkəndlilərini tərk etməyə sövq edən nə idi?

Livanın şimalındakı həyat icma quruluşlu həyata meylli idi. O yerlərdə həyatın sevincli anları və iztirabları birlikdə qarşılanırdı. İstənilən hadisə bütün kənd tərəfindən uzun müddət müzakirə olunurdu. Bu, zaman keçdikcə yeni hadisənin baş verməsinə qədər davam edir.

Həmin səhər Tuli sakinləri bütün işlərini başlı-başına buraxdılar. Onlar Mar Tula kənd kilsəsinin ətrafında toplanıb, baş vermiş hadisə haqqında ucadan söhbət edərək, müxtəlif fərziyyələr qururdular. Kənd rahibi Stefan da kütləyə qoşuldu. Onun simasında dalğın və qəmgin ifadə var idi. Kəndlilər yeni bir xəbər eşitmək arzusu ilə onu dərhal dövrəyə aldılar. Rahib əvvəlcə yumruqlarını sıxıb sussa da, sonra həyəcanını və heyrətini gizlətmədən dedi:

– Mənim övladlarım, sizə nə cavab verəcəyimi bilmirəm. Mən özüm də heç nə anlamıram. Bu gün hələ günəş üfüqdən boylanmamış Faris evimə gəlib qapımı döydü. Mən qapını açdım və onu atının cilovundan yapışdığını gördüm. Onun simasında iztirabın izləri var idi. Mən təəccüb edərək nə baş verdiyini soruşdum. O dedi: «Müqəddəs ata, səninlə vidalaşmağa gəlmişəm. Uzağa, dənizin o biri sahilinə yollanıram. Buraya bir daha qayıtmayacam». O, dostu Nəcib Məlikin adına möhürlənmiş məktubu mənə uzatdı və məktubu əlbəəl çatdırmağı xahiş etdi. O, dərhal atlanıb çaparaq getdi. Mən nə baş verdiyini ondan soruşmağa belə macal tapmadım. Vəssalam, bildiklərim bunlardır.

– Çox yəqin ki, məktubda onun bivaxt gedişinin səbəbi haqqında bir iki kəlmə yazılmışdır, – deyə iştirakçılardan biri qeyd etdi, – axı Nəcib Məlik Farisin ən yaxın dostudur.

– Müqəddəs ata, bəs sən onun xanımını görmüsənmi? – deyə bir başqası soruşdu.

– Mən səhər duasından sonra ona baş çəkdim, – deyə rahib cavab verdi. – Pəncərənin qarşısında oturub, şüşəni xatırladan gözləri bir nöqtədə donub qalmışdı, uzaqlara baxır və sanki heç nə anlamırdı. Mən onu sorğu – suala tutdum, o isə başını tərpədərək: «Heç nə bilmirəm, heç nə bilmirəm» – deyə təkrar edirdi. Sonra da ağlamağa başladı.

Rahib sözünü bitirməmiş kəndin Şərq tərəfindən güllə səsi eşidildi. Dərhal da hiddətli qadın bağırtısı həyəcanlı ab-hava yaratdı. Kəndlilər ani olaraq donuxub qaldılar, sonra simalarında qorxunun həkk olunduğu kişilər və qadınlar ürəklərinə pis fikir damıbmış kimi Faris ər-Rəhhalın evinin qarşısındakı bağa tərəf götürüldülər. Onların gözləri önündə qanı damarlarda donduran dəhşətli bir mənzərə canlandı. Onlar torpaqda uzanaraq qan dənizində boğulan Nəcib Məliki, onun yanında isə Faris ər-Rəhhalın xanımı Süsəni gördülər. O, saçlarını yolub paltarını cıraraq: «O özünü öldürdü! O, sinəsinə atəş açdı!» deyə nalə çəkirdi.

İnsanlar quruyub qalmışdılar. Sanki amansız taleyin əlləri onların qəlbini sıxırdı. Rahib mərhuma yaxınlaşdı və Nəcib Məlikin sağ əlində səhər ertədən ona verdiyi məktubu gördü: o məktubu elə bir qüvvə ilə sıxmışdı ki, sanki məktub onun barmaqlarına yapışmışdı. Rahib, bunu başqalarına hiss etdirmədən məktubu dartıb götürdü və cibində gizlətdi, daha sonra kənara çəkilərək üzünü əlləri ilə örtdü.

Özünə intihar edəni bədbəxt anasının evinə apardılar. Yeganə oğlunun cansız bədənini görən ana ağlını itirdi. Qadınlar həyatla ölüm arasında çabalayan Faris ər-Rəhhalın xanımı ilə məşğul oldular.

Rahib evinə daxil olaraq qapını bağladı, eynəyini taxaraq məktubu cibindən çıxartdı və titrək səslə bu sətirləri oxudu:

«Qardaşım Nəcib!

Mən kəndimizi tərk edirəm, çünki mənim burada qalmağım səni də, mənim xanımımı da, elə mənim özümü də bəxtəvər etmir. Mən sənin nə qədər nəcib olduğunu bilirəm. Sən dostuna və qonşuna xəyanət etməyə cəsarət etməzsən. Mən həmçinin xanımım Süsənin ləkəsiz olmasına da inanıram. Lakin eyni zamanda mən qəlbinizi bir-birinə bağlayan məhəbbətin sizin iradənizdən güclü olduğunu da bilirəm. Sən Kadiş çayının axınının qarşısını almaq iqtidarında olmadığın kimi bu sevginin də öhdəsindən gələ bilməzsən. Sən mənim uşaqlıq dostum idin, biz çöldə və kilsənin həyətində birlikdə oynayardıq. Sən tanrının hüzurunda hər zaman dostum olaraq qalacaqsan. Sabah və ya nə vaxtsa Süsənə rast gəlsən, onu sevdiyimi və əfv etdiyimi söyləyərsən. Ona de ki, mən gecənin sakitliyində yuxudan ayılıb, onu İsa Məsihin surəti önündə diz çökərək, göz yaşı içində sinəsinə döydüyünü görəndə təəssüf hissindən əzab çəkdim. Qadın üçün iki kişinin – sevdiyi ilə onu sevənin arasında qalmaqdan üzücü heç nə ola bilməz. Zavallı Süsən daima mübarizə apararaq yaşayırdı. O, evlilik borcuna sadiq olmaq istəsə də, hisslərini boğa bilmirdi. İndi isə mən uzaqlara gedirəm. Mən heç bir zaman qayıtmayacağam, çünki sizin səadətinizə mane olmaq istəmirəm. Qardaşım, sənə yalnız bunları tövsiyə edə bilərəm: Süsənə sədaqətli ol və onu ömrünün sonuna kimi qoru. O, sənə görə hər şeyini qurban verdi və kişinin qadına verə biləcəyi hər şeyə layiqdir. Nəcib, hər zaman mərd və alicənab insan olaraq qal. Qoy, tanrı qardaşının xətrinə səni hifz etsin!

Faris ər – Rəhhal».

Rahib məktubu bitirdikdən sonra onu bükərək, yenidən cibində gizlətdi. O, pəncərənin qabağında əyləşib, gözləri qarşısında uzanan vadiyə zillədi. Onun qırış olmuş sifətində dalğınlığın izləri əks olunurdu.

Lakin heç bir dəqiqə keçməmiş o, beyninin girinti-çıxıntılarında əvvəllər hiss etmədiyi dəhşətli cavabı tapanlar kimi həyəcandan yerindən sıçradı.

– Faris ər-Rəhhal sənin bu qədər məkrli olmağına inanmazdım! – deyə o ucadan dedi. – Sən Nəcib Məliki öldürərək, onun ölümündə günahkar olmamağının yolunu bacarıqla tapdın. Sən ona balla qarışdırılmış zəhər göndərdin. Sən ona ipəyə bükülmüş qılınc göndərdin. Sən bu məktubun içində ona ölüm göndərdin. O tüfəngin ağzını sinəsinə tuşlayan zaman o silahı sənin əlin tutmuşdu və yalnız sənin iradən onun iradəsini idarə edirdi. Ah! Faris ər-Rəhhal, gör bir nə qədər hiyləgərsən!

Rahib yenidən kürsüyə oturaraq başını yellədir, əlləri ilə saqqalını sığallayırdı. Lakin, onun təbəssümü baş vermiş faciə kimi qəmgin idi. Bir dəqiqədən sonra o, dolabdan kitabı götürərək müqəddəs Yefrem Sirinin Zəbur surəsini oxumağa başladı. O, vaxtaşırı gözlərini qaldıraraq qadınların kənddən eşidilən fəryadını dinləyirdi.


İddialı bənövşə
Tənha bağda zərif və sevimli bənövşə boy atırdı. O aza qane olub, rəfiqələrinin arasında yaşayır və sıx otların qoynunda sevincək yırğalanırdı.

Lakin bir səhər o, şeh damcısından tac geymiş başını qaldıraraq ətrafına boylandı və başı göylərə çatan qızılgülü gördü. Qızılgül boylu-buxunlu, məğrur idi. O, sanki zümrüd çırağın üzərindəki alovun şöləsini xatırladırdı.

Bənövşə mavi dodaqlarını araladı və ah çəkərək dedi:

– Mən nə qədər də bədbəxtəm! Məni təravətli otların və çiçəklərin arasında görmək çətindir. Təbiət məni cılız və kiçik yaratmışdır. Mən torpağa qısılaraq yaşayıram. Mən mavi səmaya doğru qalxmaq iqtidarında deyiləm. Mən qızılgül kimi üzümü günəşə sarı da çevirə bilmirəm.

Qılızgül qonşusu bənövşənin dediklərini eşidib qəhqəhə çəkərək güldü və dedi:

– Sən necə də səfeh çiçəksən! Sən sadəcə olaraq öz xoşbəxtliyini anlamırsan. Təbiət nadir çiçəklərə verdiyi sevimliliyi, xoş rayihəni və zərifliyi sənə bəxş etmişdir. Qaba hərəkətlərindən əl çək, taleyindən şikayətlənmə və bil ki, aza qane olan son nəticədə güclü olur, həddən artıq tələbkar isə sonda hər şeyini itirir.

Bənövşə cavab verdi:

– Qızılgül, sən mənə təsəlli verirsən. Çünki sən mənim arzu etdiyim hər şeyə maliksən. Sən çox gözəl olduğun üçün mənim miskin varlığımı müdrik sözlərlə bəzəməyə çalışırsan. Lakin, bədbəxtlər üçün xoşbəxtlərin öyüd-nəsihəti nə qədər ağır, zəiflərin arasında vaizlik edən güclü isə nə qədər zalımdır.

Təbiət qızılgüllə bənövşənin söhbətini eşidib, təəccüblə soruşdu:

– Ay mənim bənövşə qızım, axı sənə nə olub? Mən hər zaman səni təvazökarlıqda sevimli, mülayimlikdə zərif, yoxsulluqda xeyirxah bir çiçək kimi tanımışam. Olmaya dəyərsiz arzular sənə sahib olmuş, mənasız təkəbbür isə sənin ağlını başından almışdır?

Bənövşə yalvarış dolu səslə cavab verdi:

– Ey ana təbiət, sənin qüdrətin böyük, mərhəmətin isə hədsiz-hüdudsuzdur. Mən qəlbimdə yuva salan təvazökarlığımla, ruhumda yaşayan ümidimlə sənə yalvarıram: mənim xahişimi yerə salma, məni bir günlüyə də olsa qızılgülə çevir!

Təbiət cavabında dedi:

– Sən məndən nə istədiyini bilmirsən. Sən zahiri gözəlliyin nə kimi bəlalar gətirdiyini anlamırsan. Özünü qoru, mən sənin gövdəni uzadıb, surətini dəyişərək qızılgülə çevirsəm, sən peşman olacaqsan. Lakin sonrakı peşmançılıq fayda verməyəcək.

Bənövşə isə yalvarmaqda davam edirdi:

– Nə olar, məni qəddi-qamətli, məğrur başlı qızılgülə çevir! Qoy başıma gələcək müsibətlərdə təkcə özüm təqsirkar olum!

Bu zaman Təbiət dedi:

– Səfeh, dikbaş bənövşə, mən sənin xahişinə əməl edərəm. Lakin başına bir bəla gəlsə, o zaman özünü günahkar bil!

Təbiət görünməz, sehrli çubuğunu bənövşəyə tərəf uzadaraq onun köklərinə toxundu və o bir anda başqa çiçəklərdən və otlardan yüksəkdə duran gözəl qızılgülə çevrildi.

Budur günorta keçdi və birdən üfüq qara buludlarla örtüldü, tufan başladı. Ətrafda hər şey hərəkətə gəldi, şimşəklər bərq vurdu, guruldadı. Leysan yağışlar və küləklər bağlara və meşələrə hücum çəkdi. Külək budaqları qırır, gövdələri əyir, məğrur, hündür çiçəkləri torpaqdan kökləri qarışıq dartıb çıxarırdı. Bağlarda torpağa qısılan və ya daşların arasında gizlənən balaca çiçəklərdən və otlardan savayı heç nə qalmadı.

Şıltaq təbiətin azğınlığından daha çox həmin tənha bağ əziyyət çəkdi.

Tufan sakitləşib qara buludlar çəkiləndən sonra bütün çiçəklərin tələf olduğu açıq-aydın göründü – onlar pərən-pərən ətrafa səpələnmişdilər. Yalnız çəpərin böyründə gizlənmiş bənövşələr qızğın, şiddətli çarpışmadan sonra salamat qalmışdılar.

Budur cavan bənövşələrdən biri başını qaldırdı və çiçəklərlə ağacların nə hala düşdüklərini görüb sevincək halda rəfiqələrinə dedi:

– Bir baxın, fırtına gözəllikləri ilə öyünən bitkiləri nə hala salmışdır!

Bir başqa bənövşə dedi:

– Biz torpağa daha yaxın yaşayırıq, yalnız buna görə tufandan və leysan yağışdan xilas ola bildik.

Üçüncü bənövşə də səsləndi:

– Biz zəif olsaq da, tufan bizə qalib gələ bilmir!

Bu zaman bənövşələrin şahzadəsi ətrafa boylandı və yanında hələ dünən bənövşə olan qızılgülü gördü. Fırtına onu torpaqdan çıxarmış, külək isə onun ləçəklərini ətrafa səpələyərək, nəm otların üzərinə tullamışdı. O, düşmənin oxu ilə vurulmuş döyüşçü kimi torpağa uzanmışdı.

Bənövşələrin şahzadəsi qamətini, ləçəklərini düzəldərək rəfiqələrini çağırdı:

– Mənim qızlarım, baxın, yaxşı-yaxşı baxın! Qürrələnən, qızılgülə çevriləndən sonra isə yalnız bir saat yaşayıb, həlak olan bu bənövşəyə baxın. Qoy, bu dəhşətli mənzərə sizin üçün ibrət dərsi olsun.

Ölüm ayağında olan qızılgül diksindi, son qüvvəsini toplayaraq zəif, qırıq səslə dedi:

– Fırtına və küləklərdən qorxan səfeh fağırlar, məni dinləyin. Dünən mən də sizin kimi taleyimdən razı halda yarpaqların arasında gizlənirdim. Bu hiss, bu duyğu məni həyatın qasırğalarından və tufanlarından etibarlı şəkildə qoruyurdu. Mən yalnız bu cür təhlükəsizliyə can atırdım, rahatlıqdan və sakitlikdən savayı heç nəyi arzulamırdım. Mən sizin kimi torpağa qısılaraq yaşaya bilərdim. Mən sizin kimi ağ qarın mənim üstümü örtəcəyini gözləyər və məndən əvvəl yaşayan bənövşələr tək indiyə qədər yer üzündə mövcud olmuş bənövşə tayfasına məlum olmayan həyatın sirlərindən xəbər tutmadan, ölümə və sonsuzluğa qovuşa bilərdim. Mən arzularımı boğaraq, təbiətləri mənim təbiətimdən də qat-qat üstün olan cisimləri dərk etməyə can atmaya da bilərdim. Lakin mən gecələrin səssizliyini dinləyərək, ali dünyanın bizim dünyamıza «Varlığın məqsədi varlığın hüdudlarından kənarda qərar tutanlara can atmasından ibarətdir» dediyini eşitdim. Və bu zaman mənim ruhum varlığıma qarşı üsyan etdi. Və bu zaman mənim ürəyim dəlicəsinə mənim özümdən də yüksəyə qalxmağı arzuladı. Və mən daxilimdəki üsyanın yaradıcı qüvvəyə, məqsədimin isə fəal iradəyə çevrilməsinə kimi öz-özümlə mübarizə apardım, məndə olmayanlara can atdım. Və o zaman mən Təbiətdən məni qızılgülə çevirməsini xahiş etdim. Axı Təbiət cəmi-cümlətanı bizim gizlin arzularımızın zahiri təzahüründən savayı bir şey deyildir. O, mənim xahişimi yerə salmadı. O iltifat və maraqların köməyi ilə surətlərini və rəmzlərini tez-tez dəyişir.

Qızılgül bir anlığa susdu, daha sonra qürur və təşəxxüsün hiss olunduğu səslə davam etdi:

– Mən bircə saat şahzadə kimi yaşadım. Mən dünyaya qızılgüllərin gözü ilə baxdım. Mən qızılgüllərin qulaqları ilə efirin pıçıltısını dinlədim. Mən qızılgüllərin yarpaqları ilə işıq çalarlarını duydum. Məgər sizin aranızda belə bir şərəfə layiq görüləni varmı?

O başını aşağı dikdi və artıq boğularaq dedi:

– İndi isə mən öləcəm. Mən öləcəm, lakin mənim ruhumda bənövşələrin heç birinin indiyə qədər hiss etmədiyi duyğu yaşayacaqdır. Mən ölsəm də, göz açdığım dar dünyanın hüdudlarından kənarda nələrin olduğunu bilirəm. Həyatın məqsədi elə budur. Gündüzlərin və gecələrin təsadüfü vəziyyətləri arxasında gizlənən mahiyyət elə budur!

Qızılgül ləçəklərini büzüb titrəyərək öldü. Onun simasında fövqəladə bir təbəssüm var idi. Bu, arzuları çin olan çiçəyin, təntənənin və qalibiyyətin, Tanrının təbəssümü idi.


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin