Fənn: Maliyyə, pul tədavülü və kredit Mövzu Maliyyənin mahiyyəti. P L a n


Kənd təsərrüfatında sığortanın stimullaşdırılması sahəsində dövlətin vəzifələri aşağıdakılardır



Yüklə 1,49 Mb.
səhifə9/22
tarix28.04.2017
ölçüsü1,49 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

Kənd təsərrüfatında sığortanın stimullaşdırılması sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

1. sığortasına dövlət tərəfindən yardım edilən əmlak növlərini, sığorta hadisələrini və sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsini müəyyənləşdirmək;

2. sığorta tariflərinin maksimum həddini müəyyən etmək;

3. sığortaya dövlət tərəfindən yardım edilməsinin şərtlərini, qaydalarını hazırlamaq və təsdiq etmək;

4. sığorta müqavilələri üzrə hesablanmış sığorta haqqının bir hissəsini büdcə vəsaiti hesabına ödəmək;

5. dövlət yardımı hesabına sığorta işlərini aparan sığortaçılar üzrə sığortalıların uçotunu aparmaq.

Kənd təsərrüfatında sığortanın stimullaşdırılması sahəsində dövlətin vəzifələrini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

Sığortalının və sığortaçının vəzifələri:

Sığortalının və sığortaçının vəzifələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta obyekti olan əmlaka mülkiyyət, istifadə və icarə hüququ başqa şəxsə keçərsə, sığortalının hüquq və vəzifələri də həmin şəxsə keçir.

Sığortalanmasına maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növləri, habelə sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Kənd təsərrüfatında əmlakın təbii fəlakətdən sığortalanmasının stimullaşdırılması müvafiq il üçün “Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında” qanununda nəzərdə tutulmuş maliyyə yardımları həddində həyata keçirilir.

Müvafiq icra hakimiyyəti orqanı sığortasına maliyyə yardımı göstəriləcək kənd təsərrüfatı əmlakının və sığorta hadisəsinin növlərinin, müvafiq tariflərin, habelə sığorta haqqının sığortalı tərəfindən ödənilən hissəsinin bağlanmış müqavilələrdə qanunvericiliyə uyğun nəzərə alındığına və bu haqqın sığortaçıya faktiki ödənildiyinə əmin olduqda sığorta haqqının maliyyə yardımı hesabına ödəniləcək hissəsinin verilməsini təmin edir.

Kənd təsərrüfatında əmlakın sığortasına ayrılan maliyyə yardımı müvafiq icra hakimiyyəti orqanının nəzdində yaradılmış xüsusi hesabda toplanır və müəyyən olunan qaydalara uyğun gələn sığorta müqavilələri əsasında müvafiq sığortaçılara ödənilir.

Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına ayrılan maliyyə yardımının başqa məqsədlər üçün istifadəsinə yol verilmir.

Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının ayrılması və ödənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir.

Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımı aşağıdakı hallarda verilir:

1. sığorta müqaviləsi qanunvericiliyinə uyğun bağlandıqda;

2. sığorta edilən əmlakın və sığorta hadisələrinin növləri, habelə sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsi müvafiq qaydada təsdiq edilmiş növlərdən və tariflərdən fərqlənmədikdə;

3. sığorta müqaviləsində sığorta haqqının büdcə vəsaiti hesabına ödənilməyən hissəsinin sığortalı tərəfindən ödənilməsi nəzərdə tutulduqda;

4. kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə sığorta müqaviləsi səpinin ümumi sahəsindən asılı olaraq əkin sahələrində çıxış alındıqdan, bağlarda isə meyvə ağaclarında tumurcuqların oyanmasından sonra bağlandıqda.

Kənd təsərrüfatı bitkiləri məhsullarının sığorta dəyəri sığorta müqaviləsinin bağlandığı ildən əvvəlki beş il ərzində əkin sahələrindən alınmış kənd təsərrüfatı bitkilərinin orta məhsuldarlığı əsasında, istehsal olunmuş məhsulun proqnozlaşdırılan bazar qiymətlərindən asılı olaraq müəyyən edilməlidir. Beş illik məhsuldarlıq haqqında məlumat olmadıqda, sığortalının axırıncı il əkdiyi sahədən aldığı faktiki məhsuldarlıqdan, o olmadıqda isə rayon üzrə keçən ilin faktiki orta məhsuldarlığından istifadə oluna bilər.

Kənd təsərrüfatı heyvanları, ev quşları, dovşanlar, xəzdərili vəhşi heyvanlar, arı ailələri sığorta hadisələrindən tələf olduqda və ya yoluxucu xəstəliyə tutulan heyvanlar məcburi kəsildikdə zərər məbləğinin miqdarı sığortaya cəlb olunduğu məbləğ miqdarında ödənilməlidir. Heyvanların məcburi kəsilmə hallarında zərər məbləği ərzaq üçün yararlı olan ətin və dərinin dəyəri, xəzdərili vəhşi heyvanların ancaq dərisinin dəyəri nəzərə alınmaqla hesablanmalıdır.

Kənd təsərrüfatı təyinatlı binaların, tikililərin, qurğuların, avadanlıqların, maşınların, nəqliyyat vasitələrinin və digər əmlakın tam məhv olması hallarında zərər məbləğinin miqdarı köhnəlmə nəzərə alınmaqla əmlakın bazar qiymətinin dəyəri əsasında hesablanır. Əmlak tam məhv olmadıqda isə zərər məbləğinin miqdarı eyni qayda ilə onun zədələnmiş hissəsinə hesablanır.

Təbii fəlakətlə əlaqədar obyektlərin sökülməsinə, yaxud bir yerdən başqa yerə daşınmasına çəkilən xərclər zərər məbləğinə daxil edilir.

Sığorta ödənişi əmlakın müqavilədə göstərilən sığorta məbləğindən yuxarı ola bilməz.

Əkin sahəsi, məhsul istehsalı və əmlakın dövriyyəsi barədə uçot aparmayan kənd təsərrüfatı istehsalçılarının əmlakı sığorta edilmir.

Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının verilməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı:

1. sığorta müqaviləsində və sığorta haqqının ödəmə sənədlərində göstərilmiş məlumatların düzgünlüyünü yoxlayır;

2. maliyyə yardımlarının miqdarının hesablanması üçün sığortaçılardan sığorta müqavilələrinin və sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi barədə sənədlərin surətlərini, habelə onların əsasında tərtib edilmiş icmal arayışları alır;

3. sığortalılara sığorta haqqının ödənilməsinə maliyyə yardımı göstərilməsi üçün sığortaçılarla müqavilələr bağlayır və bir ay müddətində sığorta haqqının müəyyən olunmuş hissəsini onlara ödəyir.

Sığortaçılar sığorta müqavilələri üzrə sığorta haqqının büdcə vəsaiti hesabına ödənilmiş hissəsinin miqdarı barədə sığortalıları yazılı formada xəbərdar edirlər.

Sığorta müqaviləsini bağlamış tərəflər müqavilənin vaxtından əvvəl ləğv edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məlumat verməlidirlər. Sığortaçılar ayrılmış maliyyə yardımlarından Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq istifadə edilməsi barədə müvafiq icra hakimiyyəti orqanına hesabat təqdim edirlər. Müvafiq icra hakimiyyəti orqanının nəzdində yaradılmış xüsusi hesabda toplanan maliyyə yardımının istifadə edilməyən qalıq hissəsi dövlət büdcəsinə qaytarılır.

Kənd təsərrüfatında əmlakın sığortasına maliyyə yardımının miqdarının düzgün hesablanmasına, məqsədli istifadə edilməsinə və hesabatların təqdim edilməsinə müvafiq icra hakimiyyəti orqanı nəzarət edir.

Sığorta olunmuş əmlak sığorta hadisəsi nəticəsinə tam məhv olduqda sığorta ödənişi müqavilə üzrə nəzərdə tutulmuş sığorta məbləğini təşkil edir.

Kənd təsərrüfatı bitkilərinin məhsullarının bir hissəsi tam məhv olduğu halda sığorta ödənişi müqavilədə nəzərdə tutulmuş, bir hektar əkin sahəsi məhsulunun dəyəri tam məhv olmuş əkin sahəsinə vurulmaqla, məhsulun sığortalanma faizi miqdarında ödənilir.

Əkin sahəsinin bir hissəsi tam, digər hissəsi isə qismən zərər çəkərsə, tamamilə zərər çəkmiş hissədə sığorta təminatı sona çatmış olur. Qismən zərər çəkmiş hissədə isə sığorta təminatı müqavilənin sonuna və ya məhsul yığınına qədər baş verə biləcək zərərlər üçün də davam edir.

Sığortalı kənd təsərrüfatı bitkisinin əkin sahəsini faktiki səpildiyindən çox göstərdiyi hallarda zərərin miqdarı sığorta müqaviləsində göstərilən əkin sahəsinə görə müəyyən edilir və ödənilir.

Təbii fəlakət nəticəsində əkin sahəsi zədələnərək məhsuldarlıq aşağı düşdüyü halda sığorta ödənişi məhsul toplandıqdan sonra orta məhsuldarlıq müqavilədə nəzərdə tutulmuş məhsuldarlıqdan çıxılmaqla, itirilmiş məhsulun dəyərinin sığortalanma faizi miqdarında ödənilir.

Kənd təsərrüfatı heyvanları, ev quşları, dovşanlar, xəzdərili vəhşi heyvanlar, arı ailələri təbii fəlakət nəticəsində tələf olduğu və ya yoluxucu xəstəliyə tutulduğu hallarda ərzaq üçün yararlı olan ətin və dərinin, xəzdərili vəhşi heyvanlarda isə yalnız dərinin dəyəri çıxılmaqla sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləği həcmində ödənilir.

Kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular, avadanlıqlar, maşınlar, nəqliyyat vasitələri və digər əmlakın tam məhv olması və ya zədələnməsi hallarında sığorta ödənişi bu qanunla müəyyən olunmuş qaydada sığorta müqaviləsində nəzərdə tutulmuş həcmdə ödənilir.

Sığorta ödənişi sığorta olunmuş əmlakın məhv olması və ya zədələnməsi səbəbləri və şərait haqqında müvafiq qaydada tərtib olunmuş aktın sığortaçıya təqdim olunduğu tarixdən bir ay müddətində ödənilməlidir.

6. Yanğın sığortası
Yanğın məhvedici, iradəmizdən asılı olmayaraq baş verən, əşyaların əlamət və xüsusiyyətlərini dəyişdirən kimyəvi hadisədir. Yanma prosesi zamanı isə sabit istilik enerjisi hərəkət enerjisinə çevrilir.

Yanğın hadisəsinin baş verməsi üçün üç ünsürün olması vacibdir:

Yanma = (lazımi miqdarda) istilik + oksigen + yanıcı maddə.

Yanma hadisəsi baş vermədən yanğından danışmaq mümkün deyildir. Lakin bütün yanma hadisələri yanğın xüsusiyyətinə malik olmur. Yanma prosesindən məqsədyönlü şəkildə, məsələn, qızdırma, isitmə, kimyəvi dəyişikliyi təmin edən və güc yaradan bir mənbə kimi istifadə edildikdə çox faydası olur. Ocaq, soba, manqal, buxar qazanxanası sobaları kimi yerlərdə nəzarət altında törədilən yanmaya faydalı yanma deyilir. Yanma prosesinin faydalı yanmanın törədildiyi yerdən kənara çıxması və zərərli hala düşməsi yanğın yaradır.

Yanğın hadisəsinin baş verməsi zərərin əmələ gəlməsi deməkdir. Bu cür zərərləri yanğın sığortası ilə təminat altına almaq mümkündür.

Əsas yanğın növlərini aşağıdakı qaydada qruplaşdıra bilərik:

1. “A” növ yanğınları: odun, kömür, kağız, parça kimi orqanik maddə yanğınları. Bu yanğınlara bərk material yanğınları da deyilir.

2. “B” növ yanğınları: benzin, aseton, kerosin kimi neft məhsulları və ya mayeləşən qatı maddələrlə əlaqədar yanğınlar. Bu yanğınlara maye yanğınları da deyilir.

3. “C” növ yanğınlar: asetilen, maye qazlar kimi alışan qazlarla əlaqədar yanğınlar. Bu növ yanğınlara qaz yanğınları da deyilir.

4. “Ç” növ yanğınlar: maqnezium, alüminiumla əlaqədar yanğınlar. Bu növ yanğınlar metal yanğınları da adlanır.

Yanğının baş verməsinə səbəb olan amilləri aşağıdakı növlərə ayırmaq olar: istifadə olunan və ya ən çox işlədilən materialların xüsusiyyətləri, alışma səbəbləri, dağınıqlığı; yanğın baş verdiyi zaman insan amili, texniki səbəblər və ətraf mühitin təsirləri.

İstifadə olunan, məsələn, bir təsərrüfatda işlədilən materialın xüsusiyyətləri yanğın baş verməsinə və yanğın nəticəsində dəyən zərərin həcminə təsir edir. Bu xüsusiyyətlər materialın kalori miqdarı, yəni yanğın nəticəsində ətraf mühitə yayılan istilik miqdarı, materialın asanlıqla alışıb-alışmadığı yəni alışqanlıq dərəcəsi, partlayışa səbəb olub-olmadığı materialın miqdarı və s. - dir. Bu xüsusiyyətlərdən bir və ya bir neçəsinin mövcud olması risqin dərəcəsini artırır.

Alışmaya səbəb olan amillərdən siqaret çəkilməsini qaynaq aparatından ehtiyatsız istifadə olunmasını, lehim, açıqdakı alov və ya yanma hadisəsini, qızdırılmış materialları, qığılcım və ildırımı göstərmək olar.

İstifadə olunan materialların yerləşdirilməsi də yanğın risqi baxımından çox böyük əhəmiyyət kəsb edir və bəlkə də ən çətin müəyyən edilən amillərdən biridir. Məsələn, bir təsərrüfatda olan təhlükəli maddənin hara qoyulması, bərk materiallar varsa, onların ölçüləri, küləyin təhlükəli maddələrin qoyulduğu yerə görə haradan əsməsi və şiddəti, bu kimi digər amillər yanğının güclənməsinə əsaslı şəkildə təsir göstərir.

Yanğın risqinin müəyyən edilməsində ən əsas amillərdən biri də vaxtdır. Vaxt amili iki baxımdan çox əhəmiyyətlidir. Bunlardan birincisi sürət, ikincisi isə müddətdir. Yəni yanğın başladıqdan sonra onun ətrafa yayılma sürəti və yanğın əleyhinə tədbirlərin həyata keçirilməsi üçün tələb olunan müddət. Yanğının və ya yanğın zamanı zərərin daha çox olmasının qarşısının alınması əsaslı bir təlim və sistemlə mümkündür.

Yanğın hadisəsində indiyə qədər saydığımız amillər içərisində bəlkə də ən əhəmiyyətlisi insan amilidir. İnsan amili, bütün bu amillərin meydana gəlmə səbəbi olduğu kimi, həm də bütün bunları nəzarət altına alan bir amildir. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, insan səhvləri nəticəsində baş verən yanğınlar, ümumi yanğınların 15% - ni təşkil edir.

Yanğın risqinə təsir edən amillərdən biri də ətraf mühitin təsiridir. Ətraf mühitlə əlaqədar təsirlər əsasən zəlzələ, fırtına, ildırım və sel kimi təbii fəlakətlərdir. İldırımın qarşısını ildırımötürənlər vasitəsilə asanlıqla almaq mümkün olduğu halda, fırtına, sel və zəlzələ təhlükələrindən qorunmaq çox baha qiymətə başa gəlir. Buna görə də daşınmaz əmlakların harada tikilməsi və bu yerin coğrafi xüsusiyyətləri yanğın sığortası baxımından böyük əhəmiyyət daşıyır.

Alovlu bir atəşin səbəb olacağı maddi zərər və ziyan yanğın sığortasının mövzusunu təşkil edir.

Yanğın sığortası ilə yanğının, yanğına səbəb olsa da, olmasa da ildırımın, partlayışın, yanğın və partlayış nəticəsində yaranan tüstü, buxar və istiliyin vurduğu maddi zərərlər təmin edilir.

Bundan başqa, yanğın sığortası ilə yanğının qarşısının alınması və söndürülməsi üçün su vurulan zaman dəyən zərərlərə və yanğının qarşısını almaq üçün görülən tədbirlər nəticəsində dəyən zərərlərə və sığortalı tərəfindən zərərin qarşısını almaq, dayandırmaq və ya azaltmaq üçün görülən tədbirlərlə əlaqədar çəkilən xərclərə də təminat verilir.

Əmlakın dəyərindən az məbləğdə olan sığorta varsa, sığortaçı bu xərcləri sığorta məbləğiylə sığorta dəyəri arasındakı fərq nisbətinə uyğun olaraq ödəyir.

Yanğın sığortalarında aşağıdakı hallara təminat verilmir:

- Yanğın baş vermədən malların öz qüsurları üzündən qızışması, mayalanması, öz tərkibinin pozulmaları və ya qovrulma nəticəsində dəyən zərərə;

- Yanğın baş vermədən qızdırma, işıqlandırma, istifadə olunması məqsədi ilə baş verən qovrulma nəticəsində dəyən zərərə;

- Yanğın baş vermədən generatora, mühərriklərə, transformatora, sobalara və bu kimi avadanlıqlara qısa qapanma, voltaj (enerjinin qeyri-sabitliyi) səbəbindən dəyəcək zərərlərə;

- Aşağı təzyiq nəticəsində qabların içəri doğru əyilməsi, deşilməsi və digər bu kimi formalarda deformasiyası, ərpiməsi, mərkəzəqaçma qüvvələri və mexaniki hadisələr nəticəsində sığortalı cihaz və mühərriklərdə baş verən bütün zərərlərə;

- Bütün növ müharibələr, ixtilaf, üsyan və bu hadisələrlə əlaqədar təhlükəsizlik orqanlarının gördüyü tədbirlər nəticəsində meydana gələn zərərlərə;

- Səlahiyyətli orqanlar tərəfindən tətbiq edilən tədbirlərlə əlaqədar sığortalı mallara dəyən bütün növ zərərlərə;

- Nüvə risklərinin baş verməsi və bu səbəblə də təhlükəsizlik orqanlarının gördüyü tədbirlər nəticəsində baş verən zərərlərə.

Mal sığortalarında sığorta etdirənlə sığortalanan mal arasında bir mənfəət əlaqəsinin olması və aşağıdakı amilləri nəzərə alması şərtdir.

- Sığorta risqi baş verdiyi zaman sığortalıya maddi zərər dəyməlidir.

- Bu zərər sığortanın mövzusunu təşkil etməlidir.

- Bu mənfəət əlaqəsi pulla ölçülə bilən olmalıdır.

- Sığortalının malın qorunmasından xeyri, itirilməsindən isə zərəri olmalıdır.

Əldə olunması gözlənən mənfəət sığortanın mövzusuna daxil edilə bilməz. Eyni zamanda, mənəvi dəyərlərin də sığortalanması qeyri-mümkündür. İstər müqavilə bağlanarkən, istərsə də sığorta ödənişi ödənilərkən mənfəət əlaqəsi əsas götürülür. Əgər sığorta müqaviləsi imzalandığı zaman sığortalının mənfəət əlaqəsi yoxdursa, sığorta hadisəsi baş verdiyi zaman sığorta ödənişi ala bilməz. Buna görə də yanğın və yanğınla birlikdə təminat verilən sığorta risklərinə qarşı sığorta mövzusuna daxil olan malları, həmin mal üzərində sığortalana bilən mənfəəti olan şəxslərdən aşağıda göstərilənlər sığorta etdirə bilərlər.

1. Mal sahibi.

2. Girov hüququna malik olan şəxs.

3. İstifadə etmə hüququna malik olan şəxs.

4. Malın qorunmasına görə mal sahibi qarşısında məsuliyyət daşıyan icarədar, agent, komisyonçu və s. şəxslər.

5. Malın qorunmasında bilavasitə mənfəəti olan və ya məhkəmə qərarıyla ona əmanət edilən şəxslər və ya qanuni nümayəndələr.

Sığorta müqaviləsi müddəti ərzində mənfəət sahibi dəyişdiyi zaman sığorta davam edir və sığorta şəhadətnaməsi (polisində) göstərilən bütün hüquq və vəzifələr yeni sahibə keçir. Yeni hüquq sahibi və əvvəlki sığortalı vəziyyəti 15 gün ərzində sığortaçıya bildirməyə görə məsuliyyət daşıyırlar. Sığortaçı dəyişikliyi, yeni hüquq sahibi isə sığortanın mövcudluğunu öyrəndikləri tarixdən etibarən 8 gün ərzində sığorta müqaviləsini ləğv edə bilərlər. Vaxtında istifadə edilməyən ləğvetmə hüququ etibarsız sayılır.

Sığorta müqaviləsi ilə təminata daxil edilən sığorta risqinin əmələ gəlməsi və zərər meydana gəldiyi zaman sığorta ödənişi, sığorta etdirilmiş əmlakların sığorta risqinin əmələ gəldiyi tarixdən bir gün əvvəlki alış qiymətlərinə əsasən hesablanır. Sığorta ödənişinin məbləği hesablandığı zaman yanğın sığortasının mövzusunu təşkil edən malların növündən asılı olaraq müxtəlif qaydalar tətbiq edilir.

1. Kommersiya mallarında:

- Sığorta risqinin əmələ gəlməsindən bir gün əvvəlki alış qiyməti əsas götürülür.

Fabrik, zavod və emalatxanalarda xammal və materialların hadisədən bir iş günü əvvəlki birja alış qiymətinin, həmin günə qədərki istehsal xərclərinin hesablanması və ümumi xərclərdən lazımi hissəsinin əlavə olunması yolu ilə sığorta ödənişinin məbləği hesablanır. Ancaq bu yolla müəyyən edilən sığorta ödənişinin qiyməti, heç bir zaman bu maddələrdən hazırlanmış malların, sığorta risqinin əmələ gəlməsindən bir iş günü əvvələ olan bazar qiymətindən çox ola bilməz.

2. Aparat, dəzgah və alətlərdə:

- Təzəsinin alınması üçün ödənəcək məbləğ əsas götürülür. Lakin, bu zaman köhnəlmə, aşınma və başqa səbəblərdən irəli gələn qiymət ucuzlaşmaları həmin məbləğdən çıxılacağı kimi, həm də təzə alınacaq avadanlıqlar istehsal gücü və keyfiyyət baxımından əvvəlkilərdən fərqlənirsə, bu fərq də nəzər alınacaqdır.

3. Ev əmlakları və şəxsi əmlaklarda:

Təzəsinin alınması üçün ödənəcək məbləğ əsas götürüləcəkdir. Lakin bu zaman köhnəlmə, aşınma və başqa səbəblərdən irəli gələn qiymət ucuzlaşmaları həmin məbləğdən çıxılacaqdır.

4. Binalarda:

İnşa tarixindən etibarən köhnəlmə, korroziya və başqa səbəblərdən irəli gələn qiymət ucuzlaşması çıxılaraq, risqin baş verdiyi yer və tarixdə tikilməli olan yeni binaya çəkiləcək xərc əsas götürülür.

Binanın yenidən tikilməsinə ehtiyac olmazsa sığorta ödənişinin məbləği, binanın, sığorta risqinin əmələ gəldiyi tarixdən bir gün əvvəlki satış qiymətindən boş ərazinin qiyməti çıxılmaq yolu ilə hesablanır. Bu məbləğ zərərlərdən bir gün əvvəlki alış qiymətindən çox ola bilməz. Sığortalı şeylərin hamısı üçün vahid bir sığorta məbləği hesablanıbsa bu məbləğlə növ və ya qruplara ayrılıbsa, sığortaçının cavabdehliyi bu növ və ya qruplarla məhdudlaşır.

Sığorta risqinin əmələ gəlməsinə qəsdən səbəb olan və ya zərəri qəsdən artıran sığortalı sığorta ödənişi almaq hüququndan məhrum olur.

Sığorta risqi baş verdiyi zaman sığortalı öhdəliklərini yerinə yetirməzsə və zərərin artmasına səbəb olarsa sığortaçı sığorta ödənişindən zərərin artan hissəsini çıxır.

Sığortaçı müəyyən edilmiş sığorta ödənişinin ödənməsini ən geci bir ay ərzində yerinə yetirməlidir. Tam zərər baş verdiyi zaman sığorta müqaviləsi başa çatır. Qismi zərərlərdə isə sığorta məbləği yerinə yetirilən sığorta ödənişi məbləğində azalır. Lakin sığortalı gün əsası ilə sığorta haqqını ödəməklə sığorta məbləğini artıra bilər. Sığorta risqi əmələ gəldiyi zaman sığorta məbləği əmlakın dəyərindən azdırsa, onda sığorta ödənişi sığorta məbləği (sığorta haqqı zərər) düsturu ilə hesablanır.

Qismi zərər zamanı tərəflər müqaviləni ləğv etmək hüququna malikdirlər. Sığortaçı ləğv etmə hüququndan yalnız sığorta ödənişinin ödənilməsini yerinə yetirməmişdən əvvəl istifadə edə bilər. Sığorta müqaviləsi ləğv edildiyi zaman istifadə olunmayan sığorta haqqı gün əsası hesabı ilə geri qaytarılır.

Təklifnamə.

Sığorta müqaviləsinin tərtib edilə bilməsi üçün istər sığortalı, istərsə də sığortaçı qarşılıqlı olaraq öz rəylərini sığorta şəhadətnaməsində (polisində) birləşdirməlidirlər. Müqavilənin tərtib edilə bilməsi üçün bu şərtlər vacibdir:

- Bir təklifin olması və onun sığortaçı tərəfindən qəbul edilməsi.

- Tərəflərin əsas şərtləri tamamilə izah etməsi.

- Sığorta mövzusunun Qanunlara uyğun olması.

Bu baxımdan təklifnamənin doldurulması həm də Qanuni bir məcburiyyətdir. Təcrübədə sığorta şəhadətnaməsinin (polisinin) doldurulması üçün lazım olan sığorta haqlarını və sığortalının verdiyi məlumatları hər zaman asanlıqla əldə edə bilməsi üçün sığortaçılar tərəfindən standart təklif formaları hazırlanmışdır. Təklifnamələrdə əsasən aşağıdakı sorğular olur:

1. Təklif verənin adı, soyadı, ünvanı, iş yeri.

2. Sığortalanacaq dəyərlərlə əlaqədar məlumatlar və sığorta məbləğləri.

3. Təklif verənin cavablandırması tələb olunan bir çox suallar (əvvəllər zərərin baş verib-vermədiyi, əmlakın digər sığorta şirkətlərində sığortalanıb-sığortalanmadığı və s.).

4. Sığorta vasitəçisi varsa onun tərəfindən cavab verilməsi.

Sığortalının bu suallara tam və dolğun cavab verməsi tələb olunur. Təklifnamənin doldurulması bəzən sığorta vasitəçiləri və ya sığortalı tərəfindən əlavə bürokratik əngəl kimi qəbul edilir. Lakin zərər baş verdiyi zaman sığortalının bəzi təminatları almaması, sığortanın yarımçıq olmasına görə zərər ödənişinin yarımçıq olması və ya heç olmaması kimi hallarla əlaqədar zərər çəkməməsi üçün təklifnamə dəqiq və düzgün doldurulmalıdır. Sığorta vasitəçilərimiz unutmamalıdırlar ki, burada məqsəd sığortalılarımızın mənafeyini qorumaqdır.

Təklifnamənin tam şəkildə doldurularaq sığortaçıya verilməsi sığortanın qəbul edilməsi kimi başa düşməməlidir. Sığorta təminatı sığortaçı tərəfindən təklifin qəbul edilməsi və sığortalı tərəfindən sığorta haqqının ödənilməsi ilə başlanır.

Sığorta şəhadətnaməsi (polis).

Sığortaçı, sığorta müqaviləsinin şərtlərini hər iki tərəfin hüquq və öhdəliklərini göstərən, rəsmi sənəd xüsusiyyətində olan sığorta şəhadətnaməsi (polisi) hazırlamağa və sığortalıya verməyə görə məsuliyyət daşıyır.

Sığorta şəhadətnaməsində (polisində) yazılması vacib olan məlumatlar bunlardır:

1. Sığortaçının, sığortalının və əgər varsa sığortadan faydalanan şəxslərin adı, soyadı və ya rəsmi adı (müəssisə və təşkilatlarda) ünvanı.

2. Sığortanın mövzusu.

3. Sığorta müqaviləsinin başlama və sona çatma tarixləri.

4. Sığorta məbləği.

5. Sığorta haqqının məbləği, ödənmə vaxtı.

6. Sığortaçının öhdəsinə götürdüyü sığorta risklərinin mahiyyətini müəyyən etmək üçün lazım olan bütün hallar.

7. Sığorta şəhadətnaməsinin (polisin) tərtib edilmə tarixi.

Sığorta təminatı verilən dəyərlərin sığorta şəhadətnaməsində (polisində) göstərilən məbləğidir.

Sığorta məbləğinin müəyyən edilməsi sığortalıların ən çox səhv etdikləri və qəbul etmək istəmədikləri məsələlərdən biridir. Sığorta məbləği:

1. Binalar üçün bazar qiymətlərinə əsasən müəyyən ediləcək dəyərdən torpaq sahəsinin payı, yerləşdiyi ərazi dəyəri və köhnəlmə payı çıxılmaqla hesablanır.

2. Əmlaklarda yenisinin satın alınma dəyərindən köhnəlmə və aşınma payı çıxılmaqla hesablanır.

3. Kommersiya mallarında malın bazar alış qiyməti əsas götürülür.

4. Fabrik-zavod qurğuları və dəzgahları üçün yenisinin satın alınması üçün çəkiləcək xərclərdən köhnəlmə payı çıxılaraq hesablanır.

Sığortaçının maksimum cavabdehliyi sığorta şəhadətnaməsində göstərilən sığorta məbləği ilə məhdudlaşdırılır. Qismi bir zərər baş verdiyi zaman sığorta məbləği ödənilən sığorta ödənişi məbləğində azaldılır. Sığortalının sonra başqa bir zərər baş verdiyi zaman tam olmayan sığorta tətbiq etməsinə görə sığortalının zərər çəkməməsi üçün sığorta şəhadətnaməsinin başa çatma tarixinə qədər olan müddətdə əlavə sığorta haqqı ödəməklə sığorta məbləğini əvvəlki məbləğə çatdırması məsləhətdir. Baş vermiş zərər tam zərərdirsə, sığorta təminatı bitir. Sığorta şəhadətnaməsi sığortalının məlumatına əsasən bağlanan bir müqavilə olduğuna görə sığorta dəyərinin sığortalı tərəfindən düzgün olaraq bildirilməsi vacibdir. Bu məlumat həqiqi dəyərdən az və ya çox olarsa əmlakın dəyərindən az məbləğdə olan sığorta və ya əmlakın dəyərindən çox məbləğdə olan sığorta adı verilən iki əhəmiyyətli vəziyyət alınmış olur.

Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin əmlakının və üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin yanğından sığortası sahəsində münasibətlər Yanğından icbari sığorta haqqında Qanunla tənzimlənir. Bu Qanunla sığortanın iştirakçıları tərəfindən yerinə yetirilməli olan minimum məcburi tələbləri müəyyən edilir.




Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə