İBTİDAİ İCMA DÖVRÜ
İbtidai icma quruluşu Yer üzərində ilk insan yarandığı vaxtdan ilk sinifli cəmiyyət yaranmasına kimi davam etmişdir. Ən son tapıntılara görə, ilk insanlar 2-3 milyon il öncə yaşamışlar. Bunu Şərqi Afrikada (Keniya, Tanzaniya) aşkar edilən insan qalıqlari sübut edir. Arxeoloqlar ibtidai icma quruluşunu əmək alətlərinin materialına və hazırlanması texnikasına görə 3 dövrə bölmüşlər: Daş dövrü, Tunc dövrü, Dəmir dövrü. Daş dövrü özü də 3 mərhələyə bölünür: 1)Qədim daş dövrü – Paleolit; 2)Orta daş dövrü – Mezolit; 3)Yeni daş dövrü – Neolit. Palelolit özü də 3 mərhələyə bölunür: 1)Alt Paleolit – 2-3 milyon il öncədən 100 min il əvvələ qədər; 2)Orta Paleolit və ya Mustye (Fransada mağara adı) dövrü – 100-40 min il öncəki dövr; 3)Üst paleolit – 40-14 min il öncəki dövr.
İlk insanlar xarici görünüşünə və həyat tərzinə görə insanabənzər meymunlar kimi idilər: sürü halında yaşayırdılar, bədənləri tüklə örtülü idi, yarıbükülü gəzirdilər, beyin tutumu müasir insanın beynindən daha kiçik idi. İlk insanların meymundan başlıca fərqi əmək aləti hazırlamağı və ondan istifadə etməyi bacarmaları olmuşdur. Ona görə də, ilk insanlar “bacarıqlı insan” – homo habilis adlandırılır. İbtidai insanların ilk əmək alətləri adi çay daşından hazırlanmış sivri daş, dəyənək və iti uclu ağac (yer qazan çubuq) olmuşdur. İnsanların ilk məşğuliyyəti ovçuluq və yıgıcılıq (toplayıcılıq) idi. İbtidai insanlar birlikdə, dəstə şəkilində yaşayırdılar. Buna səbəb: vəhşi heyvanlardan qorunmaq və birgə əmək – birlikdə qida əldə etmək zərurəti idi. Tarixçi alimlər ibtidai icma quruluşunu insan kollektivinin daxilində insanlar arasındakı münasibətələrə görə 3 mərhələyə bölürlər: 1)Ulu icma və ya ibtidai insan sürüsü; 2)Qəbilə icması (Anaxaqanlığı – Matriarxat və Ata xaqanlığı – Patriarxat dövrlərinə ayrılır); 3)Qonşuluq icması və ya hərbi demokratiya. İlk insan kollektivi ona görə ibtidai insan sürüsü adlanır ki, şüurlu surətdə deyil, kortəbii şəkildə təbiət qarşısında aciz qalmamaq üçün yaranmış sabit olmayan, qeyri-mütəşəkkil, nizamsız insan dəstəsi idi.
Dostları ilə paylaş: |