MƏxdumqulu fəraqi seçİLMİŞ ƏSƏRLƏRİ Bakı-2010



Yüklə 2,7 Mb.
səhifə8/15
tarix25.04.2017
ölçüsü2,7 Mb.
#15731
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

SEVMİŞƏM SƏNİ
Ya həbib, haq rəsulu sən,

Çın candan sevmişəm səni,

Dərvişlər qədir gecəsin

Sevən tək sevmişəm səni.


Eyləyib seyrü seyranı,

Gəşt etsəm külli İranı,

Misli İbrahim Saranı

Sevən tək sevmişəm səni.


Yaqub yurd etdi Kənanı,

Oğludur Misir sultanı,

Misli Yusif Züleyxanı

Sevən tək sevmişəm səni.


Kainatı tutdu adı,

Onlardır eşqin bünyadı,

Məcnun Leyli pərizadı

Sevən tək sevmişəm səni.


Dəldi dağların zirini,

Tapmadılar bir-birini,

Aşiq Fərhad ol Şirini

Sevən tək sevmişəm səni.


Əydi məni dünya malı,

Olmadı eşqim kamalı.

Seyfəlməlik Mahcamalı

Sevən tək sevmişəm səni.


Gəşt eyləyib dörd köşəni,

Basdı məhəbbət nişanı,

Yəməndə Vərqa Gülşanı

Sevən tək sevmişəm səni.


Getdi eldən ixtiyarı,

Qalmadı namusu, arı.


Aşiq Novruz Gülfərxarı

Sevən tək sevmişəm səni.


Bir gün rast gəldilər Xızra,

Durdular niyaza, nəzrə,

Bir-birini Vamiq, Əzra

Sevən tək sevmişəm səni.


Gəzdilər Rumun düzünü,

Verdilər haqqın xərzini,

Necə ki Qənbər Arzunu

Sevən tək sevmişəm səni.


Tutmadı olar dünyanı,

Qalmadı yarı-yaranı,

Misli ol Tahir Zöhrəni

Sevən tək sevmişəm səni.


Bu dünya qoyubdur kimi,

Xoş tutun beş günlük dəmi,

Aşiq Qərib Şahsənəmi

Sevən tək sevmişəm səni.


Məxdumqulu, dünya fani,

Ötübdür Rüstəmlər, hanı?

Ay, gün zəmin, asimanı

Sevən tək sevmişəm səni.


GƏLDİ
Doğru məğrib tərəfdən

Ol mehribanım gəldi.

Yüz işveyi-naz ilən

Canım, cananım gəldi.


Mən yarın sərnəgünü,

Baxmaz, yumar gözünü,

Tökər ciyərdən xunu,

Şahi-sultanım gəldi.


Aləmə şahi-pərvər,

Oldu ümmətə sərvər,

Cahan oldu münəvvər,

Dürri-qəltanım gəldi.


Qaməti sərvi, tuba,

Qəddi, özü müntəha,

Vəchi-ruyi «vüz-züha»,

Sərvi-rəvanım gəldi.


Niqabın üzə salan,

Üz göstərib, can alan,

Bunca alışıb yanan,

Ahi-fəğanım gəldi.


Məlik fərmana baxan,

Sidrəti səhra çıxan

Ah çəksə, ərşi yaxan,

Sahibgiranım gəldi.


Məxdumqulu binəva,

Gözləməz səndən səva,

Ümmət deyib daima,

Həzrət işanım gəldi.



YUSİF DEYƏ-DEYƏ
Mən Yaqubam, ahı-zarı

Çəkəm Yusif deyə-deyə,

Gözlərimin qanlı yaşın

Tökəm Yusif deyə-deyə.


Fələk ağlar göz yaşıma,

Nə sevda saldın başıma,

Məcnun olub dağ başına

Çıxam Yusif deyə-deyə.


Hər tərəfdən bölgə-bölgə,

Bulud oynar, salar kölgə,

On iki dağ, yeddi cülgə

Sökəm Yusif deyə-deyə.


Getdi Yusif, gəlməz xəbər,

Duraram ağlar hər səhər,

Qala-qala, şəhər-şəhər

Sökəm Yusif deyə-deyə.


Məgər Yusif düşdü çaya,

Camalın deb baxam aya,

İraq zəmin Kərbalaya

Baxam Yusif deyə-deyə.


Həsrətimə fələk ağlar,

Aşiq oldu dilsiz zağlar,

Fərhad olub böyük dağlar

Yıxam Yusif deyə-deyə.


Yusif gəzər dildən-dilə,

Şeyda olub çöldən-çölə,

Soraq salıb eldən-elə

Çıxam Yusif deyə-deyə.


Ötər əyyam dönə-dönə,

Keçər bu can yana-yana,


Ertə, axşam aya, günə

Baxam Yusif deyə-deyə.


Məxdumqulu, dost üzündən,

Durmaz, yaş axar gözündən,

Bülbül olub yar sözündən,

Oxam Yusif deyə-deyə.



GÖRSƏM
Dehistanın bayrında

Badi-səbanı görsəm.

Bəhaəddin Mirqulal,

Zəngi Babanı görsəm.


Nəleyni ərşə tacdır,

Adı aləmə bacdır,

İki cahan möhtacdır,

Ərəb zəbanı görsəm.


Gələn keçər çeşt edib,

Əylənməz güzəşt edib,

Könül deyər gəşt edib,

Gəzsəm, cahanı görsəm.


Xıdır kimi çöllərdə,

İlyas kimi sularda,

Kavus kimi dağlarda,

Yaxşı-yamanı görsəm.


Yuxarda Hindistanı,

Arxada Türküstanı,

Övliyalar ümmanı

Ol Rumistanı görsəm.


Can dəli, cahan şeyda,

Bundan gələrmi fayda,

Yeddi dağ, yeddi dərya, –

Dəli ümmanı görsəm.


Məxdumqulu xoş olsa,

Axsa didəm, yaş olsa,

İmanım yoldaş olsa,

Varsam, Kəbəni görsəm.



RƏVAN OLDU
Məkkədən çıxdı bir gözəl,

Mədinəyə rəvan oldu.

Görən tac etdi sərinə,

Görməyən bağrı qan oldu.


Haqdan ona endi kəlam,

Adı şam, çirağül-islam,

Müti oldu cümlə aləm,

Böylə sahib zaman oldu.


Dosta yetdi vara-vara,

Yeddi göyü yara-yara,

Hər kim münkirdir ol ərə,

Kafirdir, biiman oldu.


Əl götürüb, rəsul ağlar,

Saraldı qönçələr, bağlar,

Bədr vuruşında dağlar

Yeddi ayla duman oldu.


Səf çəkdi batır bəngilər,

Döyüşə çıxdı zəngilər,

Qana batdı üzəngilər,

Əlinin dəsti qan oldu.


Müqadil etmədi təşviş,

Əli ilə saldı döyüş,

Torpaq, dəmir, polad, gümüş,

Qalaları viran oldu.


Məxdumqulu, Rumistana,

Çaldı qılınc Hindistana,

Bədəxşana, Türküstana,

Yeddi iqlimə xan oldu.



ƏRƏB DİLLİ, SEVDİYİM
Boyadılar köynəyini qan ilə,

Adı bəlli, ərəb dilli sevdiyim.

Ayrılıqda yaundu atan can ilə,

Adı bəlli, ərəb dilli sevdiyim,

Şam əbalı, Rum qəbalı cananım.
Ağla-ağla cəfaların dərdindən,

Qorxa-qorxa səhraların qurdundan,

Ayrıldın atandan, Kənan yurdundan,

Adı bəlli, ərəb dilli sevdiyim,

Şam əbalı, Rum qəbalı cananım.
Çılpaq oldu, gül bədənin soyuldu,

Daği-hicran sinən üstə qoyuldu,

Ağlamaqdan Yaqub gözü oyuldu,

Adı bəlli, ərəb dilli sevdiyim,

Şam əbalı, Rum qəbalı cananım.
Gəldi ol dəm qardaşların böyrüşüb,

Qorxusundan qurdlar gəldi yüyrüşüb,

Gələn guduk üstə durdu çırpışıb,

Adı bəlli, ərəb dilli sevdiyim,

Şam əbalı, Rum qəbalı cananım.
Məxdumqulu deyər, aləm paxıldı,

Fələk səni Misrə aldı, çəkildi,

Peşman olub, ayağına yıxıldı,

Adı bəlli, ərəb dilli sevdiyim,

Şam əbalı, Rum qəbalı cananım.

İKİ DÜNYANIN SULTANI

Ey yaranlar, müsəlmanlar,

İki dünyanın sultanı

Ruzi-əzəldə yaratdı

Rəsul cəsədində canı.
Yerdə Musanın Turundan,

Göydə behiştin hurindən,

Yaratdı rəsul nurundan

Ay-günü, yer-asimanı.


Arzu edib gül rüxsarın,

Gəzdim dağında əbrarın,

Sorağını salıb yarın,

Gəşt etdi könlüm dünyanı.


Ağlım heyran olub çaşdım,

Axır bir ərə sataşdım,

Altmış altı dağdan aşdım,

Keçdim on iki dəryanı.


Məxdumqulu, biqərarsan,

Bu nə oddur, sən yanarsan,

Sən hər zaddan çox kənarsan,

Bilməzsən xeyri-ziyanı.



Əlİdİr
Zərb uruban Cəngədilin şəhrinə,

Kafirlərə qəzəb salan Əlidir.

Göz yumub açınca qırx günlük yolu,

Düldülə bir fərsax qılan Əlidir.


Başlar azad etdi dev qucağından,

Əjdəha ləbindən, dağ bucağından,

Darvazasın çəkib Xeybər dağından,

Yeddi qala birdən dolan Əlidir.


Gəşt eylədi dağı-daşı ələyib,

Qılınclar gəmirib, qanlar yalayıb,

Doğru gəlib, Ədhəm qanın diləyib,

Muqadilə qovğa salan Əlidir.


Arslan kimi qovdu kafir ovları,

Güşad etdi neçə Kəbərövləri,

Yer altından ölkə çapan devləri,

Varıb, bölük-bölük qılan Əlidir.


Kəllə gəldi dərgahinə dad ilə,

Nizam verdi sərxorlara xətt ilə,

Kamkam qılınc ilə, Düldül at ilə,

Taxtı-taca yetib varan Əlidir.


Məxdumqulu deyər, təndə bu canın,

Yolunda nisar et Şahi-mərdanın,

Əl uzadıb dörd küncünə dünyanın,

Məhəmməd dininə salan Əlidir.


Sözüm var

Qulaq asın, qardaşlar,

Bir əcaib sözüm var.

Nə fərmayiş eyləyər

Dostlara pərvərdigar.
Cahan işidir cəfa,

Kim gördü ondan vəfa,

Haqqın dostu Mustafa,

Qalmamış bu ruzigar.


Peyğəmbər yox izindən,

Nur tökülər üzündən,

Aləm onun sözündən

Tapdı nizamü qərar.


Ey din istəyən dostan,

Olma maldan mey-məstan,

Söyləyim bir xoş dastan,

Əgər olsan xiridar.


Səs düşcək zəminlərə,

Yol yox oldu dinlərə,

Məsciddə möminlərə,

Vəz deyərdi peyğəmbər.


Rəsul minbərə qalxmış,

Otuz üç min yığılmış,

Cümə bura cəm olmuş,

Sahabələr nə ki var.


Yaranlar heyran ola,

Söz yetişcək bu hala,

Haqq üçün verlən mala,

Hər birinə on təyyar.


Dedi Əli: «Varayım,

Nə var-nə yox görəyim,


Allah üçün verəyim,

Azdan-çoxdan hər nə nə var».


Gəldi dedi: «Ya Zəhra,

Könlün uydurma qəhrə,

Verib, alalım bəhrə,

Gər təngə olsa təyyar».


Fatma der: «Olsa dirhəm,

Varsam, təama versəm,

Bu iki nuri-didəm,

Gün yarım açdır, ağlar».


Dedi Əli: «Ya sübhan»,

Dolandı, baxdı hər yan,

O çıxınca qapıdan,

Gəldi bir sail düçar.


Dedi: «Olma naşad sən,

Eylə başım azad sən,

Sən bir müşkül güşad sən,

Qırx min qızıl borcum var.


Xatınım vardı, öldü,

Şirhara qızım qaldı,

Evim həm viran oldu,

Bunca oldum mən əbgər».
Gədaya: «Sən qal» dedi,

Oğlanlara: «Gəl» dedi,

Bir cuhuda: «Al» dedi,

«Oğlanlarımı, zinhar.


Pulun verərəm geri,

Öyümə gəlmiş biri,

Oğlanlar olsun girov,

Pulun olunca hazır».


Cuhud alıb cüt oğlu,

Əliyə verdi pulu,

Dilənçi tutdu yolu,

Getdi xoş, xürrəmivar.


Fatma oturar evdə,

Oğlanları girovda.

Kiçik qardaş cuhuda

Der: «Kimdir bu oğlanlar».


Cuhud der: «Oğulları,

Satdı Əli bunları,

Tutacağam qulları,

Pulu alana qədər».


Der: «Ağa, aman-mürvət,

Ta gəlincə ol həzrət,

Elə bunlara hörmət,

Axırda çox olar kar».


Söz cuhuda kar etməz,

Qardaşını eşitməz,

Otuz qulac ip yetməz,

Qırx qulac quyusu var.


Cuhud deyər qullara:

«Haydı, düşün yollara»,

İpsiz kuzə qollara

Verdi ki, su çəksinlər.


Götürdülər kuzəni,

Gördü Cəbrayıl onu,

Mikayıl sıxdı yeri,

Axdı quyu çeşməvar.


Kuzəni qaldırdılar,

Çeşmədən doldurdular,

Durmayıb gətirdilər,

Bildi cuhud qüdrət var.


Kuzəni huma tökdü,

Tükənməz holuq axdı,

Çay daşıb, düzə çıxdı,

Cuhud qorxub etdi zar.


Cuhud eyləyib xidmət,

Gətirdi nazü nemət,

Etdi onlara hörmət,

Der: «Olmayın biqərar».


Şahzadələr səlamət,

Könülləri imarət,

Əli edib təharət,

Könlündə qəmi bisyar.


Haqqa eyləyib niyaz,

Dedi: «Sən, ey çarəsaz»,

Qıldı dü rükət namaz,

Gördü bir quş, zərnigar.


Boynu mirvari inci,

Bahası aləm gənci,

Şazadələr güvənci,

Deyib tutdu beyekvar.


Quş rəvan qanad çaldı,

Əlini göyə aldı,

«Bərk tut» deyib səs saldı,

Getdi Əli varhavar.


Ol mürği-zərrin nəqqaş,

Asimana vurub baş,

Əlini ölkədən dış

Edib, saldı bir diyar.


Yetişdi bir diyara,

Heyran oldu bu kara,

İstədi bir şey sora,

Heç kişi yox, əyal var.


Der: «Bihesab kansınız,

Nə xoş sifət cansınız,

Niyə həp zənansınız,

Qəribəm, verin xəbər».


Derlər: «Eyd mahalıdır,

Xəlq içərdə doludur,

Xüms, əşar malıdır,

Məscidlər xalvar-xalvar».

Əli bunu eşitdi,

Tazə təharət etdi,

Xəlqin cəminə getdi,

Tutdu bir küncdə qərar.


Vaiz çıxdı minbərə,

Xəlqə nəsihət verə,

Söz tapmadı biçarə,

Ağlar oturdu naçar.


Der cəmaət, şah, vəzir:

«Nəsihətin dilpəzir,

Dildə, ağızda gəzir,

El sözünə intizar».


Vaiz der: «Olun agah,

Yadıma gəlməz nagah,

Ey vəzir, ey padişah,

Burda Məhəmmədi var».


Derlər: «Tapsaq Əhmədi,

Eyləriz ona bədi,

Var olsa Məhəmmədi,

Pullarmız səd həzar.


Şirin edib dilləri,

Ələ almış elləri,

Ata-baba yolları

Tərk edib olmuş bizar».


Vaiz deyər: «Ey mərdan,

Könlüm qorxar ol ərdən,


Çağırım qoy minbərdən,

Ol özün eylər aşkar».


Vaizə qulaq salıb,

İşbu pəndini alıb,

Hamısı razı olub

Oturdular intizar.


Vaiz der: «Haq qüdrəti,

Peyğəmbərin hörməti,

Özün bildir, ey fəti,

On iki sualim var.


Əgər özün bildirsən,

Qarşımda gəlib dursan,

Sözüm cavabın versən,

Mal verək xalvar-xalvar».


Qəhri qaynar başından,

Durdu Əli coşundan,

Vardı vaiz peşindən,

Der: «Mənəm Əhmədə yar.


Qul olarıq təqdirə,

Bilmərik bu yer hara,

Nə sözü olsa sora,

Sonra üç sualım var».


Məscid içrə züha tək,

Hamı dedi Süha tək,

Əli bir əjdərha tək,

Gəlib durdu sütunvar.


Xofa düşər təndə can,

Lərzana gələr cahan,

Vaiz deyər: «Ey cavan,

Gəlməsin qəhrin, zinhar».


«Danışmağa yox tabım,

Oxumağa kitabım,

Vaiz desə cavabım,

Mən soraram suallar».


Şir sözün tamam etdi,

Dürüst bir kəlam etdi,

Növbə kafirə yetdi,

Görün, sualın sorar.


«Bir nədir, iki olmaz,

İki nədir, üç olmaz,

Üç həm nədir, dörd olmaz,

Beş, altı, yox bərabər.


Beş nədir, altı olmaz,

Altı var, yeddi olmaz,

Yeddi həm səkkiz olmaz,

Doqquzdan sözlə əxbar.


On nədir, on bir olmaz,

On bir on iki olmaz,

On iki on üç olmaz»,

Söz tamam etdi küffar.


Əli haqqın kitabın,

Açıb mərifət babın,

Verdi vaiz cavabın,

«Dinləyin, ey şəhriyar.


Tanrı bir, iki olmaz,

İki − ay, gün, üç olmaz,

Üç rükət həm dörd olmaz,

Dörd ənasirdir çahar.


Beş namazdır bil, beş vəxt,

Altıdır altı cəhət,

Yeddi duzəx, səkkiz cənnət,

Doqquzdan cümlə qərar.


On hacılar işi xub,

On bir pesəri-Yaqub,

On iki aydır mərğub,

Der dəxi nə sözün var».


Rastdır deb, açdı ağız,

Xətt edib yazdı kağız,

Qəbul eylədi vaiz,

Həm bütün xəlayiqlər.


Vaiz durdu beliyə,

Qail oldu vəliyə,

Xəlq söylədi Əliyə:

«Sən sor nə ki sözün var».


Əli açdı kitabın,

Töküb gözündən abın,

Desə vaiz cavabın

Hamı birdən aydınlar.


Əli der: «Vaiz desin,

Vaiz sözün şah desin,

Şah dediyin xəlq desin,

Mənim də sualım var».


Xəlq ondan olub agah,

Qəbul etdilər nagah,

Vaiz, vəzir, xəlqü şah,

Hamı etdi ixtiyar.


Şiri-xuda şad olub,

Xudaya şükür qılıb,

Növbə Əliyə gəlib,

Soruşdu şiri-cabbar.


«Nədir ərşə bitilmiş,

Bərgi-tuba bitilmiş,

Behişt qapı bitilmiş»,

Der, tamam etdi göftar.


Vaiz eylədi fikir,

Qılmaq gərək çox zikir,

Vaiz gördi, iş çuxur,

Deməli oldu, ey yar;


«La ilahə illəllah,

Məhəmməd rəsulullah»,

Üç dəfə dedi xəlq, şah,

Müsəlman oldu küffar.


Xalq, şah, vəzir özləri:

«Dinlədik bu sözləri,

Başa saldız bizləri,

Dedilər olduq iqrar».


Xəlqə elan verildi,

Küfrdən din çevrildi,

Dinə təlim verildi,

Qıldılar qüsl küffar.


Haqq ondan rəhmət saçıb,

Nur gəlib, zülmət qaçıb,

Şah Əli boynun guçub,

Çox ağladı zar-zar.


Der: «Ey şahi-vəlayət,

Biz xoşbəxt olduq qayət,

Səndən tapdıq hidayət,

İslamı etdin aşkar».


Sordu onlar gəlişi,

Əli dedi təşvişi,

Bütün qızıl-gümüşü

Etdilər ona nisar.


Yüz min altın pul, baxdı,

Çib-qoynuna buraxdı,

Aldı, qaladan çıxdı,

Gəldi ağ quş zərnigar.


Əvvəlkı kimin etdi,

Quş ayağın bəy tutdu,

Quş uçub, hava getdi,

Eylədi daxili-dar.


Cuhudlar qarşı gəlib,

Ehzazü ikram qılıb,

Hamısı razı olub,

Mal verdilər bişümar.


Haqqa edib zarların,

Ələ alıb varların,

Gətirdi oğlanların,

Fatma ondan bixəbər.


Şəkk eyləmə bu köydə,

Artığın qoyub öydə,

Qırx min altın cuhuda,

Verdi ol şahi-səfdər.


Cuhud həm pulun aldı,

Əli məscidə gəldi,

Ol peyğəmbəri gördi,

Salam eylədi, ey yar.


Bu iş həzrətə bəyan,

Rəsula olmuş əyan,

Rəsul söyləyər: «Yaran,

Bax, gəlmiş şiri-cabbar.


Əli məsciddən getdi,

Gör, necə işlər bitdi,

Bir şəhri islam etdi,

Xəlq namaza intizar.


İşlər gördü haqqıda,

Gəldi durdu qapıda,

Rəsul deyər: «Əlidə,

Soranlar, çox xəbər var».


Əli ol tutan quşun,

Haqq üçün edən işin,

Şəhri islam edişin,

Cümləyə verdi əxbar.


Xəbərin verdi Heydər,

Derlər: «Allahü əkbər»,

Təhsin qaldı peyğəmbər,

Son namaza durdular.


Haq der gözdən töküb xun,

Hər kim munda versə don,

Bu dünyada birə on

Verər ol pərvərdigar.


Bir üftadə-düşkünə,

Könül gəlsə coşğuna,

Haqqa, Əli eşqinə,

Bir verən on qat alar.


Əli gər bunu yazdı,

Möminlər könlü qızdı,

Olar axirət muzdu,

Bihesabü bişümar.


Canım cürə məstidir,

Könlüm haqq peyvəstidir,

Dostum Əli dostudur,

Gər ixlasın olsa var.


Məxdumqulu, mən cana,

İnanmazam cahana,

Duada yad qılana

Yiyəm olsun mədədkar.



qana
Xudayımın arslanı

Dolaundu qəhri qana.

Döndü Əli zərbindən

Xeybərin şəhri qana.


Behişt bina köşkündən,

Göz nurlanar müşkündən,

Döndü Əhməd eşqindən,

Həzari-mehri qana.


Qəzəbdən Düldül mindi,

Çəkildi yerin bəndi,

Əli zərbindən döndü

Müqadil zəhri qana.


Ey boyu uzun, ağlı az,

Başı axmaq, qolu saz,

Cəng eylədi bəhri, baz,

Düşdü səd bəhri qana.


Aşiqəm, eşq məsti mən,

Daməni yar dəsti - mən,

Məxdumqulu dostu mən,

Görmədim mehri qana.



GÖY KƏBUTƏR
Yaranlar, müsəlmanlar,

Görün, hökmi-davəri.

Məsciddə oturmuşdu

Bir gün Mürtəza Əli.


Söykənərək mehrabə,

Üzün tutmuş kitabə,

Uluğ-kiçik, səhabə

Yığılmışdı həm varı.


Ol şahi-səfdər gördü,

Bir göy kəbutər gəldi,

Qonaraq təzim qıldı:

«Səlam əleyk, ya Əli.


Sənsən dinim-imanım,

Sənə qurban bu canım,

Filan yerdə aşyanım,

Yaş çağam var, ya Əli.


Yerlə göy arasında,

Xırmanlar qırağında,

Xudanın pənahında

Gəzərdim səhraları.


Teyr edərdim hər yana,

Şükr edərdim sübhana,

Yığardım, buğda, danə,

Varardım yuvam sarı.


Düşməndən qafil idim,

Xürrəmü xoşhal idim,

Çağama məşğul idim,

Gördüm ki, bir şahpəri,


Gördüm bir laçın gələr,

Havada havalanar,


Bildim ki, canım alar,

Aman verməz, ya Əli.


Qorxub, bitaqət oldum,

Şirin candan əl üzdüm,

Sənin qapına gəldim,

Qurtar məni, ya Əli».


Əli çün vaqif oldu,

Kəbutər halın bildi,

Lütf ilə kərəm qıldı,

Der: «Kəbutər, gəl bəri».


Kəbutər gəldi önə,

Verməz laçın cənginə,

Qol uzatdı, qoluna,

Qondurdu quşu Əli.


Şol dəmdə laçın gəldi,

Həzrətə ərzin qıldı,

Lütf ilə təzim qıldı:

«Səlam əleyk, ya Əli.


Bu səhər ov ovlardım,

Dağı-daşı teylərdim,

Bir kəbutər qovlardım,

Gəlibdir sizin sarı.


Dərməndəyəm, möhtacam,

Şərməndəyəm, qəllacam,

Bu gün üç gündür acam,

Ovumu ver, ya Əli!»


Ol şiri-pərvədigar,

Ol sahibi-Zülfüqar,

Ol şahi-Düldül süvar

Nida qıldı Qənbəri.


Gənbər çün hazır oldu,

Lütf ilə kərəm qıldı,

Dedi: «Xidmət nə oldu,

Çağırdınız bizləri».

Dedi çərxi-çənbərə,

Müşk qatılmış ənbərə,

Əli dedi Qənbərə:

«Alıb gəlgil xəncəri».


Görün indi nə qıla,

İstər ol kərəm qıla,

Laçın dedi Əliyə:

«Siz nedərsiz xəncəri?»


«Ey laçın, mən Heydərəm,

Sahibi-lütfi-kərəm,

Öz budumdan ət verəm,

İstəmə kəbutəri».


Xəncər çıxdı qınından,

Ta ət kəsə budundan,

Laçın tutdu qolundan,

Dedi: «Kəsmə, ya Əli».


Sənin işin kərəmdir,

Qolların möhtərəmdir,

Bu ət bizə haramdır,

Ey, ya saqi-kövsəri.


Laçın saymazlar məni,

Kəbutər deməzlər onu,

Sınamaq üçün səni,

Gəlmışdik sizin sarı».


Şahdan rüxsət aldılar,

Ayaq üstə qaldılar,

Uçub, pərvaz qıldılar,

Getdilər asman sarı.


Tamam oldu bu sözlər,

Etsələr gərək əsər,

Məxdumqulu xaki-sər,

Şahi-mərdan çakəri.



behİştİn
Göydən yuxarıdır, ərşdən aşağı,

Ey yaranlar, yeri, özü behiştin.

Həzar min nəğməsi, yüz min muğamı,

Həmişə qurulu sazı behiştin.


Xıdır yaşın versə onu gəzməyə,

Davud katibliyin versə düzməyə,

Gecə-gündüz olsam şərhin yazmağa,

Mindən bir deyilməz sözü behiştin.


Dərviş düşdə görüb olmuş aşığı,

Qızıldan qurulmış fərşi, işığı,

Aləmi qərq eylər nurdan işığı,

Əgər bir açılsa üzü behiştin.


Kəlam içrə oxub deyər mollalar,

Qulluqçu rizvanlar, inci-şillələr,

Mürəssə halqalar, nazik hüllələr,

Tükənməz neməti-nazı behiştin.


Şərhini deməyə sözüm, dilim yox,

Həqq özü hakimdir, cəbr, zülüm yox,

Qayğı-qəm yox, qocalıq yox, ölüm yox,

Ayrılmaz, sovulmaz yazı behiştin.


Yüz şərbətdən məcun olub qatılan,

Qara saçı ağ topuqda çatılan,

Balzəban, növcavan, tazə yetilən,

Bəzənər, sallanar qızı behiştin.


Minib seyran üçün Buraq atları,

Gündən-günə artar könül şadları,

Ləldən, yaqutdaundur olan zadları,

Heç olmaz ki gərdi-tozu behiştin.


Bişər əlvan, əl dəyməyən aşları,

Qüdrət ilə büryan olub göşləri,


Tay gələr dünyaya dirhəm-daşları,

Artıqdır hər yatan çizi behiştin.


Hər növbə min dürlü şərab içilən,

Almaz, inci, yaqut, dürlər saçılan,

Rəngbərəng bihesab güllər açılan,

Müşki-ənbər qoxar üzü behiştin.


Həq qəbul eyləyib dostun, əğyarın,

Hasil edib bütün məqsədin - varın,

Göstərib ol gündə xəlqə didarın,

Budur möminlərə razı behiştin.


Məxdumqulu, vəsfi gəlməz dillərə,

Dilə gəlsə, bəyan etsəm ellərə,

Aciz bəndələrə, asi qullara,

Ya rəb, özün eylə ruzi behiştin.



Beş namaz
Həq-təala buyuran

Bəndəsinə beş namaz,

Bəndəsinin niyazı −

Bir gündəki beş namaz.

Həq-təala aytanı,

Bəndəsinin tutanı,

Hər gündəki qılanı

Bir gündəki beş namaz.


Ol rəsulun ümməti,

Ümmət qılar sünnəti,

Ərənlərin izzəti

Bir gündəki beş namaz.


Ol rəsulun sözləri,

Laməkanda üzləri,

Hər gündəki sözləri −

Bir gündəki beş namaz.


Namaz qılsan, ətadır,

Günah qılsan xətadır,

Dilə uzun sədadır

Bir gündəki beş namaz


Ərənlərin mədədi,

Könüllərin qüvvəti,

İki cahan dövləti

Bir gündəki beş namaz.


Alimlərin sirdaşı,

Aqillərin yoldaşı,

Əziz canın qoldaşı

Bir gündəki beş namaz.


Türküstanın Əhmədi,

Doxsan yerdə söhbəti,


Həqqin ona rəhməti

Bir gündəki beş namaz.


Qılsın mənə uluğluq,

Sultan baba − Eynəl-mülk,

Həq qatında sevüklük

Bir gündəki beş namaz.


Namaz tanrı fərmanı,

Qılsa artar imanı,

Elmi-Quran bəyanı

Bir gündəki beş namaz.


Məxdum, bəyan qıl namaz,

Günahların olsun az,

Həq qatında min niyaz

Bir gündəki beş namaz.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin