Mövzu № 3. Müxtəlif nəqliyyat növlərinin texniki-iqtisadi xüsusiyyətləri
Vahid nəqliyyat sistemi, onun tərkib hissələri və qarşılıqlı əlaqəsi.
Avtomobil nəqliyyatının texniki-iqtisadi xüsusiyyətləri.
Dəmiryolu nəqliyyatının texniki-iqtisadi xüsusiyyətləri.
Su nəqliyyatının texniki-iqtisadi xüsusiyyətləri.
Hava və boru kəməri nəqliyyatının üstünlükləri və çatışmayan cəhətləri.
Nəqliyyat növlərinin seçilməsi meyarları və amilləri.
Dəmiryolu nəqliyyatının texniki–iqtisadi xüsusiyyətləri
Dəmiryolları ölkənin vahid nəqliyyat sisteminin skletini təşkil edir. Dəmiryolu digər nəqliyyat növlərilə müqayisədə yüksək daşıma qabiliyyətinə malikdir. Əgər yüksək kateqoriyalı avtomobil yolu ildə 10,0 mln ton yük buraxmaq qabiliyyətinə malikdirsə, bu göstərici elektrikləşdirilmiş müasir birxətli dəmiryolunda 20-25 mln ton, ikixətli yolda isə 80,0 mln tona çatır. Dəmiryolu ən etibarlı nəqliyyat növü olub təbii – iqlim şəraitindən asılı olmayaraq ilin bütün günü və saatında daşıma qabiliyyətini özündə saxlayır. Dəniz və çay nəqliyyatı ilə müqayisədə dəmiryolu iki məntəqəni qısa məsafə ilə birləşdirir. Məsələn, Bakı ilə Maxaçkala arasındakı dəmiryolunun uzunluğu 375 km-ə bərabərdirsə bu məsafə dəniz nəqliyyatilə 510 km təşkil edir və ya 1,33 dəfə azdır.
Əgər yük göndərənlər və yük alanlar giriş dəmiryoluna malikdirsə dəmiryolu onlar arasında birbaşa əlaqə saxlamaq imkanını yaradır, nəticədə daşımaların tez çatdırılmasına, yüklərin xarab olmalarının və itkilərinin qarşısını alınmasına səbəb olur.
Azərbaycanın dəmiryolunun istismar uzunluğu 2,12 min km-ə bərabər olub ölkənin bütün bölgələrinə nəqliyyat xidməti göstərir.
Dəmiryolu nəqliyyatının üstünlüklərindən biri də daşımaların maya dəyərinin nisbi aşağı olmasıdır. Bir tkm nəqliyyat işinin orta sahə maya dəyəri dəmiryolunda avtomobillə müqayisədə 15-20 dəfə aşağıdır.
İstismar şəraitindən və daşımaların istiqamətindən asılı olaraq dəmiryolunda maya dəyəri orta sahə maya dəyərindən çox aşağı ola bilər. Buna təsir edən əsas amillərdən biri yük və sərnişin dövriyyəsinin səviyyəsidir. Belə hal dəmiryolu nəqliyyatında daşımaların həcmindən asılı olmayan xərclərin xüsusi çəkisinin azalmasilə izah oluna bilər. Çünki yük və ya sərnişin dövriyyəsinin həcmi nə qədər yüksək olarsa onda sabit xərclərinin xüsusi çəkisi ümumi istismar xərclərində azalar və nəticədə orta sahə maya dəyəri də aşağı düşər. Vaqonların yüklənməyə hazırlanması, yüklənmə sahəsinə verilməsi, yüklənməsi və qatarlara birləşdirilməsilə əlaqədar olan xərclər sabit xərclərin tərkib hissəsi sayıır. Yük daşımalarının səviyyəsindən asılı olmayan sabit xərclərin digər tərkib hissəsi isə son məntəqələrdəki əməliyyatlar zamanı baş verir və bu başlanğıc məntəqələrdəki əməliyyatların əks istiqamətidir. Yəni yüklü vaqonların təyinat stansiyasından boşaltma yerlərinə verilməsi, onların boşaldılması və boşaldılmış vaqonların tərkibə qoşulması.
Başlanğıc və son məntəqələrdəki xərclər özündə bunları birləşdirir: manyovr edən lokomotivlərin işlətdiyi yanacaq və ya elektrik enerjisinin dəyərini, giriş dəmiryollarının və yükləmə-boşaltma mexanizmlərinin amortizasiyasını və saxlanması xərclərini, bu əməliyyatlarla əlaqədar olan fəhlələrin əmək haqqını və s.
Dəmiryolunda daşımaların maya dəyərinin səviyyəsinə təsir edən amillərdən biri də qatarların çəkisidir. Bu göstərici nə qədər çox olarsa əvvəldə deyildiyi kimi sabit xərclərin xüsusi çəkisi azalar və son nəticədə orta sahə maya dəyəri aşağı düşər.
Yollamaların növü dəmiryolunda yük daşımalarının maya dəyərinə təsir edən əsas amillərdəndir. Dəmiryolu nəqliyyatında yollamaların üç növü mövcuddur: xırda, vaqonla və marşrutla.
Xırda yollamalarda yükgöndərənin yükünün həcmi bir vaqonun yükgötürmə qabiliyyətindən azdır. Bu səbəbdən az həcmli yüklər yollama dəmiryolu stansiyaları tərəfindən qəbul edilən anda təlabatçıya göndərilmir, həmən stansiyaların ambarlarına qəbul edilir və saxlanılır. Eyni istiqamətli belə yüklərin ümumi həcmi bir vaqonun yükgötürmə qabiliyyətinə uyğun olandan sonra təlabatçıya göndərilir. Belə yollamalarda digərlərinə nisbətən daşımaların maya dəyəri ən yüksək olur. Buna isə səbəb həmin yüklərin ambar əməliyyatları ilə əlaqədar olaraq əmələ gətirdiyi xərclərdir.
Vaqonla yollamalarda müştərilərin yükünün həcmi bir vaqonun yükgötürmə qabiliyyətinə müvafiq olur. Əgər yük göndərən müəssisənin giriş dəmiryolu varsa onda boş vaqonlar yükləmə sahəsinə verilir və yükləmə işləri yerinə yetirilir. Əks halda yüklər avtomobil nəqliyyatı vasitəsilə dəmiryolunun yükyollayan stansiyasına çatdırılır və dalana verilmiş vaqona yüklənir. Yüklü vaqon təyinat istiqamətində tərtib ediləcək qatara birləşdirilir.
Vaqonla yollaramalarda yük daşımalarının maya dəyəri xırda yollamalarla müqayisədə 4-5 dəfə aşağı olur. Belə fərqə səbəb yükyollayan və yükalan müəssisələrinin giriş dəmiryollarının olub olmamasıdır.
Marşrut yollamalarında yükyollayanların yükünün həcmi çox olduğundan çoxlu tərkiblər təşkil olunur. Başqa sözlə desək yollanılan yüklərin həcmi qatarlar tərtib etməyə imkan verir. Yollamaların bu növündən kütləvi şəkildə məhsul istehsal edən müəssisələr və təşkilatlar istifadə edir. Respublikada kütləvi yüklərə neft və neft məhsulları, eləcə də mineral-tikinti materialları aiddir.
Marşrut yollamalarında yük daşımalarının maya dəyəri nəinki digər iki daşıma növlərilə müqayisədə hətta dəmiryolunun orta sahə maya dəyərindən də aşağıdır.
Marşrut yollamalar dəmiryolunda orta sahə maya dəyərinin aşağı salınmasına təsir edən əsas amillərdən biridir. Bu səbəbdən də dəmiryolunda orta sahə maya dəyəri ancaq dəniz və boru nəqliyyatının orta sahəsi maya dəyərindən müşahidə etmək olar. Nəqliyyat sistemi üzrə 10 tkm-in orta sahə maya dəyərinin müxtəlif nəqliyyat növlərinin orta sahə maya dəyəri ilə müqayisəsi aşağıdakı cədvəldə verilir.
Dostları ilə paylaş: |