39-ci sual. Tarixi tədqiqatlarda tarixi mənbəyə tənqidi yanaşma
Tarixi tədqiqatların gedişatı prosesində tarixi mənbələrin demək olar ki, hamısı tarixi tənqidə məruz qalır.
Tarixi mənbələrin tənqidi vəzifələri, ilk növbədə, həmin mənbənin mahiyyətini aydınlaşdırmaqdan, ikincisi isə oradakı məlumatların analiz edilməsindən ibarətdir.
Tarixi mənbənin mənşəyinin öyrənilməsində, ilk növbədə, mənbənin mənşəyini, müəllifini, yerini, vaxtını, hansı şəraitdə, hansı məqsədlə yazıldığının aydınlaşdırılması nəzərdə tutulur. Bu zaman mənbənin həqiqiliyini araşdırmaq da böyük önəm kəsb edir.
Mənbənin ilkin tənqidinin vacib elementi zahiri tənqiddir. Mənbənin zahiri tənqidində materialın, daha doğrusu, mənbədə əxz olunan informasiyanın ilkin analizi nəzərdə tutulur. Mənbənin növbəti – ikinci tənqidi zamanı isə oradakı informasiyanın, göstəricilərin həqiqiliyi təhlil edilir. Bu zaman tədqiqatçıdan mənbədə təsvir olunan hadisə və ya prosesin reallıqla nə dərəcədə uyğunluğu, hadisələrin hansı cəhətlərinin nə dərəcədə qabardılması məsələlərinə diqqət yetirməsi tələb olunur.
Tədqiqatçı tarixi mənbənin məzmununu hadisənin baş verdiyi zaman və məkandan ayrı öyrənməməlidir, əksinə dövrün ictimai-siyasi xüsusiyyətlərini nəzərdən qaçırmamalıdır. Çünki, tarixi mənbədə hadisələr sadəcə xronoloji qaydada təsvir olunmur. Mənbə müəllifi hadisənin nəticəsini konkret faktlarla əsaslandırmağa, hadisəni törədən səbəbləri sadalamağa, hadisəni digər analoji hadisələrlə müqayisə etməyə belə cəhd göstərir.
Məsələn, Qazi Əhməd Quminin “Xülasət ət-təvarix” əsərində müəllif çoxsaylı faktlar, analiz və təhlillərlə Azərbaycanın XVI əsr tarixinin sosial-iqtisadi təsvirini yaratmağa nail olmuşdur. Müəllif demək olar ki, hadisə və proseslərin baş vermə səbəblərini çoxsaylı faktlarla araşdırmağa, onların sadəcə təsvirini deyil, eləcə də təhlilini aparmağa ciddi-cəhd etmişdir.
Qazi Əhməd Quminin sözügedən əsərində gəldiyi nəticələr də qənaətbəxşdir. Məsələn, o, 1554-cü ilin baharında Sultan Süleymanın dördüncü dəfə Azərbaycana yürüş etməsini, bu xəbəri eşidən Şah Təhmasibin Naxçıvandan çıxaraq Bazarçay yaylağına getməsini, bunun ardınca da türklərin böyük qoşunla Naxçıvana daxil olmasını, lakin şəhərdə çox qala bilməməsini təfərrüatı ilə təsvir edir. Bəs nə üçün Sultan Süleymanın Naxçıvanı tərk etməsi səbəblərinə də müəllif biganə qalmır. Bu haqda Qazi Əhməd Qumi: “... Bunun əsas səbəblərindən biri qoşun üçün yaşayış vəsaiti, ərzaq və hərbi sursatın çatışmaması idi” – deyə, yazır.
Dostları ilə paylaş: |