Orta riyazi təhsilin məzmununa riyazi anlayışlar, teoremlər, aksiomlar daxil olduğundan-riyaziyyat təlimi metodikası riyaziyyatla və riyaziyyat tarixi ilə əlaqəlidir. Metodika özünün məzmununu riyaziyyatdan götürür, riyaziyyat tarixi isə tədris fənninin qurulmasında bu və ya digər riyazi faktların kəşfi və əsaslandırılmasında baş verən çətinlikləri nəzərə almağa kömək edir. Riyaziyyatın inkişafı riyaziyyat təlimi metodikasına təsir göstərir. Yeni yanaşmaların, riyazi ideyaların meydana gəlməsi məktəb riyazi təhsilinin məzmununda dəyişmələrə səbəb olur. Lakin, təcrübənin göstərdiyi kimi, metodikada yeni riyazi konsepsiyaların nəzərə alınmasına çox ehtiyatla yanaşmaq lazımdır.