Avropa Şurası Parlament Assambleyasının sessiyasında
Azərbaycan Parlamenti nümayəndə heyətinin rəhbəri,
Milli Məclisin deputatı İlham Əliyevin çıxışı
(Strasburq, 24 aprel 2001-ci il)
Mütəşəkkil cinayətkarlığın artmasının mühüm səbəblərindən biri müvafiq dövlət strukturlarının bu sahəyə
az nəzarət etməsi və ya bəzən tamamilə nəzarət etməmişdir.
Azərbaycan bu məsələdən xüsusilə narahatdır. Çünki Avropada mütəşəkkil cinayətkarlığın mərkəzlərindən
biri məhz bizim ərazidədir. «Dağlıq Qarabağ Respublikası» deyilən ərazidə nəinki Azərbaycanın hakimiyyət
orqanlarının, bu cinayətkarlıqla mübarizəyə məsul olan beynəlxalq təsisatların da heç bir nəzarəti yoxdur.
Azərbaycan ərazisinin 20 faizinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunması ilə nəinki bir
milyon azərbaycanlı qaçqın evsiz-eşiksiz qalıb, çoxsaylı şəhərlərimiz, kəndlərimiz, mədəniyyət abidələrimiz,
əcdadlarımızın qəbirləri büsbütün dağıdılıb, bir sözlə, erməni işğalçılarının zəbt etdikləri ərazidə bütün
infrastruktur məhv edilib, həm də ermənilərin işğal etdikləri ərazidə mütəşəkkil cinayətkarlığın inkişafı üçün
çox əlverişli şərait yaranmışdır. Mən sizin diqqətinizi bizim təhlükəli vəziyyətimizi göstərən bir neçə fakta
yönəltmək istərdim.
«Dağlıq Qarabağ Respublikası» deyilən ərazidən narkotik bitkilərin yetişdirilməsi və daşınması üçün
istifadə edilir. Bu fakt ABŞ Dövlət Departamentinin narkotik maddələr üzərində beynəlxalq nəzarət
strategiyasına dair 2000-ci il mart tarixli hesabatında öz əksini tapmışdır. Narkotiklərlə məşğul olan işbazlar və
tiryək alverçiləri orada özlərini təhlükəsiz və çox rahat hiss edirlər. Onları «Dağlıq Qarabağ Respublikası»nın
bədnam rəhbərləri müdafiə edir. Həmin rəhbərlər narkotiklərin satışından gələn pulları Azərbaycanın işğal
olunmuş ərazisini əldə saxlamaq və muzdlulara haqq ödəmək üçün istifadə edirlər.
Yaxşı məlumdur ki, Rusiyanın keçmiş rəhbərləri özlərinin müvafiq strukturlarına Ermənistana qanunsuz
yolla bir milyard dollarlıq silah ötürməsinə icazə vermişdilər.
Həmin silahların çox hissəsi Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər ərazilərində
yerləşdirilmişdir. Mən sual edirəm: Ermənistan və Dağlıq Qarabağ bu silahları almaq üçün bu qədər pulu
haradan tapdı? Bu regiondakı vəziyyəti bilən hər kəsə aydındır ki, Ermənistanda iqtisadi vəziyyət çox pisdir.
Ermənistan əsas etibarilə xarici yardımlar hesabına yaşayır. Daimi iqtisadi tənəzzül ucbatından yüz minlərlə
adam Ermənistanı tərk etmişdir.
Cavab aydındır. Ya onlar həmin silahları pulsuz alıblar, - buna güman azdır, - ya da narkotiklərin satışından
əldə olunan pullara alırlar.
Dağlıq Qarabağda mövcud olan, qanunsuz iqtisadi fəaliyyət göstərən bu qondarma «respublika» «çirkli
pulların yuyulması» əməliyyatları sahəsində məşhurlaşmışdır.
Ermənilər Dağlıq Qarabağın ərazisində silahlı birləşmələrə təlim keçirlər, bu birləşmələr terrorizmə qarşı
mübarizə üzrə beynəlxalq konvensiyaların nəzarətindən tamamilə kənardadır.
Biz bütün Avropa strukturlarından xahiş edirik ki, erməni təcavüzkarlarının, işğalçılarının torpaqlarımızdan
çıxması üçün, bir milyon qaçqının insanı hüquqlarını pozmağa və torpaqlarımızdan öz cinayətkar əməllərindən
ötrü istifadə etməyə son qoymaları üçün ciddi əməli tədbirlər görsünlər.
Təşəkkür edirəm.