Erkən Oyanış incəsənəti
Nisbətən erkən çağların bütövlükdə dini səciyyəyə malik olan orta əsr incəsənətindən fərqli olaraq oyanış incəsənəti dünyəvi ruhla aşılanmışdı. İtalyan Oyanışın rəssam və memarları, hətta diri incəsənətdə də dünyəvi səciyyə verə bilmişdilər. Bu dövrün məbədləri dini və mistika əhvali-ruhiyyəsi doğurmaq məqsədilə tikilən qot və Roma üslubu kilsələrə bənzəmirdilər. Bunlar gözəl və canlı mərasimlər, şənliklər keçirilməsi üçün nəzərdə tutulan təmtəraqlı, işıqlı saraylar idilər. Bu binalar “ibadət evləri”ndən daha çox, şəhərlər və papaların var-dövləti, qüdrəti və əzəmətini əks etdirən ehtişamlı abidələr idilər. dini mövzularda çəkilən lövhələrdə, çox vaxt, kənd mənzərələri və ya gözəl binalar fonunda müasir kostyumlar geyinmiş canlı adamlar təsvir olunurdu.
Rəssamlıq sahəsində italyan Oyanışının banisi Dantenin kiçik müasiri Cottonu (təqr.1266 - 1337) hesab etmək olar. O, özünün əsasən dini mözularda çəkdiyi rəsmlərində böyük müşahidə qabiliyyəti ilə canlı adamları öz sevinc və kədərləri ilə təsvir etmiş, onların duruşları, hərəkətləri, sifətlərinin ifadələrini bacarıqla və təbii vermişdi. Cotto təsvir olunan fiqurların böyüklüyünü göstərmək üçün işıq və kölgədən cəsarətlə istifadə etmişdi. Fiqurları bir neçə planda təsvir edən rəssam öz lövhələrində dərinlik və genişlik təsiri doğurmağa nail olmuşdu. Bütün bunlar onun rəsmlərinə realizm səciyyəsi verir.
Mazaçço (1401-1420) yaradıcılığında bu meyllər daha da inkişa etdi. O, incil mövzularında çəkdiyi rəsmləri İtaliya şəhərlərinin gücə və meydançalarında gəzdirirdi; onun lövhələrində təsvir olunan kostyumlar, binalar, avadanlıq müasir və tam real əks etdirilmişdi. Mazaçço lövhələrində yeni insan – azad, güclü, tam ləyaqətli insan surəti yaradılmışdı.
XV əsrdə mənzərənin uzaqda görünüş qanunlarının kəşfi rəssamlıqda realizmə doğru çox mühüm addım oldu. Bu qanunlarının kəşf olunması rəsmlərdə üçölçülü sahənin quruluşunu düzgün əks etdirmək imkanı yaratdı.Heykəltəraş Donatellonun əsərləri qüdrət, ehtiras və realizmlə aşılanmışdı. Dərin realizm ruhunda yaradılmış bir sıra portret səciyyəli əsərlər ona məxsusdur. Məsələn, onun əlində qılıncla Qoliafın kəsilmiş başı üstündə duran məşhur David heykəli belə əsərlərdəndir.
Bu dövrün ən böyük memarı Brunelleski (1377-1446) idi. O,dəqiq hesablamalar əsasında, Florensiya soboru üzərində günbəz ucaltmaq kimi texniki baxımdan çətin məsələnin öhdəsindən gəldi. Brunelleski qədim roma memarlıq ünsürlərini məharətlə yenidən işlənmiş Roma və qot ənənələri ilə birləşdirərək, tam orijinal və müstəqil memarlıq üslubu yaratdı. Bu üslub ciddi ahəngdarlıq və ayrı-ayrı hissələr arasında mütənasibliklə səciyyələnir. O, təkcə məbədlər deyil, qalalar da tikmişdi. Brunelleski, məsələn, Arno çayının axarının tənzim olunması işlərinə, Po çayında bənd qurulmasına başçılıq etmiş, limanların möhkəmləndirilməsi üçün layihələr tərtib etmişdi.
Öz lövhələrinin tələblərinə cavab edən Oyanış memarları və rəssamları təkcə məbədlər deyil, gözəl evlər də tikilmişdilər; onların insanın özü, onun şəxsiyyəti, fərdi varlığının bütün təfərrüatı ilə maraqlanırdılar.
Onlar təbiəti, xüsusilə təbiət mənzərələrini təsvir edərkən onun gözəlliyindən həzz alırdılar; insanların rəsmini yaradarkən insan bədəninin gözəlliyini insan sifətinin canlılığını, onun fərdi xüsusiyyətlərini verməyə çalışırdılar. Xeyli dərəcədə xalq yaradıcılığından gələn bu realizm, bilavasitə, təbiətin təcrübi olaraq dərk edilməsi ifadəsi idi.
Dostları ilə paylaş: |