Erkən Oyanış ədəbiyyatı
Köhnə kilsə-feodal dünyagörüşü ilə yeni, humanist dünyagörüşü arasındakı sərhəddə orta əsr şairlərinin ən böyüyünün – Dante Aligyerinin (1265-1321) tək-tənha və əzəmətli siması durur.F.Engels onun haqqında yazmışdır ki, o “orta əsrlərin son şairi və eyni zamanda yeni çağın ilk şairidir”. Dantenin “İlahi komediya”sı toskana xalq ləhcəsində yazılmışdı; bu əsər italyan xalqının ədəbi dilinin əsasını təşkil etdi. “İlahi komediya” orta əsr biliklərinin ensiklopediyası idi. Həmin əsər bir çox cəhətdən katolik dünyagörüşü ilə əlaqədar idi və ardıcıl katolik baxımından “kosmos”un mənzərəsindən ibarətdir. Lakin öz poemasında, təntənəli surətdə, hisslərin azadlığı, ağlın təşəbbüskarlığı, aləmin dərk olunması meylini bəyan edən Dante kilsə əxlaqı çərçivəsindən kənara çıxır, orta əsr katolik dünyagörüşünə zərbələr vurur. “İlahi komediya”nın məzmunu belədir: Dante orta əsrlərdə ən çox pərəstiş olunan Roma şairi Vergilinin başçılğı ilə cəhənnəmə yollanır. Cəhənnəm doqquz dairəyə ayrılır. O, burda “günahkarlar”a verilən işgəncəni müşahidə edir. Dante birinci dairədə qədim dövrün böyük filosofları və alimləri ilə rastlaşır. Onlar xristian deyildilər. Buna görə də cənnətin qapıları onların üzünə bağlı idi.
Lakin birinci dairədə işgəncə yoxdur. Bura yalnız cəhənnəmin astanasıdır; qədim dövrün böyük adamları cəzaya layiq deyillər. İkinci dairədə cinayətlər məhəbbətin dadını görənlərin hamısına cəza verilir. Dairədə tacirlər və sələmçilər qətran qazanında qaynadılır. Altıncı dairdəkilər təriqətçilər və nəhayət ən axırıncı dairədəkilər satqınlardır. Incil rəvayətlərinə görə Xristi satan İuda İskariot, Sezarın qatilləri Brut və Kassi burdadırlar. Dantenin yolu cəhənnəmdən sonra məşhərə düşür. Burada ölülərin ruhları əzab içərisində hökm gözləyirlər.
Məhşərdən sonra Dante cənnətə yollanır. Cənnətə daxil olarkən Vergili Danteni tərk edir. Cənnət səyahətində Danteyə onun ilk məhəbbəti – vaxtsız ölmüş gözəl Beatriçe başçılıq edir. Dante bir dairədən digərinə qalxır, planetlərə baş çəkir. Burada möminlər ədəbi səadətdən ləzzət alırlar.dante müstəsna təxəyyül qüdrətinə malik idi və onun poeması, xüsusilə cəhənnəmin təsviri, çox güclü təsir buraxır.
“İlahi komediya” özünün dini fantastik məzmununa baxmayaraq, gerçəkliyinə və dərinliyinə görə insan arzularını, əyləncələrini, ehtiraslarını, bədbəxtliklərini, ümidsizliklərini, peşmançılıqlarını çox gözəl təsvir edir. Realizm və fantastik lövhələrin təsviri Dantenin böyük yaradıcılıq məhsuluna heyranedici qüvvə, ifadəlilik və insanilik bəxş edir. “İlahi komediya” insan dühasının ən yaxşı yaradıcılıq məhsulları xəzinəsinə daxil olmuşdur.
Sözün həqiqi mənasında ilk humanistlər italyan yazıçıları Petrarka və Bokkaçço idilər.
Françesko Petrarka (1304-1374) Florensiyalı idi. Ömrünün bir hissəsini Avinyonda papa sarayında keçirmiş və həyatının sonunda İtaliyaya köçmüşdü. O, Dante və Bokkaço ilə birlikdə ədəbi italyan dilinin yaradıcılarından biri idi. Petrarkanın öz sevgilisi Layraya həsr etdiyi sonetləri xüsusilə gözəldir; bu sonetlərdə öz fərdi hisslərinin gözəlliyindən təsirlənən və başqalarını da təsirləndirən, kədəri və sevinci hədsiz olan bir humanist söhbət açır. Bununla belə Petrarka poeziyasında, bütövlükdə humanizm dünyagörüşü üçün səciyyəvi olan fərdiyyətçilik, artıq, özünü göstərir.
Orta əsrlərin sxolastika və tərki dünyaçı dünyagörüşü Petrarkanı qane etmir; o, dünyaya və şeylərə münasibətində öz görüşünü yaradır. Petrarka mövhumat və cəhalət yuvası olan Romaya qəzəblə hücum edir:
Kafirçilik məbədi, səhvlər məktəbi,
Kədərlər axını, nifrət məkanı,
Bir vaxt böyük Roma, indicə bütün
Günahlar Babili, qəm-qüssə kanı.
Yananlar ocağı qaranlıq məhbəs,
Burada şər yüksəlir, məhv olur xeyir.
Canlıya ölüncə cəhənnəm, zülmət, -
Yəni cəza verməz tanrı sənə bir?
Petrarka poeziyasında onun vətəninin – siyasi baxımdan dağınıq İtaliyanın nifaq meydanına çevrilməsindən və saysız-hesabsız hökmdarların zorakılığına məruz qalmasından doğan kədər hissi aydın səsələnir.
Petrarkanın müasiri Covanin Bokkaçço (1313-1375), xüsusilə özünün “Dekameron”da toplanmış novellaları ilə şöhrətlənirdi. Bu əsərdə, o, katolik ruhanilərinin cahilliyi və fırıldaqlarına, onların təbliğ etdikləri tərki-dünyalığa istehza edirdi; Bokkaço insanın qanuni olaraq hisslərin azadlığına, yer üzərindəki həyatın bütün nəşələrinə can atmasını tərki-dünyalığa qarşı qoyurdu. Onun gülüşü mövhumat və cəhalətə, heç də, Petrarkanın hiddətindən az zərbə vurmurdu.
Bokkaççonun novellalarının çoxu həyatdan götürülmüş və çox gözəl müşahidələr, gerçəklik və gülüş əsasında yazılmış hekayələrdir. Bu novellalar o dövrdəki gerçəkliyi əks etdirən lövhələrin tam real təsvirini verir. Bokkaçço, həmçinin Avropa ədəbiyyatında ilk psixoloji roman olan “Fyametta”nı yaratmışdır.
Dostları ilə paylaş: |