X mətn
Sultan bəy Laçınnan köçüf gedəndə gedir Arazın qırağına. Ordan çönür belə baxır, həsrət çəkir. Qəmbər deyir ki, bəy, niyə həsrət çəkirsən? Deyir, gedirəm getməyinə, bir Ağammədi öldürəmmədim, bir Müseyib bəyi. Müseyib bəyi İrannan qayıdıf gəlif Köhnə kəntdə öldürüf. O da nətər oluf öldürüf. Müseyif bəy bunnan düşmən oluf. Sultan bəy talada oturuf yeyif içirmiş. Müseyib bəy elə nişan alıf ki, tüfəng Sultan bəyin çənəsin sıyrır. Müseyib bəy qaçıf gəlif evə, Paşa bəyə deyif ki, bəy, sultanı atdılar. Deyir, ə, əlini sal kürəyimi qaşı. Əlini salıf kürəyini qaşıyanda görür Müseyibin əli əsir. Deyir, gedələr gəlif səni öldürəjəh, tez aradan çıx. Heylə ağsakqallar oluf ki, ayannan gələndə hiss eliyirdi gələn kimdi.
Sora kirvəsi (Müseyibin kirvəsi – top.) buna məktuf yazır, məktubun da arasına Quranın vərəqini qoyur. Müseyif gəlir Köhnəkəndə. Sultan bəy yükün dalında oturmuşmuş. Müseyif bəy gəlir beşatılanı çıxarıf asır, kürkün çıxardır. Oturan kimi Sultan bəy çıxır, deyir tərpənmə. Deyir, bəy, kişi kişiyə əlində silah olmuyanda silah qaldırmamalıdı. Baxmır bəy ona. Öldürür, bağlıyır atın üsdünə, boşduyur. At meyidin aparıf çıxardır Bülöylüyə.
XI mətn
Atam Sultan bəyi yaxşı tanıyırdı. Onun dediyinə görə, onnarın bir qızıl tapmağ yeri vardı. Onu mən öz gözümnən görmüşdüm. Ova gediflər. Taxta zavodunnan yuxarı Muncuxlu çayı vardı. Həmin çaydan yuxarı qalxırdın böyük qara daş idi. Daşı kəsmişdilər, onun içində qızıl gizdəmişdilər. Bu da daşın üsdündə oturuf ov gözdüyürmüş. Bekarçılıxdan daşın üstünü döyəcləyir, görür burda bir mamır var. Baxıf görür ki, qapaxdı, qırağıynan mamır gedif. Süngüynən qurdalıyıf baxıf ki, altı xəzinədi. Bu vəzyətdə ordan qızıl tapıf.
XII mətn
Sultan bəyin çay evinin arxa tərəfinnən Şəlvəyə yol gedirdi. Payızda gəlif o evdə olurmuş. Dağlarda duzlaxlar olurdu. Payız olanda əlihlər dərədəki bulaxdan su içif yarğandakı duzlaxları yalıyırmış. Onda meşədə əlik çox imiş. Bəyə deyillər, biz çıxax yalda sürhay eliyək, sən otur dərənin ağzında əliklər gələndə atarsan. Sürhayçılar biri əlinə dəmir götürür, biri ağac götürür səs eliyir ki, ov getsin. Dərənin ağzında qəlbi qara daş vardı. Bəy də gedif həmin daşın üsdündə oturur ki, heyvannar gələndə onları vursun. Baxır ki, daşın üsdünü mamır örtüf. Belində xançalı varmış. Xançalı çəkir mamırı qaşıyır. Baxır ki, daşa qapax salıflar. Xançalın ujunnan təmizdiyir, qapağı qaldırır ki, içi bütöy qızıldı. Çuxasın soyunur, qızılı yığır içinə. Çağırır ki, ə, qayıdın, mən ovumu eləmişəm.
XIII mətn
Baldırannıx kəndində Xannı addı əsl iyid oluf. Onun bir atı varmış, o atdan heş kimdə yoxmuş. Haçadil atmış, Şirvan zonasınanmış. Həmin atı suya aparanda iki adam aparırmış. Biri qabağa çəkirmiş, biri də başındakı noxtanı arxaya çəkirdi ki, at qabaxdakı adamı ayaxlamasın. Sultan bəyin atı, ilxısı varmış. Atabaxanı deyir ki, sən də deyirsən mənim atım var. Baldırannıx kəndində Xannı var, onun bir atı var, sən bu ilxının hamısını versən o atı alammazsan. Sultan bəy bir dənə məktub yazdırıf göndərir Xannının üsdünə. Xannının da bir kələntər21 anası varmış. Axşam üsdüymüş, düyü dəmliyirmiş arvad. Bir atdı gəlir. Salaməlöykü, əleyküm salam. Bir dənə məktub çıxardır verir Xannıya. Xannı oxuyur, götürür məktubun dalına nəsə yazır. Bunun anası da çox görüf-götürmüş qadınmış. Deyif ki, Xannı, o nə kağızdı? Oxudun dalına nə yazdın? Deyir ki, heç, elə-belə məktufdu. Arvad da bilən adammış. Əliynən döşün tutur, deyir, Xannı, bu döşümnən verdiyim süd sənə haram olar o məktubun məzmunun maa deməsən. Deyir ki, ana, Sultan bəy mənnən atı isdiyir. Deyir, bə sən nə yazdın? Deyir, mən də yazdım ki, sənin yanın mənim atımın üsdə durmaz. Yeddi nəfərnən sən gəl Tığı kəndinə, mən də tək gəlləm. Orda kim kimə qalib gələr atı aparar. Xannı belə iyid adamdı. Da o cavabın qabağında Sultan bəy hara gələr?
XIV mətn
Bir günnəri Qarabağ bəylərini Şuşuya iclasa çağırıllar. Sultan bəy də orda olur. İclas qutarannan sora Sultan bəy onnara deyir ki, sizin hamızı sabaha, bürüyünə bizə çağırıram, hamınız gəlin bizə. Sora buların hamısı yığışıf gedillər Sultan bəygilə. Sultan bəy də götürüf çay dəmliyir. Çayı dəmliyəndə çayın içinə bir dənə arpa atır. Çayı tökür gətirir buların qabağına. Çayı içəndə bəyə deyir ki, bəy, o dağa görax hansımız tez çıxajeyıx. Qarabağ bəyi deyir ki, çıxaram, ancax qılçəmi arpa tutuf, yəni dizini da. Bilif ki, Sultan bəy çayın içinə arpa atıf.
XV mətn
Bax, mana elənən söhbəti deyirəm. Mən kəntdə Miri kişini danışdırdım. Deyir ki, Hoçazın başı üsdündə top quruluf, Dığın düzünə top atılırdı. Soltan bəy də əlində durbin baxırdı. Birdən belinnən onatılanı çəkdi topçunu güləllədi. Biz qaşdıx. Qaçanda qışqırdı ki, ə biqeyrətdər, hara qaçırsız? Qayıdın bəri. Sikund qayıtdıx. Deyir, özü keşdi topun dalına, dedi maa güllə verin. Atdı, atdı, sora düzəldi. Keçdi daşın üsdə oturdu. Papağın götdü başınnan. Özü də deyir, başına həmişə canavar dərisinnən papax qoyurdu. Şalvarının cibinnən uzun əl yaylığı çıxartdı, tərin-zadın sildi. Dedi, soyundurun kopoğlun ermənisini. Durbinnən baxanda görüf ki, bu xaç atır. Türk ordusunun tərkində gəlmiş topçu idi. Burda qələbə çalannan sora deyir, bizi iki gün buraxdı evə. Dedi, gedin evdə paltarınızı dəyişin, aylənizə baş çəkin. Deyir, Abbasdarın ikisin də arvadı vardı, subay olan bircə mənəm. Kəndin altına gələndə bunnarın ağlına gəldi ki, adama bir nişan atsınnar, arvatdar eşitsin bunnar gəlir. Deyir, heş mən atmadım. Bunnarın hərəsi bir güllə atdı. Səhər tezdən bəyin adamları gəldi ki, sizi bəy çağırır. – Ə, biz neynədik, nə iş gördük, niyə bizi çağırır? Getdik ki, bəyin adamları qapıda cərgə duruf, özü gəzinir, üzünün tükü biz-biz duruf. Dedi ki, koppəyuşağı. Mən qızıl pulnan patron almışam ki, siz nişan atıf arvad-uşax qorxuzasız, yoxsa erməniləri vurasız? Alın ə tüfəyləri. Tüfəyimizi də aldıllar, patrondaşımızı da. Dedi, vurun, ə, koppəyuşağını. Sənin canın üçün, deyir, bizi nətər döydülərsə... Bu vaxdı İsgəndər bəyin arvadı Sənubər xanım içəridən çıxdı dedi:
Deyəndə Soltan bəy üzün ayna çevirdi, bizi buraxdırdı. Gəldi dedi, bunnarı tüfəysiz-zadsız göndərin Ala qayada qarol çəksinnər. Yatsalar Vəhdən erməni gələndə öldürsün, ayıx olsalar bizə xəbər versinnər. Deyir, getdik on beş gün orda qaldıx. Bəyin erkək sürüsü gəlir biz olan yerə. Deyir dedim, bu erkəyin birin tutajam. Deyir, maa yalvardılar ki, ə, bir güllə atmışıx bizi bu günə qoyuf, bir erkək yesək nolar. Deyir, bulara qulax asmadım. Getdim bir erkək tutdum gətdim. Kəsdim, soydum dərisin, qarnın yudum iy çıxmamağ üçün. Əti yığdım qarına, basdırdım ojağa. Belə yedik, bizi döydürəndə hara şallax dəymişdisə quyruğunnan da sıvadıx oranı ki, yumuşaltsın.
XVI mətn
Şuşada Bilal kişi oluf, məşhur ağsakqal oluf. Sovetlər gələndə Sultan bəy başına dəsdə yığıf tabe olmurdu hökumətə, çəkilmişdi dağa. Sovetlərin əliynən Bilal kişini göndərillər ki, sən get təbliğat elə Sultan bəy silahı yerə qoysun, sovetləri qəbul eləsin. Laçında Molla İvrahım kişi var. O da Şəlvə dərəsini tanıyırdı. Ora alverə gəlirdi, o vaxdı hələ molla deyilmiş. Deyillər, İvrahım kişi, sən bələdçilik elə Bilal kişiyə, getsin Sultan bəynən görüşsün. Bilal kişi İvrahım kişi yanında gəlillər. Sultan bəy də gejələr gəlirdi evə, günüzlər Şamkənd tərəfdə dağda olurmuş. Orasın da deyim ki, Bilal kişiynən Sultan bəyin nəsə bir tanışlığı varmış. Sultan bəyə xəbər verillər ki, Bilal kişi gəlifdi sənnən görüşə. Gejə gəlir, söhbət eliyillər. Bilal kişi deyir ki, məsləhət belədi, bu təzə hökumətdi, güjlüdü, onnan mübarizə eləməyin nəticəsi yaxşı alınmaz. Sən gəl silahı qoy yerə, hökumətnən barış. Hökumət təminat verir ki, Sultan bəy silahı yerə qoysa bizim onnan ayrı söz-söhbətimiz olmuyjax. Axı sovetlər gələndə deyirdilər ki, fəhlə-kəntdi hökumətidi bu hökumət. Deyif ki, Bilal kişi, mən bəylərnən, kübar adamlarnan oturmuş, durmuş, dostdux eləmişəm, o dövlətin adamıydım. İndiki hökumət isə fəhlə-kəndli hökumətidi, mənnən onku tutmuyjax. Məni siz təkid eləmiyin. Ordan Bilal kişi kor-peşman qayıdır gedir. Orda Sultan bəyə hədiyyə də gətirmişdər. Şakalat, qənd, nə bilim o vaxd az tapılan şeylərdən. Amma Sultan bəy elə bir surfa açıf ki, onnar gətdiklərini üzə çıxarmağa xəjalət çəkiflər.
Belə bir rəvayəti Molla İvrahım kişi danışırdı.
XVII mətn
Sultan bəyi Arazdan keçirən də mənim bu qardaşımnan yatırdı balinsiyada, adı Cənnət kişiydi. Deyirdi ki, qatırrarı yükləmişik, Sultan bəyi o taya keçirəsiyik. Onda gördük kü, üç atdı gəlir. Deyir, Sultan bəy ehtiyat eliyir ki, birdən bunun dalınca gəlmiş olarlar. Onatılanı siyirdi, yarğana qısıldı. Atdılar gəldi yolnan çıxdı getdi. Dedi ki, Cənnət kişi. Dedim, bəli, bəy. Dedi, gedəndə deyərsən ki, Sultan bəy deyir ki:
Mən aşığam, yar qana,
Yar sirrini yar qana.
Gör bəy nə günə qalıf
Sığınıfdı yarqana.
116. XOSROV BƏY
Xosrov bəyi tutuf Bayıl türməsinə salmışlar. Əmim uşalqları Almurad, Xanmurad bir xurcun qızıl götürüllər, atnan gedif çıxıllar Bakıya. Nərman Nərmanovnan da Xosrov bəy Odessada bir yerdə oxuyuflar (Atam Xosrov bəy haqqında çox söhbət eliyirdi. Kəndə gələndə uşaqları yığırdı aparırdı çəmənliklərə, göstəriş verirdi ki, bu otdan yığın, bu çiçəkdən yığın. Soruşurdux ki, bəy, bu nə üçündü? Dedi, filan şeyin dərmanıdı. Yığırdı onnarı, aparırdı). Nəysə, Almuradnan Xanmurad bir xurcun qızılnan gedif çıxıllar Bakıya. Çox çətinniknən Nəriman Nərimanovu tapıllar. Onunnan görüşüllər, deyillər gəlmişik Xosrov bəyi aparmağa. Deyir ki, mən kağız yazıf verəjəm, bircə saat ərzində Xosrov bəyi apardız, apardız, aparmadız onu edam eliyəjəhlər. Bular Nəriman Nərimanovdan alırlar kağızı, gətirillər türməyə. Türmənin qapısında rus babulyası oturufdu. Deyillər, Nəriman Nərimanov kağız verib Xosrov bəyi aparmaq üçün. Deyir, o, xalq düşmənidi, vermərəm. Onda bir xurcun qızılı qaldırıf qoyullar rusun qabağına. Qızılı görəndə gözləri dörd olur. Bir at da özdəriynən götürmüşdər. Çapıllar üzü bəri. İki gün, üş gün durmadan gəlillər. Mil-Muğan düzünə çatanda yolu azırlar. Rəhmətlik Xanmurad əmim söhbət eliyirdi ki, bəy oturdu. Heş nə yox idi, quru çörək vardı. Çörəyi kəsdi qoydu ağzına, nə qədər çeynədi uda bilmədi. Qayıtdı dedi ki, millət yolunda ağzım dəyirmana döndü, ay allah.
Heylə olur Türkiyəyə gedir, müharibə başdıyanda da gəlir Almaniyaya. Almaniyada əsirləri qırıllarmış. Ayırd eliyə bilmirlərmiş bunun hansı yəhudi, hansı azərbaycanlıdı. Onnar da əsasən yəhudiləri qırırmışdar. Orda köməyə Xosrov bəy çatır. Həkim kimi sübut edir ki, yəhudilərin sünnəti aşağıdan yuxarı kəsilir, amma azərbaycanlıların sünnəti yuxarıdan aşağı. Heylə olur azərbaycanlıları azad edir.
Mənim atam müharibədə əsir düşür. Özü söhbət eliyir ki, əsirlikdə olanda aramıza adamlar gəldi, dedilər ki, Məmmədəminin adamlarıyıx. Hitler Rusiyanı məğlub edir, biz də yavaş-yavaş qoşun hazırrıyırıx. Qoşun burdan Azərbaycana gedəjəh, Azərbaycan azad olajaxdı. Kim tərəfdardı? Siyahı tutdular, kim tərəfdardırsa, onun adını siyahıya yazırdılar.
117. İSGƏNDƏR BƏY
İsgəndər bəy mala duzu səpirdi, əlinə bir ağac alıf bu səfər cumurdu malın içinə. Döyhadöy, vurhavur. Deyirdilər:
– Bəy, niyə belə eliyirsən?
Deyir:
– Ə, gədə-güdə gələr ona duz verər, ələ gələr. Vururam ki, çəkilsin, qorxsun.
118. İBRAHİM XANIN OĞLUNUN ÖLÜMÜ HAQQINDA
İbrahim xanın oğlu yenir gəlir Ağdama. Mehdiqulu xannan böyük oğlu, amma çox təəssüf onun adı dəqiq müəyyənnəşmiyif. Ağdamda dövlət məmurları onu qarşılıyıllar. Aparıf Ağdam bağlarının birində ona qonaxlıx veriflər. Tarixən Ağdamın gözəl bağları oluf: Şelli bağları, Ətyeməzdi bağları, Qiyaslı bağları. Bu bağda qonaxlıxda bir ilan oynadan gərdana vurulmuş bir qaraçı gəlir. Dartınır ki, bu xanın oğlunnan bir çörək pulu ala gedə da. Bunu da nökər-naib qoymur. Xanın oğlu birdən baxır ki, bir adamın əlində torba dartınır, qoymullar. Əmr eliyir ki, qoyun gəlsin. Deyir, kimsən, nə isdiyirsən? Deyir ki, mən ilan oynadan qaraçıyam, xan sağ olsun, sizdən çörək pulu isdiyirəm. Deyir ki, yox, ilanı aş baxım, çörək pulunu verəjəm. Deyir ki, xan sağ olsun, təzə gürzə tutmuşam. Onun dişin çəkməmişəm, ona görə ağzın aça bilmərəm. Əmr eliyir ki, aç. Naçar qalır torbanı açır. Torbanı açanda xanın oğlu əyilir ki, ilana baxa, gürzə dodağınnan vurur. Elə orda da ölür. Çox peşmançılıx. Ağsakqallar yığılır, ə, bunu xana nətər deyək, neyniyək? Mollası, axundu, hajısı yığılır. Deyir ki, bir qara xəbər göndərin, Şuşaya xəbər verilsin. Cənazə kəcavəsi bəzənir, karvan düzəlir, qabaxda seyitdər, mollalar, axundlar. Bir qara atı da verillər qara xəbərin altına, get Şuşaya xəbər ver.
Gedif elçi daşına çatır. Cənazə hələ yoldadı. Xanın adamları gəlillər:
– Nə buyurursan?
Deyir:
– Xanın oğlu öldü.
– Niyə öldü?
– İlan vurdu.
– Ə, xanın oğlu suçudumu, əkinçidimi, çobandımı, niyə ilan vursun?
Deyir ki, hal-qəzyə belə-belə. Deyillər, yox, bunu biz deyə bilmiyəjeyih. Şərait yaradajağıx, gir xana denən. Qara xəbər girir xanın otağına. Xan kürsüdə qabağında Quran oxuyur. Başın qaldırır:
– Nə isdiyirsən?
Deyir:
– Qara xəbərəm.
Deyir:
– Nə xəbər gətirmisən?
Deyir:
– Xan sağ olsun, oğlun öldü.
– Oğlum niyə öldü?
Deyir:
– İlan vurdu öldü.
Deyir:
– Ə, mənim oğlum suçudu, əkinçidi, biçinçidi? Mənim oğlum nə ujbatınnan ölməlidi? De görüm kim öldürdü?
Deyir:
– Xan sağ olsun, vallah heş kim. Oranın sahibkarları yığıldı qonaxlıx verdilər. Tifağı dağılmış, evi yıxılmış bir qaraçı ilanoynadan gəldi. Yalvardı ki, torbanı aşmıyın, burda təzə gürzə var, dişin çəkməmişəm. Dedi, olmaz, aş. Açanda əyildi ki, baxa, gürzə dodağınnan vurdu öldü.
Onda xan bir bayatı deyir. Deyir:
Əziziyəm kürsüdə,
Ayətə kürsüdə.
Bədəsil öyüt götürməz
Yamandı kürsüdə mən.
– Mən onun anasın gözəlliyinə görə almışam, o nəsil verə bilməz, – deyif tapşırır ki, meyidi gətirin, dəfn eliyin.
119. İBRAHİM XANIN OĞLU PAŞA BƏY
Cavad ağanın qardaşı Paşa bəy erməni-müsəlman davasında gedif Türkiyədən xeyli qoşun gətirmişdi. Sora baxıf ki, ermənilər bunu öldürəjəh qaçıf gedif Əfqanıstana. Orda da buna deyillər ki, burda mutasız adam ola bilməz. Yaşıyırsansa get, məscitdə bir qadınnan muta elə, qal burda. Deyillər, get otur üç yolayrıcında. Üç dəsdə zənən gələjəh: biri qız, biri gəlin, biri ahıl arvatdar. Dəsmalı kimə atsan, onunnan məscidə gedif muta elətdirərsən. Bu da gəlif oturur üç yolayrıcında. Birinci qız dəsdəsi keşdi, gəlin dəsdəsi gələndə dəsmalı atdı bir gəlinə. Deyir, gəlin cərgədən çıxdı gəldi girdi qoluma, məni götdü gətdi məscidə. Məscitdə kəbinimizi kəsdik, götdü gətdi məni evinə. Evinə gətirəndə bir qızı vardı, əri ölmüşdü. Altı il, deyir, bunnan yaşadım. Bir oğlumuz da oldu. Axırda, deyir, bir il quraxlıx oldu, heş bir bitki bitmədi, heyvannar ajınnan qırılırdı. Camahat dedi, gedək məscidə ziyarət eliyax, bəlkə yağış yağdı. Getdik heyvan-zad kəsdik, bir yağış tutdu, evimizə gəlmək mümkün olmadı. Dedim:
– Xudavəndi-aləm, sən bizə möhlət ver, gedək çıxax evimizə.
Heylə deyəndə arvad boynumun dalınnan yumrux vurdu, başım dəydi yerə, qalxdı. Dedi ki, sən müsəlman millətinnən deyilsən, kafır-kifir millətisən. Allah rəhm elədi yağış yağdırdı, sən niyə onun işinə qarışırsan? Ordan məni götürdü gəldi evə. Talağı oxutdu geri. Deyir, bircə çuxamı saldım çiynimə, evdən çıxdım. Bir oğlum vardı, ağlıya-ağlıya qaldı. Gəlif çıxmışdı Şuşaya. Şuşada da ermənilər onu öldürmüşdü. Cavad ağa hələ sağ ikən iki dənə ağ daşdan qəbr kəsdirmişdi, Göhər ağanın məscidində saxladırdı. Onun içində dəfn etmişdilər.
120. CAVAD XAN
Atam deyirdi Cavad xan şəkər xəsdəliyinə tutulmuşdu. O vaxdı Ağdərədə olurdux. Dedilər ki, Cavad xan ölür. Məni çağırdı dedi ki, Alışan, səni bilirsən nəyə çağırmışam? Çağırmışam ki, gəl qızıl apar. Dedim ki, ağa, mən neynirəm qızılı, sənin zəhmətini niyə aparım?
Dedi:
– Yox, bu qızılı siz qazanmısız.
Deyir, dura bilmədi, özüm durdum getdim sandığın üzün qalxızdım, hamısı onnux qızıldı. Onnuğun on dənəsini götürdüm. Dedi:
– Əyə, ayıbdı ey, on dənəsini niyə götürürsən. Onu adam nəzir verir, yetimə-fağıra verir. Bu əmlak sənnən əmələ gəlmə şeydi, niyə götürmürsən?
Nəxarta elədi, on dənəsin götürdüm, artıq götürmədim.
121. NATƏVANIN SEYİD HÜSEYNƏ ƏRƏ GETMƏSİ
Mehdiqulu xan ölnənnən sora Natavanı anası götürür gedir varisəliyi Tiflisdə təsdiq elətdirə. O vaxdı rus knyazının biri Xasay olur, əslən də dağıstannı ləzgi olur. Gedəndə Natavana vurulur. Xasay Natavanın anasın təkcə qəbul eliyir ki, siz qızı mana verməsəniz, bu varisəlik əlinizdən çıxajax. Çox götür-qoy eliyillər, çox düşünüllər, məjburiyyət qarşısında razılaşıllar. Görünür Natavanın özünü də şöhrət məjbur eliyir, evlənillər. Bir müddət Tiflisdə qalannan sora Natavan gəlir Şuşaya, Xasay da onnan gəlir.
Bunnar Şuşada yaşıyan vaxdı Şuşada bir papaxçı olur Seyid Hüseyin. Bu özünə bir köməkçi götürür gəlir Ağdama. Sezondu da, tərəkəmənin gedif gələn vaxdı olur. Papax tikif satır, puldan-zaddan qazanıf qayıdıf piyada gedillər Şuşaya. Gedillər Şuşaynan Ağdamın arasında bir günəşli gündə ağacın kölgəsində yolun üsdündə çıxıf oturullar. Bu vaxdı Xasaynan Natavan faytonda Ağdama gəlillər. Xannığın hər bir üzvünün Ağdamda aran evi oluf. Burda Seyid Hüseyin qalxıf faytona belə boylanır, Natavanı burda görür. Bu da doğurdan da, xan qızıdı. Eləmir tənbəllik, deyir, ya Allah, ya rəbbi, keşgə Natavan mənim arvadım ola. Yanındakı yoldaşı deyir ki, Natavan sənin arvadın olsa, maa nə verərsən? O vaxdı görünür yüz maat çox güjdü pul oluf. Deyir, canım üçün, saa yüz maat pul verərəm. Deyif, yaxşı, sözümüz sözdü.
İş elə gətirir ki, bu Xasay namərtdik eliyir, Natavanı burda atır çıxır gedir. Natavan da ərsiz qadın qalır. Bir gün balqonda oturur, özü çəkdirdiyi suya baxır. Görür bulağın üsdə bir nəfər yuyunur. Çox səxsiyyətdi bir adamdı. Tez nökər-naibi göndərir ki, o kimdi gətirin bura. Gətirir, danışdırır kimsən? Deyir, vallah, papax tikirəm, Seyid Hüseyinəm. Bunu bir az süzür. Deyir, evlisən, subaysan? Deyir, subayam. Deyir, neçə yaşın var? Deyir, otuz beş yaşım var. Deyir, yaxşı, get, səni çağıtdırajam. Bu da düşür gedir. Deyir, ay Allah, Xan qızı məni neynir?
Bu yəqin ki, bu müddətdə bunun kim olduğunu öyrənənnən sora çağıtdırır. Deyir ki, məni başa sal görüm niyə evlənməmisən, dərdin nədi sənin? Deyir, xan, qismətdi, belə oldu. Bunu danışdırır ki, heş bir qüsuru yoxdu. Taleh belə gətirif ki, evlənmiyif. Birdən qayıdır sual eliyir ki, məni alarsan? Başın dikir aşağı. Deyir, dur get, səni çağıtdıranda gəl yanıma. Gəlir otağı hazırratdırır. Burdan iki isdol qoyur. Bir qapı burda aşdırır, bir qapı ordan. Axund ordan gəlir, Seyid Hüseyin burdan. Seyid Hüseyinə deyir, gəl otur yanımda. Axunda deyir, əyləş orda bizim kəbini kəs. Seyid Hüseyin Natavanın əri olur. Onnan üç uşağı olur.
Bir günnəri Seyid Hüseyinnən Ağdamdakı evinə gedir. Bunu maa söhbət eliyən maa demiyif, amma mən ehtimal edirəm ki, bu yəqin dosduna deyif ki, Ağdama gedəjəm, gəl ora, sənin yüz maatı verəjəm. Bunnar Ağdamda balqonda oturmuşlar. Xanım diqqət yetirir, görür aşağıdan bir adam keçir, çox bunnara baxır. Baxır, özü də gülür. Qayıdır bu Hüseyinə baxır ki, bu da gülümsünür. Deyir ki, o kimdi? Deyir, heç, köhnə tanışdardandı. – Bəs niyə gülür? Deyir, xanım, vallah sənnən gizdəmiyəjəm, düzün danışajam. Xasaynan sən faytonda keçəndə biz o yolun üsdə ağacın kölgəsində oturmuşdux. Mən o adama dedim ki, kaş Natavan mənim arvadım ola. O da maa dedi ki, arvadın olsa, maa nə verəssən? Mən də dedim yüz maat. İndi ona gülür. Natavan dinməzcə durur keçir içəri. Mücrünün ağzın açır, bir kisə qızılı gətirir. Deyir ki, sənin ən böyük arzun oluf ki, mənim ərim olasan. Allah onu saa kam eliyif, arzuna yetişdirif. Onun da arzusu yüz maatın yiyəsi olmaxdı. Get onun arzusun yerinə yetir.
122. TEMİR YÜZBAŞI
I mətn
Zabuğ döyüşünün əsas təşkilatçılarından biri Sultan bəyin sağ əli olan Temir yüzbaşı olufdu. İntası o çox əzazil adam olufdu. Hətta bir dəfə Paşa bəy ona bir şapalax vurufdu ki, sən camahatnan rəfdarı düzgün apar. Onu da nə üsdə vurufdu? Bir günnəri bu gedif bir kəndə. Burda buna gətirif qayğanax bişiriflər, qayğanağın üsdünə də bal töküflər. Yeyir, qarnı ağrıyır. Çağırır ev sahibini, fərraşa deyir:
– Vur kopoyoğlunu. Qayğanax bal üsdü kopoyoğlu, başı da necə Aynanın başına oxşuyur. Vur, vur kopoyoğlunu (Ayna da bunun arvadı olufdu, Aynadan da zəhləsi gedifdi. Elə düzgün də zəhləsi gedirmiş, gərək başın kəsəydi onun, onda sağ qalardı).
Paşa bəyə xəbər çatdırıllar ki, Temir yüzbaşı filan yerdə belə hak-hesab elədi. Çağırıf onun qulağının divinə bir şillə vurur. Deyir:
– Sən qudurmusan xalxın çörəyin yeyif həm də verirsən şallağın ağzına. Dədən Qulu sənə nə qoyuf gedifdi, ə, onu vurursan? Dədən Quluya da hörmət qoymadın.
Nəysə, bunu bərk vurufdu. Deyif ki, Temir, ağlında saxla ki, kasıba əl qaldırmağ olmaz.
II mətn
Sovet hökuməti gələndə Temir yüzbaşı görüf ki, bolşevik gəlir, əyri yolnan kommunist partiyasının biletini alır. Gətirir arvadı Aynaya verir, deyir:
– Bunu qoy bir yerə, lazım olar.
Rus gəlif qapıya dirənəndə deyir ki, o qırmızı bileti gətir bura. Deyir:
– A kişi, hansı qırmızı bileti?
Deyir:
– Saa qırmızı bilet verməmişdim, onu gətir.
Deyir:
– Rus qapıya dirənəndə hamısını yandırdım.
Nəysə, kişini tutullar, aparıf salıllar Şuşa türməsinə. O vaxdı atamı da tutullar. Nətər olufsa türmədə Temir yüzbaşıynan bir yerdə olullar. Atam deyir, baxdım gördüm ki, sakqal tökülüb bura, başının tükü də bax burdan (çiynini göstərir – top.), saş buraxıbdı. Dedim:
– Temir əmi, nolar adam ölümə gedəndə. Üzünün-başının günü nədi, gəti qırxım.
Dedi:
– Yox, yox, ay oğul. Bunu qırxmax lazım döyül. Bu baş axmax başdı. Bu baş ixtiyarı verdi Aynanın əlinə, Ayna da bu başı saldı bu günə. Bu başı bit-sirkəyə yedizdirəjəm.
Onnan sora yazığı gülləliyif öldürmüşlər.
123. CAĞAZURLU AĞAMMƏD
Ağamməd nəhəng bir kişi imiş. Onun bir dənə boz atı oluf, onnan savayı heş nə onu gəzdirəmmiyif. Ağammədin üsdündə güllə keçməz dua oluf. Gedif erməniynən döyüşüf gəlirmiş, gəlif kürkün belə sirkəliyirmiş badron hamısı tökülürdü yerə. Onun qardaşın erməni öldürmüşmüş. Deyir, qardaşının qəbrinin üsdündə and içir ki, mən sənin başının tükü sayı gərək erməni öldürəm. Uşağ səs eliyəndə ermənilər onu qorxuzurdular ki, səsini çıxartma, Ağamməd eşitsə, gələjək.
1918-ci ildə erməni-müsurman davası olanda cağazurlulara deyif ki, siz evinizdən çıxmıyın. Elə ki, mənim gülləmin səsi kəsildi, onda öz başızın çarəsinə baxarsız.
124. HACI BƏDƏL
I mətn
Bizim kəntdəki məscid bəlkə də respublikada yeganə məscitdi ki, sütunu, dayağı yoxdu. Əvvəl istiyiflər məscidi dövlət vəsayiti hesabına tiksinnər, alınmıyıf. Sora babam deyif könüllü surətdə kimin qolunnan nə çıxır versin, məscidi tikək. Deyiflər, a kişi, sən körpü tikdirirsən, sənin ora nə qədər vəsayitin gedir. Hacı Bədəl çıxardıb iki qızıl atıb ora, deyib bu mənim payım. Camahatın vəsayiti hesabına o məscid tikilib.
Hacı Bədəl körpüsünü22 də mənim babam tikifdi. Onun tikilməsində yumurta sarısından və əhəngdən istifadə olunufdu. Nökərə pul verif deyir ki, yumurta alarsan. O vaxdı bizdə bir Xannıxda, bir də Xocaxanda bazar olub. Nökərə deyif, nə qədər yumurta var hamısın alırsan, amma seçif irisin alırsan. Məscidi, körpünü də tikən erməni usdaları olufdu. Ermənilər bir-birinin üzünə baxır ki, bu yumurtanın yekəsinə pul verirsə, yəqin bizə haqq vermiyəcəh. Bular öz aralarında belə fikirləşəndə babam deyir, gedək çayın üzərində göstərim körpünün gözdəri hardan olacax. Ermənilər deyib ki, ay hacı əmi, biz məscidi tikək qutaraq, körpüyə bəlkə başqa usda tapasan. Deyir, Meşoğ, gəl bəri. Usdanın birinin adı Meşoğ imiş. Gəlib çayın qırağına çatanda çıxardır cibinnən bir qızıl onnuğ atır. Deyir, körpünün bir gözü ordan olacax, bir qızıl onnuğ da atır, bir gözü də burdan olacax. Babam deyir, mən sizin fikrinizi oxudum, deyirsiniz ki, bu yumurtanın yekəsini alırsa, bizə haqq vermiyəcək. Yumurta sarısıynan bu divar qoyulur, mən buna pul verirəm, müftə almıram ki.
Babam Məkkəyə Həcc ziyarətinə gedir. Həccə gedib gələnnən sora nəsə bir iş görməlisən da. Hacı Bədəlin fikri varmış ki, yaxın dağ kəndlərinə körpü tiksin. O vaxdı əhəng quyusu yandırırmışlar. Əhəng quyusu yandırmaq üçün zakaz verib. Biz tərəfə güclü yağış yağırdı. Bir dəfə elə bir yağış yağır ki, sel-su dağın nəyi var – ağacı, daşı gətirif töküf bunun yerinə. Kişi gəlib səhər-səhər baxıf deyir, hə, Allah mənim allahımdı. Daşı da burda, odunu da burda. Elə orda çağırıb kankan vurannarı. Daşı orda yandırıb. Yeddi gün yandırıb, onnan sora o körpünü başdıyıb tikməyə. Həmən körpünün bünövrəsini heylə qoyuf.
Deyif ki, bir dənə də arzum var, Bərgüşad çayının üzərində bir körpü tikdirəm. Sora sovet hökuməti gəlir, bunun malın-mülkün əlinnən alırlar, kulak adı verillər. O arzusunu gerçəkləşdirə bilmiyif.
Dostları ilə paylaş: |