AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr IV kitab



Yüklə 5,93 Mb.
səhifə16/31
tarix07.01.2017
ölçüsü5,93 Mb.
#4721
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

148. RUHUN İNCİMƏSİ
Bir arvad varıymış. Arvadın oğlu cavan ölür. Aparıf oğlunu basdırıf gəlillər. And içir ki, qırx gün nə çay içəcəm, nə su içəcəm, nə də çörəy yeyəcəm. Heş nə eləmiyəcəm. Yandığınnan elə eliyir da. Yeddi gün bu cür eliyir. Oğlunun yeddisi olan günü dözəmmir da arvad. Gedir bir tikə çörək götürür. Camahatın yanında söz verdiyinə görə arına gəlir da yesin. Çörəyi götürüf arasına halva çəkir, gedir samannığa. Samannıxda gizdin başdıyır bını yeməyə. Yeyir da doyunca. Sora deyir ki, ay bala, keç da günahımdan. Arvad gəlir yatır. Yuxuda görür ki, oğlu gəlif deyir, ay ana, neçə gündü məə dualar oxunur, ehsan verilir. Amma o samannıxdakı çörəh canıma yağ kimi yayıldı. İndi elə rahat olmuşam ki. Arvad aj qaldığına bının ruhu inciyirmiş. Ona göra da ruhu incitmək olmaz.
149. ALLAHIN ŞÜKÜRSÜZ BƏNDƏSİ
Bir kişi səhraynan yol gedirmiş. Gedəndə görür ki, bir nəfər qumun içində basdırılıf, bircə başı görsənir. Bı kişi yaxınnaşıf həmən adama deyif ki, səni niyə belə basdırıflar? Deyir, neyniyim? Allah-taala mənə heş nə vermiyif, bu günə qoyuf da Allah məni. Paltarım yoxdu. Basdırmışam ki, heç haram görsənməsin. Kişi ona deyir ki, şükür elə. Şükür Allahın bu gününə. Quma basdırılan kişinin acığı tutur həmən kişiyə. Deyir ki:

– Ə, nə şükür eliyim. Deyirəm, əynim-başım yoxdu. Sən də deyirsən ki, şükür elə Allahın bu gününə.

Kişi qumdakı adama deyir:

– Mənim əynimdə bircə dənə köynəh var da. Mən bu köynəyə görə gündə min dəfə Allaha şükür eliyirəm ki, yaxşı ki bu köynəyi Allah maa verif. Sən də şükür elə Allaha. Şükür elə, Allah saa da bəlkə nazih bir köynəh verə.

Özü də qış günüymüş da. Qumdakı deyir:

– Mən şükür eləmirəm. Nəyə şükür eliyirəm? Allah versəydi, verərdi da. Neçə ildi ki, qalmışam bu qumun altında.

Bu kişi başını bılıyıf, yoluna davam eliyif gedir.

Bir də gördü ki, güjdü bir tufan əsdi. Çönüf arxıya baxıf, görür ki, küləh nətər əsirsə, bu kişinin üstünnən qumu götürüf gedir, kişi qalıf qışqıra-qışqıra. Yanı mənə lağ eliyəcəhlər da, ayıfdı. Gedən kişi qayıdanda qumdan çıxan kişinin yanına gəlir. Çılpax qalmış kişi deyir ki, görürsən, sən də deyirsən ki, Allaha şükür elə. Nəyə şükür eliyim, bıdı. Qumu da əlimnən aldı.

Deyir:

– Sən elə Allaha şükür eləmədin ki, qumu əlinnən aldı. Şükür eliyeydin, Allah qumu saa vermişdi ki, ayıbı gizdiyəsən, nəyinki bu vəzyətə düşəsən. Sən Allahın şükürsüz bəndəsisən. Ona göra qumu sənnən aldı.



150. SEVGİ-MƏHƏBBƏT BAZARLIĞI
Bir cavan oğlan gedir bir qız alır gətirir. Nəysə, iki-üç günnən sora oğlan geyinir-keçinir gedir. Gedəndə arvadına deyir ki, gələndə nə alım gətirim? Qız fikirrəşir, deyir ki, gələndə sevgi-məhəbbət al gətir. O biri qapıdan çıxanda anası çıxır qabağına. Oğlan deyir ki, ana, gələndə nə alım gətirim? Anası deyir ki, bala, xeyir-bərəkət al gətir. Atası çıxır qabağına. Deyir ki, ata, saa gələndə nə alım gətirim? Atası deyir ki, əmin-amannıx al gətir. Oğlan durur gedir. Axşam tərəfi qayıdanda görür ki, yolda üç kişi oturuf. Salam verif onnara. Birinə deyir ki, sənin adın nədi? Deyir ki, mənim adım sevgi-məhəbbətdi. Mənim bu qarşımdakı əşyadan alsan, sənin sevgi-məhəbbətin böyük olacax. O birisi kişiyə deyir ki, bəs sənin adın nədi? Deyir ki, mənim adım xeyir-bərəkətdi. Qarşımdakı əşyadan alsan, sən xeyir-bərəkət aparassan. O birisi kişiyə deyir ki, bəs sənin adın nədi? Deyir ki, mənim adım əmin-amannıxdı. Bu əşyadan alsan, əmin-amannıx aparassan. Oğlan fikirrəşir deyir ki, ay allah, arvadım dediyini alsam, onnar inciyər. Onnar dediyini alsam yoldaşım inciyəcəh. Çox fikirrəşənnən sora deyir ki, əşi, sevgi-məhəbbət alacam, aparacam. Nə olar, olar. “Allah, Məhəmməd, ya Əli” – deyif pulunu verif gedif onun qabağındakı əşyadan alır, götürür gedir. Yola düzələndə baxıf görür ki, bu kişilərin ikisi də hərəsi satdığı əşyadan bir əz götürüf bının dalınca gəlillər. Oğlan deyir ki, a kişi, mən ta aldım. Onnardan almıram, alıf neynirəm ki. Deyillər ki, sən elə bir şey aldın ki, sən aldığın şeyi götürüf gedənnən sora bu ikisi də onun dalınca gələcəh. Sevgi-məhəbbət, istəh olannan sora, xeyir-bərəkət də olur, əmin-amannıx da olur. Hamısı onun yanındadı.
151. AĞACLA BAĞLI XEYİR-DUA
Bir gün bir kişi günün istisində yolnan gedirmiş. Həm yorulur, həm susuyur, həm inciyir. Deyir, ay Allah, bircə kölgə yer tapsaydım, su ola içəm, heç olmasa dincələm. Gedir çatır bir ağaca. Baxır ki, bu ağacın dibinnən də bulax çıxır, su axır. Burda əl-üzünü yuyur, sərinniyir, dincəlir. Bir az yatır, duruf gedəndə belə baxır deyir ki, ay ağac, saa mən nə arzuluyum? Yorğunnuğum çıxdı, dincəldim, sərinnədim. Gedirəm. Mən saa nə arzuluyum? Fikirrəşir deyir ki, desəm ki, səni qollu budaxlı olasan, onsuz da qollu budaxlıdı. Desəm ki, dibinnən su axsın, onsuz da su axır. Desəm ki, həmişəyaşıl olasan, onsuz da yaşıldı. Mən buna nə arzuluyum? Xeyli fikirrəşənnən sora deyir ki, ay ağac, arzum bıdı ki, sənin köklərin bu torpağın elə dərinliyinə getsin, heç bir tufan, heç bir şaxta, heç bir küləh səni yerinnən qopara bilməsin. Həmməşə belə qalasan. Deyir, durur çıxır gedir.

Qızım, indi sən bının mənasına bax. Hər bir insanın, hər bir xalqın kökü o torpağa nə cür bağlanırsa, nə qədər qatillər gələ, nə bilim nə gələ onu aşıra bilməz.


152. ÖMÜR SUYU
Bir günnəri bir qoca yol gedirmiş. Gedif görüf bir təpə var. Təpədə bir qapı var. Bı rəvayətdi ha. Analıx-oğul münasibətini nəzərdə tutur. Gedir qapıdan girir içəri. Görür ki, bırda küpələr var. Küpələrdəki sudu. Bıra gəlif-gedənnərdən soruşur ki, bı nə suyudu belə? Eləsi var yarımçıxdı, eləsi var doluf daşır. Camahat deyir ki, bı insannarın ömür suyudu. Qoca deyir ki, indi görəsən mənim də ömür suyum bırdadı? Bırda olan bir şəxs gedir bir küpəni göstərir. Amma küpədə bir damcı su var. Deyir:

– Bı görəsən, kimin suydu, lap qutarıf? Qutaran kimi öləcəh.

Yanında duran deyir ki, o sənin ömür suyundu. Sora deyir ki, aşıf-daşan kimin suyudu? Deyir, bəs sənin oğlunun ömür suyudu. Arvad fikirrəşir ki, mən nətər eliyim bu sudan töküm öz suyumun üsdünə, mən də bir əz çox yaşıyım. Can şirin şeydi axı. Bunu bırda qoyana agahdır onsuz da. Arvad bının gözünnən yayınıf həmən o daşıf-tökülən, yəni oğlunun küpəsinnən suyu götürüf tökür öz suyunun üsdünə. Deyir, bir az mənim suyum çox olsun. Bı da ananın oğluna məhəbbətinə gəlir. Nə qədər oğluna məhəbbəti olsa da, yenə də canı hər şeydən üstün tutuf. Oğlunun ömür suyunnan tökür öz ömür suyuna. Can şirin şeydir axı. Deyir ki, mən də bir əz yaşıyım.
153. ATA MƏSLƏHƏTİ
Bir ata olur. Oğluna deyir ki, oğul, mənnən saa əmanət. Yağışlı gündə at bəyənmə, küləhli gündə qoyun bəyənmə, toyda qız bəyənmə. Ona görə ki, qızdar özdərini gözəlləşdirif gedillər toya. Qoyun da nə qədər arıq olsa da, yunnu qoyunu küləh elə ki, vurmır, belə qabarcıx gösdərir, arıxlığı bilinmir. At da yağış yağanda şumal, qəşəh görünür. Bala, yanı belə vaxtı bınnarın hamısı aldadıcı olur.
154. XƏSİS KİŞİ
Rəvayətə görə, keçmiş zəmanədə bir varlı kişi varmış. Bu kişinin varı-dövləti hamınınkından çox imiş və çoxlu naibi-nökəri, qulluqçuları varmış. Günlərin bir günündə gözünün ağı-qarası olan oğlu yıxılır və uşağın qolu-qılçası sınır. Uşağı sınıqçının yanına aparır. Sınıqçı uşağa baxır, sınıqları bağlayır və uşağın atasına deyir:

– Uşaq çoxlu baş-ayaq yeməlidi.

Bu varlı kişinin qoyun sürülərinin ucu-bucağı görünmürdü. Kişi tərəddüd etmədən, fikirləşmədən atını minib yaxınlıqdakı şəhərin bazarına gedir. Orada deyirlər ki, o biri şəhərin bazarında baş-ayaq burdakından ucuzdur. Kişi atını minib həmin şəhərə gedir və yol meşəlikdən keçirmiş. Yolda görür ki, bir adam bir uşaq aparır və uşaq ağlayıb özünü öldürür ki, məni bu kişinin əlindən al. Kişi acgöz olsa da, ürəyi yumuşaq imiş. Kişi həmin adamla vuruşur və uşağı onun əlindən alır, atın tərkinə alıb yoluna düzəlir. Yolda uşaq kişiyə deyir ki, mən Cinlər padşahının oğluyam. Sən məni atamın yanına apar. Mən atamın yeganə oğluyam, atam səni dünya malı ilə qəni edəcəkdir. Kişi atını Cinlər padşahının sarayına sürür. Padşahın sarayında padşahdan başqa nə qədər adam vardısa, hamısı meşəyə uşağı axtarmağa getmişdilər. Padşah oğlunu görüb çox sevinir, uşağı qucaqlayıb öpür. Yolda uşaq demişdi ki, atam sənə çoxlu mal-mülk təklif edəcəkdir. Ancaq sən öz malının ixtiyarının özünə qaytarılmasını ondan istəyərsən. Cinlər padşahı oğlunu sağ-salam görüb, üzünü kişiyə tutub deyir:

– Oğlumu quldurun əlindən sağ-salamat alıb gətirdiyin üçün məndən nə isdəyirsən de. Səni dünya malı ilə qəne edəcəyəm.

Uşağın yolda dediyi sözlər kişinin yadına düşür. Kişi fikirləşmədən deyir:

– Padşah sağ olsun, mən səndən nə mal-dövlət, nə də dünya malı istəyirəm, mən səndən öz mal-dövlətimin ixtiyarını özümə qaytarmağını istəyirəm.

Cinlər padşahı çox qəmlənib pərişan olur və üzünü ona tutub deyir:

– Sən məni çox çətin bir işə saldın, yəni var-dövlətinin ixtiyarının özünə qaytarılmasını istəyirsən. Bu çox çətin bir məsələdi. Ona görə çətindi ki, sənin bütün mal-dövlətini mən arvadımla kəbin kəsdirərkən, onun kəbin başlığına yazdırmışam. Ancaq nə etməli, sən mənim yeganə oğlumu quldurun əlindən xilas etmisən. Ona görə də sənin mal-dövlətinin ixtiyarını özünə qaytarıram və Sarıtəpə kəndində yaşayan Mehdiqulu xanın var-dövlətinin bir hissəsini və qoyun sürüsünün yarısını da sənin mal-dövlətinin yerinə yazdırıram. İndi isə get öz var-dövlətinə sahib ol.

Kişi razılıq edib yola çıxır, bir qədər getdikdən sonra hiss edir ki, arxada nə isə atılıb-düşür, səs eliyir. Kişi qayıdıb geriyə baxır ki, üç-dörd şəhərə gedib ucuz aldığı qoyun baş-ayaqlarıdı. Kişi atın tərkində ikən xurcunun içində olan baş-ayağı xurcundan çıxarır və qəlbi yerdə bir-bir dərəyə tullayıb deyir:

– Mənim qoyun sürülərimin sayı-hesabı yoxdur, sürülərimi yer-yurd tutmur, mən isə ucuz baş-ayaq almaq üçün neçə bazar və şəhər gəzib dolaşmışam.

Sonra atını minib birbaşa evinə sürür. Çatan kimi nökəri çağırır və deyir:

– Get sürüdən ən böyük qara diş30 erkəklərdən birini gətir, kəs, ətini özünüz yeyin, baş-ayağını bişirin aparıb oğluma yedizdirin.

O gündən malının sahibi olan bu adam kənddə olan kasıblara köməklik etməyə başlayır. Malı-heyvanı, qoyun-quzusu olmayanlara mal-heyvan, qoyun-quzu paylayır. Hamı ilə yumuşaq rəftar edir, nökərlərə öz övladı kimi baxır.
155. KÖŞƏ BOYDA YER
Bir erməni bizdə ev polluyurdu. Seçki gedirdi. Mamamın31 yoldaşı çağırdı ki, ə köşə, gəl gedəh seçkiyə. Deyəndə bu erməni necə dəli olasan, helə oddandı. Kişi çıxdı getdi seçkiyə. Erməniyə dedim ki, niyə ajığın tutdu, o nə sözdü, nə mənası var onun? Dedi, ərə, sən bilməzsən onu. Sora bu kişi seçkidən qayıdanda getdim dedim ki, Avdıkərim müəllim, o nə söz idi sən ona dedin, erməni özündə döyül? Dedi ki, bir erməni Kolanı kəndində İldırım bəyin yanına gəlif. Deyir ki, ay bəy, mənə köşə boyda yer ver, mən də orda əkin-biçin eliyim da. Çarıx tikilən şeyə köşə deyillər da. Bəy də fikirrəşif ki, bu köşə nə boyda olajax ki? Kəndxudanı çağırır ki, bu erməniyə köşə boyda yer ver. Erməni də gedir bir malın gönünü düyünü olmadan köşə çəkir. Kəndxuda baxır ki, çox böyük çıxdı dana. Gəlif bəyin yanına. Deyir, ay bəy, gedif yumax boyda köşəni gətirif dörd hektar, beş hektar yeri köşəyə vurdu. Deyir, ə, Allah bunnarın toxumun kəssin, da ağzımnan çıxıf, sözümü yeyə bilmərəm. Ermənilər o vaxdan gəliflər ora.
156. GƏLMƏDİN
Əmioğlu əmiqızı bir birinə aşiq olur. Qız bəy qızı imiş, oğlan da bəy oğlu imiş. Aranda imişdər. Onda da arana-dağa köçürmüşdər. Oğlan qıza deyir ki, sən köç, mən də gələjəm. Qız köçür, gedir yaylaxda üç ay yaylanır, oğlan gəlif çıxmır. Qız götürüf orda bir şeir yazır. Deyir:

Əmim oğlu, heş mənnən utanmadın,

Üç ay keşdi bir yaylağa gəlmədin.

Yüz min cəfa ilə köç eylədim mən

Ordan yendim Ağbulağa, gəlmədin.
Demədin dağdadı bir sərvinazın,

Bir bəyaz buxovlu, mərmər boğazlın,

Bir şahı şonqarlı şahı şahbazın,

Bağlandın arana, dağa gəlmədin.


Mənim adım Həmayildi həmayə,

Sinəm oxşar həm ulduza, həm ayə,

Axırda sən zəhmətimi verdin vaya,

Bağlandın arana, dağa gəlmədin.

Məşğul oldun kef-damağa, gəlmədin.

1918-Cİ İL HADİSДLДRİ XATİRДLДRDД
I mətn

Bınnarı maa yüz beş yaşdı xalam danışıf. Yazıx xalam deyirdi ki, bala, Nooruz bayramı günü idi. Bizim kəndin qabağında bir təpə varıydı, adına Qılınc təpə deyirdilər. Bizim Hacılının qabağında idi. Özü də çox hündürüydü. Bınnarı, qızım, xalam deyirdi. Xalam deyirdi ki, gördüh ki, orda boz ata miniflər, ora gedillər, belə gedillər. Həə, deyirdi ki, Nooruz bayramıydı da. Hamı yeməh bişimişdi. Deyir, onda gördüh ki, həmən boz atlılar başdadılar gülləbaran etməyə bizi.

Bala, xalam iyirminci əsrin əvvəllərinnən danışırdı ha. Həə, xalam deyirdi ki, hər şeyimiz ojax üstündə qaldı. Sora deyir, kəntdən qaşdıx. Bizim kəndnən Qubatdı üz-üzə idi axı. Deyir, getdih Qərənəf kahası vardı, onun qabağıynan endih, çayı keşdih. Mahmudlu kəndinin yanında Qara qaya var. Orda olanda gördüh ki, bizim o tərəfimizi gülləliyillər. Həylə boz atlılardı, Qılınc təpənin başındadırlar.

Ədil adında bir oğlan var idi. Hansısa kəntdəniymiş. Deyirlər, onun belinə qaynar samavarı şəlliyiflər. O da qışqıra-qışqıra qaçırmış. Xalam deyir ki, biz də axşama qədər Qara qayada gizdəndih ki, qarannıx düşəndə Yazı düzüynən gedif, ordan aşıf Qarabağa gedəh.

Deyir ki, uşaxların ağzını möhkəm tutmuşdux ki, birdən ağlıyallar, ermənilər eşidər. Xalam deyir ki, Yazıdan keçəndə bir hamilə qadını ermənilər nətəər günə salmışdılarsa, adam o vəziyyəti danışa bilmir. Hamilə qadının qarnını yarıf körpəsini qırağa atmışdılar, hamısını öz gözdəriynən görüf. Xalamgil gediflər Qarabağda bir əz qalıflar, iki-üç il. Qubatdıda İldırım bəy vardı. O, bizə dedi ki, qorxmuyun, daha hər şey həll olunuf, çıxın gedin yerıza, yurduza. Onnan sora, deyir, neçə gün yol gedif gəldih Hacılıya. Gəldih gördüh ki, evləri yandırıflar, uçuruflar, dağıdıflar. Xalamgilin də evləri uçuf-dağılıf. Xalamın anası varmış Xatun arvad. O, evdən çıxanda onun iki qardaşı, bir oğlu ölmüşümüş. Onun qardaşının birini erməni öldürmüşmüş. Qapının başına Həzrət Abbas nəziri qoydu. Dedi ki, bı nəziri qoyuram bura, mənim evimi ermənilər yandırmasın. Xalam deyir, Qarabağdan qayıdıf gələndə gördüh ki, kənd hamısı xarabadı, yandırıflar, kül eliyiflər. O vaxtı da ev yoxuymuş da, hamısı damıymış. Bircə Xatun nənənin evi yanmamışdı. Özü də üç yerdən od qoymuşmuşdar, o yanmıyıf. Xalam deyir, hamımız doluşdux nənəmgilin həmən damına. Sora hamı təzdənnən dam tihdi, başdadılar yaşamağa. Onnan sora qaçaqaç olmadı.
II mətn

Ermənilər Minkəndə iki-üç dəfə hücum eliyiflər. Ağalar, Ağaməmməd, Yediyar, Səfər oğlu Gülüm, Hajı kişi tirə bağlıyıf ermənilərin qabağın kəsiflər. O vaxdı Ocaxqulu, Zöhrab həkim vardı, onları ermənilər Gorusda öldürüflər. Minkəntdə gəlif neçəsin öldürüflər. Bizim kəntdə qoja kişi vardı, adına Muradəli kişi deyirdilər. Qırxıncı ilə kimi sağ idi. O, bizə söhbət eliyirdi. Deyir, eşitdim ki, müharibə gedir. Silahımı götürdüm, gejəmi gejə elədim, günüzümü günüz elədim atı mindim getdim Qaragölə. Qaragöldən ayna at minməli döyüldü, açıxlığ idi. Atı qoyur orda, özü piyada gedir. Qaragölnən, Keçəl dağnan, Qannıcaynan gedir çıxır meşəyə. Bazar yeri varmış Gorusda. Meşənin içinnən durbinnən baxıf ki, ermənilər sımavar qaynadıf qız-gəlinlərin belinə şəlliyiflər. Qız-gəlinnərin, kişilərin at kimi ayaxlarını nallıyıflar. Bunun hamısın görür. Qayıdıf gələndə Xozanavar, Bayandurda qabağına kim keçirmiş əvəzin çıxırmış. O vaxdı biz deyirdik baba, bəs yazığ deyil. Deyirdi, vaxt gələjəh mənə rəhmət oxuyajaxsız ki, Muradəli kişi, Allah sənə qəni-qəni rəhmət eləsin. O gedif görmüşdü, buların xilslətin bilirdi.


III mətn

Bayandur kəndi var, o vaxdı azərbaycannılarnan ermənilər orda qarışıx yaşıyıflar. Muradəli kişi deyirdi ki, müsurmannar hamısı çıxdı, bizim aylə qaldı. Tək evli qalmışdıx ermənilərin içində. Deyir, bir səhər tezdən on-on iki dənə erməni gəldi, cavan oğlannar. Deyir, bir qızım idi, bir yoldaşım, iki oğlum, bir də mən. Hamımızın qolların bağladılar apardılar kəndin ortasına. Orda məni dik bağladılar bir ağaca. İki oğlumun başın kəsdilər, yoldaşımnan da qızımı götdülər getdilər. Səhərdən, deyir, günorta saat ikiyə-üçəcən o iki oğlum gözümün qabağında partdadı. Yayın, deyir, isdi günnəri idi. Allahdan oldu məni, deyir, öldürmədilər. Axşam oldu, apardılar saldılar bir dənə evə. İki dənə dığa qoydular qapıya əllərində beşatılan. Deyir, gejənin yarısı mənim yaxın dosdum bir erməni dığalardan icazə aldı qapını aşdı, gəldi mənim yanıma. Deyir, qollarım da bağlıdı arxadan, ayaxlarım da. Dedi, bilirsən səni səhər nə zulumnan öldürəjəhlər? Mən sənin qollarını açıram, elə belə qoyuram. Tərpədən kimi açılajax. Qapını da bağlamıyajam, açıx qoyajam. Bacarırsansa, çıx qaş burdan. Gejə saat üç olardı deyir, qollarım açıxdı, ayaxlarımı da aşdım. Deyir, gəldim baxdım ki, dığalar hərəsi bir tərəfdə söykənif yatıf. Deyir, birinin beşatılanın götürdüm, ikisin də öldürdüm, çəkildim o dağlara.


IV mətn

Qardaşım Nəsib kalxoz sədri idi, onnan əlaqədar bizim evə ermənilər gəlif gedirdi. Ermənilər gələndə atam onnarnan bir süfrədə oturub çörək yeməzdi. Mütəkgəsini götürüb gedib kənarda dirsəklənib oturardı. Bir dəfə sual verdim ki, dədə, niyə çörək yemirsən? Dedi, bala, düzdü, Nəsib deyir, ermənilər gəlib gedir, amma Nəsib buların daxilin bilmir. Bular çox məkirri millətdi. Biz buların hər cür üzünü görmüşük.

1918-də ermənilər gəlif o tərəfi zəbt eliyəndə atam deyirdi üç-dörd cavan deyif biz gedif erməninin qabağını kəsəjeyik, qoymuyajeyik gəlsin biz tərəfdən keşsin. O vaxdı da ermənilər Mollaburan, Mahrızdı, Xanlıx kəntlərindən gəlif belə çıxıflar. Bizim kəntdə Eyvaz oluf, onnan başqa iki-üç oğlan gəliflər Mollaburanın qabağına ki, burada ermənilərin qabağını kəsəjəhlər. Rəhmətdik atamın öz gözüynən gördüyü şeydi. Deyir, ermənilər həmin uşaqları tikə-tikə doğramışdılar, meyitlərini düzəngah yerdə qoyuf getmişdilər. Kəntdəri yandırmışdılar, ordan addıyıflar Mahrızdıya, ordan da gediflər ayana.

O vaxdı ermənilər hücum eliyəndə Eyvazdını, Qədilini birinci yandırıf camahatda qorxu yaratmışdılar. Onda Qədili, Eyvazdı qaçıf gəlmişdi Qubatdıya. Doxsan ikinci ildə də erməni genə Qədilini, Eyvazdını işğal elədi, evləri yandırdılar. Həmin kəntdərin əhalisi köşdü gəldi Qubatdıya. Bir il Qubatdıda qaldılar, doxsan üşdə biznən köşdülər. Eyni variant elə bil genə təkrarlandı.


V mətn

Əsrin əvvəlində Qubadlının digər kəndləri kimi Əliquluuşağı kəndi də ermənilər tərəfindən dağıdılıb, talan edilib, neçə-neçə övladları şəhid olub. Azərbaycan gənclərini o zaman Nikolay dövləti əsgərliyə aparmırdı və əvəzinə hər aylədən 3 manat qızıl pul alırdı. Belə bir vəziyyətdə azərbaycanlıların əksəriyyəti silahdan istifadə etməyi bacarmırdı. 1919-cu ildə Andranik qoşunları ilə Azərbaycana hücum etdi. Əvvəl Şuşaya yürüş etmək istədi. Onun bu niyyəti baş tutmadı, laçınlılar tərəfindən əzilib geri qaytarıldı.

Laçında güclü təzyiqə rast gələn Andranik erməniləri bir yerə toplayıb Əliquluuşağı, Davudlu, Eyvazlı və Novlu kəndləri istiqamətindən hücuma başladı. Bu kəndlərin içində ən çox Əliquluuşağında yaşayan insanlar əziyyət çəkdi. Əliquluuşağı əhalisi üç gün kəndi tərk etməyib vuruşdular. Ancaq qüvvələr qeyri-bərabər idi, qalib gəlməyin mümkün olmadığını görüb əhali kəntdən çıxmaq qərarına gəldi.

Əvvəlcə ermənilərin digər kəndlərə girib-girmədiyini yoxlamaq məqsədi ilə Əmrah və Balaca bəy Göy qalaya gedirlər. Göy qaladan bizə yaxın olan kəndlərin əksəriyyəti görünür. Əmrah və Balaca bəy Göy qalaya çıxanda görürlər ki, ətraf kəndlərin heç birində bir adam belə görünmür. Davudlu, Eyvazlı kəndlərində ermənilər var. Davudlu kəndində olan ermənilər Əmrahgili görürlər və nişan alıb Əmrahı çiynindən vururlar. Əmrah yaralandığını görüb Balaca bəyə deyir:

– Balaca, sən qaç, kəndə xəbər ver. Ətraf kəndlərin heç birində adam yoxdu, kəndlər sahibsizdi, birdən Yazı aşağı ermənilər gəlib qız-gəlinləri, arvad-uşaqları girov götürərlər.

Balaca bəy Əmraha deyir:

– Mən səni tək qoyub gedə bilmərəm.

Beləliklə, Əmrahı ata mindirib kəndə gəlirlər, görülər kəndin adamları hələ də müqavimət göstərib kəndi tərk etmək istəmirlər. Balaca bəy üzünü camahata tutub deyir:

– Bütün ətraf kəndlərin əhalisi öz kəndlərini tərk ediblər. Biz vuruşmanı davam etdirməli və arvad-uşaq kənddən çıxıb aralanana kimi ermənilərin hücumlarının qarşısını almalıyıq.

Belə də etdilər. Arvad-uşaq kənddən çıxıb təhlükəsiz yerə çatana kimi atışmanı davam etdirdilər. Əlaçsız qalan kəndin kişiləri atışa-atışa kəndi, olan-qalanlarını qoyub çıxdılar. Kəndin adamları Qubadlıdan çıxana kimi kəndlərdə bir adam belə görmədilər. Kənddən çox gec çıxdıqları üçün qaranlıq düşənə kimi ancaq boş qalmış Xıdırlı kəndinə gəlib çatırlar, həmin gecə boş qalmış evlərdə gecələdilər və səhər açılan kimi yola düşüb bir neçə günə Cəbrayılnan Qubatdının sərhədinə çatdılar. Cəbrayıl rayonunun adamları Əliquluuşağının camahatına öz həyətlərində yer verdilər. Bu ürək ağrıdan hadisə 1919-cu ilin soyuq qış günündə, yanvar ayının sonlarında olmuşdu. Əliquluuşağı kəndinin adamları kəndə bir də tut sovrulhasovrulda qayıtmışdılar.

Əmrah aldığı yaradan Hovarlı kəndində dünyasını dəyişdi. Ondan başqa həmin münaqişə dövründə Əliquluuşağı kəndindən İbrahim və anası, zabuxludan Səlim, qarabaşlı tayfasında İsmayıl, Alıbəy tayfasından Alı və çobanlılar tayfasından Behbud şəhid olmuşlar. Ermənilər kəndin bütün mal-dövlətini qarət edib apardıqdan sonra bütün evləri yandırmışlar.

VERGİLİ ADAMLAR HAQQINDA
I mətn

Qurban olduqlarımız Sonaya vergi vermişdilər. Qurban olduqlarımız hər axşam gəlirmiş, oyadırmış, deyirmiş, dur otur. Bı da yetim uşaqmış, qız uşağıymış. Oyadırmış, bir istəkan çay içirmiş. Yarısın özü içirmiş, yarısın da ona verirmiş, konfet də verirmiş. Bu vergiymiş dana. Kəndirbazdığı, pəhləvannığı Sonuya örgədirmiş. Sona da gejələr evlərində kəndirbazdıx eliyir, görüm eliyə bilir, ya yox. Bı işdərin hamısı gejələr olurmuş, gejələr gəlirmiş. Gözə görünməzlər bir gejə də gəlib Sonaya deyir ki, mən sənə pəhlivannıx da vermişəm. Daş var, gedəh o daşı aşır. Sona deyir ki, mən qız uşağıyam, mənim güjüm var ki? Əlini daşa belə eləyən kimi daş aşır, yumalana-yumalana gedir. Qurban olduxlarımın güjü ilə dana. Ondan çöpçıxaran, ilan tutan, ilan ovsunnayan oldu. O olan yerdə ilanı öldürmək olmazdı. Bir dəfə də gözəgörünməz qüvvə gejə quş donunda gəlib yuxuda Sonaya deyif ki, dur ayağa, geyin, səni aparıram Misir şəhərinə. Quş kimi uçub, Misir şəhərinə aparır. Şəhəri göstərib Sonanı gejə qaytarıb gətirir. Özü də Sonanın yerini açırmış, deyirmiş ki, yat. Bax, Allaha and olsun, Sona vergini götürmürmüş. Götürməyəndə də bir şillə vırıb bına. Üç il, dörd il yatıf. Qurban olduğum deyif ki, götürməlisən. Hamı ona inanırdı, onun ayağına gedirdi. Amma Sona vergini götürənə qədər heç kimə deməyif ki, mənə vergi verillər. Çünki qurban olduxlarım Sonaya yuxuda deyiflər ki, vergini qəbul eliyənnən sora vergili olduğunu deyərsən.


II mətn

Mənim anam özü nağıl eliyirdi ki, yatmışdım. Yuxuda gördüm ki, iki künbəzin arasındayam. Deyir, gördüm ki, bir ağacı künbəzin bı tərəfindən, birini də o tərəfindən basdırdılar. Sora ora ip bağladılar. Tutdular əlimdən ki, sən dur bının üsdünnən yeri. Deyir, dedim ki, mən onun üsdünnən yeriyə bilmərəm axı. Şilləynən məni vırdılar ki, yeriyəssən. Nəysə, anam yerimir ordan. Bəlkə də yerisəydi, kəndirbaz olardı. Götürmüyf da. Anam deyir ki, bı səfər mis qabda buğdanı qoydular. Bı səfər bir uşağı mənim qucağıma verdilər ki, bəs bu uşağın boğazında buğda qalıf, buğdanı çıxart. Deyir, dedim ki, nətər çıxardım? Dedilər ki, üfür, əlinnən əllə. Anam genə deyif ki, yox, bacarmaram. Onnan sora anamı vergini götürmədiyinə görə vırıflar. Anam neçə il xəstə qaldı. Ona əzap verdilər. Həmməşə də canı ağrıyardı. Anama vergini gəlin xeylağı olanda verirmişlər.


III mətn

Şəkil qabaxca Mirsədi ağanın qulluxçusu oluf. Mirsədi ağa rəhmətə gedən vaxdı bu ağlıyıf. Deyif, bala, niyə ağlıyırsan? Deyir ağa, sən gedirsən, mən neyniyəjəm? Deyif ki, get, sənin payını o kişi verəjək. Ona bir dənə şamaxı vermişdi, bir dənə də çəlik vermişdi. Demişdi, get gözdərinə torpax töküləni bu şamaxıynan çıxart, boğazında sümük qalanı sığa çıxart. Onnan sora o çöpçülük eləməyə başlayır.

Bir gün mən bunun yanına bir xəsdə aparmışdım. Mən buna zarafat elədim ki, içəridəki kimdi? Bərk güldü. Dedi, zarafatımız öz yerində, amma gir içəri, bileysən ki, mən bu gejə kimnən yatmışam. Taxtadan qayrılmış taxt qıravatın üsdündə yeri varmış. Durdu gəldi əl-üzün yudu. Pərdəni atdı yerə, dedi, ay məlun, gəl. Allahın adına and olsun, bir dənə boz ilan gəldi, pərdənin altınnan çıxdı. Fısıldıyanda dedi ki, fısıldama, evdə yad adam var. Kənar yerdə cızıx çəkdi, dedi gir o cızığın içinə. Dedim ki, Şəkil, bu nədi? Dedi günüzdən nəyəsə hirsdənif ağız atıf daşa, daş girifdi bunun ağzına, çıxarda bilmir. İndi ağzı aralı qalıf. Cızığı çəkdi. Dedi, gəl gir bura, tərbiyəsiz. Çox fərri iş görmüsən, hələ bir diş çıxardırsan. Dedi, ayağı dağıtma ha, dağıtsan səni qurudajam. İlan gəldi yalmana-yalmana çıxdı bunun dizinin üsdündə oturdu. Naqqaşı saldı ağzına daşı çıxartdı. Ağzına üfürdü, dedi çıx get, bu günnən sora heş bir şeyə ziyannığ eliyif gəlmə.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin