Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
47
“barı”, “hasar” mənasını qeyd edib [217,s.1474-76]. Digər
mənalarla yanaşı sözün “barı”, “hasar” mənaları hələ qədim
zamanlarda işlək olub. “Türkcə-rusca lüğət”də bu sözün “barı,
hasar” mənaları ilə yanaşı, “daldalanacaq” mənası da qeyd
olunub [225,s.27]. Mənbələrdə qeyd olunan mənalara əsasən,
qədim türk sözü olan bar sözü, göründüyü kimi, ilkin mənasını
qoruyaraq bu gün dilimizdə elmi sahədə xüsusiləşmişdir.
Geologiyanın sahələrindən biri də mineralogiyadır.
Mineralogiya təbii şəraitdə yer qabığında yaranan müxtəlif
mineralların fiziki-kimyəvi xassələrini, tərkibini, mənşəyini və
əmələgəlmə
qanunauyğunluqlarını
öyrənən
sahədir.
Mineralogiya sahəsi üzrə də dialekt sözlərinin terminləşməsi
prosesinə rast gəlirik. Məsələn, lay sözü geologiya sahəsində
“qalınlığı yayıldığı sahənin ölçülərindən qat-qat kiçik, əsasən
bircinsli (olmaya da bilər) altda və üstdə yatan laylardan
laylanma müstəviləri ilə ayrılan geoloji cisim”, stratiqrafik mə-
nada “kəsilişdə müəyyən stratiqrafik yeri olan tərkibcə
eynicinsli, yayılma sahəsinə nisbətən az qalınlıqlı, hər hansı bir
əlaməti ilə fərqlənən, altda və üstdə yatan çöküntülərdən aydın
sərhədlərlə hüdudlanan geoloji cisim” mənasını verən termindir
[191,s.305]. Bu söz Bakıda “yastı daş”, İmişli, Kürdəmirdə isə
“pambıqdan toxunmuş palaz” anlamında işlənir [150,s.324].
Lay sözü bu halda, demək olar ki, Bakı dialektində işləndiyi
mənanın semantik inkişafı nəticəsində terminləşmişdir.
Geologiya termini kimi külçə sözü səpintilərdə öz
ölçülərinə görə başqa metal hissəciklərindən kəskin ayrılan az
yuvarlaqlı sərbəst metal parçasıdır. Külçənin çəkisi 0,1-0,2
qramdan bir neçə kiloqrama qədər ola bilər. Tərkibində bəzən
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
48
başqa metallara da rast gəlinir [191,s.266]. Ağdam, Bakı,
Gədəbəy, Salyan, Göyçay, Kürdəmir, Qax, Oğuz, Şamaxı, Şəki
bölgələrində işlək olan külçə sözünə “qəbir üstə paylanılan
halva-çörək” və “təndirdə bişirilən yağlı çörək mənalarında rast
gəlinir [150,s.266]. Külçə sözü zahiri oxşarlıq əsasında
dialektlərdə işləndiyi mənanın semantik inkişafı nəticəsində
terminləşmişdir.
Geologiyanın petroqrafiya sahəsi yer qabığını təşkil edən
müxtəlif mənşəli süxurlar haqqında təlimdir. Bu sahədə çökmə
süxur adı bildirən terminləşmiş dialekt sözlərinə rast gəlirik ki,
onların da formalaşmasında ədəbi dildə mövcud üsullardan
eyni şəkildə istifadə edilmişdir. Termin yaradıcılığı prosesini
ümumi ədəbi dildə söz yaradıcılığı prosesindən təcrid edilmiş
şəkildə götürmək olmaz.
Geologiyada daban sözü “layı altdan məhdudlaşdıran
səth” (layın stratiqrafik aşağı səthi) və “dağ-mədən işlərində
faydalı qazıntı (damar, filiz yatağı) layının altında yatan “boş
süxur” mənasında işlənir [169,s.84]. Daban sözünün maraqlı
semantik tutumu var və dialektlərdə bu sözə Qazaxda
“dəyirmanın işini nizamlayan dəmir hissə”, Şamaxıda “tütün
bitkisinin kökə yaxın yarpaqları”, Kürdəmirdə “qapını
çərçivəyə birləşdirən oxcuqlar [qapı bu oxcuqlar üzərində
fırlanır]” mənalarında rast gəlinir [150,s.109]. Sözün etimo-
logiyasına nəzər salsaq, hələ qədim zamanlarda sözün “Türk
dillərinin etimoloji lüğəti”ndə ta:ban//daban//taba:n//taban
variantlarının “daban, iz”, “tir” eyni zamanda “metal hissə”
mənaları verilmişdir [222,s.110]. Müasir ədəbi dildə daban
sözü ayağın dal hissəsinə deyilir. Yuxarıda qeyd olunan
|