- 21 -
Azərbaycan xalqının XIX əsrdə yetirdiyi ədəbi şəxsiy-
yətlərin ən qüdrətlisi Mirzə Fətəli Axundzadədir. Onun
yaradıcılığı Azərbaycan ədəbi-fəlsəfi və bədii-estetik fikri
tarixində yeni bir mərhələ açmışdır. M.F.Axundzadə milli
dramaturgiyanın, realist bədii nəsrin banisi, Yaxın və Orta
Şərqdə ictimai maarifçilik hərəkatının böyük avanqardı və
ideoloqudur.
Bir mütəfəkkir-yazıçı, sənətkar kimi qədim və zəngin
ənənələr üzərində yetişdiyinə baxmayaraq, M.F.Axundza-
dənin titanik fəaliyyətinin bir çox sahələri haqqında danı-
şarkən «ilk» sözünə, «birinci» təyininə dönə-dönə müraciət
etmək lazım gəlir. Yəni tarix, ictimai gerçəklik bütün şüurlu
həyatını təmənnasız olaraq xalqın tərəqqisi işinə həsr etmiş
bu alovlu ürək və nadir yaradıcı təfəkkür sahibinin çiyin-
lərinə, neçə-neçə müasirinin gücü çatmayan çox ağır vəzifə-
lər qoymuşdu. Böyük iftixar hissi ilə etiraf edirik ki,
M.F.Axundzadə təkcə Azərbaycanda deyil, bütün Yaxın
Şərqdə yüksək dərəcədə aydın konsepsiyaya malik ilk ma-
terialist filosof idi. Bu regionun ilk və qüdrətli dramaturqu
kimi tanınmaq şərəfi də ona nəsib olmuşdu. Yenə də bütün
Yaxın Şərq ölkələrində məhz M.F.Axundzadə ərəb əlif-
basının birinci və ən ardıcıl islahatçısı kimi tanınmışdır…
Həyatı. Mirzə Fətəli Axundzadə 1812-ci il iyun ayınm
30-da Nuxa (indiki Şəki) şəhərində anadan olmuşdur.
Yazıçının əsli-nəsli Cənubi Azərbaycandan idi. Atası Mirzə
Məhəmmədtağı Təbriz vilayətinin Xamnə qəsəbəsindən idi.
O, uzun müddət Xamnədə kəndxuda olmuş, vəzifəsindən
azad edildikdən sonra Şimali Azərbaycana gələrək çərçilik
etməyə başlamışdır.
Məhəmmədtağı qoca, yorğun ulağın belində Araz-
qırağı kəndləri gəzib xırdavat sata-sata o zaman bir sıra
- 22 -
cənublu ailəsinin də məskunlaşmış olduğu Şəki şəhərinə gə-
lir. Burada həmyerliləri, o cümlədən, camaat arasında xüsusi
hörmət və nüfuzu ilə seçilən Axund Ələsgərlə tanış olur.
Həmişəlik Şəkidə qalmaq qərarına gələn Məhəmmədtağı
Axund Ələsgərin qardaşı qızı Nanə xanımla evlənir.
Bir il sonra onların oğlu dünyaya gəlir. Uşağın adını Fə-
təli qoyurlar. Ailə 1814-cü ilə qədər Şəkidə yaşayır. Həmin il
əsli Xoydan olan Şəki hakimi Cəfərqulu xan vəfat etdi-
yindən cənubi azərbaycanlıların əksəriyyəti şəhəri tərk edib,
öz vətənlərinə qayıtmağa başlayırlar. Məhəmmədtağı da
Nanə xanımı və iki yaşlı Fətəlini götürüb Xamnəyə, əvvəlki
ailəsinin yanına köçür.
Xamnədə Nanə xanımın vəziyyəti çox ağır keçir.
Onunla Məhəmmədtağının birinci arvadı arasında tez-tez,
dava-dalaş düşür. Nanə xanım Xamnədə dörd il məşəqqətli
həyat keçirdikdən sonra ərindən ayrılıb, oğlu Fətəli ilə
birlikdə Cənubi Azərbaycanın Qaracadağ mahalında yaşa-
yan əmisi Axıınd Ələsgərin yanına gəlir. Bu zamandan Fə-
təli Axund Ələsgərin himayəsinə keçir. O, yeddi yaşından
on üç yaşına qədər Qaracadağ mahalında, əvvəlcə Horand
kəndində, sonra Ünküt elinin Vəlibəyli obasında yaşayır.
1825-ci ildə Axund Ələsgər Qaracadağdan Gəncəyə
köçmüşdür. Bir il sonra Rusiya ilə İran arasında başlanan
müharibədə Gəncə dağıdılmış, şəhərin əhalisi talan edil-
mişdir. Böyük ziyan çəkənlərdən biri də Axund Ələsgər
olmuşdur; o, bütün var-dövlətini itirərək Şəkiyə gəlmişdir.
Fətəli təhsil almağa hələ Xamnədə olarkən başlamış,
bir il mollaxanada oxuduqdan sonra oradan uzaqlaşmışdır.
Axund Ələsgər onun fərasətli, zehinli bir uşaq olduğunu gö-
rüb, təlim-tərbiyəsi və təhsili ilə özü məşğul olmuşdur. O,
Fətəliyə Quran oxumağı, fars, ərəb dillərini öyrətmiş, islam
üləmalarının, Şərq klassik şairlərinin əsərləri ilə tanış etmiş-
dir. Fətəlini ruhani etmək istəyən Axund Ələsgər Şəkiyə
gəldikdən sonra ona dini şərh və təfsirləri, risalələri oxut-
- 23 -
muş, ərəbcə savadını, danışıq vərdişlərini və yazmağı tək-
milləşdirmişdir. Artıq sərbəst yazmağı və oxumağı bacaran
savadlı bir gənc olduğu üçün bu zamandan ona Mirzə Fətəli
deməyə başlamışlar.
1832-ci ildə Axund Ələsgər Məkkəyə ziyarətə getdiyi
zaman Mirzə Fətəlini Gəncəyə gətirib öz tanışlarından Mol-
la Hüseyn Pişnamazzadənin yanına qoyur və ona tapşırır ki,
Fətəliyə məntiq və fiqh (İslam şəriətinin hüquq qanunla-
rından bəhs edən elm) elmlərindən dərs versin.
Gəncədə olduğu zaman Mirzə Fətəli şair və xəttat
Mirzə Şəfi Vazehlə tanış olmuş, bu tanışlıq gənc Mirzə Fə-
təlinin dünyagörüşünə təsir edərək, onun həyata baxışla-
rında bir yenilik əmələ gətirmişdir. Sonralar Mirzə Fətəli
həmin tanışlığın əhəmiyyətini izah edərək öz tərcümeyi-ha-
lında yazmışdır: «Gəncə məscidinin hücrələrindən birində bu
vilayət əhalisindən Mirzə Şəfi adlı birisi yaşayırdı; bu adam
növbənöv elmlərdən başqa, nəstəliq yazısını da çox yaxşı
yazırdı. Bu, həmin Mirzə Şəfidir ki, Germaniya məmləkə-
tində onun həyatı və farsca şeirdə malik olduğu fəziləti haq-
qında məlumat yazıblar. Mən ikinci atamın buyuruğu ilə hər
gün bu şəxsin yanına gedib, nəstəliq yazısının məşqini edir-
dim. Belə ki, get-gedə mənimlə bu möhtərəm şəxsin arasında
ülfət və ünsiyyət hasil oldu. Bir gün bu möhtərəm şəxs mən-
dən soruşdu:
– Mirzə Fətəli, elmləri təhsil etməkdən məqsədin nə-
dir?
Cavab verdim ki, ruhani olmaq istəyirəm.
Dedi: – Sən də riyakarmı olmaq istəyirsən?
Təəccüb elədim və heyrət etdim ki, bu nə sözdür!
Mirzə Şəfi mənim halıma baxaraq dedi:
– Mirzə Fətəli, öz həyatını bu qaragüruhun
1
içərisində puç etmə! Başqa bir məşguliyyət qəbul et!
1
Qaragüruh – pis fikirli adamlar.
2
Mətalibi-ülfaniyyət – elmin, biliyin mətləbləri
- 24 -
Onun ruhanilikdən nifrət etməsinin səbəbini soruşdu-
ğum zaman o günə qədər mənim üçün örtülü qalan mətləb-
ləri açmağa başladı. İkinci atamın Həcdən qayıtmasına
qədər Mirzə Şəfi bütün mətalibi-ülfaniyyəti
2
mənə təlqin
etdi və gözümün qabağından qəflət pərdəsini qaldırdı. Bu
hadisədən sonra ruhanilikdən nifrət etdim və öz fikrimi də-
yişdirdim».
Beləliklə, Mirzə Fətəli ruhani olmaq fikrindən çəkinir
və 1833-cü ildə Şəkidə açılan ibtidai rus məktəbinə daxil
olub, rus dilini öyrənməyə başlayır. Lakin yaşı çox olduğu
üçün bir ildən sonra məktəbi tərk etmək məcburiyyətində
qalır. Tiflisə getmək, orada dövlət qulluğuna girmək istəyir.
Axund Hacı Ələsgər onun istəyini yaxşı qarşılayır və 1834-
cü ildə Mirzə Fətəlini Tiflisə gətirib Qafqazın baş hakimi
baron Rozenin dəftərxanasında Şərq dilləri üzrə mütərcim
şagirdi vəzifəsinə düzəldir.
Mirzə Fətəli Axundzadə bir müddət şagirdlik edib rus
dilini və işin xüsusiyyətlərini yaxşı öyrəndikdən sonra mü-
tərcim vəzifəsinə keçirilmişdir. O, 1834-cü ildən ömrünün so-
nuna qədər həmin dəftərxanada Şərq dilləri mütərcimi vəzifə-
sində çalışmış, Rusiya və İran, Rusiya və Türkiyə dövlətləri
arasında aparılan bir sıra diplomatik danışıqlarda iştirak et-
mişdir.
Tiflis mühiti M.F.Axundzadənin ictimai baxışlarının
və bədii yaradıcılığının formalaşmasına xeyirli təsir
gostərmişdir. O, burada Şərqə dair biliklərini daha da təkmil-
ləşdirmiş, A.Bestujev-Marlinski, A.Berje, İ.Klementyev,
A.Bakıxanov kimi şair və alimlərlə tanış olmuş, rus dilini,
Qərbi Avropa ədəbiyyatını və ictimai-fəlsəfi fikrini öyrən-
miş, geniş ictimai fəaliyyətə başlamışdır. Lakin Mirzə Fətəli
Tiflis ədəbi-ictimai mühitində həmişə yalnız öyrənən bir
şəxs deyildi. XIX əsrin 50-ci illərindən başlayaraq o, Tiflis
ədəbi-ictimai və mədəni-siyasi mühitinin aparıcı simala-
- 25 -
rından olmuşdur. A.Berje, Bestujev-Marlinski, V.Pototski,
F.Semyonov, A.Bartolomey, A.Rayko, İ.Berezin, N.Xanı-
kov kimi şair, tarixçi, jurnalist və şərqşünaslar Yaxın Şərqə,
bütün müsəlman dünyasına dair məlumat və bilgiləri
M.F.Axundzadədən alır, Şərq mövzusunda yazmaq istərkən
M.F.Axundzadə ilə məsləhətləşirdilər. Qərbli mütəxəssislər
Mirzə Fətəlinin simasında müdrik Şərqi, xüsusilə Qafqazı
görüb tanıyırdılar. Azərbaycanlı ziyalı təkcə Tiflisdə deyil,
bütün Zaqafqaziya, İran və Türkiyə ölkələrində mədəni
inkişafa, ədəbi-tarixi prosesə istiqamət və təkan verən əsrin
50-70-ci illərində nəinki Tiflis ədəbi mühiti, Yaxın Şərq
ictimai-mədəni həyatı Mirzə Fətəlisiz çox solğun, natamam
görünərdi.
M.F.Axundzadə 1836-cı ildən, eyni zamanda, Tiflis
qəza məktəbində müəllim işləmişdir. O, 1840-cı ilin yazına
qədər həmin məktəbdə türk dili dərsi demiş, sonra dəf-
tərxanadakı işlərinin çoxluğu ilə əlaqədar müəllimlikdən
çıxmış, öz yerini keçmiş müəllimi Mirzə Şəfi Vazehə ver-
mişdir.
1844-cü ildə M.FAxundzadə M.Ş.Vazehlə birlikdə
Tiflisdə Azərbaycan-türk dilində kitab çap etmək üçün
mətbəə-nəşriyyat yaratmaq istəmiş, lakin Qafqazın baş ha-
kimindən icazə ala bilməmişdir. 1848-ci ilin noyabr ayında
o, Nəsrəddin şahın taxta çıxması münasibətilə ona çar I
Nikolayın şəxsi məktubunu aparan general Şilinqlə birlikdə
İrana gedərək Təbriz və Tehran şəhərlərini gəzmiş, Cənubi
Azərbaycanda əhalinin yaşayış tərzini öyrənmişdir. Bu
səfər zamanı Mirzə Fətəli ata yurduna baş çəkmiş, Xam-
nədə yaşayan ögey bacıları ilə görüşmüşdür.
Əllinci illərin əvvəllərində bədii yaradıcılığa başlayan
M.F.Axundzadə 1850-1855-ci illərdə altı orijinal dram əsəri
yazaraq, Azərbaycan və Yaxın Şərq ədəbiyyatında drama-
turgiyanın möhkəm əsasını qoymuşdur. 1857-ci ildə isə o,
məşhur «Hekayəti-Yusif şah», yaxud «Aldanmış kəvakib»
- 26 -
povestini yazmışdır. Bu dövrdə M.F.Axundzadə Tiflisdə
çıxan «Kavkaz» qəzeti ilə fəal əməkdaşlıq etmiş, özünün
komediyalarını, «Zakirə məktub» şeirini, «Aldanmış kəva-
kib» povestini və başqa tərcümələrini orada nəşr etdir-
mişdir. 1853-cü ildə o, dram əsərlərini rus dilində «Ko-
medii» adı ilə, 1859-cu ildə isə Azərbaycan dilində
«Təmsilati-kapitan Mirzə Fətəli Axundzadə» adı ilə çap et-
dirmişdir. Yazıçının «Təmsilat» kitabına dram əsərləri ilə
bərabər, «Aldanmış kəvakib» povesti də daxil edilmişdir.
1857-ci ildə M.F.Axundzadə köhnə müsəlman əlif-
basını islah etmək məqsədilə ərəb qrafikası əsasında yeni
bir əlifba layihəsi tərtib etmişdir. Bu layihəni müsəlman
ölkələrində qəbul etdirmək məqsədilə 1863-cü ildə o, İs-
tanbula getmiş, layihəni Türkiyənin baş naziri Fuad pa-
şaya təqdim etmişdir. Baş nazirin göstərişi ilə layihə «Cə-
miyyəti-Elmiyeyi-Osmaniyyə»də müzakirə edilmiş və
qəbul olunmamışdır.
M.F.Axundzadə Türkiyədən çox peşman, «min bir
kədər və təəssüflə» qayıtsa da, uğursuzluğu onu ruhdan
salmamış, yazıçı bu sahədə daha əzmlə fəaliyyət göstərə-
rək, ərəb qrafikası əsasında ikinci, sonra isə latın qrafikası
əsasında üçüncü bir layihə hazırlamışdır. O, ömrünün so-
nuna qədər ərəb əlifbasını islah etmək uğrunda mübarizə
aparmış, lakin öz məqsədinə çata bilməmişdir.
Türkiyədən qayıtdıqdan sonra M.F.Axundzadə «Kə-
malüddövlə məktubları» adlı bədii-fəlsəfi əsərini yazmağa
başlamış, onu 1865-ci ildə tamamlamışdır. O, 1866-cı ildə
əsəri yaxın dostu Mirzə Yusif xanla fars dilinə, 1874-cü
ildə isə görkəmli şərqşünas Adolf Berje ilə birlikdə rus dili-
nə çevirmiş və çap etdirmək uğrunda çalışmışdır. Lakin
yazıçı bu istəyini də həyata keçirə bilməmiş, arzusu gözün-
də qalmışdır.
M.F.Axundzadə 1858-ci ildə Qafqaz canişinliyinin baş
tərcüməçisi vəzifəsinə keçirilmiş, 1864-cü ildə isə əvvəlki
- 27 -
vəzifəsi qalmaqla hərbi qulluğa təyin olunmuşdur. Yazıçı
eyni zamanda Tiflisin elmi-mədəni həyatında yaxından iş-
tirak etmişdir. O, 1851-ci ildə «Rusiya İmperator Coğrafiya
Cəmiyyəti Qafqaz şöbəsi»nin üzvü seçilmiş, Adolf Berjenin
rəhbərliyi ilə hazırlanan «Qafqaz Arxeoqrafiya Komitəsinin
Aktları» məcmuəsinin əsas tərtibçilərindən biri olmuşdur.
Mirzə Fətəli Axundzadənin ailə həyatı fərəhsiz keçmiş-
dir. O, 1842-ci ildə Axund Hacı Ələsgərin qızı Tubu xanımla
evlənmiş, qayınatasının ölümündən sonra onun ailəsini də
öz himayəsinə götürmüşdür. Yazıçının 13 övladı olmuş,
bunların onu kiçik yaşlarında, biri gəncliyində vəfat et-
mişdir. Buna görə onun ailəsində həmişə bir qəmginlik, sı-
nıqlıq olmuşdur.
Qırx ildən artıq Qafqaz canişinliyində çalışıb Rusiya
dövlətinə xidmət edən M.F.Axundzadə ömrünün sonlarında
hökumət əleyhinə fəaliyyətdə günahlandırılaraq işdən çıxa-
rılmış, bir müddət qulluqdan kənarda qalmışdır. Bütün ömrü
keşməkeşlərdə, gərgin işdə və mübarizələrdə keçən yazıçı-
nın səhhəti getdikcə pisləşmiş, o, fiziki cəhətdən tamam zə-
ifləmişdi. 1877-ci ilin ortalarında isə ağır ürək-astma xəstə-
liyinə tutulmuş, uzun müddət bu xəstəlikdən əziyyət çək-
mişdir.
Nəhayət, yazıçı 1878-ci il fevral ayının 28-də (yeni
stillə martın 10-da) Tiflisdə vəfat etmişdir. Hələ yazıçının
cəsədi soyumamış gizli polis dərhal onuıı hökumət əleyhinə
əlyazmalarının axtarışına başlamış, lakin rəsmi nəşrlərdən
başqa heç nə tapa bilməyib, çıxıb getmişdi. Böyük ədib
Tiflisin müsəlman qəbiristanlığında, öz vəsiyyətinə əsasən
müəllimi Mirzə Şəfi Vazehin qəbri yanında dəfn olunmuş-
dur. Sonralar yazıçının qəbri üzərində onun büstü ucaldıl-
mışdır.
Şeirləri. Mirzə Fətəli Axundzadə bədii yaradıcılığa
təxminən 18-20 yaşlarında, hələ Şəkidə yaşayarkən lirik
şeirlə başlamışdır. O, klassik ənənələrə uyğun olaraq poetik
- 28 -
əsərlərini, əsasən, fars dilində və «Səbuhi» (səhər, sübh
adamı) təxəllüsü ilə yazmışdır. Onun ilk şeirlərindən biri
«Zəmanədən şikayət» adlanır. Şeirin yazılma tarixi gös-
tərilməmişdir. Lakin əsərin məzmunundan məlum olur ki,
şeir müəllifin Tiflisə getməsi ərəfəsində yazılmışdır.
XIX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında süjetli
lirikanın yaxşı nümunələrindən olan bu şeiri poetik məz-
mununa görə iki hissəyə ayırmaq olar. Birinci hissədə şeirin
lirik qəhrəmanı öz həyatından, dost-tanışın vəfasızlığından
acı-acı şikayətlənir. O, vəfa umduğu adamlardan cəfa görür,
yar deyib yaxınlaşdığı kəslər nar (od, alov) olur. Mənzil ad-
landırıb məskən saldığı yerlər zindana, dost bilib ürək açdığı
adamlar düşmənə çevrilir.
Lirik qəhrəman bədbin, məyus halda fələkdən şika-
yətlənərkən daxili bir səs onu yaşadığı «qəm yuvasından»
qaçıb uzaqlaşmağa, Tiflisə getməyə çağırır. Şeirin ikinci
hissəsində Tiflis mühiti təriflənir. Deyilir ki, Tiflisə gedən
tezliklə yaxşı mövqe, var-dövlət, yüksək hörmət qazanır.
Onun hər bir qara pulu qızıl, palazı atlas olur. Oranın adam-
ları vəfalı və təvazökardırlar. Yaman gündə bir-birinin
köməyinə gəlir, bir-birinə ehtiram göstərirlər. Tiflisin tə-
rifindən sonra orada yaşayan bilikli bir şəxsdən söhbət açı-
lır. Aləmdə tayı-bərabəri olmayan bu müdrik şəxs hamıya
kömək edir, fəqirlərə əl tutur. Şeirin lirik qəhrəmanı Tiflisə
gedib, həmin məşhur şəxslə görüşmək, onun köməyi ilə öz
həyatında və taleyində xoşbəxtliyə doğru dönüş yaratmaq
arzulayır və şeir nikbin bir sonluqla bitir.
M.FAxundzadənin çap olunmuş ilk əsəri dahi rus şairi
Aleksandr Sergeyeviç Puşkinin faciəli ölümü münasibətilə
yazdığı mərsiyədir. Fars dilində qələmə aldığı bu əsəri mü-
əllifin özü «Qəsideyi-təziyyət» («Matəm qəsidəsi»)
adlandırmışdır. Lakin çap zamanı mütərcim, yaxud naşirlər
onun adını dəyişmiş, əvvəlcə «Puşkinin ölümünə», sonra isə
«Puşkinin ölümünə Şərq poeması» adlandırmışlar.
- 29 -
Əsər qaranlıq bir gecədə gözlərinə yuxu getməyən lirik
qəhrəmanın öz qəlbinə müraciəti ilə başlanır. O, nə üçün qəl-
binin kədərli olduğunu, bülbül kimi ötmədiyini, nə üçün ilha-
mının birdən-birə bağlandığını, xəyal köhləninin dayandığını
soruşur. Qəmlənmək vaxtı deyil. Bahar əlvan paltarlarını
geyib gəlmiş, təbiət çiçəklərlə bəzənmişdir. Bulaqların kənarı
laləzara dönmüş, çəmənlərdən axan çayların sahilləri bənöv-
şələrlə bəzənmişdir. Bağların şahı olan vüqarlı bir ağac başına
qönçələrdən tac qoyub əzəmətlə ucalır. Yasəmənlər, zanbaq-
lar, lalə qədəhlərini qaldırıb, bu şahın sağlığına şəbnəm içir-
lər. Bülbül budaqdan-budağa atılaraq bağı seyr edənlərə «xoş
gəldin» deyə dimdiyində tutduğu gül yarpağını hədiyyə edir.
Bütün təbiət sevinc, şadlıq içərisindədir.
Lakin lirik qəhrəmanın qəlbi çox kədərli və dərdlidir.
O, şeir yazmaq həvəsindən düşmüş, tamam bədbinləşmişdir.
Şaha layiq sözlər qoşan şeiriyyət pərisinin üzünə zinətlər
vuran ilhamı susmuşdur. Çünki dünya, zəmanə etibarsızdır.
Fələk bahardan sonra payız küləkləri əsdirir. Bu küləklər
bütün şöhrətləri uçurdub dağıdır. Buna ən ürək yandıran
misal Puşkinin ölümüdür:
O Puşkin ki, şeirdən nəqşlər vuran zaman
Sanasan söz mülkünə bir ilk bahar gələrdi,
Şəninə hər tərəfdən təriflər yüksələrdi.
O Puşkin ki, ağ kağız onun zər qələmindən,
Dünyalara sığmayan qəmindən, ələmindən
Qaralmaq atəşilə od tutardı, yanardı,
Onda tovuz misalı, min xəyal rəngi vardı.
M.F.Axundzadə Puşkini «sözdən incə naxışlar çəkən»,
cavan yaşından sənət mülkünə sahib olan qüdrətli bir şair
kimi qiymətləndirir. O, Puşkini rus ədəbiyyatının Lo-
monosov, Derjavin, Karamzin kimi klassik nümayəndələri
ilə müqayisə edərək göstərir ki, bu şairlər rus ədəbiyyatını
yeni, orijinal keyfiyyətlərlə zənginləşdirsələr də, Puşkin öz
- 30 -
istedadı ilə sələflərini ötüb keçmiş, yeni rus ədəbiyyatının
banisi səviyyəsinə yüksəlmişdir:
Ah, o dəmlər, a dostum, Lomonosov, deyirlər,
Ülvi bir gözəlliklə yazıb inci şeirlər.
Şeiriyyət dünyasını bəzəmişsə də, lakin
Puşkinin quş xəyalı olmuş o yerdə sakin.
Əgər şeir mülkünü Derjavin tutmuşsa da,
Puşkin cavan yaşından sahib olub bu ada.
Dərin,dibsiz göylərdən hakim yaranmış ona.
Ah, hələ Karamzinin o bilik badəsini,
Onun ümmanlar kimi dərin ifadəsini
Puşkin almış əlindən, içib yetirmiş sona.
Şeirdə rus poeziyasının günəşi olan Puşkinə dərin
məhəbbət ifadə olunur. Müəllif onun ölümünə kədərlənir,
şairin qatillərinə lənət yağdırır. O, rus xalqının böyük dərdi-
nə şərik çıxır və öz şeirini matəm əhval-ruhiyyəsi ifadə edən
təsirli bir sonluqla tamamlayır.
Onun can yuvasından ruh guşu uçdu getdi,
Qocaları, gəncləri dərdə, qəmə qərq etdi.
Budur, Rusiya torpağı ürəyində qəm, qubar,
Ümidsizlik içində göz yaşı töküb ağlar:
«Ey bir cani-qatilin alçaq əliylə ölən!
Bu cadügər qarının sehrbazlıq şərindən
Həqiqətən, «tilsimin» səni etmədi xilas,
Yandırdı könülləri bu kədərli, qəmli yas.
Sən dünyada dostlarla kəsdinsə də ülfəti –
Qoy sənə həmdəm olsun göydə haqqın rəh-
məti.
«Bağçasaray fontanı» budur bir cüt gülündən,
Qəbrinin torpağına Bağçasaray elindən –
Xoş ətirlər göndərir baharın yellərilə.
Bu xəbərlə ağlayan qoca, ağsaçlı Qafqaz,
Bahar buludları tək gözləri yaşlı Qafqaz,
Sənə matəm saxlayır Səbuhinin şeirilə.
- 31 -
«Matəm qəsidəsi» klassik Şərq poeziyasına məxsus
yüksək, təntənəli bədii üslubda yazılmışdır. Şair baharın gə-
lişi, təbiətin şadlığı, oyanışı ilə onu seyr edən insanın kədər
və tutqunluğunu qarşılaşdırmaqla qüvvətli bədii təzad yarat-
mışdır. Bu təzadda lirik qəhrəmanın daxili duyğuları, onun
hiss və həyəcanları özünün görümlü poetik ifadəsini tapmış-
dır. Şeirdə həmçinin zəngin təbiət təsviri, orijinal təşbeh və
istiarələr vardır ki, onlar da qəsidənin bədii keyfiyyətini
yüksəldir.
M.F.Axundzadənin «Matəm qəsidəsi» dahi rus şairi
A.S.Puşkinin ölümü münasibətilə yazılmış ən yaxşı əsər-
lərdən biridir. O, ilk dəfə 1837-ci ildə Moskvada «Mos-
kovski nablyudatel» məcmuəsinin 11-ci sayında çap olun-
muşdur. Qəsidəni rus dilinə müəllif özü nəsrlə tərcümə et-
mişdir.
M.FAxundzadənin lirik şeirləri, əsasən, öz müasir-
lərinə, dost və tanışlarına yazdığı mənzum məktublardan və
mədhiyyələrdən ibarətdir. Onların bir qismi Azərbaycan,
ikinci qismi isə fars dilindədir. Ana dilində yazdığı şeirlə-
rində M.F.Axundzadə gözəl insani münasibətlərdən, real
məhəbbət hisslərindən, saf duyğulardan söhbət açır. Bu
şeirlər öz təbiiliyi və dilinin sadəliyi ilə seçilir.
Mirzə Fətəlinin fars dilində yazdığı iri həcmli
şeirlərindən biri «Yeni əlifba haqqında mənzumə» adlanır.
Avtobioqrafik səciyyə daşıyan bu şeirdə M.F.Axundzadə
özünün «vətən sevgisi üzündən çox tədbirlərə əl atıb» səy
göstərməsindən, xüsusilə ərəb əlifbasını islah etmək uğrun-
da mübarizəsindən, lakin zəhmətinin səmərəsiz qaldığından
bəhs edib, acı təəssüf hissi ilə yazır: «Cavanlığım getdi,
qüvvəm puç oldu. Səadət mənimlə həmnəfəs olduğu halda
birdən sarı üzlü bir kişicik mənim arzu piyaləmə zəhər
damızdırdı. On illik zəhmətim onun sayəsində heç oldu».
M.F.Axundzadənin şeirlərinin bir qismi tənqidi ruh-
dadır: «Molla Əli», «Hekayəti-Seyyid Molla Ələm Səl-
- 32 -
yani», «Həcvi-Əbdürrəsul xan» və s. Bu şeirlərdə tüfeyli
həyat keçirənlər, mövhumat, cəhalət, təqlidçilik, fırıl-
daqçılıq, sərxoşluq və başqa əxlaqi naqisliklər tənqid edilir.
Maarifçi ədib avam camaatı müxtəlif uydurma əhvalatlarla
aldadan bəzi dələduz, tüfeyli şəriət xadimlərinin – molla,
seyid və mərsiyəxanların yalanlarına, fırıldaqlarına
gülərək, insanları gözüaçıq və ayıq olmağa, müasir elmi
biliklərlə silahlanmağa çağırır.
Lakin M.F.Axundzadə şeir yaradıcılığında yüksək
bədii zirvə kəşf edə bilməmiş, dövrünün adi nazimlərindən
biri olaraq qalmışdır. Əsrinin qabaqcıl maarifçisi kimi, o,
öz qarşısına doğma xalqını maddi və mənəvi əsarətdən,
avamlığın, mədəni geriliyin və cəhalətin pəncəsindən xilas
edib azadlığa çıxarmaq məqsədi qoymuş, bu məqsədə çat-
maq üçün daha təsirli və səmərəli ədəbi formalar, yeni
üsullar axtarmalı olmuşdur. Belə bir forma isə dramatur-
giya idi.
Dostları ilə paylaş: |