Tural Sadıqlı
(Şərqşünaslıq İnstitutu)
İbn Qeyyİm əl-Cövzİyyə və onun
“əd-Də va əd-Dəva” əsərİ
Əbu Abdullah Məhəmməd ibn Əbi Bəkr ibn Eyyub ibn Qeyyim əl-Cövziyyə orta əsr ərəb və İslam din və ictimai-fikrini böyük ustalıqla qələmə alan ən böyük alimlərdən biridir. Onun dini və mənəvi dəyərlərin qorunması istiqamətində apardığı fəaliyyəti və yazdığı əsərləri həm yaşadığı dövrün cəmiyyətinə, həm də ondan sonrakı əsrlərdə yaşayan nəslə böyük töhfə vermişdir. Əsərlərinin əlyazmalara köçürülərək bu günümüzə qədər saxlanılması onların faydalılığından xəbər verir.
Alim hicti təqvimlə 691-ci, miladi təqvimlə 1292-ci ildə Dəməşqdə anadan olmuşdur. İbn Qeyyimin ilk müəllimi atası Əbu Bəkr ibn Eyyub ibn Səd olmuşdur. O, 723-cü ildə vəfat etmişdir. Onun dəfnində bir çox görkəmli alimlər iştirak etmiş və onu xeyirlə yad etmişdilər. Atası vəfat edərkən İbn Qeyyimin otuz iki yaşı var idi. İbn Qeyyimin elm öyrənməsində, alim kimi yetişməsində və cəmiyyətə xeyirli bir insan olmasında onun böyük təsiri olmuşdur.
İbn Qeyyim bütün ömrünü elmə sərf edərək batilə və haqsızlığa qarşı elmlə mübarizə aparmış, əsərlərində yalnız Allahın dininə, islaha və xeyrə dəvət etmişdir. O, elmi ilə yanaşı çox əxlaqlı, səbirli, təmkinli, mehriban, təqvalı və səxavətli olmuşdur. Onun müasiri İbn Kəsir qeyd edir ki, İbn Qeyyim ona ən əziz insanlardan biri idi. O, gülərüz, səxavətli, xeyir işlərdə irəlidə olan və cəmiyyətin xeyrinə yarayan bir alim idi. Elmə çox həvəsli və bağlı idi. Gecə və gündüz oxuyurdu. Səbirli idi. Bir müsibətə uğradığı zaman səbir edər, yalnız Allahdan kömək diləyər, yenə də elmdən və mütaliədən uzaqlaşmazdı. Məsələn, həbsə məruz qaldığı zaman vaxtını Quran oxumaq, Allahın ayələri və dini barəsində düşünməklə keçirərdi. Bu da ona yazmaq üçün yeni fikir qapıları açırdı. İbn Qeyyim abid və zahid biri olmuşdur. Onun əsərlərini, xüsusilə də “Mədəric əs-salikin”i oxuyan görər ki, onun qəlbi Allaha iman və yəqinliklə dolu, əzaları isə Allaha ibadətlə məşğul olmuşdu. İbn Kəsir onun haqda belə qeyd edir: “Dövrümüzdə bu dünyada ondan daha çox ibadət edən tanımıram”. İbn Qeyyim dünya malına tamah etməmiş və həyatını zahidliklə yaşamışdır. O, zəruri ehtiyaclarından başqa mal-dövlətə sahib olmamışdı. Hətta oğlu İbrahimə vermək üçün bir şeyi olmadıqda, “Tuhfətul mövdud” əsərini ona ithaf edərək yazmış və ona belə demişdi: “Mənim sənə verəcək dünya malım olmadığı üçün sənə bu kitabı ithaf edirəm”.
İbn Qeyyim əl-Cövzi dövrünün Sünnəyə möhkəm bağlı və bidətə qarşı kəskin müvqe nümayiş etdirən alimlərindən olmuşdur. Əsərlərini oxuduqca, sonradan əlavə edilmiş və İslama nisbətləndirilmiş əməlləri nə qədət sərt tənqid etdiyinin şahidi oluruq. Öz əsərlərindən başqa, məşhur alim Şövkani onun bu fəaliyyətini bu sözlərlə işıqlandırır: “Bir sözlə, o, Sünnəni yayan ən görkəmli simalardan biri olmuşdur. Sünnə ilə bidətlər arasında möhkəm bir sədd çəkmişdir. Allah ona rəhmət eləsin!”
İbn Qeyyim həyatında bir çox əziyyətlərə məruz qalmışdır. Onlardan biri də hicri 726-cı ildə həbs edilməsidir. Yaşadığı dövrdə insanlar İbrahim peyğəmbərin qəbrini ziyarətgaha çevirib ondan kömək diləyir və s. bu kimi İslama zidd əməllər edirdilər. İbn Qeyyimin müəllimi İbn Teymiyyə bu hala qarşı sərt sıxış etmiş və əleyhinə fətva vermişdi. Ona görə də onu həbs edib Dəməşq qalasının zindanına atmışdılar. Sonra ölkənin qazilər qazisi İbn Teymiyyənin ətrafındakı yaxın adamların da həbs edilməsi barədə fətva vermiş və İbn Qeyyim də öz müəllimi ilə yanaşı həbs həyatı sürməyə məhkum edilmişdi. O dövrün qaziləri İbn Teymiyyəni qəbirləri ziyarət etməyi mütləq inkar edən kimi qələmə vermişdilər. Lakin bu, belə deyil. Mümkün deyil ki, o, Peyğəmbərin “Qəbirləri ziyarət edin! Çünki onlar sizə Axirəti xatırladır” hədisindən bixəbər olsun. Əksinə o, əsərlərində bu barədə danışmışdır. Lakin onun qarşı çıxdığı peyğəmbərlərin qəbirlərini ziyarət edib orada şirk, küfr və bidət kimi əməllərin edilməsi idi. İbn Qeyyimin həbs edilməsinə səbəb isə onun peyğəmbərləri vasitəçi tutmağın əleyhinə danışması idi. Hicri 728-ci ildə İbn Teymiyyə həbsdə dünyasına dəyişdi. İbn Qeyyim isə onun vəfatından bir qədər sonra azadlığa buraxıldı. Lakin alim bundan sonra da müxtəlif təqiblərə və əziyyətlərə məruz qalmışdı.
Orta əsr alimləri üçün xarakterizə edilən səyahətlər İbn Qeyyimə də aid edilməlidir. Belə ki, o da biliyini artırmaq və zəmanəsinin görkəmli alimləri ilə görüşmək üçün bir neçə səyahət etmişdir. Məsələn, bir neçə dəfə Qahirədə və dəfələrlə həcc mövsümündə Məkkədə olmuşdur. Bunlarla yanaşı alim Qüds, Bələbəkkə və digər Şam ətrafı bölgələrə də səyahətlər etmişdir.
Alimin 98 əsəri mövcuddur. Onların ən məşhurları aşağıdakılardır:
-
Zədul miad fi hədyi xeyril ibad
-
İlamul muvaqqiin an rabbil aləmin
-
Hidayətul həyarə fi əcvibətil yahud van nasara
-
İğasətul ləhəfən min masayidiş şeytan
-
Əl-Cavabul kəfi limən səalə anid dəvaş şafi (əd-Də va əd-Dəva)
-
Bədəiul fəvaid
-
Əl-Fəvaid
-
Ər-Ruh
-
Hadil ərvah ilə bilədil əfrah
-
Kitəbus salət va əhkəmu tarikihə
-
Ət-Tibbun nəbəvi
-
Məaricul qubul
-
Miftəhu dəris səadə
-
Mədəricus salikin
-
Əs-Səvaiqul mursələ aləl cəhmiyyəti val-muattələ
-
Əl-Kəfiyətuş şafiyə fin nəhv
-
Əl-Kəfiyətuş şafiyə filintisari lilfiqatin naciyə
-
Əl-Kəlimut tayyib val-amalus salih
-
Əl-Kələmu alə məsələtis sima
-
Əl-Mənarul munif fis-sahih vad-daif
-
Əl-Furusiyyə
-
Tariqul hicrateyn va bəbus səadəteyn
-
Ət-Turuqul hukmiyyə
-
Zəmmul həva
Müəllifin ən məşhur əsərlərindən biri “Əd-Də va əd-Dəva”dır. Tərcüməsi “Sağaldıcı dəva barəsində sual verənə kifayətedici cavab” olan bu kitab “Əd-Də və əd-Dəva”, yəni “Dərd və Dəva” adı ilə dəfələrlə ərəb dilində çap edilmişdir. Bu kitab nəfslərin tərbiyəsi, günahlardan təmizlənməsi yolları və səmimi tövbə etməsi üsulunda yazılmış ən mükəmməl kitablardan biri hesab olunur. Kitabın müəllifi qəlb xəstəlikləri üzrə bir mütəxəssis, qəlblərin müalicəsi məsələsini araşdıran məharətli bir təbib olmuşdur. Onun müalicə üsulu bir çoxlarının təbliğ etdiyi yunan midriklərinin üsulu deyil, Allahın kitabına və Onun peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) Sünnəsinə söykənən ən mükəmməl üsuldur.
Kitabın əvvəli müəllifə verilən bir sualla başlanır. Sual belədir: “Bir bəlaya düçar olmuş və bunun davam etməsilə dünya və Axirət işlərində ziyana uğrayacağını bilib var gücü ilə onu aradan qaldırmağa çalışan, ancaq bacarmayan, əksinə bu bəlanı daha da artıran və şiddətləndirən kəs barəsində fikir nədir? Bunu dəf etməyin və çarəsini tapmağın yolu nədədir?”
Müəllif bu suala qısa bir cavab verməyi məqsədəuyğun hesab etmir və həmin bəlaya düşməyin səbəblərini araşdırır, ona aparan yolları izah edir. Qəlb xəstəliklərini törədən amillərə toxunur, onların acı aqibətlərini sadalayır. Əvvəla o xəstəliklərə düşməməyin çarəsini, sonra isə düşdükdən sonra onların müalicəsini bəyan edir. Müəllif duaya, onun qəbul olma şərtlərinə, günahların acı aqibətlərinə, zərərlərinə, Allah barəsində hüsnü-zənlə Onun rəhməti ilə özünü aldatmaq arasındakı fərqlərə, Allaha həqiqi ibadət etməyə, şirkə, həqiqi tövhidə, eşqin formalarına, dünya eşqlərinin və görkəmlərə aşiq olmağın dünya və Axirət zərərlərinə və s. mövzulara aid mükəmməl fəsillər ayırır.
Kitab ilk dəfə hicri təqvimlə 1307-ci ildə Hindistanda nəşr edilmişdir. Daha sonra Misirdə nəşr edildi. İlk nəşlər içərisində məşhur alim Məhəmməd Muhyiddinin hicri on üçüncü əsr əlyazması əsasında nəşr etdidiyi kitab diqqəti daha çox cəlb edir. Azərbaycan dilinə tərcümə edilərək Azərbaycan oxucularına təqdim edilən bu kitabın ərəbcəsi hicri səkkizinci əsrə aid dörd nüsxənin tekstoloji təhlilindən sonra ərsəyə gələn əsərdir. Nüsxələrdən biri müəllifin ölümündən on doqquz il sonra köçürülmüşdür.
Bir çox orta əsr alimləri bu kitabı müəllifinin adı ilə öz kitablarında qeyd etmişlər. Ən birincisi müəllifin öz tələbəsi Hafiz İbn Rəcəb, sonra Şəmsəddin əd-Davudi, Hacı Xəlifə, İbn Abbad, Şövkani və s. alimlər bu kitabın adını çəkmişlər.
Qeyd etdiyimiz kimi, bu kitab ilk dəfə Hindistanda “Sağaldıcı dəva barəsində sual verənə kifayətedici cavab” adı altında nəşr edilmişdi. Daha sonra Qahirədə də eyni adla iki dəfə nəşr edildi. Lakin hicri 1377-ci ildə Məhəmməd Muhyiddin Əbdülhəmid “Dərd və dəva” adı ilə kitabı nəşr ettirdi.
Müəllif kitabının adını müqəddimədə qeyd etməyib. Əslində kitabın müqəddiməsi də yoxdur. Kitab verilən suala cavab verməklə başlayır. Lakin müəllifin tələbəsi İbn Rəcəb kitabı “Əd-Də və əd-dəva”, yəni “Dərd və dəva” adlandırmışdır. Davudi, İbn Abbad və Şövkani də kitabı bu cür adlandırmışdır.
Kitabın üç nüsxəsi İbn Rəcəbin (h. 736-795) sağlığında köçürülmüşdür. Birinci nüsxə hicrətin 770-ci, ikincisi 785-ci, üçüncüsü isə 791-ci ildən əvvəl yazıya köçürülmüşdür. Hər üçü “əd-Də və əd-Dəva” adını daşımışdır. “Sağaldıcı dəva barəsində sual verənə kifayətedici cavab” adını isə ilk dəfə hicri 1068-ci ildə vəfat etmiş Hacı Xəlifə istifadə etmişdir. Biz də kitabın “əd-Də və əd-dəva” adını əsas götürüb Azərbaycan oxucusuna “Dərd və dəva” adında təqdim etdik. Çünki kitabın bir çox yerində dərd və dəva sözləri yanaşı işlənir.
Qeyd edək ki, kitabın hicri 1100-cü ilə aid olan Bağdad nüsxəsində kitabın adı yerində “Bu, dərdin dəvası kitabıdır” yazılmışdır.
Kitabın bütün əlyazma nüsxələrində müəllifin adı İbn Qeyyim əl-Cövziyyə kimi yazılmışdır. Lakin Fuad Səlimə aid olan və üzərində “hicaz xəzinəsi” möhrü vurulmuş nüsxədə əsərin başlıq səhifəsində bu cür yazmışdır: İbn Qeyyim əl-Cövzinin “Dərd və dəva” kitabı. Lakin heç şübhəsiz ki, müəllifi İbn Qeyyim əl-Cövziyyə və İbn əl-Cövzi arasında bir qarışıqlıq edilib. Bu qarışıqlıq bəzən İbn Cövzinin bəzi əsərlərinin nüsxələrində onun adının İbn Qeyyim əl-Cövzi kimi keçmişdir. Bu ya bilməməzlikdən, ya da diqqətsizlikdən baş vermişdir. Çünki müəllifin adı, vəsfləri və ləqəbləri ilə birgə başqa nüsxələrdə olduğu kimi bu nüsxənin əvvəlində də qeyd olunmuşdur. Kitabda yazılış üslubu, metodu və mövzusu onun İbn Qeyyimə aid olmasını təsdiqləyir. Məsələn, müəllif kitabın “Eymənul Quran” adlı kitabından sitat gətirmişdir. Orada deyilir: “Əgər qul layiqincə fikirləşsə, onda görə bildiyi və ya bilmədiyi hər şey onu Allahın tövhidinə gətirib çıxarar, peyğəmbərliyə və Axirətə iman gətirməsini və Quranın Allah kəlamı olduğuna inanmasını təmin edər. “Eymanul Quran” kitabında imana gətirən bu cür vəsilələrdən geniş söhbət açmışıq. Allah təala buyurur ki, “And içirəm gördüklərinizə, Və görmədiklərinizə ki, O, çox möhtərəm bir elçinin sözüdür!” (əl-Haqqə, 38-40) Habelə Allah təala buyurur ki, “Sizin özünüzdə əlamətlər vardır. Məgər görmürsünüz?” (əz-Zariyat, 21).
O kitab isə “Ət-Tibyən fi əqsamil Quran” adı ilə nəşr olunmuşdur. Nəşr olunan həmin kitabın iki yerində – 109 və 190-cı səhifələrində bu mətn olduğu kimi vardır. Başqa bir yerdə isə müəllif Allahın əmrlərini yerinə yetirən mələk tayfasına and içməsini qeyd edir və bildirir ki, bunun mənasını və onlarla and içməyin sirrini “Eymanul Quran” kitabında qeyd etmişik”.
Həmçinin, müəllif bir neçə dəfə müəllimi İbn Teymiyyənin sözlərini sitat gətirir. Habelə, müəllifin bu əsərdə qeyd etdiyi mətnlərin və şeirlərin bir qisminə onun başqa əsərlərində də rast gəlmək olur. Məsələn, müəllif bildirir ki, “Allah müqəddəs kitabında dünya və Axirətdə xeyrə və ya şərə nail olmağın yollarını əməllərə əsasən gerçəkləşdiyini bəyat etmişdir. Səbəb və nəticə prizmasından yanaşılaraq deyilir ki, savab ibadət və xeyirxahlıqla, əzab isə küfr və günahlarla qazanılır”. Sonra isə deyir ki, “Quranda buna aid misallar mindən artıqdır”. Müəllif bu ifadəni “Miftəhu dəris səadə” (Səadət evinin açarı) (1/363) əsərində bu sözlərlə bildirir: “Bu, Quranda yüz, yaxud da iki yüz yerdə keçsəydi, bəlkə də bir-bir qeyd etmək olardı. Lakin bu haqda müxtəlif şəkildə mindən artıq yerdə söhbət açılır”. Həmçinin, müəllif Yusif əleyhissalam barəsində ibrət və hikmətlərlə dolu faydalardan söhbət açır və onların sayının mindən artıq olduğunu deyir. Məsələn müəllif həmin fikri özünün digər bir əsəri olan “Şifaul əlil”də (səh 224) bildirir. Həmçinin, müəllifin “Kim aşiq olar və onu gizlədər, iffətini qoruyar və səbir edərək ölərsə, şəhid olar” hədisi barəsində bildirdiyi fikrinə eyni şəkildə onun “Zədul miad” (Qayıdış azuqəsi) (4/275) və “Rovdatul muhibbin” (Sevgililər baxçası) (səh. 287) əsərlərində də rast gəlinir.
Həmçinin müəllif əsərdə bildirir ki, o, bir dəfə Məkkədə qalmış, həmin vaxt xəstəliyə tutulmuş, amma bir həkim tapa bilməmişdir. Ona görə də Fatihə surəsi ilə özünü müalicə etmişdir. Müəllif bu sözləri özünün “Zədul Miad” (4/178) və “Mədaricus salikin” (1/57-58) əsərlərində də qeyd edir.
Göründüyü kimi, kitabın əvvəlində sual verən bəlanın növünü və formasını açıqlamır. Həmçinin, müəllif cavab verərkən bəlanın hər hansısa bir növünə toxunmur, ümumi cavab verir.
Müəllif qəlb xəstəliklərini sadalayarkən onların birinin eşq olduğuna toxunur. Müəllifin fikrincə eşq formasına, səbəblərinə və müalicəsinə görə digər xəstəliklərindən fərqlənir. Əgər bu xəstəlik insanda güclənər və dərin kök salarsa, onun müalicəsi təbiblərin fəaliyyət sahəsindən çıxar. Müəllif bu barədə özünün digər əsəri olan “Zədul Miad”da da söhbət açır. Əsərin bir çox mövzularının əvvəlində sual qoyulduğu kimi müəllif bu mövzunu verilən suala cavab əsasında başlayır.
Müəllif məsələlərə toxunarkən öz sələfi və müəllimi İbn Teymiyyənin metodundan istifadə etmişdir. Yəni, nisbətən və ya tam ixtilaflı olan hər hansı bir mövzuya toxunarkən ilk öncə bacardığı qədər dörd məzhəb imamlarının rəylərini qeyd edər, sonra üstün rəyi vurğulayır. Müəllifin bu metod barəsində xüsusi qeydləri də vardır.
Qeyd edildiyi kimi, müəllif əsərini verilən suala cavabla başlayır: “Həmd Allaha məxsusdur. Buxarinin “Səhih” əsərində Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurur: “Allah elə bir dərd endirməyib ki, onun dəvasını da endirməsin...” Müəllif əsərdəki mövzuları bir-biri ilə əlaqələndirmiş və bir mövzudan digərinə əlaqəli şəkildə keçmişdi. Əsərin mövzularını beş qismə bölmək olar:
-
Dua və özünü aldatmağa yol vermədən Allah barəsində hüsnü zəndə olmaqla bağlı fəsillər. Müəllif burada Quranın fəzilətindən və onun bir şəfa olmasından söhbət açır. Onun sözlərinə görə Quran ayələri, zikrlər və dualar şəfalıdır. Daha sonra müəllif duanın qəbul olma şərtlərini və dua etmək üçün əlverişli məqamları xatırladır. Bu mövzuda ayələr, hədislər və görkəmli şəxsiyyətlərin və alimlərin fikirlərini qeyd edir.
-
Günahların qədəri əzabları ilə bağlı fəsillər. Müəllif qeyd edir ki, dünya və Axirətdə bütün bəlaların səbəbi günahlar və Allaha qarşı asiliklərdir. Bildirir ki, ata-anamızı Cənnət diyarından, habelə İblisi səma mələrinin içərisindən çıxardan günah olmuşdur. Həmçinin, qədim ümmətlərə gələn bəlalar və əzabların hamısı onların qazandıqları günahlara görə olmuşdur. Müəllif bu mövzu barəsində yüz səhifədən artıq yazmışdır.
-
Günahların şərii cəzas və əzabları. Müəllif günahların insanların həyatında səbəb olduğu bəla və əzablara toxunduqdan sonra onların şərii cəzaları barəsində də məlumat vermişdir. Müəllif burada günahları böyük və kiçik olmaq üzrə iki yerə bölmüş, lakin günahlara Allaha qarşı bir üsyankarlıq olduğu prizmasından yanaşaraq onların hamısının böyük olduğunu vurğulamışdır.
-
Eşq bəlasının əlacı ilə bağlı fəsillər. Müəllif eşqin və sevginin tərifini bildirir, onların formalarını və şəkillərini sadalayır, daha sonra eşqə mübtəla olmamağın yollarının, mübtəla olduqdan sonra isə onun əlacı yollarını göstərir.
-
Eşqin faydalı yönləri ilə bağlı fəsillər. Bu hissə əvvəlki hissənin davamıdır. Müəllif burada eşqə düşənlərin dilindən eşq barəsində fikirləri bildirir, onların hekayələrini xatırladır və eşqin faydalı cəhətlərini qeyd edir.
Müəllif bu əsəri yazarkən olduqca qiymətli mənbələrə istinad etmişdir. Müəllif onların bəzilərinin adlarını müəllifləri ilə birgə qeyd etmişdir. Bunlar aşağıdakılardır:
Əl-Xəraiti “İtilalul qulub”, Əl-Xatib əl-Bağdadi “Tarixu Bağdad”, İbn Tahir “Təzkiratul mövduat”, İbn Nueym “Hulyətul övliya”, İbn Tahir “Zəxiratul huffaz”, İmam Əhməd “Kitabuz zuhd”, Abdullah ibn Əhməd “əs-Sünnə”, İbn əl-Cövzi “əd-Duafə”, Əbdülhəqq əl-İşbili “əl-Aqibə”, İbn Adiy “Əl-Kamil”, İbn Əbi Dünya “Mənaqib Ömər” və s.
Eyni zamanda İbn Qeyyim bəzi müəlliflərin adlarını çəkərək fikirlərini qeyd etmiş, lakin həmin fikirlərin hansı əsərlərdə olduğunu bildirməmişdir. Məsələn, İmam Əhmədin, İbn əl-Cövzinin, İbn Həzmin, Əl-Xəraitinin, əl-Xətib Bağdadinin, Şihabəddin Mahmud ibn Süleymanın, İbn Əbi Dünyanın, Əbu Abdullah əl-Hakimin, Əbu Talib əl-Məkkinin, ət-Tahavinin, Əbu Ubeydin, Əbul Vəfa ibn Əqilin, Əli ibn Cədin, Məhəmməd ibn Xələf əl-Mərzbanın adlarını çəkərək onlarını fikirlərini qeyd etmişdir.
Bəzən də müəllif “bəzi alimlər”, “alimlərdən biri” və s. bu kimi ifadələrdən istifadə edərək bəzi mənbələrə işarə etmişdir. Lakin müəllif belə ifadələrlə gətirdiyi sitatların çoxunu özünün digər əsərlərində müəlliflərinin adlarını çəkərək bildirmişdir.
Dostları ilə paylaş: |