1.2. Dövlət büdcəsinin layihəsinin əsas göstəriciləri “Azərbaycan 2020:Gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş maliyyə dayanıqlılığı baxımından optimal makrofiskal çərçivənin formalaşdırılması hədəfi gəlir və xərclərin ÜDM-ə faiz nisbətinin optimallaşdırılmasını şərtləndirmişdir. Bu əsasda, dövlət büdcəsinin gəlir və xərclərinin ÜDM-ə faiz nisbəti qarşıdakı ildə müvafiq olaraq 25,2% və 28,2% nisbətində proqnozlaşdırılmışdır.
1.2.1 .Dövlət büdcəsinin gəlirlərinin təhlili Növbəti ildə dövlət büdcəsinin gəlirləri üzrə əsas diqqət qeyri-neft sektorunun inkişafının daha da stimullaşdırılması ilə əlaqədar olaraq qeyri-neft gəlirlərinin həcmi büdcə gəlirlərinin nəznində xüsusi çəkisinin artırılmasına, həmçinin Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən transfertin azaldılması istiqamətində siyasətin davam etdirilməsinə, vergi və gömrük intizamının gücləndirilməsinə, habelə vergi qanunvericiliyinin təkmilləşdirilməsinə, o cümlədən əvvəlki illərdən qalmış vergi borclarının dövlət büdcəsinə ödənilməsinə, habelə həm vergi həm də gömrük ödənişləri üzrə tətbiq olunan vergi güzəştlərinə yenidən baxılmasına, vergi daxilolmaların yığım əmsalının artırılmasına və s. istiqamətlərə yönəldiləcəkdir.
“Azərbaycan Respublikasında 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsində (Maddə 1) büdcənin gəlir hissəsi 14566,0 mln. manat məbləğində olacağı proqnoz edilmişdir. Bu, 2014-cü ilin icra göstəricisi ilə müqayisə edildikdə 3834,6 mln. manat yəni 20,8% az, 2015-ci ilin proqnoz göstərici ilə müqayisə edildiyi zaman isə 4872,0 mln. manat yəni ya 25,1% az, cari ilin sonuna gözlənilən icra ilə müqayisədə isə 2514,0 mln. manat və 14,7% azdır nəticəsinə gəlinir.
“Büdcə zərfi”nə daxil olan məlumatlarda proqnozlaşdırma zamanı xam neftin dünya bazarlarında qiyməti hazırkı konyunktura nəzərə alınmaqla 50 ABŞ dolları nisbətində müəyyən edildiyi qeyd olunmuşdur.
Ümumiyyətlə, istər iqtisadi, istərsə də siyasi amillərin təsiri altında formalaşan neftin qiyməti təbii resursla zəngin dövlətləri öz fiskal siyasətlərinə müvafiq düzəlişlər etməsini şərtləndirmişdir. Belə ki, son iki ilin dövlət büdcəsi layihəsinin hazırlanması zamanı istər OPEK-ə üzv dövlətlər, istərsə də digər neft ixracatçıları makro-fiskal çərçivənin formalaşdırılması baxımından daha ehtiyatlı davranmışdır
(Cədvəl 1).