Problemin qoyuluşu və öyrənilmə səviyyəsi. İnsanlar öz əmək
fəaliyyətlərini inkişaf etdirdikcə təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması
da zəruri hal alır. Bildiyimiz kimi, işçilər hər bir müəssisənin “onurğa sütununu”
təşkil edir. Onların həyat və sağlamlığına dəyəcək hər bir zərər özünü müəssisənin
normal fəaliyyətindən uzaqlaşmasında göstərə bilər. Bu baxımdan bütün
müəssisələr öz işçilərinin qayğısına qalmağa, onların təhlükəsiz iş şəraiti ilə təmin
olunmasına borcludur.
Əməyin təhlükəsizliyi, onun təşkili və idarə edilməsi problemlərinin müxtəlif
aspektləri azərbaycanlı alimlər F.Şıxəliyev, Yunis Heydər oğlu Bünyətov,
M.M.Həsənov, C.Q.Abbasov, O.R.Əliyev, N.Cəfərov, Ə.Q.Abbasov, K.Kərimov,
N.Ə.Əliyev və başqaları tərəfindən tədqiq olunmuşdur.
SOCAR-da əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı məsələlər
G.O.Mirheydərova, M.A.Mehrabov, A.T.Rəhmanova, Y.Əhmədov, T.Rəhimov
tərəfindən tədqiq edilmiş, rəhbər tutulan kitablar hazırlanmışdır.
Tədqiqatın məqsəd və vəzifələri. Dissertasiya işinin məqsədi əmək
mühafizəsinin hüquqi təminatının mövcud vəziyyətinin öyrənilməsi, əməyin
mühafizəsi ilə bağlı imkanların araşdırılması, SOCAR timsalında əməyin
təhlükəsizliyi ilə bağlı olan məsələləri tədqiq edib öyrənilməsi əsasında bu sahədə
yarana biləcək problemlərin qarşısının alınması üçün elmi cəhətdən əsaslandırılmış
konkret təklif və tövsiyyələrin hazırlanmasından ibarətdir.
Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr
müəyyənləşdirilmişdir:
-
Müəssisədə əmək şəraitini təhlil etmək;
-
Əməyin təhlükəsizliyi amillərini araşdırmaq;
-
İstehsalat sanitariyasını qiymətləndirmək;
-
Müəssisədə əməyin təhlükəsizliyinin təşkili və ona nəzarət üzrə işləri tədqiq
etmək.