Normada formalı elementlər qan damarlarının mərkəzi ilə cərəyan edir. İltihab zamanı isə damar divarının keçiriciliyinin artması nəticəsində plazma itirilir, qan cərəyanı yavaşıyır, leykositlər mərkəzi silindrik cərəyan sahəsindən ayrılır və damarın divarına yaxınlaşır, yəni marginasiya yaranır. Daha sonra leykositlər qan cərəyanı istiqamətində endotel qatının səthi boyunca yuvarlanır (rollinq).
Rollinq endotel səthinin, leykositlərin üzərindəki selektinlər adlanan adheziya molekullarının və onlara müvafiq liqandların iştirakı ilə yaranır. Endotelin səthi üzərində E-selektin, P-selektin və L-selektinə uyğun liqand (CD 34), leykositlərdə isə müvafiq olaraq L-selektin və endotel üzərindəki selektinlərə uyğun liqand – Sialil-Levis (Sialyl-Lewis) X-qlikoproteini var. P-selektinlər endotel hüceyrələrdə daim sintez olunur və əsasən hüceyrənin daxilində xüsusi sekretor Veibel-Palade cisimciklərində yerləşir. İltihab mediatorlarının – histamin, trombin və ya PAF-ın təsiri altında bu cisimciklər bir neçə dəqiqə ərzində plazmatik membrana doğru yerini dəyişir, P-selektin hüceyrə səthinə ekspressiya olunur və leykositlərin membranı ilə liqandlar vasitəsilə birləşir. E-selektinlər isə zədələnmə zamanı toxumalarda yaranan sitokinlərin – IL-1 və TNF-in təsiri ilə endotel hüceyrələrin fəallaşmasından bir neçə saat sonra sintez olunur və bu hüceyrələrin membran səthinə çıxır.
Adheziya və transmiqrasiya
Leykositlər endotel hüceyrələri və bazal membrandan ekstravaskulyar sahəyə keçməzdən əvvəl endotel səthə sıx yapışır (adheziya).
Adheziyanın baş verməsi üçün leykosit membranında yerləşən inteqrinlər endotel hüceyrə üzərindəki liqandlarla birləşməlidir. İnteqrinlərin normada adheziya xüsusiyyəti zəif olur. Xemokinlərin iltihab zamanı endotel səthindəki proteoqlikanlarla birləşməsi nəticəsində inteqrinlər yüksək adhezivlik xüsusiyyəti əldə edir.
Eyni zamanda TNF, IL-1 və digər sitokinlər endotel hüceyrələri fəallaşdıraraq, liqandlarını artırır. Bu liqandlara ICAM-1 (intercellular adhezion molecule – hüceyrəarası adheziya molekulu) və VCAM-1 (vascular cell adhezion molecule– vaskulyar hüceyrə adheziya molekulu) aiddir. Adətən LFA-1 və Mac-1 inteqrinləri ICAM-1, VLA-4 isə ona uyğun liqandla – VCAM-1 ilə birləşir. Sonra leykositlər endotel hüceyrələrin arasından keçir. Leykositlərin və endotel hüceyrələrin üzərindəki PECAM-1 (platelet-endothelial cell adhezion molecule – CD31) leykositlərin transmiqrasiyanıtəmin edir.