4.2. Litostratiqrafiya
Kembriyəqədər-alt Paleozoy törəmələri Kiçik Qafqazda Lök massivində öyrənilmişdir, müxtəlif metamorfik süxurlardan (mikalı, muskovitli-xloridli şistlər), amfibolitlərdən, qneyslərdən, kvarsitlərdən, mərmər və filitlərdən təşkil olunmuşdur.
Misxan massivində metamorfik bünövrənin kəsilişinin əsasını Arzakan dəstəsi təşkil edir. Bu dəstə əsasən kvarslı-mikalı, qismən qrafitləşmiş şistlərdən təşkil olunmuşdur, görünən qalınlıq 500 m-dir. Onun üzərində uyğun olaraq Bjnuyal dəstəsi yatır, litoloji tərkibcə xloritli şistlərdən, gilli-qrafitli, gilli-şist təbəqələrindən, dolomit, mərmər, hematit, maqnetit linzalarından ibarətdir, qalınlığı 200-400 m-dir. Yuxarıda Dzoraqlux dəstəsi yatır. Bu dəstə üst hissədə amfibolitdən, şistlərdən, alt hissədə isə epidotlu xloritli şistlər və mərmər linzalarından ibarətdir, qalınlığı 600-1000 m-dir. Nisbətən yuxarıda Aqveran dəstəsi yatır. Bu dəstənin kəsilişi alt hissədə konqlomeratla başlayır, zəif metamorfikləşmiş diabaz porfiritlərindən, onların tuflarından, tufagen brekçiyalardan, mərmər və roqovik linzalardan ibarətdir, qalınlığı 800 m-dir. Zəngəzur antiklinoriumunda bu dəstənin ümumi qalınlığı 1,7 km-dir.
Silur. Kiçik Qafqazda Silur sisteminin çöküntüləri məlum deyildir.
Devon sisteminin çöküntüləri Kiçik Qafqazın cənubunda öyrənilmişdir. Daralagöz kəsilişində alt Devon qara əhəngdaşı və argillitdən təşkil olunmuşdur, qalınlığı 700-800 m-dir. Orta Devon Eyfel mərtəbəsi ilə başlayır. Bu mərtəbə bitumlu mərcanlı əhəngdaşından, qumlu-mergelli təbəqələrdən ibarətdir, qalınlığı 350-400 m-ə çatır. Jivet mərtəbəsi qumdaşı, bitumlu əhəngdaşı, qumlu mergelli təbəqələrdən ibarətdir, qalınlığı 290-470 m-dir. Üst Devonun kəsilişinin aşağı hissəsində qalınlığı 35-75 m-ə çatan mergelli əhəngdaşı və qumdaşı qatı (Danzik qatı) yatır. Famen mərtəbəsi qara gilli şistlərdən, əhəngdaşı, qumdaşı və kvarsit araqatlarından ibarətdir, qalınlığı 350-400 m-dir. Daralagözdə yer səthinə çıxan orta və üst Devonun qalınlığı 1,3-1,6 km-ə çatır (orta Devon- 700-850 m, üst Devon 600-800 m).
Karbon sisteminin çöküntüləri əsasən Devon çöküntülərinin yayıldığı sahələrdə yayılmışdır. Daralagöz sahəsində Devon çöküntülərini uyğun örtür, qumlu şistlərdən, əhəngdaşı, qumdaşı, kvarsitdən ibarətdir (60-250 m).
Alt Karbonun Turney mərtəbəsinin çöküntüləri alt hissədə qonuru mikalı qumdaşından, gilli-kömürlü şistlərdən və qumlu əhəngdaşından (50-125 m), üst hissədə isə əsasən əhəngdaşından (60-150 m) ibarətdir.
Alt Karbonun Vizey mərtəbəsi qalınlığı 50-80 m olan mergelli əhəngdaşından ibarətdir. Alt Karbonun ümum qalınlığı 250-500 m-dir.
Perm sistemi. Kiçik Qafqazın cənub hissəsində alt və üst Perm çöküntüləri Daralagöz və Culfa qalxımlarında yer üzərinə çıxır, əsasən əhəngdaşından ibarətdir.
Daralagözdə alt Perm çöküntüləri Devon və alt Karbon çöküntülərini qeyri-uyğun örtür. Alt Perm qalınlığı 250-600 m-ə çatan əhəngdaşından ibarətdir. Üst Perm isə alt hissədə əhəngdaşı, üst hissədə kömürlü, qumlu və mergelli çöküntülərdən ibarətdir, qalınlığı 100-150 m-dir.
Trias sistemi Kiçik Qafqazda Arazqarşısı zonada öyrənilmişdir. Araz çayının hövzəsində, Daralagözdə və Cufa rayonunda Trias tam kəsilişə malikdir.
Alt Trias qırmızı rəngli əhəngdaşı (Seyssk mərtəbəsi) ilə başlayır, onun üzərində qalınlığı 20 m-ə çatan boz mergelli əhəndaşı (Kampil mərtəbəsi) yatır.
Orta Trias iki dəstədən ibarətdir. Alt dəstə şərti olaraq Anizi mərtəbəsinə aid olunur, az qalınlıqlı əhəngdaşı təbəqələrindən ibarətdir, qalınlığı 150 m-dir. Üst dəstə (Lada mərtəbəsi) oolitli əhəngdaşından ibarətdir, qalınlığı 40 m-dir.
Üst Triasın kəsilişi mergelli əhəngdaşı ilə başlayır. Yuxarıda əhəngdaşı və dolomitin növbələşməsi, daha sonra isə qalınlığı 600 m-ə çatan massiv dolomit və dolomitləşmiş əhəngdaşından ibarətdir.
Yura sistemi. Kiçik Qafqazın şimal hissəsində parçalanmış qədim bünövrə üzərində erkən Yurada geosinklinal çökəklik formalaşmışdır (Lök-Qafan). Kiçik Qafqazın cənub hissəsində bu mərhələdə çöküntütoplanmada fasilə olunmuş və yalnız orta Yuranın əvvəllrində dəniz Naxçıvan çökəkliyinə qayıtmışdır. Alt Yura çöküntüləri Xram və Lök Paleozoy massivlərinin ətrafında, Şəmkir qalxımının tağında, Əsrik və Həsənsu çaylarında yer səthinə çıxır.
Hettanq mərtəbəsi- bazal konqlomeratı, kontinental arkoz və kvarslı qumdaşından ibarətdir.
Sinemyur mərtəbəsi- tünd rəngli mikalı qumdaşı və qara, mikalı argillitin növbələşməsi.
Üstdə yatan qumlu-argillitli qatda Plinsbax və Domer mərtəbələrinin ammonit faunalarına rast gəlinir.
Toar mərtəbəsi- kvars konqlomeratı və qumdaşı, qumlu argillit və qumdaşı təbəqələrindən ibarətdir.
Aalen mərtəbəsi- tünd argillit və mikalı qumdaşından təşkil olunmuşdur.
Bayos mərtəbəsi- böyük qalınlığa malik (2 km) vulkanogen qatdan təşkil olunmuşdur.
Bat mərtəbəsi- qumdaşı, argillit, tufagen süxurların və porfiritlərdən ibarətdir, qalınlığı 1 km-dir.
Naxçıvan zonasında Yura çöküntüləri üst Triasın dolomitlərinin üzərində yatır, litoloji tərkibcə tufagen süxurlardan (bazalt, diabaz porfiritlərdən, tufagenkonqlomeratlardan, tuflardan, eləcə də alevrolitlərdən) təşkil olunmuşdur, qalınlığı 250 m-dir. Orta Yura altda qumdaşı, tufagenqumdaşı və gillərdən (alt Bayos); üstdə isə gil, alevrit, mergeldən (üst Bayos) təşkil olunmuşdur, qalınlığı 150 m-dir. Bat mərtəbəsi uyğun yatır və gil, əhəngdaşı, gilli əhəngdaşından ibarətdir, qalınlığı 65 m-dir.
Kiçik Qafqazda orta və üst Yura çöküntüləri uyğun yatım əmələ gətir.
Kellovey mərtəbəsi- tufagen (tufagenqumdaşı, tufagenbrekçiya, tufagen konqlomerat) və çökmə (argillit, qumdaşı, çınqıl) süxurlardan ibarətdir.
Oksford mərtəbəsi Kelloveydən qumlu əhəngdaşının (altda) olması ilə seçilir. Kəsilişin üst hissəsi orqonogen əhəngdaşı, dolomit, vulkanogen-çökmə süxurlardan ibarətdir, qalınlığı 500 m-dir.
Kimmeric mərtəbəsi Azərbaycanın qərb sərhəddindən Zəngəzura kimi geniş yayılmış porfiritlərdən, onların tuflarından, tufagenkonqlomeratlarından ibarətdir. Şimali Ermənistanda Kimmeric mərtəbəsi əsasən çökmə süxurlardan (əhəngdaşı, dolomit); Gəncə və Tərtər çayları arası sahədə vulkanogen süxurların arasında böyük qalınlığa malik gips linzaları iştirak edir, qalınlığı 600 m-ə çatır.
Titon mərtəbəsi Kiçik Qafqazın ərazisinin əksər hissəsində üzvü və qırıntı əhəngdaşından ibarətdir. Şimali Ermənistanda iştirak etmir. Zəngəzurda əhəngdaşı yalnız linza formasında vulkanogen süxurların (porfirit, tufagen brekçiya, tufagen konqlomerat) arasında yatır. Əhəngdaşından ibarət olan Titonun qalınlığı 400 m, vulkanogen Titonun qalınlığı isə 700 m-ə qədərdir.
Təbaşir sistemi. Erkən Təbaşirdə Kiçik Qafqazın cənub hissəsi, qalan hissəsində isə mərkəzi və şimal hissəsi quru olaraq qalmışdır. Nisbətən tam kəsiliş cənub-şərqdə Həkəri sinklinoriumunda (Bazarçay və Axqiçay hövzəsində) qeyd olunur.
Alt Təbaşir çöküntüləri kəsilişin aşağı hissəsində porfirit və tufagen süxurlardan (Valanjin, Hoteriv), qalınlığı 300-350 m-ə çatan əhəngdaşından ibarətdir.
Alb mərtəbəsi nisbətən geniş yayılmışdır və 3 hissəyə (alt, orta, üst) ayrılır. Alt Alb mergel, qumdaşı araqatlarından (100m); orta Alb tuffit, tuyagen qumdaşı, mergel, argillitdən (500 m-dən çox); üst Alb tufagen qumdaşı, konqlomerat və brekçiya, eləcə də mergel, gil və qismən də əhəngdaşından ibarətdir (350 m-ə qədər).
Üst Təbaşir çöküntüləri Kiçik Qafqazda kifayət qədər geniş yayılmışdır, alt hissədə əsasən vulkanogen, ust hissədə isə karbonat kompleksindən təşkil olunmuşdur, çıxışına və kəsilişinin xüsusiyyətinə görə əsasən 3 struktur-faial zolağa ayrılır:
Şimal zolağı- Kiçik Qafqazın şimal yamacını (Xramçayın hövzəsindən Ağdamın ətrafına kimi).
Mərkəzi zolaq- Göyçə gölünü, Tərtər, Həkəri çayının üst hissəsini və Cənub-Cərqi Qarabağı əhatə edir.
Cənub zolağı- Cənubi-Qərbi Ermənistanı və Naxçıvan MR-in ərazisini əhatə edir.
Senoman bazal konqlomeratı ilə başlayır, əsasən terigen süxurlar (qumdaşı, tufagenqumdaşı, qumlu gillər) üstünlük təşkil edir. Kiçik Qafqazın şimalında Turon, Konyak, alt Senoman əsasən vulkanik lava və piroklastik süxurlardan ibarətdir, qalınlığı Bolnisi çökəkliyində (Cənubi Gürcüstan) 1 km; Gəncə-Ağcakənd çökəkliyində 1,5 km-ə qədər; Tovuz-Ağstafa çökəkliyində 1 km-ə qədərdir.
Üst Santon və Kampan transqressiv karbonat dəstəsindən ibarətdir. Onun bazal konqlomeratları, qumdaşı rənglidir, qırıntı materialları qarışığına malikdir. Əsasən pelitomorf əhəngdaşı, bentonit təbəqələrdən ibarətdir, qalınlığı 300-400 m-dir.
Senoman çöküntüləri Kiçik Qafqazın mərkəzi hissəsində (Göyçə-Qarabağ zonası) yaşılımtıl boz gilin (argilit) və tufagen qumdaşının, mergel, qumlu əhəngdaşı və tufagen brekçiyanın növbələşməsindən ibarətdir, qalınlığı 300-350 m-dir.
Turon çöküntüləri bu hissədə yalnız Martuni çökəkliyində öyrənilmişdir, üzvü əhəngdaşından ibarətdir.
Konyak-alt Santon bu zonada geniş yayılmışdır, qalınlığı 1 km-dən çoxdur, tufagen qatdan, tufagenbrekçiyadan, qismən də tufagenqumdaşı və argillit qatından ibarətdir.
Ağdərə çökəkliyində (cənub-şərqdə) Konyak-alt Santonun kəsilişində vulkanogen süxürlar, əhəngdaşı, mergel və gillər növbələşir və hətta təmamilə onlarla əvəz olunur. Üst Santon əsasən pelitomorf əhəngaşından və mergeldən ibarətdir, qalınlığı Qarabağda 1,2 km-ə çatr. Kampan-Maastrix əhəngdaşı və qumdaşından ibarətdir.
Kiçik Qafqazın cənub hissəsində üst Təbaşir çöküntüləri bir-biri ilə əlaqəsi olan 3 hövzədə (İrəvan, Daralagöz, Ordubad) toplanmışdır.
İrəvan çökəkliyində üst Təbaşir alt Paleozoyun; Daralagöz çökəkliyində orta-üst Paleozoyun və Triasın; Ordubad çökəkliyində isə Yuranın üzərində yatır. Senoman massiv, qırıntı əhəngdaşı qatından ibarətdir, qalınlığı 360 m-ə qədərdir. Turon mərtəbəsi əhəngdaşı, terrigen süxurlardan və konqlomeratlardan təşkil olunmuşdur, qalınlığı 200 m-dir. Alt Konyak Vedi və Xosrov çaylarının hövzəsində porfirit, silisit, mandelşteyn, qlaukonitli qumdaşı və konqlomeratdan ibarətdir.
Üst Konyak və Santon kəsilişin alt hissəsində əhəngdaşı-mergel qatından ibarətdir, qırmızı rəngin səciyyəvi inoseramus faunasının və filizin olması ilə xarakterizə olunur, qalınlığı 800 m-ə qədərdir. Kəsilişin üst hissəsi açıq rənglidir. Kəsilişin ümumi qalınlığı 1,4 km-dir.
Kiçik Qafqazın cənub-şərq ətrafında Araz çökəkliyində, Araz çayının aşağı axınlarında və Bazarçayda Təbaşir çöküntüləri dayaz dəniz çöküntülərdən (gobud qumdaşı, çınqıl, konqlomerat, bitki qalıqları, qumlu-gillli) ibarətdir.
Kaynozoy qrupu Kiçik Qafqazda bir sıra sinklinal çökəkliklərdə toplanmışdır və 3 əsas kompleksə (Danimarka, Paleosen-Eosen, Oliqosen-alt Miosen (Maykop seriyası) və orta-üst Miosen-Pliosen) ayrılır.
Dostları ilə paylaş: |