В статье говорится об использовании турецкое народное стиховорчество в
творчестве Орхана Вели, который создал новый этап в турецкой поезии.
Рассказывается об исползовании поэтом фолклорные мотивы во втором этапе
своего творчества и раскрываются особенности жанра, формы и содержания
стихотворений, в которых нашли свои отрожения эти мотивы и элементы. В
то же время поясняются и причины исползования фолклора Орханом Вели.
Rəyçi: Füzuli Bayat
filologiya elmləri doktoru
Filologiya məsələləri – №5, 2014
434
MƏLƏK BAĞIROVA
AMİ Quba filialı
gulshen_71@mail.ru
LİRİK ŞAİR, MAARİFPƏRVƏR ZİYALİ – SEYİD ƏZİM ŞİRVANI
Açar sözlər: XIX əsr qəzəl ustadı, məşhur satirik, maarifçi ziyalı, fədakar müəllim
Key words: ghazal writer, famous satiric poet, intellectual, enlightener, devoted
teacher
Ключевие слова: мастер газели XIX века, известный сатирик, интеллигент
своего времени, педагог
Seyid Əzim Şirvani ədəbi yaradıcılığa 18-20 yaşlarında lirik şeirlə başlamışdır.
O, klassik şeirin qəzəl, qəsidə, qitə, rübai, müxəmməs, müsəddəs, müstəzad və
tərkibənd kimi janrlarında şeirlər yazmış və müasirləri arasında məliküşşüəra, yəni
şairlərin başçısı adına layiq görülmüşdür. Füzuli lirikasına söykənən lirik
şeirlərində, əski formalarda müasir həyat məsələlərini, insan münasibətlərini real
şəkildə məharətlə əks etdirmişdir. Bu şeir formaları Seyid Əzim qələminin qüdrəti
sayəsində real həyat həqiqətlərinin, cəmiyyətin müxtəlif təbəqələri arasında kəskin
ziddiyyətlərin, dünyəvi hisslərin, yüksək mənəvi keyfiyyətlərin, ülvi məhəbbətin
ifadə vasitəsinə çevrilmişdir. Ən çox da tərəqqi qarşısında keçilməz maneəyə
çevrilən, cəmiyyətdə mürtəce rol oynayan, öz şəxsi mənafeləri üçün dini və şəriəti
təhrif edərək öz istədikləri kimi təlim edən vaiz və axundların fikirlərini alt-üst
etmiş, fiziki və mənəvi zülmün təzyiqi altında inləyən məzlum xalq kütlələrinin
gözünü açmış və onlara həqiqəti anlatmışdır.
Seyid Əzim Şirvani klassik Şərq poeziyasının ustad sənətkarlarının – Firdovsi,
Xəyyam, Xaqani, Nizami, Sədi, Hafiz, Rumi, Cami və Füzuli yaradıcılığını
dərindən öyrənmiş və onların yaradıcılığından bəhrələnərək orijinal şeir nümunələri
yaratmışdır.
Yaxın və orta Şərqi gəzib dolaşan, insanlara fayda verən çox bilikləri əldə
edib öyrənən, vətənində isə sənaye və ticarət burjuaziyasının ilk müvəffəqiyyətli
addımlarını müşahidə edən şairdə həyat və cəmiyyətin inkişaf qanunları haqqında
düzgün qənaətlər yaranmışdır. Başqa sözlə desək, dini-mövhumi təsəvvürlərin
buxovlarından azad olmuş və real həyata baxışı dəyişmişdi. Dünyagörüşündəki bu
dəyişiklik onun yardıcılığında realizm meyillərinin yaranmasına, real istiqamət
almasına səbəb oldu. Bundan irəli gələrək real həyat məsələləri və insan
münasibətləri onun lirikasının əsas ideyasını təşkil etdi. Real hadisə və insan
münasibətlərinin təsviri Seyid Əzim Şirvaninin yaradıcılıq uğurlarını təmin etdi.
Seyid Əzim bədii yaradıcılığa qəzəl yazmaqla başlamışdır. Şərq şeirinin bu məşhur
janrında əsər yazmaq sənətkarın yaradıcılığının bütün mərhələlərində davam
etmişdir. Ədəbi ənənəyə, janrın şərab və qadın məhəbbətinin tərənnümünə sadiq
qalaraq məhəbbətdən doğan iztirabların, ayrılıq dərdi, vüsal həsrəti, sevən, eşq
oduna yanan aşiqin hisslərinin təsviri Seyid Əzim qəzəllərinin mühüm bir qismi
üçün səciyyəvi idi. Aşiq-məşuq münasibətləri bu qəzəllərin əsas məzmununu təşkil
edirdi. Şair məhəbbəti varlığın təməlində duran və yaranmışları fəaliyyətə sövq
Filologiya məsələləri – №5, 2014
435
edən bir qüvvə, eşq aləmini isə insanların bərabərliyini və ləyaqətini təmin edən
məkan hesab edirdi:
...Eşqdir ol qüvveyi cazib ki, xaki –Məkkədən
Etdi cismi-ünsüriyyi, Əhmədi ərşasına. (S.Ə. B-2005 I cild səh.12)
Seyid Əzim klassik şeirin insan gözəlliyini tərənnüm edən və onu bütün
yaranmışların ülvisi hesab etmək ənənəsini davam etdirməklə bərabər, öz
müasirlərinin obrazlarını yaradır, onların səciyyəvi xüsusiyyətlərini, həyat-məişət
qayğılarını, daxili aləmlərini əks etdirirdi. Şairin qəzəllərinin lirik qəhrəmanı hər
şeydən əvvəl onun müasiridir və onunla bir məkanda yaşayır.
Şairin təsvir etdiyi məşuqə həm zahirən gözəl, həm də daxilən kamildir. Bu
gözəl yer üzündə yaradılmış və əfsanələrdə təsvir olunan bütün gözəlliklərdən
üstündür.
Yarım kimi bir sərvü qədgülbədən olmaz,
Rüxsarına bənzər o gülün nəstərən olmaz.
Məcruh olur, ey gül, bədənin sayeyi-güldən
Qurbanın olum mən, belə nazik bədən olmaz.
Başqa bir qəzəlində isə sevdiyi gözəlin dişini dürrə bənzədir ki, belə dürr heç
dəryada da tapılmaz.
Dəryada dişin tək düri-şəhvar tapılmaz
Ləlin kimi kan içrə əqiqi-Yəmən olmaz.
Şair bu gözəllik qarşısında vəcdə gəlir və bu gözəlliyi dərk edib
qiymətləndirməyi bacarmayanları isə heç insan hesab etmir. Belələrini başı noxtalı
heyvana bənzədir.
Heyvandı ki, yox başının əfsarı, həqiqət,
Hər kimsənə kim, aşiqi-vəchi-həsən olmaz.
Şair eyni zamanda öz sevgisi yolunda çəkdiyi iztirabdan zövq alır və onun
yolunda şəhid olmağı bir fədakarlıq hesab edir:
Dəfn eyləyin üryan məni küyündə o mahın,
Şərilə müşəxxəsdi, şəhidə kəfən olmaz. (I c.səh 76)
Şair qəzəllərinin çoxunda qadın gözəlliyini dində müqəddəs sayılan
məkanlardan üstün tutduğunu bildirir və bununla da zahidlərin qəzəbinə tuş gəlir.
Şair canlı insan gözəlliyindən, real qadın varlığından zövq almağı əsl mənalı həyat
hesab edərək yazır:
Hər il ki, Kəbəyə Hüccac tazə-tazə gedərlər,
Bilib ol evdə məgər xaliqi, niyazə geərlər.
Həcər ol xal, üzün Kəbə, qarə örtügü zülfün,
Qoyub səni, niyə hüccaclar Hicazə gedərlər? (I c.səh.14)
Filologiya məsələləri – №5, 2014
436
Şair bu qəzəlində tərki-dünyalığı təbliğ edən vaiz və zahidləri tənqid edir və
onları gözəlin iztirablarına dözməkdə aciz olduqlarını diqqətə çatdırır.
Ey zahidi-xudbin, bilirəm ki, hünərin yox,
Meydani-məhəbbət tərəfə bir güzarın yox. (yenə orada)
Şair başqa bir qəzəlində isə zahidi bu dünyadan və real gözəldən zövq
almağa çağırır, eyni zamanda meyxanəyə getməyi məscidə getməkdən üstün tutur.
Zahidin gər güzarı bir düşə meyzanə sarı,
Kafərəm gər dönə ol məscidi-viranə sarı.
Zahida sən məni meyxara bilirsən, yoxsa,
O nə baxmaqdı həqarətlə bu divanə sarı . (S.Ə.
Seyid Əzim Şirvani ana təbiətin qoynunda sevdiyi gözəllə güzəran
keçirməyi cənnət bağından da üstün tutur. Şairin fikrincə, insanı sevən, onu başa
düşən bir insanla yaşamaq əsl səadət və xoşbəxtlikdir. Odur ki, zahidlərin axirət
qazanmaq üçün bu dünyanın zövqi-səfasından özünü məhrum etməyi bədbəxtlik
sayır. Onu da qeyd edək ki, şair şeirlərində eyni zamanda riyakar vaizləri də tənqid
atəşinə tutur. Çünki onlar xalqa axirətdən, tərki-dünyalıqdan danışsa da öz
əməllərində dürüst deyillər. Elə bu səbəbdən də şair onların iç üzünü cəsarətlə
aşkarlayır və öz fikirlərini söyləməkdən çəkinməmişdir.
Bir biədəblik eyləmədik biz ki vaizə
Bizdən nə sadir oldu ki, dəydi dəmağinə?
Yaxud
Zahidin işi zahirdə əbadır və duadır,
Məlun kişidir, hiyləvü-təzvir nihadır. (I c.səh.15)
Şair xalqı başa salmağa çalışırdı ki, zahidlər və vaizlər onları aldadır, dinin və
şəriətin qanunlarından öz mənafeləri üçün istifadə edirlər. Nəinki əməllərilə, hətta
geyimləri və təsbihləri də xalqı soymaq üçün qurulmuş bir tələdir.
Könül, ta var əlində cami-mey səbhəşümar olma,
Riyayi-xəlqdir, billah, namaz əhlinə yar olma.
Qurub təhtül-hənəkdən dam, səbhədən danə,
Həzər, ey mürği-dil, ol danəvü damə şikar olma.
İmamə ixtiyarın vermə, hərgiz uyma təkbirə,
Onuntək faili-muxtarsan, biixtiyar olma! (I c.səh.14)
Seyid Əzim Şirvani qəzəllərində meyi və meyxanəni mədh edərək məscidə
qarşı, real həyyatdan zövq almağı isə axirətə qarşı qoymaqla din xadimlərinin
qəzəbinə səbəb olmuşdur. Öz zamanında mövhumatçılar onu “kafir” adlandırmış,
sovet dönəminin tənqidçiləri isə onu ateist şair kimi qələmə vermişlər. Lakin Seyid
Filologiya məsələləri – №5, 2014
437
Əzim Şirvani nə kafir, nə də ateistdir. O, tərəqqipərvər ziyalı, maarifçi, fədakar bir
müəllimdir. Onu düşündürən bir amal vardı; xalqı tərəqqiyə, inkişafa doğru
aparmaq. Bunun da yeganə yolu maarif və elm idi. Bu yolda yorulmadan ömrünün
sonunadək mübarizə aparan Seyid Əzim Şirvani xalqının gələcəyinə inanır, gəncləri
maarifləndirməklə vətəninin inkişafına nail olacağına ümid edirdi.
XIX əsrin 70-ci illərindən etibarən şairin yaradıcılığında ciddi yeniləşmə və
müasirləşmə prosesi başlanır. İndi şair, əsasən, öyüdlər, təmsillər, mənzum və
mənsur hekayələr, satirik şeirlər yazmağa başlayır və bədii tərcümələr etməklə
məşğul olur. “Əkinçi”, “Ziya” və “Kəşkül” kimi dövri mətbuat səhifələrində zəma-
nəsinin müxtəlif məsələlərinə aid publisistik yazılar dərc etdirir. Yaradıcılığında sa-
tirik və didaktik pafos üstünlük təşkil edir. “Seyid Əzimin maarifçi poeziya
sahəsində xidmətlərinin gerçəkləşməsində dövri mətbuatın rolu olmuşdur. Onun
maarifçi realist kimi özünütəsdiqində “Əkinçi” qəzetinin, onun ardınca isə XIX əsr
digər mətbuat orqanlarının önəmli xidməti var.” (Tahirə Məmməd XIX əsr
Azərbaycan ədəbiyyatı Bakı-2010, səh.142.)
Seyid Əzim Şirvani Azərbaycan maarifçilik məfkurəsinin demokratik
cəbhəsinə mənsub idi. Seyid Əzim də həmməsləkləri kimi müstəmləkə şəraitində,
dini fanatizmin təzyiqi altında yaşayan Azərbaycan xalqının fiziki və mənəvi
əsarətdən qurtuluş yolunu maariflənməkdə, geriliyi təbliğ edən köhnə adətlərdən
uzaqlaşmaqda, elmi-texniki biliklərə yiyələnməkdə görürdü. Cəmiyyəti səfalətə
sürükləyən təbəqələri kökündən kəsməyin artıq vaxtı çatmışdır. Şair “Qafqaz
müsəlmanlarına xitab” adlı H.Zərdabiyə müraciətlə yazdığı şeirində onun
yaradıcılıq proqramını görmək olar.
...Günün gündən zəlili-xar olduq
Möhnətü qüssəyə düçar olduq.
Bu qədər dərd kim olur hadis
Ona bielmlik olur bais.
Bir bəladır ki, dərdi-nadani,
Ki, onun elm olubdur dərmani.
...İndi naxoşdu milləti-islam,
Ona lazımdı eyləmək əncam.
Dərdimizdi bu dərdi-nadanlıq –
Ki, tutubdur bizi pərişanlıq
Qeyrilər etdilər tərəqqiyi-tam,
Qaldı zillətdə firqeyi-islam. (II c. səh.117-118)
Şair xalqının düçar olduğu bəlalrın əsas səbəbini ruhanilərin fəaliyyətində,
onların təbliğ etdikləri mövhumi təlimilərin gərəksizliyində, başlıca olaraq isə
müasir həyatın tələblərindən uzaq düşməyində görürdü. Ruhanilərin əsas fikri xalqı
soyub-talamaq, onları quru yerdə qoymaqdır.
Hamının fikri xəlqi soymaqdır,
Quru yerdə bu xalqı qoymaqdır.
Filologiya məsələləri – №5, 2014
438
Şair həmvətənlərinin fiziki və mənəvi zülmə məruz qalaraq bir ovuc
imtiyazlı təbəqənin onları insafsızcasına istismarının səbəbini də elmi-texniki tərə-
qqidən, elm və bilikdən geri qalmaqda görürdü. Ona görə də şair xalqını dünyanın
inkişaf ahənginə qoşulmağa çağırır, onları tərəqqiyə səsləyirdi.
Seyid Əzim Şirvani xalqının xoşbəxt gələcəyi haqqında düşünür, onu
dünyanın mütərəqqi xalqları sırasında görməyi arzulayırdı. Elə bu amal uğrunda da
səylə çalışır, mane olanlara qarşı öz qələmilə mübarizə aparır və mövqeyindən
dönmürdü.
Bir maarifçi olaraq Seyid Əzim köhnəni tənqid edir, eyni zamanda onun isla-
hı və yenidən qurulması yollarını da göstərirdi. Şairə görə, müsəlmanların maddi
yoxsulluğunun və iqtisadi tənəzzülünün başlıca səbəbini mədəni gerilikdə görürdü.
Bu geriliyin aradan qaldırılmasının yolunu isə maariflənməkdə və tərəqqidə ax-
tarırdı.
Deyəcəksən ki, ey qərini-ədəb,
Bəs gəlin tazədən açaq məktəb.
Biz bu əmrə görək ki, ey xoşnam,
Hansı qüdrətlə eyləyək iqdam?
Pulumuz varmı ol sərəncamə,
Ta yetişsin fəqirlər kamə?
Əhli-islam eyləyibdi vəfat
Dəxi müşkil tapa bu qövm-həyat.
Məgər ol Əsgəri-Gorani gələ
Neçə məktəb gələdəxi əmələ.
Vəzirov bəlkə eyləyə imdad,
Qıla bu qövmi elm üçün irşad.
Aça onlar da mən kimi məktəb,
Çəkələr ruzi şəb əzabi təəb. (Ic.səh.19)
Maarifçilik ideyalarını yaymaq, məktəbdarlıqla məşğul olmaqla Seyid Ə
zim
öz xalqına bir fayda vermiş olduğunu başa düşür və bu yolunu çətin də olsa
davam etdirirdi. Şair gənc nəslin tərbiyəsində böyük rol oynayan dərslikləri
üzərində çalışır və “Rəbiül-ətfal”, “Tacül-kütub” adlı məcmuələrini dərc etdirir. Bu
kitablarda şairin insanları xeyirxahlığa, zəhmətsevərliyə, vətənpərvərliyə, elm və
tərəqqiyə səsləyən şeirləri toplanmışdır. “Rəbiül-ətfal” dərsliyi Azərbaycan
məktəblilərinin mütaliəsi və ümumiyyətlə, milli uşaq ədəbiyyatı yaratmaq üçün
böyük təşəbbüs idi. Demək olar ki, uşaq ədəbiyyatımızın tarixi də “Rəbiül-
ətfal”dan başlanır. Düzdür, bu vaxta qədər A.Bakıxanovun “Nəsihətlər”,
M.Ş.Vazehlə İ.Qriqoriyevin “Kitabi-türki” Mirzə Nəsrullah Didənin “Kitabül-
nəsayeh” adlı kitablar çap edilmişdir. Lakin “Rəbiül-ətfal”da toplanmış əsərlər
mövzu rəngarəngliyi, ideya xətti və dil sadəliyi baxımından daha diqqətəlayiqdir.
Seyid Əzim Şirvani bu kitabı tərtib edərkən sələflərinin yaradıcılığına müraciət
etmişdir. Şair bildirir ki, elə yazmaq lazımdır ki, şagirdlərin başa düşəcəyi anlaşıqlı
bir dildə olsun. “Rəbiül-ətfal” dərsliyinin müqəddiməsində bu barədə məlumat
verərək bildirir ki, yazıçılar fikirlərini elə qəliz ifadələrlə bəyan ediblər ki, məktəbli
uşaqlar onları dərk etməkdə çətinlik çəkirlər. Seyid Əzim bu məcmuəni tərtib
Filologiya məsələləri – №5, 2014
439
edərkən N,Gəncvinin “Sirlər xəzinəsi”, Sədinin “Bustan” əsərlərinin düzülüş
prinsipinə əsaslanır.
Seyid Əzim də kitabını müstəqil hissələrə ayırmışdır. Klassik ənənəyə
söykənən şair hər bölməni oğluna müraciətlə etik məsələlərə dair baxışlarını ifadə
edən öyüd və nəsihətlərlə başlayır. Burada onun əxlaqi görüşlərinin əsas tezisləri
ifadə olunur. Hər bir öyüd və nəsihətin məzmununu və ideyasını həyatdan, Şərq, o
cümlədən Azərbaycan şifahi və yazılı ədəbiyyatından məharətlə istifadə edərək
fikirlərini əyaniləşdirir. Öyüd və nəsihətlərin münasib hekayə və təmsillərlə
müşayiət olunması, birinin digərini tamamlaması fəsillərin məzmununa bir tamlıq
və bütövlük aşılayır. Öyüd və nəsihətlərdə irəli sürülmüş fikirlərin uşaqlar
tərəfindən mənimsənilməsini asanlaşdırmaq məqsədilə əyaniləşdirilməsi şairi
mənzum hekayə, təmsil, hədis və s. ədəbi formalara, lirik, satirik və didaktik pafosa
müraciət etməyə gətirib çıxarır.
Kitabda müəllifin üzləşdiyi başlıca məqsəd arzuladığı cəmiyyət üçün müasir
ruhlu, əqli və əxlaqi cəhətdən kamil vətəndaş yetirib tərbiyə etməkdən ibarət idi.
Şair kitabın müqəddiməsində onu da yazır ki, bir sıra faydalı mətləblər var ki,
bunları bilmək bütün adamlar üçün vacibdir. Bunlar, əsasən, bəşəriyyərin əsrlər
boyu sınaqdan çıxmış və sabitləşmiş əlaqə və münasibət formalarından, əxlaq
normalarından ibarətdir. Milli fərqlərdən asılı olmayaraq bunların əksəriyyəti bütün
xalqlar üçün müştərəkdir. Seyid Əzim maarifçi görüşlərilə yaxından səsləşən bu
ideyaların təbliğindən ötrü nizamidən üzü bəri Şərq ədəbiyyatı klassiklərinin tez-
tez müraciət etdikləri öyüd və nəsihəti əlverişli saymışdır.
Şairin öyüd və nəsihətləri mövzuların rəngarəngliyi , problemlərin çoxluğu və
aktuallığı baxımından maraqlıdır. Burada diqqətə çəkilən aktual məsələlər uşaqların
marağına səbəb olur. Bir qayda olaraq, şair öyüd və nəsihətlərini oğluna müraciətlə
başlayır. Lakin şair oğlunu şərti olaraq qələmə alır, onun simasında bütün gənclərə
müraciət edir. Bu öyüd və nəsihətlərin mərkəzində zəngin həyat təcrübəsi qazanmış,
həyatın bərk-boşundan çıxmış müdrik şair – atanın surəti dayanmışdır. O, sanki
.şirin və acı həyat təcrübələrindən çıxardığı nəticələri uşaqlarla bölür, onlara nəyin
faydalı, nəyin zərərli olduğunu başa salır, yeniyetmələrə düzgün həyat yolu və
vətəndaşlıq mövqeyi seçməkdə kömək edir. Şairin gənclərə aşılamaq istədiyi ən
ümdə hiss vətən sevgisidir. Yurdsevərlik Seyid Əzimimin güclü təbliğ etdiyi
ideyalardandır. Vətən müqəddəs bir məkandır. Onu sevmək və qorumaq hər bir
vətəndaşın borcudur.
Bir maarifçi kimi Seyid Əzim hər cür dini və irqi təəssübkeşlikdən uzaq idi.
O, uşaqlara da millətçilik təəssübündən uzaqlaşmağı, bütün millətlərə hörmətlə
yanaşmağı tövsiyə edirdi. Ümumbəşəri ideyalara xidmət edən şair insanların
müxtəlif dini etiqadlara bölünmələrinə ehtiyac olmadığını bildirir. Şair gəncliyin
xeyirxah müəllimi idi. O, gənclərin simasında gələcəkdə vətənin tərəqqisini və
abadlığını, xalqın rifahını və mədəni yüksəlişini təmin edən əzəmətli bir qüvvə
görürdü. Seyid Əzim öyüd və nəsihətlərində elmi biliklərə yiyələnməyin faydası,
alimə və müəllimə hörmət , məzlumlara qayğı, qadına ehtiram, mənəvi təmizlik
kimi keyfiyyətlər təbliğ, sadəlövhlük, cahillik, tüfeylilik, hiyləgərlik kimi mənfi
cəhətlər tənqid olunur. Eyni zamanda uzaqgörən pedaqoq yeniyetmələrə həyat
məsələlərini, xalq işi uğrunda döyüş və mübarizə yollarını öyrənməyi zəruri hesab
edir, öyüd və nəsihətlərinin bir hissəsində məişət üçün faydalı olan məsələlərdən
Filologiya məsələləri – №5, 2014
440
söhbət açır, elmi biliklərə yiyələnməyi, müxtəlif dilləri öyrənməyi təkidlə tövsiyə
edir. O cümlədən rus dilini və rus mədəniyyətini öyrənməyin vacibliyini vurğulayır-
dı. Çünki iqtisadi və mədəni cəhətdən inkişaf etmiş ölkələrlə əlaqə saxlamadan biz
də inkişaf edə bilmərik. Odur ki, şair gəncləri başqa millətlərdən və ölkəıərdən yax-
şı xüsusiyyətləri öyrənməyi məsləhət bilirdi.
Cəhd qıl, neməti-təmamə yetiş,
Elm təhsil qıl, məqamə yetiş.
Ey oğul, hər lisanə ol rağib,
Xassə ol rus elminə talib.
Onlara ehtiyacımız çoxdur,
Bilməsək dil, əlacımız yoxdur. Ic.səh.26)
Seyid Əzim Şirvaninin öyüd və təmsillərini bədii cəhətdən də diqqəti cəlb edir.
Bu əsərlərdə şair qəlbinin bütün hərarəti ifadə olunmuşdur. Poetik fantaziyanın yük-
səkliyi, şeiriyyətin güclülüyü, vəzn oynaqlığı və şuxluğu, fikirlərin qüvvətli poetik
vasitələrlə ifadəsi bunları quru mühakimədən”soyuq əxlaqi təlimdən” xilas etmişdir.
“Rəbiül-ətfal”da mənzum hekayələr və təmsillər xüsusi yer tutur. Bu mənzum
hekayələrin əksəriyyəti satirik və didaktik səciyyə daşıyır. Eyni əsərdə satira ilə
didaktika paralel surətdə fəaliyyət göstərir. Bu hekayələrin mövzusu da müxtəlifdir.
Əsas motivlər isə ruhanilərin hiyləgərliyi, kəndlilərin hüquqsuzluğu, qadın əsarəti,
pulun hakim mövqedə durması və mənəviyyata mənfi təsir göstərməsi və s.dir.
Lakin bütün bu rəngarəng problemləri ümumi bir cəhət – cəhalət, nadanlıq və
mədəni geriliyin tənqidi birləşdirirdi. Şair “Əkinçi və xan”, “Allaha rüşvət”
hekayələrində kəndli məsələləsinə müraciət etmişdir. Birinci hekayədə əkinçi və
xan münasibətləri əsas tənqid hədəfləri idi. İllərlə xanların və bəylərin zülmü
altında əzilən, insan yerinə qoyulmayan kəndli onların söyüş və təhqirlərini “iltifat”
kimi qəbul edir. Kəndlilər o qədər yoxsullaşmış, müflisləşmiş, alçaldılıb təhqir
edilmişdir ki, Seyid Əzimin yaratdığı kəndli obrazı da tipik bir surət idi. “Allaha
rüşvət” hekayəsində isə məzlum kəndlilər hər bir iş üçün rütbəlilərə rüşvət verməyə
adət etmişlər ki, yağış yağdırmaq üçün də Allaha rüşvət vermək qərarına gəlirlər.
Kəndli həyatından alınaraq məharətlə ümumiləşdirilmiş bu epizodlar şairə geriliyi,
elmsizliyi və nadanlığı bir daha diqqətə çəkməyə lazım idi.
Bu mənzum hekayələr içərisində ruhani həyatını tısvir və tənqid də geniş yer
tutur. Bu da ondan irəli gəlirdi ki, şair mədəni geriliklə kəskin mübarizə aparırdı.
“Hacı və molla əhvalatı” (Köpəyə ehsan), “Qarınqulu abid”, “Dəli şeytan”, “Qazı
saqqalın yandırır”, “Bəlx qazısı və xarrat” adlı mənzum hekayələrində əsas tənqid
hədəfi din xadimlərinin acgözlüyü və tamahkarlığı, din və şəriət qanunlarını alver
vasitəsinə çevirmələridir. Şair tipik həyat hadisələri və surətləri vasitəsilə
ruhaniliyin iç üzünü açır, onları xalqa tanıtmağa çalışırdı. “Ruhanilik təhsili”,
“Müctəhidin təhsildən qayıtması”, “Elmsiz alim” adlı hekayələrində isə din xadim-
lərinin qabaqcıl və ictimai fikirlərin inkişafında heç bir rol oynamadığını diqqətə
çatdırır. Onlar xalqın tərəqqisinə mane olmaqla yanaşı, onların öyrəndikləri və
öyrətdiklri elm köhnə idi, müasir həyatla səsləşmirdi. Zəhmətkeş kütlənin əlindən
alınan pulun hesabına Şərqin dini mərkəzlərində təhsil almış ruhanilər həm-
vətənlərinə faydalı bir şey verə bilmirdilər. Çünki bu təhsil sistemi köhnə idi.
Filologiya məsələləri – №5, 2014
441
...Tutalım elmə olmusan vasil
Bizə bu elmdən nədir hasil?
Hanı islam üçün sərəncamın,?
Yerə girsin o müctəhid namın.
Seyid Əzim Şirvaninin satirk qələminə ən çox tuş gələnlər elə riyakar din
xadimləridir. Avam xalqı aldadan bu fırıldaqçıları şair elmin düşməni adlandırır və
onlara qarşı ancaq mübarizə aparmaq yolunu tutmuş və son nəfəsinə qədər bu
yoldan dönməmişdir.
Seyid Əzim şirvaninin yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində önəmli
bir yer tutur və bu əsərlər əsrlər boyu da öz əhəmiyyətini qoruyub saxlayacaq.
Ədəbiyyat
1.Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi Bakı – 1974
2.Məmməd T. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi Bakı – 2010
3.Şirvani S.Ə. Seçilmiş əsərləri Bakı-2005 Üç cilddə
Dostları ilə paylaş: |