Mövzu 25. Mebel mallarının keyfiyyətinin ekspertizası
Plan:
1. Mebel istehsalında tətbiq edilən materiallar və yarımfabrikatlar
2. Mebelin konstruksiyalaşdırılması
3. Mebelin istehsal mərhələləri və bu zaman yarana bilən nöqsanlar, onların keyfiyyətə təsiri
4. Mebellərin keyfiyyətinə qoyulan tələblər
5. Mebelin növləri və ekspertizası
6. Mebellərin keyfiyyətinin qiymətləndirilməsi metodları
1. Mebel istehsalında tətbiq edilən materiallar və yarımfabrikatlar
Mebel istehsalında tətbiq edilən meşə materialları və yarımfabrikatlar taxta-şalban və faner zavodlarının məhsuludur. Mebel istehsalında hər şeydən çox mişarlanmış materiallar (taxta, tir və s.), faner xarrat və faner lövhələri tətbiq edilir. Bundan başqa, yonqardan hazırlanmış lövhələr, mebel lövhələri, birqatlı və çoxqatlı fanerdən ibarət yarımfabrikatlar və detallar da tətbiq edilir.
Mebel istehsalında yeni ağac materiallarına narın doğranmış ağac kütləsindən ibarət lövhələr və sipərlər, birqatlı və çoxqatlı fanerdən hazırlanmış əyilib yapışdırılmış detallar və təbəqəli plastiklər daxildir.
Narın doğranmış ağac kütləsindən hazırlanan lövhələr və sipərlər. Ağac tullantıları, məsələn, yonqar, kəpək və qırıntılardan mebel lövhələri və sipərləri istehsalında istifadə edilir.
Yonqardan hazırlanan lövhələr. Bu lövhələr qabaqca CM-48 markalı maye sintetik qatran səpilmiş 4% nəmliyi olan ağac yonqarından preslənib hazırlanır. Presləmə prosesi 135-140ºS temperaturda və 20 kq/sm² altında aparılır. Burada quru qatran ağacın çəkisinə nisbətən 8-12% təşkil edir. Lövhələrə bəzən hər iki tərəfdən birqat fanerdən üzlük çəkilir. Belə lövhələrin davamı, tətbiq edilmiş yonqarın ölçüsündən, qatranın miqdarından və üzlüyün keyfiyyətindən asılıdır.
Mebel sipərləri. Mebel sipəri istehsalında bir vərəq çoxqatlı fanerin yaxud təkqat qalın fanerin üstünə tir qoyulub çərçivə yaradılır və bunun da içərisinə narın doğranmış yapışqanlı quru ağac qırıntısı ( yonqar, kəpək, xırda talaşa) doldurulur və yenə təkqat yaxud çoxqatlı faner qoyulub preslənir. Bu qayda ilə hazırlanmış sipərlər mebel məmulatı üçün yarımfabrikat təşkil edir. Bunlar əyilmir, qiymət etibarı ilə ucuz və xarrat lövhələrindən yüngül olur.
Fanerdən olan oturacaq və arxa detalları. Bu məmulat tozağacından, fısdıqdan və qızılağacdan hazırlanır, habelə bunlar armuddan, palıddan və ağcaqayından üzlük çəkilmiş, yaxud bunsuz və ya da natural və deşikli, həkk edilmiş, yanıq naxışlı olur. Oturacaq detalları 3-5 qat, 3,5-5 mm qalınlıqda, arxa detalları isə 4-7 qat, 5-9 mm qalınlıqda hazırlanır. Ağacın keyfiyyətindən və emalından asılı olaraq bu detallar 1-ci və 2-ci çeşidə ayrılır.
Əymə - yapışdırma yarımfabrikatlar və detallar. Son zamanlar faner sənayesi müxtəlif növlü konturu açıq və qapalı olan uzununa ölçülən və ədədi əyməyapışdırma profilli (ucluq, silindrik, qutuvari və s.) faner istehsalını mənimsəməkdədir. Belə faner xüsusi pres-qəliblərdə hazırlanır,bunlar üzlüklü və üzlüksüz olur. Təkqat fanerdən də əymə-yapışdırma mebel detalları( stulların dal ayaqları və yan ayaqları, kreslo dirsəklikləri və s.) istehsalı mənimsənilir. Belə yarımbafrikat və detalların tətbiqi mebel istehsalını xeyli sadələşdirir və məmulatın keyfiyyətini və xüsusən möhkəmliyi artırır.
Ağacın plastifikasiyası kimyəvi və pyezotermik ( təzyiq və qızdırma) emal yolu ilə aparılaraq ağacın texniki xassələrini xeyli yaxşılaşdırır. Bütöv ağacın preslənməsi vasitəsilə liqnoston adlanan material hazırlanır ki, bu da maşınqayırma istehsalında tuncu və məkik istehsalında ən bərk ağac cinslərini əvəz edir. Ən yüksək mexaniki material kimi, burada təbəqəli plastikləri ( liqnofon, delta- ağac, balinit və s.) göstərmək lazımdir ki, bunlar da yüksək təzyiq altında yapışdırılmış təkqat faner vərəqlərindən hazırlanır.
Furnitura. Mebel furniturasının texniki və dekorativ əhəmiyyəti vardır. Furnitura üzlük və qeyri- üzlük ( bərkidici detallar) növlərə bölünür.
Qeyri-üzlük furnitura adətən qara metaldan hazırlanır. Bura həncama, ucluq , dartı, qıfıl, qəfəsə söykənəcəyi və rəzə daxil olur. Üzlük furniturasının materialı plastik kütlələrdən, müxtəlif metallardan, şüşədən, bərk ağaclardan yaxud preslənmiş məmulatdan ( dəstək, halqa, açarlıq) ibarət olur. Çox zaman furnitura müxtəlif materiallardan və mürəkkəb tərkibdə hazırlanır. Mebel furniturası müxtəlif ölçülərdə və növlərdə istehsal edilir. Furtinuranın keyfiyyəti və düzgün seçilməsi xeyli dərəcədə onun zahiri görünüşünə və mebelin keyfiyyətinə habelə mebeldən istifadə olunmasının rahatlığına təsir edir. əla və birinci sinifli mebelin hər yerindəki, yerdə qalan mebelin isə üz tərəfindəki metal furnituraya antikorrozion örtük ( qalvanik üsul ilə bürüncləşdirilmiş, oksidləşdirilmiş, misləşdirilmiş, xromlaşdırılmış, nikelləşdirilmış və s.) çəkilməlidir. Mebel furniturasının xüsusi bir növünü də mebel şüşəsi təşkil edir. Müasir texnika ən geniş çeşiddə rəngsiz parlaq, əlvan parlaq və tutqun şüşələr o cümlədən sınmayan şüşə istehsal edilməsi sahəsində çox böyük imkanlara malikdir. Aşındırılmış, həkk edilmiş yaxud əndazə vasitəsi ilə qum şırımı cihazında naxışlanmış dekorativ şüşələr mebelin görünüşünü xeyli zənginləşdirir.
Dostları ilə paylaş: |