1. Tərbiyəedici təlim prinsipi. Hər hansı pedaqoji texnologiyanın məqsədləri şəxsiyyət xarakteristikalarını formalaşdırmaqdır. Deməli, burada münasibətlər təlimin psixi materialı hesab olunur. Burada üç qrup münasibətləri fərqləndirmək olar: 1) qanuna tabelilik münasibətləri; 2) əməkdaşlıq münasibətləri; 3) “Mən” konsepsiyası.
Təlim prosesi şagirdlərin psixkasına təsir edən xarici konstruksiyadır. Bu proses müəllimin, şagirdlərin, didaktik materialın təsirindən ibarətdir.
2. İnkişafetdirici təlim prinsipi. Pedaqoji texnologiyaları təşkil edən zaman tərbiyəedici səmərəni nəzərə almaqla yanaşı, onun inkişafetdirici tərəfini də layihələndirmək və həyata keçirmək yaxşı olar. Şagirdin psixi əməliyyatlarında (intekllektual, emosional, iradi, motivasion sferalarında) artım hiss olunmalıdır. Emosional və intellektual sferanın ahəngdar inkişafını təmin etmək lazımdır. İntellektual sferanın emosional sferanı sıxışdırması insanda soyuq münasibətlərin yaranmasına, insanlara sevinc bəxş etmək və sevincə şərik olmaq bacarıqlarının olmamasına gətirib çıxara bilər.
3. Müvəffəqiyyət qazanmaq prinsipi. Müvəffəqiyyət qazanmaqdan ötrü situasiya yaratmaq uşağı daha böyük nəticələrə nail olmağa stimullaşdırır.
4. Şagirdlərlə əks əlaqə prinsipi. Mühüm vəzifələrdən biri hər bir dərsdə bütün şagirdlərə öz müvəffəqiyyətləri barədə məlumat vermək imkanı yaratmaqdır. Başqa sözlə desək, hər bir şagird tədris materialının mühüm elementləri üzrə yoxlanılmalıdır.
Bütün şagirdlərlə əks əlaqə prinsipi şagirdi hər dərsə hazır gəlməyə stimullaşdırır. Bu prinsipi lazımi şərait yaradıldığı halda həyata keçirmək olar. Hər şeydən əvvəl ev tapşırıqları uşaqların gücünə müvafiq olmalıdır.
5. Təkrar etmək prinsipi. Tədris materialı ilə ilk dəfə tanış olandan sonra onu bir neçə dəfə təkrar etmək lazımdır. Bu zaman başlıca diqqət əsas fikirlərə, “siqnallara” verilməlidir. İl ərzində keçilmiş materiala dövri olaraq qaytarmaq və əsas fikirləri təkrar etmək lazımdır.
Dərs ilinə keçən tədris ilində mənimsənilmiş materialın təkrarı ilə başlamaq faydalıdır. Yay ərzində çox şey şagirdlərin yadından çıxır. Normal və sağlam psixika belə qurulmuşdur. Təkrar etmədiyimiz şey şüurdan çıxıb şüuraltına keçir və yaddan çıxır. Ona görə də bilikləri aktuallaşdırmaq üçün tədris ilinin əvvəlində onları təkrar etmək lazımdır.
6. Optimal psixi gərginlik prinsipi həm şagirdlər, həm də müəllimlər üçün zəruridir. Şagirdi həm həddindən artıq yükləmək, həm də az yükləmək olmaz. Şagird az psixi gərginlik şəraitində inkişaf etmir.
7. Təlim prosesində şagirdlərin maksimum iştirakı prinsipi dərsdə şagirdləri müxtəlif növ fəaliyyətə cəlb etməyi nəzərdə tutur. Bu məqsədlə qarşılıqlı sorğu keçirilir, yaranan problemlər, cavablardakı kəm-kəsrlər aradan qaldırılır.
8. Vahid məqsədlər üçün birləşmək prinsipi iş prinsiplərinin, məqsədləri, texnologiyaların şagirdlərə zorla qəbul etdirilməsini nəzərdə tutur.
9. Yaxın inkişaf zonasına oriyentasiya prinsipi.
Yeni təlim texnologiyalarının tətbiqi prinsipləri və digər tələblərlə bağlı geniş interpretasiya VIII fəsildə özünə yer almışdır.
Suallar və tapşırıqlar
-
Mükəmməl təlim sisteminin altsistemlərinə ayrılması üçün əsas kimi qəbul edilən xassə hansıdır?
-
Bilik və fəaliyyət üsullarının əsasən hazır ötürülməsini özündə ehtiva edən altsistemin hansı çatışmazlıqları mövcuddur?
-
“Alqoritmik mədəniyyət” dedikdə nə başa düşülür?
-
Problemliliyin səviyyələri hansılardır?
-
“Problem situasiyası” anlayışını şərh edin.
-
Problemin həlli mərhələlərini fərqləndirin və onların şərhini verin.
-
Hipoteza barədə danışın.
-
Sistemaltı, köməkçi funksiyaları yerinə yetirən prinsipləri şərh edin.
Tövsiyə olunan ədəbiyyat
-
Əhmədov B.A., Rzayev A.Q. Pedaqogikadan mühazirə konspektləri. Bakı: “Maarif”, 1993. səh.160-174.
-
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı: “Maarif”, 1991, səh.291.
-
İbrahimov F.N.Ümumi pedaqogikadan mühazirələr. Bakı: “Mütərcim”, 2010. səh.163-191.
-
Kazımov N.M., Həşimov Ə.Ş. Pedaqogika. Bakı: Maarif, 1996. səh.76-78.
-
Mərdanov M.C. Azərbaycan təhsili yeni inkişaf mərhələsində. Bakı: “Çaşıoğlu”, 2009, səh.163.
-
Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Bakı: “Nurlan”, 2007. səh.139-146; 229-231.
-
Дидактика средней школы. Под редакцией М.А.Данилова и М.Н.Скат-кина М., “Педагогика”, 1982. стр.102.
-
Загвязинский В.И. О современной трактовке дидактических принципов //Советская педагогика, 1978, №10
-
Махмутов М.И. Теория и практика проблемного обучения. Казань, 1972. cтр.119, 125-138.
-
Оконь В. Основы проблемного обучения. М.: “Просвещение”, 1968. стр.38.
-
Пушкин В.Н. Эвристика-наука о творческом мышлении М.: “Учпедгиз”, 1967. стр.189-190
6. Təlim sisteminin invariantları və prinsipləri
6.1. Təlim sisteminin ümumpedaqoji invariantları
və onlardan irəli gələn prinsiplər
Yaşlı nəsil özündən sonra gələn nəslə bəşər təcrübəsini verməsəydi, onun əldə olunması və inkişaf etdirilməsi yollarını yetişmədə olanlar mənimsəməsəydi, onda sivilizasiya prosesi də olmazdı. Bəşər özünəməxsus təcrübəsini tarixən mübarizə yolu ilə əldə etmişdir. İctimai həyat insanın mübarizəsinin məhsuludur. İnsanın azadlıq mübarizəsi əbədidir, bugünkü insanın özü də, onun yaratdığı və onu yaşadan cəmiyyət də azadlıq mübarizəsi ilə formalaşır. Bəşər bu mübarizənin yollarını daim təkmilləşdirir.
İnsan şəxsiyyəti ictimai münasibətlərin məcmusudur. O, təbiət və cəmiyyəti dəyişdirməklə özü də dəyişmişdir və bioloji varlığından sosial varlığına yüksəlməkdədir. Həyatı dəyişdirmək qüdrətinə insan azad olduqda yüksəlir. Azad insan bəşərin azadlıq yolunda əldə etdiyi təcrübəni və onun nəticələrini mənimsəməklə formalaşır. Azad insan və azad cəmiyyət bir-biri ilə bağlıdır. Pedaqoji proses bəşərin azadlığa olan əbədi tələbatından yaranmışdır və onun ən böyük kəşflərindəndir. Pedaqoji proses də ictimai münasibətlərin məcmusudur.
Şübhə yoxdur ki, sivilizasiyanın hazırki səviyyəsində azadlığını dəyərləndirməyən, onun uğrunda mübarizə yollarını aramayan cəmiyyətdən danışmağa dəyməz və təbii ki, təlim-tərbiyə o zaman azad cəmiyyətə xidmət edə bilər ki, onun məqsədi azad insanın formalaşmasına yönəlmiş olsun.
-
Pedaqoji prosesin məqsədinin bəşərin azadlıq mübarizəsi prosesinin təcrübəsinə və nəticələrinə hökmən uyğun olaraq müəyyənləşdirilməsi məntiqidir, yəni cəmiyyət azadlıq uğrunda mübarizənin istiqamətlərini necə müəyyənləşdirirsə və əldə olunmuş bəşəri təcrübənin hansı nəticələrinə istinad edirsə, pedaqoji prosesin məqsədi də hökmən ondan asılı olaraq müəyyənləşir.
Göstərilən bu invariant asılılıqdan aşağıdakı prinsip irəli gəlir: pedaqoji prosesin (eyni zamanda təlim prosesinin) məqsədinin bəşərin azadlıq mübarizəsinin təcrübəsi və nəticəsi əsasında müəyyənləşdirilməsi prinsipi.
Pedaqoji prosesin qarşısında duran ümumi məqsəd tədricən həyata keçir. Şagirdin sosial formalaşması onun bioloji varlığından ayrılmazdır, inkişaf yalnız onların vəhdətində mövcuddur. Şagirdlərin imkanları, yaş xüsusiyyətləri, yaxın inkişaf imkanları ilə sosial formalaşma vəzifələri uyğun gəlməlidir. Hər bir insan cəmiyyət qarşısında tələblər qoyduğu kimi, cəmiyyət də insanların qarşısında konkret inkişaf səviyyəsinə uyğun vəzifələr qoyur. Bəşər azadlıq uğrunda təcrübəyə və onun nəticələrinə öz varlığının tarixi boyu yiyələnmiş, öz mədəniyyətini yaratmaq, onu qoruyub saxlamaq və inkişaf etdirmək təcrübəsini dialektikanın qanunları ilə tənzim olunan sivilizasiya prosesində əldə etmişdir. Bu dəyişmənin, bu inkişafın özünəməxsus məntiqi vardır. Yetişməkdə olan nəslə həmin təcrübənin verilməsində, təbii ki, sivilizasiyanın məntiqi, bizim istəyimizdən asılı olmayaraq, pedaqoji prosesin istiqamətini müəyyən edir.
-
Pedaqoji prosesin məqsədi şagirdlərin yaş xüsusiyyətlərindən və imkanlarından, şəxsiyyətin formalaşması qarşısında cəmiyyətin konkret inkişaf şəraitinin irəli sürdüyü tələblərdən, mədəniyyətin dərk olunması, qorunması və inkişaf etdirilməsi təcrübəsinin əldə olunması məntiqindən asılı olaraq diferensiya və inteqrasiya olunarsa, onun həyata keçirilməsi hökmən təmin olunar.
-
pedaqoji prosesin şagirdlərin yaş xüsusiyyətlərinə və imkanlarına müvafiqliyi;
-
pedaqoji prosesin həyatla əlaqələdirilməsi;
-
pedaqoji prosesdə bəşər təcrübəsinin əldə olunması.
-
Pedaqoji prosesdə məqsəd nə qədər düzgün dərk olunarsa, onda təlim-tərbiyə materialının məzmununun düzgün seçilməsi hökmən bir o qədər təmin olunar.
Göstərilən bu ümumpedaqoji invariant asılılıqdan məzmunun məqsəd əsasında müəyyənləşdirilməsi prinsipi irəli gəlir.
Bütün hallarda pedaqoji prosesdə müəllimin pedaqoji təsiri (xarici təsir) şagirdin daxili aləmi ilə transformasiya olunaraq onun fəaliyyətə qoşulmasına səbəb olur. Bu, o zaman mümkün olur ki, müəllimin pedaqoji fəaliyyətini tənzimləyən məqsəd şagirdin tələbatının təmin olunmasının real əhəmiyyətə malik olan obyektinə çevrilmiş olsun.
-
Pedaqoji prosesdə qarşıya qoyulmuş məqsəd şagirdlərin idrak tələbatlarının təminolunma obyektinə çevrilərsə, onda şagirdlər hökmən aktiv fəaliyyətə qoşularlar.
Bu invariant asılılıqdan pedaqoji prosesin qarşısında duran məqsədin şagirdin məqsədinə çevrilməsinin vacibliyi prinsipi irəli gəlir.
Pedaqoji prosesdə qarşıya qoyulmuş məqsəd o zaman reallaşır ki, şagird həmin məqsədlə (pedaqoji prosesin məsədi şagirdin məqsədinə çevrilərək) tənzimlənən fəaliyyət göstərmiş olsun. Şagirdi fəaliyyətə dərk edilmiş və dərk edilməmiş motivlər sistemi vasitəsilə tələbatları təhrik edir. Tələbatların inkişafı (təminolunma obyekti prosesin məqsədi olan) şagirdlərin fəaliyyətini motivləşdirir və nəticə daha səmərəli şəkildə əldə olunur.
-
Pedaqoji prosesdə şagirdləri dərk edilmiş və dərk edilməmiş motivlər sistemi vasitəsilə fəaliyyətə təhrik edən tələbatların inkişaf səviyyəsi nə qədər yüksəlmiş olursa, onda səmərəli nəticələr hökmən bir o qədər təmin olunar.
Göstərilən bu invariant asılılıqdan pedaqoji prosesdə şagirdlərin fəaliyyətinin motivləşdirilməsi prinsipi irəli gəlir.
-
Şəxsiyyət üçün sabit əhəmiyyətə malik olan obyektlərə tələbatın təmin olunması ona gətirib çıxarır ki, insanda onun əsasında birinci ilə əlaqədar olan, lakin səviyyəcə daha yüksək olan yeni tələbat əmələ gəlir. Bu yeni tələbat da şəxsiyyət üçün sabit əhəmiyyətə malik olan ancaq yeni obyektin köməyi ilə təmin oluna bilər. Pedaqoji prosesdə şagirdlərin tələbatının inkişafı və təminolunma obyektinin sabit əhəmiyyət daşıması həmin prosesdə imkan daşıyıcılarının funksiyalarının uzlaşmasından və səfərbərolma dərəcəsindən asılıdır. Pedaqoji prosesdə imkan daşıyıcılarının funksiyalarının uzlaşması və səfərbərolunma dərəcəsi nə qədər yüksək olarsa, onda şagirdlərin tələbatının inkişafı və təminolunma obyektinin sabit əhəmiyyət daşıması hökmən bir o qədər həyata keçmiş olar.
Bu asılılıqdan aşağıdakı priniplər irəli gəlir:
a) pedaqoji prosesin imkan daşıyıcılarının funksiyalarının məqsədəmüvafiq şəkildə uzlaşdırılması və səfərbər olunması;
b) pedaqoji prosesdə fərdi işlə frontal işin vəhdətinin təmin olunması.
Pedaqoji proses pedaqoji münasibətlər sistemidir və bir çox əlaqələri özündə əks etdirir. Bu əlaqələr sistemində mərkəzi yeri müəllimlə (tərbiyəçi ilə) şagird arasındakı münasibət tutur və bu, pedaqoji prosesin “hüceyrəsi” hesab edilir. Pedaqoji prosesdə müəllim (tərbiyəçi) şagirdi hər tərəfli öyrənib, onun səviyyəsinə uyğun vasitələr tətbiq etməklə müvəffəqiyyət qazana bilir. Nəticənin səmərəliliyi bundan asılıdır. Bu asılılıq belə formulə oluna bilər:
-
Pedaqoji prosesdə düz və əks əlaqələrin vəhdətinə və inkişafına nə qədər diqqət yetirilərsə, onda hökmən pedaqoji prosesin səmərəsi bir o qədər yüksəlmiş olar.
Göstərilən bu asılılıqdan pedaqoji prosesdə düz və əks əlaqələrin dialektik vəhdətinin təmin olunması prinsipi irəli gəlir.
Pedaqoji proses vahid prosesdir. Onun bütün qolları arasında vəhdət vardır. Eyni zamanda hər bir qolun təsnifləndiyi (müxtəlif əsaslara görə) növlər arasında, hər bir qol üzrə cərəyan edən prosesin mərhələləri arasında daxili əlaqə, asılılıq, nizamlama, tamamlama və s. vardır. Təlim növlərinin arasında əlaqələrin yaradılması təlim prosesinin bir çox problemlərini səmərəli şəkildə həll etməyə səbəb olur. Eləcə də, növün daxilində prosesin cərəyan etdiyi mərhələlərin ardıcıllığının və əlaqəsinin gözlənilməsi zəruridir. Məsələn, təlim prosesində mənimsəmə bir çox mərhələləri əhatə edir və həmin mərhələlərin vəhdəti zəruridir. Burada belə bir asılılıq ifadə etmək mümkündür:
-
Pedaqoji prosesin əhatə etdiyi proseslər arasında və proseslər daxilində dialektik vəhdət qurularsa, onda onun səmərəsi hökmən yüksək olar. Bu asılılığı pedaqoji prosesin vahidliyi kimi formulə etmək olar. Həmçinin bu asılılıqdan pedaqoji prosesin əhatə etdiyi proseslər arasında və proseslər daxilində dialektik vəhdətin gözlənilməsi prinsipi irəli gəlir.
-
Pedaqoji prosesdə idarəetmənin elmi-pedaqoji səviyyəsi, maddi baza, mənəvi psixoloji mühit, estetik- gigiyenik şərait nə qədər qənaətləndirici olsa, onda onun nəticəsi hökmən bir o qədər səmərəli olar.
Buradan təlim-tərbiyə üçün münasib şəraitin yaradılması prinsipi irəli gəlir.
-
Təlim-tərbiyənin eyni hallarına pedaqoji proseslə məşğul olan şəxslərin münasibətləri nə qədər çox yaxınlaşarsa, onda pedaqoji səmərə hökmən bir o qədər yüksək olar.
Bu asılılıqdan pedaqoji prosesdə subyektlərin həmrəyliyinin gözlənilməsi prinsipi irəli gəlir.
6.2. Təlim sisteminin spesifik invariantları
və onlardan irəli gələn prinsiplər
-
Təlim prosesində təhsil, tərbiyə və inkişafın vəhdəti nə qədər düzgün təmin olunarsa, onda səmərə hökmən bir o qədər yüksəlmiş olar.
Buradan təlimin hərtərəfli inkişafa xidmət etməsi prinsipi irəli gəlir.
-
Təlim prosesi ilə elmin inkişaf səviyyəsi və məntiqi arasında əlaqə vardır. Təlimin məzmunu və gedişi elmi cəhətdən nə qədər zəngin və əsaslı olarsa, mənimsəmənin səviyyəsi hökmən bir o qədər yüksələr. Buradan elmiliyin və elmin məntiqinin gözlənilməsi prinsipi irəli gəlir.
-
Təlim prosesində zəruri materialın mənimsənilməsinə zaman vahidi nə qədər səmərəli şəkildə sərf olunarsa, onda təlimin nəticəsi bir o qədər yüksək olar.
Həmin invariant asılılıqdan aşağıdakı prinsiplər irəli gəlir:
a) möhkəmləndirmə ilə təlimin zəruri sürəti arasında vəhdətin gözlənilməsi;
b) şagirdlərin gücü çatan səviyyədə nəzəri müddəaların, aparıcı ideyaların öyrənilməsinə, onların tətbiqinə üstünlük verilməsi və şagirdlərin yüklənməsinin qarşısının alınması.
-
Təlim prosesində müəllim şagirdin əyani faktlar üzərindəki müşahidələrini ümumiləşdirmə ilə nə qədər çox əlaqələndirərsə və ümumiləşdirməni əyanilik vasitəsi ilə düzgün konkretləşdirərsə, şagird cisim və hadisələrin mahiyyətini hökmən bir o qədər yaxşı dərk edər.
Bu asılılqdan təlim prosesində konkretləşdirmə ilə ümumiləşdirmə arasındakı daxili əlaqənin gözlənilməsi prinsipi irəli gəlir.
-
Təlim prosesində müəllim biliklərin əldə olunması ilə onun tətbiqi arasındakı daxili əlaqəni nə qədər çox nəzərə alarsa, onda səmərə hökmən bir o qədər üstün olar. Bu asılılıqdan təlim prosesində bilik, bacarıq və vərdişlər arasındakı əlaqənin gözlənilməsi prinsipi irəli gəlir.
-
Təlim prosesində müəllim altsistemlər arasındakı əlaqəni nə qədər çox nəzərə alarsa, onda əldə edilən nəticə hökmən bir o qədər yüksək olar.
Buradan təlim sistemində altsistemlərin optimal uzlaşdırılmsı prinsipi irəli gəlir.
-
Təlim sistemində ehtiva olunan altsistemlərin təkmilləşməsinə, onların uzlaşmasına elmin və praktikanın tələbatından yaranan təlim texnologiyaları (layihələr) nə qədər məqsədə müvafiq yönəlmiş olarsa, əldə olunan nəticə hökmən bir o qədər yüksək olar.
Buradan texnologiyaların təlimin altsistemlərinin təkmilləşdirilməsinə və onların optimal uzlşdırılmasına xidmət etməsi prinsipi irəli gəlir.
-
Təlimin hərəkətverici qüvvəsi olan ziddiyyətlərin şagirdlər tərəfindən duyulması, qəbul edilməsi və dəf olunmasına nə qədər səy göstərilərsə, mənimsəmənin və inkişafın səviyyəsi hökmən bir o qədər artar.
Göstərilən asılılıqdan ziddiyyətin şagirdlər tərəfindən duyulması, qəbul edilməsi və aradan qaldırılmasının zəruriliyi prinsipi irəli gəlir.
6.3. Nəzəriyyədə və praktikada özünə yer almış
bəzi prinsiplərin interpretasiyası
təlim prinsiplərində təlimin normativ əsasları ifadə olunur. Prinsiplər təlim prosesinin istiqamətini və burada müəllimin fəaliyyətini müəyyən edən əsas və mühüm cəhətləri aşkara çıxarır. Prinsiplər təlim təcrübəsinin ümumiləşdirilməsindən meydana gəlmişdir, bu prinsiplərdə təlim prosesinin tipik hadisələri üçün səciyyəvi olan obyektiv qanunauyğunluqlar əks olunmuşdur.
Elmdə olan hər hansı kateqoriya kimi prinsiplər kateqoriyası da inkişaf edir.
Prinsiplər cəmiyyət tərəfindən məktəbin qarşısında qoyulmuş vəzifələrə, ictimai tərəqqi tələblərinə cavab verir, burada şagirdlərin təlim fəaliyyəti, bu fəaliyyətin psixoloji əsası nəzərə alınır. Təlim prinsipləri özünün tam ifadəsini müəllimlə şagirdlərin təlim prosesindəki birgə fəaliyyətində tapır. Ona belə tərif verilir: təlimin qanunauyğunluqlarından irəli gələn, onun məzmununa, üsullarına, təşkili formalarına təsir göstərən müəllim və şagirdlərin birgə fəaliyyətini səmərəli qurmağa imkan verən didaktik ideyalara təlim prinsipi deyilir (5). Doğrudan da, məktəb qarşısında qoyulmuş ictimai vəzifələrin ifadəsi olan təlim prinsipləri istər bütövlükdə təlim prosesinin, istərsə də onun komponentlərinin başlıca tələblərini və ümumi istiqamətlərini: təlim prosesinin məzmununu, üsullarını, təşkilini müəyyən edir və müəllimlə şagirdlərin fəaliyyətində həyata keçirilir.
Yeri gəlmişkən qeyd edək ki, didaktikada prinsiplər kateqoriyasından fərqli olan bir də təlim qaydaları anlayışı vardır. Qayda prinsiplərdən irəli gəlir, onu konketləşdirir, prinsipə tabe olur, müəllimin və şagirdlərin prinsipi həyata keçirməyə yönəlmiş olan fəaliyyətlərində ayrı-ayrı üsulların xarakterini müəyyən edir.
Təlim prinsipləri bütün təlim prosesi ilə birlikdə inkişaf edir. Mətləbin varlığının müxtəlif dövrlərində təlim prinsipləri gah bu, gah da digər təlim məsələlərini aktuallaşdırır. İndi də məktəbin qarşısında duran mürəkkəb vəzifələrlə əlaqədar olaraq sözügedən didaktika kateqoriyasını elmi surətdə işləyib hazırlamaq tələb olunur. İnkişafetdirici təlim problemi, təlim prosesinin bir obyekti olan şagirdin fəaliyyətinin səmərəli təşkili, təlim və müstəqil təhsil və müasir məktəb üçün digər bir sıra aktual məsələlər hazırda təşəkkül tapmış prinsipləri bir daha nəzərdən keçirib dəyişdirməyin zəruri olduğunu söyləməyə əsas verir.
İndi didaktikada özünə yer alan, təlim vəzifələrinə və ictimai tərəqqi tələblərinə cavab verən, təlim prosesinin ümumi istiqamətini, onun xarakterini, müəllimin öyrədici fəaliyyətinin əsaslarını və şagirdlərin dərketmə fəaliyyətinin idarə edilməsində müəllimin düzgün hədəfini müəyyən edən prinsiplərdən bəziləri üzərində bir qədər ətraflı dayanaq.
İstehsal, idarəetmə, xidmət və mədəniyyət dairələrində elmi biliyin tətbiqi sahəsi xeyli genişləndiyi bir zamanda, təlimdə elmilik prinsipi xüsusi bir əhəmiyyət kəsb edir. Orta məktəbdə elmilik prinsipi demək olar ki, bütün tədris fənlərinin strukturunu və məzmununu nəzərdən keçirib dəyişdirmişdir. Bu prinsip hər bir fənnin məzmununda elmin əsas, inkişaf meyllərini əks etdirən və eyni zamanda müvafiq yaşda olan uşaqların başa düşə biləcəyi aparıcı ideyaları müəyyənləşdirməyi tələb etmişdir. Elmilik prinsipinin həyata keçirilməsi şagirdləri elmi üsullarla tanış etmək, onlara tədqiqat üsullarını, aparılan təcrübələrin köməyi ilə proseslərin inkişafı üzərində uzun müddətli müşahidələr aparmaq, mənbələri təhlil etmək və s. vasitəsilə müstəqil surətdə bilik əldə etmək yollarını da öyrətmək məqsədini güdür. Bu sahədə aparılan pedaqoji tədqiqatlar göstərir ki, həmin istiqamətdə müəllimin məqsədyönlü işi təlimin xeyli səmərəli olması ilə nəticələnir.
Sistemlilik olmadan təlimin elmiliyi mümkün deyildir, hər bir elmin özünə xas olan məntiqi vardır. O, mexaniki surətdə məktəbə gətirilə bilməz və gətirilməməlidir, lakin tədris fənnində olan sistem onu elmə yaxınlaşdıran xüsusiyyətlərdən biridir. Elmdə olduqca çox mücərrəd material, çoxlu fərziyyə, elmi nəzəriyyə, mübahisəli konsepsiyalar vardır. Məkəbə, şagirdlərə təmizlənib müəyyənləşmiş, elm tərəfindən qəbul olunmuş biliklər və əlbəttə, uşaqlar və yeniyetmələr üçün müyəssər olan, onların yaş və psixoloji xüsusiyyətlərinə uyğun biliklər verilir.
Didaktik sistem elmi sistemdən onunla fərqlənir ki, tədris fənni elmin sistemini olduğu kimi götürüb təkrar etmir, lakin ümumiyyətlə, ona xas olan məntiqi və biliklər sistemini saxlayır, bu sistemdə isə əvvəl öyrənilən bilik ondan sonra gələn biliyə doğru yol açır, elmi anlayışlarla ümumi qanunauyğunluqlar arasında daxili əlaqə aşkara çıxır. Bununla belə fənn üzrə biliklərin sistemi, tədris illəri üzrə materialın yerləşdirilməsi qaydası, əlbəttə, şagirdlərin inkişaf edən psixoloji xüsusiyyətlərinə və imkanlarına uyğun olmalıdır.
Professor Ə.X.Paşayev və professor F.A.Rüstəmov yazır ki, təlimə şagirdlərə mənimsəmək üçün təklif edilən biliklər elm tərəfindən müəyyənləşdirilmiş həqiqi biliklər olmalıdır. Elə təlim metodlarından istifadə edilməlidir ki, onlar öz xarakterinə görə öyrənilən elmin metodlarına yaxın olsun. Onlar göstərirlər ki, elmilik prinsipinin əsasında bir sıra elmi müddəalar durur. Bu müddəalar aşağıdakılardır:
1. Dünya dərk olunandır, praktikada yoxlanılmış biliklər dünyanın inkişafının obyektiv, düzgün mənzərəsini əks etdirir.
2. Elm insanın həyatında getdikcə daha mühüm rol oynayır, ona görə də məktəb işi elmi bilikləri mənimsəməyə, böyüməkdə olan nəsli obyektiv gerçəklik haqqında biliklər sistemi ilə silahlandırmağa yönəldilmişdir.
3. Təhsilin elmiliyi, hər şeydən əvvəl, məktəb təhsilinin məzmunu, onun formalaşması prinsiplərinə ciddi riayət edilməsi ilə təmin olunur.
4. Təlimin elmiliyi müəllimlərin qəbul olunmuş məzmunu reallaşdırılmasından asılıdır.
5. Təlimin elmiliyi mənimsənilən biliklərin faydalılığından, tədris planları və proqramlarının sosial və elmi-texniki tərəqqinin səviyyəsinə uyğunluğundan, praktikada əldə olunan biliklərin möhkəmləndirilməsindən, fənlərarası əlaqədən asılıdır.
Mütərəqqi didaktik sistemlərin təcrübəsi elmilik prinsipinin həyata keçirilməsi üçün bir sıra qaydaları və tövsiyyələri işləyib hazırlamışdır (bax: Ə.X.Paşayev, F.A.Rüstəmov. Pedaqogika. Bakı, Nurlan, 2007. səh.163-165). Bunlar aşağıdakılardır:
1. Elmilik prinsipini həyata keçirərkən pedaqogikanın, psixologiyanın, metodikanın, qabaqcıl pedaqoji təcrübənin yeni nailiyyətləri əsasında öyrədin.
2. Təlim, təhsil-tərbiyə nəzəriyyəsinin və təlim psixologiyasının yeni nailiyyətlərini nəzərə alarkən həm induktiv, həm deduktiv təlimin məntiqindən ağıllı istifadə edin, hətta ibtidai siniflərdə abstraksiyanı cəsarətlə tətbiq edin, çünki o, konkreti dərindən başa düşməyə kömək edir. Bununla yanaşı, məktəb kursu çəçivəsində tam, düzgün tərifi (izahı) olmayan abstraksiyalardan çəkinməyə çalışın.
3. Tədris fənninin məntiqini açıb göstərin, çünki bu , fənni öyrənməyə başlayan ilk andan yeni elmi anlayışlarla yaxından tanış olmaq üçün etibarlı əsası təmin edir.
4. Şagirdlərdə öyrədilən predmetlərə, hadisələrə dialektik yanaşmanı tərbiyə edin, onlarda elmi-dialektik təfəkkür elementlərini formalaşdırın.
5. Təlim metodlarında elmi idrak metodlarını əks etdirin. Təlim prosesində şagirdləri axtarışa, yaradıcılığa yönəltməklə onların təfəkkürünü inkişaf etdirin.
6. Elmin, texnikanın, mədəniyyətin yeni nailiyyətləri haqqında öz şagirdlərinizə sistemli məlumat verin. Yeni nailiyyətləri şagirdlərdə formalaşmış biliklər sistemi ilə bağlayın, əlaqələndirin.
7. Tədris fənninə təzə daxil edilən yeni elmi anlayışları fənnin tədrisi müddətində müntəzəm olaraq təkrar edin, əks təqdirdə onlar yaddan çıxa bilər.
8. Yeni ideyalarla tanışlığı, yeninin qavranılmasını ayrıca bir işlə məhdudlaşdırmayın: hər hansı bir hadisəyə yeni-yeni əlaqələr və münasibətlərdə baxın.
9. Şagirdləri görkəmli alimlərin bioqrafiyası ilə, elmin inkişafında onların xidmətləri ilə tanış etmək imkanlarını əldən verməyin.
10. Elmi idrakın metod və çətinliklərini şagirdlərin qarşısında açın, nəticələrin metodlardan asılılığını göstərin.
11. Ən yeni elmi texnologiyalardan istifadə edin, köhnəlmiş terminləri işlətməyin, öz fənniniz üzrə son elmi nailiyyətlərdən xəbərdar olun.
12. Elmi biliyin genezisini, həqiqətin embriologiyasını açıb göstərin, təlimdə tarixiliyin tələblərini ardıcıl olaraq həyata keçirin.
13. Elmi informasiyanın artması ilə əlaqədar olaraq başlıca diqqəti elmin əsas problemlərinə yetirin, elmi nailiyyətlərin əsas ideyalarını şagirdlərin qarşısında açıb göstərin, onları elmi informasiyanı izləməyə alışdırın, elmi-texniki və sosial problemlərin kollektiv müzakirəsini alqışlayın, rəğbətləndirin.
14. Yuxarı siniflərdə mübahisəli elmi problemlərdən yan keçməyin, müvafiq formada o problemlərin məzmununun və həllinin perspektiv yollarını açıb göstərin, şərait imkan verərsə, diskussiya təşkil edin.
15. Şagirdlərin yeni anlayışları və terminləri elmi nəzəriyyələrlə, qanunlarla vəhdətdə mənimsənilməsinə nail olun.
16. Şagirdlərə nailiyyətlərinə sevinmək, müvəffəqiyyət hissini yaşamaq, gərgin idraki fəaliyyətdən məmnun olmaq imkanı verin.
17. Elmdə və texnikada yeni nailiyyətləri işıqlandırarkən təlim texnologiyasının təkmilləşməsi haqqında danışmağı yaddan çıxarmayın, təlim əməyinin çətinliklərini və onun səmərəliliyini yüksəltmək yollarını açıb göstərin, tədris əməyinin elmi təşkili ideyalarını inamla təbliğ edin.
18. Birmənalı olmayan və saxta ifadələrdən istifadədən çəkinin, onlar qeyri-sağlam təsəvvürlərin yaranmasına səbəb ola bilər. Məktəbdə, xüsusilə onun birinci və ikinci pilləsində müəllimin dediyinin şagirdlər tərəfindən özbaşına və yanlış şərhinə yol vermək olmaz. Bu, heç də uşaq fantaziyasının inkişafına mane olmaq demək deyil. Amma bilmək lazımdır ki, ciddi şeylər birmənalı qəbul edilməlidir.
19. Şagirdlərin tədqiqatçılıq işini rəğbətləndirin. Onları eksperimental və təcrübi işlərin, ilk mənbələrin və məlumat materiallarının, arxiv sənədlərinin saf-çürük olması texnikası ilə tanış etməyə vaxt tapın.
Dostları ilə paylaş: |