MIRZƏ NƏSRULLAH DIDƏNIN “KITƏBÜN-NƏSAYEH” ƏSƏRI VƏ
ƏXLAQI-DIDAKTIK MƏZMUNLU GÖRÜŞLƏRI
Novruz NURİYEV
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
mersell@rambler.ru
AZƏRBAYCAN
XIX əsrin Azərbaycan ədəbi mühitinin istedadlı ədiblərindən biri də Mirzə Nəsrullah bəy Didə
olmuşdur. Mirzə Nəsrullah bəyin dövründə gənc nəslin maariflənməsi, dünyagörüşünün genişlənməsi
və inkişafı naminə ziyalılarımızın göstərdikləri fədakarlıqlar Azərbaycan maarifçilik tarixinin qızıl
səhifələridir. Mirzə Nəsrullah bəy Qurbanbəyov da bu ziyalı karvanından geri qalmamış, həm dərs
demiş, həm dərslik tərtib etmişdir. Onun ictimai və maarifləndirici məzmunlu əsərləri günümüzədək
gəlib çatmış klassik ədəbi irs nümunələri arasında yer alır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1143
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Mirzə Nəsrullah bəyin bu əsərlərindən biri də yeniyetmə və gənc nəslin əxlaqi tərbiyəsinə
yönəlmiş “Kitabün-Nəsayeh” (Nəsihətlər kitabı) əsəridir. Əsər Allahın fəzilətlərini tərif edən ənənəvi
dibaçədən, rus imperatoru II Aleksandra həsr olunmuş mədhiyyədən, iki fəsil və “Xatimə” adlanan
hissələrdən ibarətdir. Əsərin əsas məzmununun yer aldığı fəsillərdə insan üçün xarakterik olan təbii
xüsusiyyətlərdən bəhs olunur. İlk fəsil insanda olan müsbət keyfiyyətlərə həsr edilmişdir və bu
keyfiyyətləri özündə ehtiva edən on iki babdan ibarətdir. M.N.Didənin mühüm hesab etdiyi həmin
keyfiyyətlərə aşağıdakılar daxildir: 1. ağıl və həya, 2. səxavət, 3.şücaət, 4. sidq (doğruluq), 5. təvazö,
6. səbr, 7. şükr, 8. ədəb, 9. kitmani-əsrar (sirr saxlamaq), 10. ifai-əhd (verdiyi əhdi tutmaq), 11.
əmanət, 12. rəhm. Müəllif ilk olaraq, ağlı və həyanı ön plana çəkir və insanların digər bütün
əməllərində, xarakter və xüsusiyyətlərində ifrata varmamaq üçün bu iki keyfiyyətin sərhəd olduğunu
vurğulayır. Daha sonra digər insanlarla münasibətdə, cəmiyyətdə sosial bir fərd olaraq, formalaşmalı
olan keyfiyyətləri qeyd edir. Ehtiyacı olanlara yardım edəcək qədər səxavətli olmaq, mərdlik
göstərmək, həyat mübarizəsindən çəkinməmək, hər zaman doğru və düzgün olmaq kimi ən ülvi və
müsbət keyfiyyətləri ön plana çəkən M.N. Didə hər cəmiyyətə və dövrə gərəkli olan tövsiyyələr verir.
Kitabın ikinci fəslində isə insanlara xass olan mənfi keyfiyyətlərdən bəhs olunur və müəllifin
fikrincə hər bir gənc bu xüsusiyyətlərdən uzaq durmalıdır. Bu fəsildə də on iki mənfi xüsusiyyət
sadalanır: 1. kizb (yalan), 2. bəxl (paxıllıq), 3. təmə (tamahkarlıq), 4. kibr (təkəbbür, lovğalılıq), 5.
xəyanət, 6. hərzəguluq (boş danışmaq), 7. həsəd, 8. təcili-umur (tələsik iş görmək), 9. nəmmamlıq (söz
gəzdirmək), 10. səxriyyə (kinayə) və istehza, 11. qiybət, 12. dürüştxuyi (kobud rəftar). Mirzə
Nəsrullah bəy bu əsəri qələmə alarkən artıq geniş biliklərə, həyat təcrübəsinə malik bir insan idi. Onun
həm təhsil aldığı, həm işlədiyi, həm də tədris etdiyi ictimai mühit ədibə bir çox həqiqətləri öyrətmişdi.
Əsərində mənfi xüsusiyyətləri qələmə alarkən Mirzə Nəsrullah bəy kimdənsə eşitdiyi və yaxud hansısa
kitablardan əldə etdiyi bilikləri gənclərlə paylaşmırdı. O, insanlarla ünsiyyətdə gördüyü, yaşadığı real
mühiti bədii obrazlarla zənginləşdirərək, gənc nəslə çatdırmağa səy göstərirdi. Qeyd etmək lazımdır
ki, kitabın dil üslubu da burada mühüm önəm kəsb edir. Mirzə Nəsrullah bəy əsərin yazılmasında
klassik üslubu qorumaqla yanaşı, onun anlaşılması üçün XIX əsr Qafqazının ən böyük dili olan türk
dilini yazı dili etmişdir. Əsərin dibaçə hissəsində müəllifin bu fikirlərinə diqqət yetirək:
“Çün ol mübarək məktəbxanələrdə hər cürə basma kitablar oxunur və sahati-əhaliyi-Qafqaziyyə
müsəlmanları türkizəbandurlar və xüsus sair əhli-millətləri də türki həm danuşurlar, binaəleyh
bəndeyi-müxlisi-dərgah qubernski sekretar Mirzə Nəsrullah bin Mirzə Qurban Şamaxi,
qəfərəhuməllah, bu tarixi-səneyi-məsihiyyə min səkkiz yüz əlli yeddi fevral ayında bu kitabi-tazəni
türki ibaratı ilə ki, bu ətrafi-Qafqaziyyə vilayətlərində müstəməl və bu şiveyi-əlfazi-təhrir və
təkəllümdə mütədavildir, təlif və ovnü fəzli-Xudavəndi-biniyazilə təsnif etdim və çün müştəməli-
nəsayehdir, bunun adını “Kitabün-nəsayeh” mövsum etdim.” Göründüyü kimi müəllif öz əsərinin
dilində ənənəvi təntənəli izafət tərkiblərini qoruyub saxlamaqla yanaşı, XIX əsrdə yaşadığı regionda
geniş kütlənin danışdığı dili kitabın yazı dili olaraq seçmişdir. Qeyd edək ki, M.N.Didə dövrünün
poliqlot ədiblərindən hesab oluna bilər. Belə ki, o, beş dildə yazmağı, oxumağı və danışmağı bilən
ziyalı bir şəxs olmuşdur. Bir incə məqama da toxunmaq lazımdır ki, Mirzə Nəsrullah bəy öz əsərində
etdiyi tövsiyyələrə elə öz əsərinin dil üslubu, oxucuya çatdırılma tərzi ilə də nümunə vermişdir. Əsər
boyunca konkret və lakonik ifadələr, qısa məzmunlu hekayələr oxucunun mütaliədən yorulmaması
üçün mümkün ardıcıllıqla verilmişdir. Misal üçün mənfi xüsusiyyətlərə dair altıncı fəslə - hərzəguluq
(boş danışmaq) fəslinə diqqət yetirək:
“Adam gərəkdir öz dilin münasib məqam olmayan söz söyləməkdən saxlasun... təmkin ilə
müstəme` olsun ki, xamuş durmaqda yeddi faidə var:
Əvvəl - ibadətdir bizəhmət; ikinci - zinətdir bilibas; üçüncü - heybətdir bihökumət; dördüncü -
hisndir bipasiban; beşinci - həzərati-məclisdən biüzrxahlıqdır şərm və xəcalətə; altıncı - təkəllümat
yazan mələkləri kitabət zəhmətindən fariğ eylər; yeddinci - eyb və xətayi-elm və göftar puşidə qalub
aşkar olmaz.”
Mirzə Nəsrullah bəy əsərində qeyd olunan hər bir xüsusiyyətə dair kiçik həcmli hekayələr də
əlavə etmişdir və hər bab məzmununa uyğun qitə ilə bitir.
Əsərin “Xatimə” hissəsində müxtəlif məzmunlu nəsihətlərlə zəngin olan əxlaqi-tərbiyəvi fikirlər,
eyni zamanda, insandakı hazırcavablıq və fərasət kimi bir sıra digər keyfiyyətlərə diqqət çəkən lətifə
xarakterli hekayələr də yer alır.
Mirzə Nəsrullah bəyin “Kitabun-Nəsayeh” əsəri hər dövr üçün əhəmiyyət kəsb edən yüksək ictimai-
əxlaqi və dəyərli bir məzmuna sahib əsərdir və günümüzdə də öz aktuallığını qoruyub saxlamaqdadır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1144
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
MOLLA CAMAL RƏNCİNİN
“ŞEYX SƏNAN VƏ TƏRSA QIZI” POEMASI
PÜSTƏ MƏMMƏDOVA
Bakı Dövlət Universiteti
pusi091089@gmail.com
AZƏRBAYCAN
“Şeyx Sənan” əfsanəsi haqqında danışarkən ilk öncə dahi yazarımız Hüseyn Cavid Əfəndinin
ədəbiyyatımızda yetəri qədər populyarlıq qazanmış “Şeyx Sənan” faciəsi yada düşür. Çağdaş
ədəbiyyatımızın nadir incilərindən olan bu faciənin möhtəşəmliyi onun qədim tarixə malik olmasından
xəbər verir. Müasir ədəbiyyatda Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Fəxri Uğurlu kimi sənətkarların
yaradıcılığında yer alan bu əfsanəyə elmi ədəbiyyatda dəfələrlə müraciət edilmiş, müxtəlif elm
adamları tərəfindən tədqiq olunmuşlar. Lakin ədəbiyyatımızda ilk “Şeyx Sənan” əfsanəsi kimi Molla
Camal Rəncinin yaradıcılığında yer alan “Şeyx Sənan və tərsa qızı” poemasına az diqqət yetirilmiş,
demək olar ki, bu zamana qədər tədqiqatdan kənar qalmışdır.
XVII əsrdə yaşayıb yaratmış Azərbaycan şairi Molla Camal Rəncinin həyatı haqqında əlimizdə
heç bir məlumat yoxdur. Onun haqqında ilk dəfə tanınmış mətnşünas-alim Şamil Cəmşidov 1983-cü
ildə “Keçmişimizdən gələn səslər” kitabında məlumat vermişdir. Burada göstərilir ki, “Hekayəti-Şeyx
Sənan mə’ə düxtəri-tərsa” poemasının yeganə əlyazma nüsxəsi AMEA Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunda saxlanılır. Bundan başqa bəzi qədimi mənbələrdə şairin “Kəllənamə”
mənzuməsi, bir “Bəhri-təvil”i, “Əql ilə eşqin bəhsi” qəzəli, bir qoşması, bir təxmisi vardır. “Hekayəti-
Şeyx Sənan mə’ə düxtəri-tərsa” poemasının nüsxəsi isə ilk dəfə Şamil Cəmşidov tərəfindən oxunmuş
və sözgedən topluda əsərin latın oxunuşu ilə birgə fotosurəti də çap olunmuşdur. Poema 2012-ci ildə
Firuz Refahi Ələmdari tərəfindən Tehranda kitab şəklində nəşr edilsə də, burada o, əsəri əsasən dilçilik
baxımından şərh edilmişdir.
Əsrləri adlayaraq dövrümüzə qədər gəlib çıxmış, anadilli klassik irsimizin dəyərli
nümunələrindən olan “Şeyx Sənan və tərsa qızı” poemasının 400 beytdən ibrət olan əlyazma
nüsxəsinin mətni nəstəliq xətti ilə yazılmışdır. Əsərin üzünü köçürən katibin adı və yazılma tarixi
göstərilmədiyi üçün poemanın hansı ildə yazılması ilə bağlı dəqiq məlumat vermək çətindir. Poemanın
yer aldığı əlyazmada eyni katib tərəfindən qələmə alınmış daha bir əsər vardır ki, həmin əsərin
sonunda tarix olaraq 1658-ci il qeyd olunmuşdur. Məhz bu məlumata istinad edərək “Şeyx Sənan və
tərsa qızı” poemasının XVII əsrin ədəbi-bədii nümunəsi olduğunu söyləyə bilərik.
Poemanın müxtəlif yerlərində müəllif kimi (“Darifənadə Rənciyə rəhm eylə ey rəhim”, “Bulsa
mümkün Rənciya yarı,...” və s.) Rənci adının qeyd olunması da onun poemanın müəllifi olduğuna dair
bütün şübhə və ehtimalları rədd edir.
Pema klassik şərq ənənələrinə uyğun, peyğəmbərin mədhi ilə başlayır daha sonra isə bahar
fəslinin təsviri ilə davam edir. Baharın gözəllikləri özünəməxsus şirin bir dillə oxucuya təqdim olunur.
Bu hissədəki şuxluq, şaqraq bahar əhval-ruhiyyəsi Şah İsmayıl Xətayinin “Dəhnamə” poemasındakı
“Bahariyyəni” xatırladır. Bu isə Molla Camal Rəncinin özündən əvvəl yazıb-yaratmış
sənətkarlarımızın bədii irsi ilə yaxından tanış olduğunu və onlardan bəhrələndiyini göstərir. Bundan
başqa əsərin yazılma səbəbindən söz açan Molla Camal Rəncinin fars ədəbiyyatında bu mövzuda
təkrar yazılmış əsərlərin olduğunu qeyd edir. Lakin türdilli ədəbiyyatda bu mövzuda əsərə rast
gəlinmədiyindən danışan sənətkarın “Gördüm ki, əcəmdə nəzmi-təkrar / Ətrakda yoq vəli bu göftar /
Türkilə demək ziyadə qıldım.../ fikirlərini bu şəkildə ifadə etməsi isə onun Məhəmməd Füzuli
yaradıcılığından bəhrələndiyi həqiqətini ortaya qoyur. Məhəmməd Füzulinin məşhur “Leyli və
Məcnun” poemasında da eyni fikir və oxşar ifadə tərzinin şahidi oluruq.
Poemada hadisələrin təsviri verilərkən oxucu ilk əvvəl Şeyx Sənan obrazı ilə tanış olur.
Müəllif onu dörd yüzə yaxın müridi olan Şeyxülislam, dövrünün fazil adamı kimi təqdim edir. Daha
sonra onun bir neçə dəfə yuxuda bütə sitayiş etməsi hadisəsi təsvir olunur. Qəzavü qədərə boyun əyən
Seyxin eşq yolçuluğu məhz bu məqamdan başlayır. Onun tərsa qızının gözəlliyinə aludə olması, bu
yolda sahib olduğu hər şeydən imtina etməsi hələ də maddi dünyanın həzlərindən əl çəkə bilmədiyini
ortaya qoyur. Nəfsinin quluna çevrilən Şeyx Sənanın zəif cəhətindən məharətlə istifadə edən tərsa qızı
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1145
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ondan islam dinini tərk edib tərsalığa üz tutmağı və zünnar bağlayıb bütə səcdə qılmağı tələb edir.
Hiyləgər tərsa qızı şərabın insanı yolundan necə azdırdığına yaxşı bələd olduğundan Şeyxə şərab
içirmək fürsətini də əldən vermir. Meyin təsirindən sərxoş olmuş Şeyxi Bütxanəyə gətirib bütə səcdə
etməsinə, hətta Quranı yandırmasına nail olur. Lakin bütün bunlar ona kifayət etmir, Şeyxin ona
evlənmək üçün kasıb olduğunu bəhanə gətirərək, dövlət qazanması adıyla bir il donuz otarmağa
məcbur edir.
Əsərdə Şeyxin bu vəziyyətə-mürşidlikdən donuz otarmasına qədər düşməsi böyük məna ifadə
edir. Belə ki, həqiqi eşq yolcusunun təkəbbürdən arınması məqsədilə uca yaradanın onun taleyinə
yazdığı bu imtahanı Şeyx yenə də fazil insanların, xəlifə və müridlərin Allaha dua qılması ilə başa
vurur. Sanki kabus kimi bir yuxudan ayılan Şeyx Sənan belinə möhkəmcə sarıdığı zünnarı söküb atır,
Allahın izniylə tövbə edərək din yoluna qayıdır. Uca Allahın ədaləti məhz bu məqamda da öz təsdiqini
tapır. Belə ki, ilahi qatından Şeyx Sənanın canına salınmış eşq odu tərsa qızının ağlını başından alır.
Tutduğu məkrli işlərdən peşman olan tərsa qızı eşq oduna düşərək başı açıq-ayağı yalın Şeyxin
sorağıyla çöllərə düşür. Kəbədən gələn bir kəsdən Şeyxin sorağını alan pərişan gözəl özünü ona
yetirir. Həqiqi müsəlmanlığı ona izah etməsini və islam dinini qəbul etməsində ona yardımçı olmasını
yalvararaq Şeyxdən xahiş edir. Dünyadan müsəlman kimi köçmək arzusunu israrla bildirir. Məhz
bundan sonra rahata qovuşan tərsa gözəli əbədiyyətə qovuşur. Öz xirqəsini qıza kəfən edən Şeyx onu
dəfn edərək Kəbəyə üz qoyur.
Görüldüyü kimi, Allahın təqdiri və köməyi ilə batini dünyasındakı nəfsi yenən Şeyx Sənan haqq
yoluna qayıdır.
Sonda fikrimizi yekunlaşdıraraq deyəbilərik ki, Molla Camal Rəncinin “Şeyx Sənan və tərsa qızı”
poeması anadilli ədəbiyyatımızın nümunələrindən biri dəyərlidir.
MUSA YAQUB POEZİYASINDA TƏBİƏT VƏ CƏMİYYƏT
Yeganə XANLAROVA
Bakı Dövlət Universiteti
y.q.87@mail.ru
AZƏRBAYCAN
“Burda hər meşənin min cür ağacı” misrası ilə bəlkə də Musa Yaqub təbiətdə qarşılaşdığı
zənginliyi və bununla ifadə və işarə olunan insan xarakterini nəzərdə tutur. Hər halda bu misrada
işlənən sözlər bu şeirin təbiət lirikası nümunəsi olduğunu göstərir. Bəli, Musa Yaqub təbiət şairidir.
“Lalə”, “Damla”, “Yaylaqlar gözəldir”, “Qış lövhəsi”, “Təbiət yatır”, “Dağlara dəniz gəlib”, “Qara
dəniz”, “Dağlar çox qəribə olur gecələr” və s. şeirlər Musa Yaqubun təbiət lirikasından maraqlı
seçmələrdir.
Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində dünyaya gəlmişdir.
1953-cü ildə Topçu kəndində yeddinci sinfi bitirərək Göyçay Pedoqoji Texnikumuna daxil olub. 1957-
ci ildə pedoqoji təhsilini başa vurduqdan sonra Tircan kənd orta məktəbində sinif müəllimi işləyib.
1958-ci ildə doğma Buynuz kəndinə köçürülüb. 1962-ci ildən 1973-cü ilədək Buynuz kənd səkkizillik
məktəbinin direktoru olub. Musa Yaqubun ilk şeiri Göyçayda çıxan “Qalibiyyət bayrağı” qəzetində
dərc edilib. 1959-cu ildə “İki qəlb, iki dünya” poeması “Azərbaycan gəncləri” qəzetinin dörd
nömrəsində çap olunub. 1966-cı ildə Musa Yaqubun “Yarpaqlar oxuyur” adlı ilk şeirlər kitabı çapdan
çıxıb. 1978-ci ildə şair İsmayıllıya qayıtmış, şəhərdə deyil, kənd qoynunda yaşamağı üstün tutmuşdur.
Çünki Musa Yaqub kənd təbiətinə vurğun insandır. “Buynuza qar yağır” şeirində oxuyuruq:
Nəhəng ağ xəyaldır Babadağ baxır,
Buynuza qar yağır,
Kef içindəyəm.
Bağlı cığırlarda izim darıxır,
Məxfi sənəd kimi seyf içindəyəm.
Şair burada – İsmayıllıda “Zəhmətkeş” qəzetinin redaktoru olub. Bu günə kimi Musa Yaqubun
iyirmiyə qədər şeirlər kitabı çapdan çıxıb. Musa Yaqubun sonralar “Bu məhəbbət yaşadır məni”
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1146
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
(1970), “Mənim kainatım” (1973), “Üzü bəri baxan dağlar” (1977), “Yaxşı ki sən varsan” (1979), “Bir
sim üstə” (1983), “İki qəlbin işığı” (1985), “Mənim sevgi taleyim” (1988), “Ürəyimdə yerin qaldı”
(1992), “Nanə yarpağı” (1996), “Payızdan yaza yol varmı” (1999), “Ruhumla söhbət” (2004), “Son
illərin şeirləri” kitabları bir yerə toplanaraq “Bu dünyanın qara daşı göyərməz” adı altında 2007-ci ildə
çapdan çıxmışdır.
O, təbiətdən ilham alaraq yazıb-yaradan sənətkardır. Təbiətin hər hadisəsi – ağappaq qar, buz,
çovğun, şimşək, narın yağış, açan gül, çiçək, solan yarpaqlar, xışıldayan xəzəl və s. Musa Yaqubun
ilham mənbəyidir, onda yazmaq eşqini gücləndirir. Musa Yaqub “Payız işığı” şeirində təbiətə
vurğunluğunu bu cür bildirir:
Adam şair olar, ya haqq aşığı,
Düşsə bağçasına payız işığı.
Musa Yaqub güldən, çiçəkdən, ağacdan, daşdan, kəsəkdən, dağdan və s. yazanda təbiəti
məhəbbət anlamında qəbul edib qavrayır. Bu məhəbbətin kökündə Vətənə, insana sevgi var. O,
kəndinə, kəsəyinə, doğma Buynuza şeir yazanda torpağa bağlılığını bildirir, Vətənə sadiqliyini
göstərir. Axı təbiəti qorumaq elə Vətəni qorumaqdır. Və ya əksinə. Vətənə sevgisini, vətəndaşlıq
borcunu aşağıdakı şeirdə pafosdan uzaq, sakit, lakin poetik gözəlliklə bu cür deyir:
Bəlkə də borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də qoynunda qoy ölüm ki, mən
Çürüyüm, bir ovuc torpağın artsın.
Musa Yaqub “Lalə” şeirində lalənin qızarmasını “utancaq gəlin”ə bənzətməklə maraqlı poetik
lövhə yaratmış olur:
Utancaq gəlin tək çəkinib əvvəl,
Bürünür bir yaşıl duvağa lalə.
Və ya “Niyə gəlmisən?” şeirində soyuq münasibəti ifadə etmək üçün qış sözünü misralara gətirir:
Soldurub o çıraq yanaqlarını
Qış olub, üstümə niyə gəlmisən ?
Musa Yaqub insanpərvər, humanist şairdir. O, sevmək, sevilmək yanğısı ilə yaşayır və yazır.
Ayrılıq, hicran onun təbiətinə yaddır. Ayrılıq, hicran, qəriblik olanda o ruhən yaşamır:
Tərs kimi bir çiçək bitib yanımda,
Onu qoxlamağım, oxşamağım yox.
Qalmışam, hicranda öz gümanımda,
Nəfəs almağım var, yaşamağım yox.
Şair çox doğru olaraq vurğulayır ki, “Bizim bu dünyada yaşamağımız / İşıqlı adamlar
hesabınadır”. Təəssüf ki, insan həmişə “işıqlı adamlar”la qarşılaşmır. Bəzən naqislikləri gördükcə
narahat hisslər keçirir. “Sonra gələcək” şeirində yazır:
Bu nə şəriətdir, bu nə cəmiyyət ?
Bu nə kəmiyyətdir, ölçü-biçimdir ?
Kainat sirli, həyat möcüzədir. Cəmiyyətdə “işıqlı insan” da var, və ya əksinə. Hər fərd bir
dünyadır, hər fərd bir sirrdir. Nə qədər insan varsa bir o qədər də ürək var. Bu ürəklər də sirlidir, hər
birinin “kəşf olunmağa” ehtiyacı var. Təəssüf ki, “kəşf olunmayan” ürəklər də çoxdur. Bu ürəklər ya
“kəşf olunmur”, ya da “kəşf olunanda” gec olur. Elə buna görədir ki, Musa Yaqub yazır:
Əsrimiz müqəddəs,
Qayğımız böyük,
Biri yanan olub,
Biri yanmayıb;
Ayın görünməyən
Üzünü gördük,
Ürək var
Hələ də kəşf olunmayıb.
Həyatda hər cür çətinliklər var. Biz istəsək də, istəməsək də bu dünya mübarizə meydanıdır.
Yaşayırıqsa yaratmalıyıq. Bir də tale var. Musa Yaqub inanır ki, onu qoruyan bir müqəddəs varlıq var:
Adam var əriyir ağlaya bilmir,
Doğmasına da bel bağlaya bilmir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1147
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Çoxu sarayda can saxlaya bilmir,
Məni alaçıqda saxlayanım var.
Bəzən isə şair təklik hissi keçirir, sanki özünü cəmiyyətdən təcrid olunmuş kimi duyur. Belə
məqamlarda təbiət qoynunda olmaq şairi sözlə, şeirlə baş-başa qoyur, buna görə də şair darıxmır.
Amma yenə də təklikdən xilas olmağın yollarını axtarır. “Səhra yanğısı” şeirində Musa Yaqub yazır:
Gecə uzun, gün yasaq,
Hava duman, yol uzaq.
Mən bir asi yalquzaq.
Qurd ulayır içimdə.
Bu cür təhnalıq hiss etdiyi məqamlarda Musa Yaqub o qədər sıxıntı keçirir ki, hətta doğma
Buynuzda da özünü qərib hiss edir, “Öz doğma kəndimdə qürbətdəyəm mən”, - deyir.
Musa Yaqub zamandan və təbiətdən, insandan və cəmiyyətdən yazanda şeirinin ruhuna sevinc və
ya qəm çökmüş olsa da, bütün hallarda böyük səmimiyyətlə yazır və onun şeirləri oxucu kütləsinə
güclü təsir edir.
MÜSTƏQİLLİK DÖVRÜ AZƏRBAYCAN NƏSRİNDƏ
MİLLİ ÖZÜNƏQAYIDIŞ PROBLEMİ
Aygün HEYDƏROVA
Azərbaycan Müəllimlər İnstitutu
heyderova89@inbox.ru
AZƏRBAYCAN
(İsa Hüseynovun (Muğanna) “İsahəq, Musahəq”, Elçin Hüseynbəylinin “Yovşan qağayılar”
romanları əsasında)
Müstəqillik dövrü Azərbaycan nəsrinin özünəməxsus ştrixlərindən biri milli özünəqayıdış
problemidir. Uzun illər sovet hakimiyyəti altında qalmış Azərbaycanın öz milli yaddaşına
qayıtmasından təbii heç nə ola bilməz. Milli yaddaşa qayıdış birbaşa baş verə bilməzdi, belə ki, onun
ilk ünsürü olan milli şüur oyanmalı idi. Azərbaycanın siyasi müstəqillik əldə etməsi ilə əlaqədar
oyanan milli şüur ədəbiyyatda da, öz inkiasını tapdı və bu özünü, ilk növbədə, fərdi şüur şəklində
göstərdi. Unutmaq olmaz ki, hər bir fərdin daxili azadlığı cəmiyyəti, xalqı şərtləndirir.
Milli şüurun ünsürlərindən biri milli mənlikdir. Milli mənliyə vətəni sevmək, onu qorumaq kimi
sosial keyfiyyətlər daxildir. Milli mənlik milli mənəvi dəyərləri formalaşdırır. Xalqda milli oyanışa,
milli özündərkə ehtiyac yarandıqda milli mənəvi dəyərlər milli öznəməxsusluq səviyyəsində özünü
göstərir. Bununla da milli özünüdərk prosesi başlayır. Amma bura bütün milli mənəvi dəyərlər yox,
milli oyanış, milli özündərk kimi dəyərlər daxildir. Milli özünəqayıdışın əsası olan milli özünüdərk
milli tarixi gerçəklik, milli dil, etnoqrafiya, arxeologiya, milli psixologiya, adət-ənənə, milli xarakter
kimi ünsürləri özündə əks etdirir. Milli xarakter hər bir xalqın psixogenetik xüsusiyyətlərinin, adət-
ənənələrinin, streotiplərinin məcmusudur. Yuxarıda sadaladığımız ünsürlər müstəqillik dövrü
Azərbaycan nəsrində aparıcı xətt kimi özünü göstərir.
Müstəqillik dövründə yaranan bədii nümunələr mövzu olaraq bu ünsürlərə qayıdışı ya müasir
dövrü, ya keçmişi, ya da hər ikisinin sintezi olub qlobal dünyaya çıxış istəyini ifadə edən əsərlər olaraq
özündə əks etdirir. Bu dövrün nəsr nümünələrinə nəzər saldıqda milli özünəqayıdışın roman janrında
öz pik həddinə çatdığının şahidi oluruq. Bunun iki səbəbi vardır: birincisi, subyektiv azadlığın
yaratdığı demokratiya - yüksək şüur mədəniyyəti, mənəvi yetkinliyin bu janrda daha yaxşı əks
olunması; ikincisi, roman janrının geniş özünəməxsus imkanlara malik olması. İsa Hüseynovun
(Muğanna) “İsahəq, Musahəq”, Elçin Hüseynbəylinin “Yovşan qağayılar” romanlarında da, bu, öz
bədii ifadəsini tapmışdır.
Adı çəkilən birinci əsər şəxsi tale fonunda təqdim edilir, yəni avtobioqrafik xüsusiyyət daşıyır,
ikinci əsər isə lokonik ifadəliliyi, fraqmentallığı ilə zamansızlığı əks etdirərək fantaziyanı özündə əks
etdirir. Müstəqillik dövrünün nəsr əsərlərinin özünəməxsus çalarından biri zamansızlıqdır. Bunu
“Yovşan qağayılar” romanında da müşahidə edirik. Burada zamansızlıq ənənəvi zaman ardıcıllığının
pozulmasından ibarətdir.
|