bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququ olub, torpaq mülkiyyətçiləri,
istifadəçiləri və icarəçiləri arasında razılaşma və ya məhkəmənin qərarı ilə müəyyən edilir. Öz sahəsinə
xidmət göstərmək üçün torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin qonşu torpaq mülkiyyətçilərinin,
istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək hüququ qanunvericilikdə
təsbit olunmuşdur.
Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər:
– torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək;
– torpaq sahəsindən fərdi, kommunal, mühəndis, elektrik və digər xətt və şəbəkələrin çəkilməsi və təmiri
üçün istifadə etmək;
– torpaq sahəsində drenaj işləri aparmaq;
– torpaq sahəsində su toplamaq və içməli su götürmək (mal-qaranı suvarmaq);
– torpaq sahəsindən mal-qaranı keçirmək;
– yerli şəraitə və adətlərə uyğun olaraq özgənin torpaq sahəsində ot biçmək və mal-qara otarmaq;
– torpaq sahəsindən axtarış, tədqiqat və digər işlərin aparılması üçün müvəqqəti istifadə etmək;
– qonşu sahədə dayağı olan və ya müəyyən hündürlükdə qonşu sahəsinə keçən tikililər və qurğular
ucaltmaq;
– qonşu sahədə müəyyən hündürlükdən artıq olan tikililərin və qurğuların ucaldılmasını qadağan etmək;
– torpaq sahəsində qoruyucu meşə əkinləri və zolaqları salmaq və digər təbiətqoruyucu obyektlər
yaratmaq;
– qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar (TM, maddə 54).
52
Servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla
tətbiq edilməli, üzərində servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçisinin həmin servitutdan istifadə
edən şəxsdən müvafiq ödəniş tələb etmək hüququ olduğunu bilməlidir. Lakin kənd əhalisinin və onların
müxtəlif birliklərinin xeyrinə müəyyən edilən servitutlara görə ödəniş qanunvericilikdə nəzərdə tutulmamışdır.
Torpaq sahəsi üzərində hüququn formasından asılı olmayaraq servitut bütün torpaq sahəsinə müəyyən
edilə bilər və dövlət qeydiyyatından keçirilməlidir. Başqa şəxslərə keçdikdə torpağa qanunvericiliklə müəyyən
edilmiş servitutlar saxlanılır.
Servitutlar müvəqqəti və ya daimi ola bilər ki, bu zaman onun əsasları aradan qaldırılarsa, torpaq
mülkiyyətçisinin tələbinə görə həmin servitut dayandırıla bilər. Servitut tətbiq edilməsi nəticəsində torpaq
sahəsindən məqsədli təyinatına görə istifadə etmək qeyri-mümkün olarsa, o halda həmin torpağın
mülkiyyətçisinin bu servitutun məhkəmə qaydasında dayandırılmasını tələb etmək hüququ vardır.
Mülkiyyət hüququ torpağın müəyyən sahəsini əhatə edə bilər. Torpaq sahəsi dövlət torpaq kadastrında və
torpaq üzərində hüquqların dövlət reyestrində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi,
təyinatı və digər göstəriciləri əks etdirilmiş yer sahəsinin bir hissəsidir. Torpaq sahəsinin hüquqi statusu onun
məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə
həmin sahəyə dair yüklükləri (məhdudiyyətləri) əhatə edir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın
dövlət reyestrini aparan səlahiyyətli şəxsin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpağa
mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əmələ gəlir.
Qanunvericiliyə görə, torpağın müəyyən sahəsinə mülkiyyət hüququ, qanunda ayrı hal nəzərdə
tutulmayıbsa, həmin sahənin sərhədləri daxilində yerləşən torpaq qatını, qapalı sututarları, meşələri və bitkiləri
də əhatə edir. Mülkiyyətçi öz torpaq sahəsinin üstündə və altında (5 m-ə qədər) olan hər şeydən istifadə edə
bilər. Lakin bu zaman qanunvericiliyi və digər şəxslərin hüquqlarını pozmaq olmaz.
Torpaq sahəsi mülkiyyətçilərinə görə torpaq sahəsinə buraxılmanın müxtəlif hüquqi rejimi müəyyən
edilmişdir. Qanunvericilikdə dövlət və bələdiyyə mülkiyyətində olan torpağa buraxılma üçün fiziki və hüquqi
şəxslərin mülkiyyətində olan torpaqlara buraxılmadan daha geniş imkanlar nəzərdə tutulmuşdur. Bu, dövlət və
bələdiyyə mülkiyyətində daha çox müxtəlif təyinatlı torpaqların olması ilə izah olunur. Belə sahələrə heç bir
icazə olmadan fiziki şəxslər sərbəst şəkildə daxil ola bilərlər. Lakin həmin sahələrdə olan təbiət obyektlərindən
fiziki şəxslər qanunvericiliklə və torpaq mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilərlər. Məsələn,
qanunvericiliyə, mülkiyyətçinin verdiyi ümumi icazəyə və yerli adətlərə uyğun olaraq meşələrdə, sututarlarda
müvafiq olaraq meyvə yığmağa, heyvan, quş və balıq ovlamağa icazə verilir. Lakin bütün bunlar icazə verilmiş
yerlərdə, hədlərdə həyata keçirilə bilər.
Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan torpaq sahəsinə isə bir qayda olaraq mülkiyyətçinin icazəsi
olmadan başqa şəxslərin girməsinə yol verilmir. Lakin, qanunvericilikdə bu ümumi qaydadan istisnalar da
müəyyən edilə bilər. Belə ki, zəruri hallarda mülkiyyətçinin torpaq sahəsindən başqa piyadaların keçidi üçün
istifadə edilməsinə yol verilə bilər. Belə hallarda hökmən torpaq sahəsi qanunda nəzərdə tutulmuş qaydada
servitutla yüklü edilməlidir (Servitut dedikdə - bir mülkiyyətçinin daşınmaz əmlakın digər daşınmaz əmlakın
mülkiyyətçisinin xeyrinə yüklülüyü anlaşılır. Servituta əsasən bir mülkiyyətçinin daşınmaz əmlakına mülkiyyət
53
hüququnun məhdudlaşdırılması hesabına digər daşınmaz əmlakın mülkiyyətçisinə həmin əmlakdan göstərilən
məhdudiyyətlər çərçivəsində istifadə etmək hüququ verilir).
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 169.3-cü maddəsinə görə, torpaq sahəsinin
mülkiyyətçilərinin mülkiyyət hüququnun məhdudlaşdırılması
əsasları bu maddədə xüsusilə
müəyyənləşdirilmişdir. Bir sıra əsaslı işlərin görülməsi üçün başqasının torpaq sahəsindən istifadə edilməsinə
yol verilməklə onun mülkiyyət hüququnun məhdudlaşdırılması mümkündür. Belə əsaslı işlərin siyahısı
maddədə birbaşa nəzərdə tutulmuşdur. Buraya quyuların qazılması, drenaj, qaz və başqa borcların, yerüstü və
yeraltı elektrik xətlərinin çəkilməsi daxildir. Bu işlərin görülməsi başqasının torpaq sahəsindən istifadə etmədən
qətiyyən mümkün deyilsə və ya hədsiz yüksək xərclər tələb edirsə həmin torpaq sahəsinin mülkiyyətçisi bu
işlərin aparılmasına icazə verməlidir. Mülkiyyətçinin hüququnun belə məhdudlaşdırılmasına hər şeydən əvvəl
həmin işlərin görülməsinin başqa məqbul variantı olmadıqda yol verilir. Başqa variant daha çox məsrəf tələb
edərsə torpaq mülkiyyətçisi bu işlərin həyata keçirilməsi üçün onun sahəsindən istifadə edilməsinə mane ola
bilməz. Bu halda torpaq sahəsinin mülkiyyətçisi dəyəcək zərərin əvəzi ödənilməklə həmin işlərin aparılmasına
icazə verməlidir. Bununla yanaşı həmin torpaq sahəsinin mülkiyyətçisinin mənafeləri ədalətlə nəzərə
alınmalıdır. Bundan başqa mülkiyyətçi çəkitlən yerüstü xətlərin keçdiyi torpaq sahəsinin tam əvəzi ödənilməklə
onun sahəsindən ayrılmasını tələb edə bilər. Torpaq sahəsi ilə bağlı şəraitin dəyişməsi mülkiyyətçinin
mənafeyini də dəyişdirə bilər. Bu halda mülkiyyətçi öz mənafeyinə uyğun olaraq xətlərin öz sahəsində başqa
yerdən çəkilməsini tələb edə bilər. Belə işlərin görülməsinin xərclərini bir qayda olaraq ixtiyarlı şəxs
ödəməlidir. Lakin bu xərclər çox olduqda onun ağlabatan hissəsini mülkiyyətçi ödəməlidir. Çünki belə işin
görülməsini məhz mülkiyyətçi tələb edir və onun mənafeyinin müdafiəsi digər tərəfin mənafeyinə ciddi zərər
vurmaqla həyata keçirilə bilməz (maddə 170.1).
Vətəndaşların və hüquqi şəxslərin istifadə edə biləcəyi torpaq sahələrinə növbəti hüquq növü icarədir.
Mülki qanunvericiliyə görə icarəyəverən icarə müqaviləsi üzrə icarəçiyə müəyyən haqq müqabilikdə əmlakı
müvəqqəti sahiblik və istifadə və ya müvəqqəti istifadəyə verməyi öhdəsinə götürür. Müqaviləyə uyğun olaraq
icarəyə götürülmüş əmlakın istifadəsi nəticəsində alınmış meyvələr, məhsul və gəlir icarədarın mülkiyyətidir.
İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə,
əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə
xarici dövlətlərə verilir.
Mülkiyyətçi olan icarəyəverənin razılığı ilə icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına
subicarəyə (ikinci əldən icarəyə) verə bilər. İcarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr
torpaq üzərində icarə münasibətləri olub, bu münasibətlərin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə
olan torpaqlardır.
Qanunvericiliyə görə torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə
etməkdir. Torpaq üzərində icarə münasibətləri icarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi
əlaqələr kimi ortaya çıxır. Bu münasibətlərin obyektləri dövlətin, bələdiyyələrin və xüsusi mülkiyyətində torpaq
olan şəxslərin torpaqlarıdır.
17 mart 1999-cu ildən qüvvəyə minmiş «Torpaq icarəsi haqqında» Azərbaycan Rsepublikası Qanununa
görə dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədi ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin
54
istifadəsinə bir qayda olaraq icarə əsasında verilir. Lakin, torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə
tutulduğu hallarda torpağın istifadəçisi də onu icarəyə verə bilər (maddə 4) .
Qanunvericilikdə həmçinin dövlət mülkiyyətində olan aşağıdakı torpaqların icarəyə verilə bilməsi də
təsbit olunmuşdur:
– dağ-mədən sənayesinin ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının, magistral boru
kəmərlərinin, sənaye, nəqliyyat, rabitə, energetika, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi
torpaqlar;
– meşə fondu torpaqları;
– Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin dibi də daxil olmaqla
su fondu torpaqları;
– yay və qış otlaqlarının torpaqları;
– dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının,
dövlət sort-sınaq, baytarlıq, bitki mühafizəsi, bitki karantini xidmətlərinin, toxumçuluq və damazlıq
müəssisələrinin torpaqları;
– sağlamlaşdırma və istirahət təyinatlı torpaqlar;
– dövlət müəssisə, idarə və təşkilatlarının yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş
torpaqlar («Torpaq icarəsi haqqında» Qanun, maddə 5).
Qeyd etmək lazımdır ki, bu torpaqlar icarəyə verilərkən onların hüquqi statusu, rejimi, məqsədli təyinatı
nəzərə alınır, istifadəsi və mühafizəsi ilə bağlı məsələlər isə hazırda ölkəmizdə qüvvədə olan müvafiq
qanunvericilik aktları ilə tənzimlənir.
Qanunvericiliyə görə, bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər:
– ehtiyat fondu torpaqları;
– fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar.
Bələdiyyələrin ümumi istifadədə olan torpaqlarının icarəyə verilməsi bələdiyyə torpaqları haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.
Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının mülki və
torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada icarəyə verilir. Qanunvericiliyə görə, torpaqlar icarəyə
verilərkən aşağıdakı şərtlərə əməl edilməlidir:
– ərazinin təbii-coğrafi şəraitinin torpaqdan istifadənin müddətinin və xüsusiyyətlərinin, qonşu torpaqların
mülkiyyətçilərinin və istifadəçilərinin qanunla qorunan mənafelərinin nəzərə alınması;
– dövlət və bələdiyyə torpaqlarının icarəyə verilməsində torpaq qanunvericiliyində nəzərdə tutulmuş
növbəliliyə əməl edilməsi;
– torpaqların təyinatı üzrə istifadə edilməsi;
– torpaqların istifadəsi zamanı ekoloji tarazılığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin
edilməsi;
– torpaq sahələrinin yerquruluşu layihələri və yaşayış məntəqələrinin baş planları əsasında verilməsi;
– kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, bərpası və
yaxşılaşdırılmasının təmin edilməsi («Torpaq icarəsi haqqında» Qanun, maddə 9).
55
Torpaq mülkiyyətçilərinin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq
müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Qanunvericiliyə görə dövlət və bələdiyyə
torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən
torpaq sahəsi qanuni istifadə də olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının
və ya bələdiyyənin rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanır.
Müqavilə qanunvericiliyə uyğun tərtib olunmalıdır və bu zaman aşağıdakılar nəzərdə tutulmalıdır:
– icarəyə verən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri;
– torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar;
– icazənin müddəti, icazə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları;
– torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri;
– müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası;
– fors - major halları baş verdikdə torpağın geri alınması şərtləri;
– müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin həlli
qaydası.
Qeyd etmək lazımdır ki, torpaq icarəsi müşqaviləsi dövlət qeydiyyatına alınır və icarənin müddətləri
tərəflərin razılığı ilə bağlanan bu müqavilədə təsbit olunur. Müqavilədə həmçinin torpağın subicarəyə verilməsi,
satın alınması, torpaq və mülki qanunvericiliklə müəyyən edilmiş digər şərtlər də nəzərdə tutula bilər.
Qanunvericiliklə müəyyən edilmiş qaydada torpağa icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində
qeydə alınmalı və həm dövlət, həm də bələdiyyə torpaqlarının icarəçilərinə torpaqdan müvəqqəti istifadə
hüququna dair şəhadətnamə verilməlidir. Əks təqdirdə icarə hüquqlarının müdafiəsinə və toxunulmazlığına
təminat verilmir.
Xüsusi şəhərsalma əhəmiyyətinə malik dövlət və bələdiyyə torpaqları yalnız torpaq müsabiqələri və ya
hərracları vasitəsi ilə icarəyə verilə bilər. Bu zaman aşkarlıq təmin olunmaqla dövlət torpaqlarının icarəyə
verilməsini müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə
verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər.
Xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında
bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir.
Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyə verənə ödədiyi vəsait olub,
tərəflərin razılığı ilə müəyyən olunur. İcarəyəverən torpaq vergisi tədiyyəçisi olduqda, torpaq vergisi icarə
haqqının tərkibinə daxil edilir, əks təqdirdə icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. Tərəflərin
razılı ilə icarə haqqı pul, natura (məhsul) və ya qarışıq formalarda müəyyən edilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 1998-ci il tarixli 214 Saylı Qərarı ilə təsdiq
edilmiş «Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası»na görə meşə fondu torpaqlarının icarəyə
verilməsinin aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyi nəzərə alınmaqla Ekologiya və
Dostları ilə paylaş: |