Torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini
özbaşına tutma, dəyişdirmə və ya becərmə – şərti maliyyə vahidi məbləğinin yüz mislindən beş yüz
mislinədək miqdarda cərimə və ya iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə
cəzalandırılır.
Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, CM-in 188-ci maddəsində nəzərdə tutulmuş
əməllərin törədilməsi iqtisadi sistemdə çox mühüm rol oynayan torpaqdan qanuni istifadə, ona sahiblik və onun
barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə səbəb olur, torpağın
möhtəkirlik obyektinə çevrilməsinə gətirib çıxarır.
Cinayətin obyekti xüsusi iqtisadi kateqoriya olan torpaq üzərində mülkiyyət hüququnun həyata
keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir.
Mülki Məcəllənin 238.1-ci maddəsinə əsasən, torpaq daşınmaz əmlak kimi mülkiyyət hüququnun
obyektidir.
Torpaq üzərində mülkiyyət hüququ dedikdə, hüquqi və ya fiziki şəxsin ona mənsub torpağa öz istədiyi
kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan
hüququ başa düşülür.
92
Torpaq hüquqi fiziki şəxslərin, dövlətin və bələdiyyələrin mülkiyyətində ola bilər.
Torpaq üzərində bütövlükdə mülkiyyət hüququnun və onun ayrı-ayrı elementlərinin yaranması qaydası və
əsasları MM-də, Azərbaycan Respublikası Torpaq Məcəlləsində, «Torpaq bazarı haqqında» 7 may 1999-cu il
tarixli AR Qanununda və başqa qanunvericilik aktlarında müəyyən edilmişdir.
«Torpaq bazarı haqqında» AR Qanununun 5-ci maddəsi torpaqla əlaqədar aşağıdakı əqdlərin
mümkünlüyünü nəzərdə tutmuşdur:
- torpaq sahələrinin alqı-satqısı; torpaq sahəsinin nizamnamə (pay) fonduna verilməsi;
- torpaq sahəsinin girovu (ipotekası);
- torpaq sahəsinin dəyişdirilməsi;
- torpaq sahəsinin bağışlanması;
- torpaq sahəsinin vərəsəlik qaydasında başqasına keçməsi;
- torpaq sahəsi üzərində istifadə və icarə hüquqlarının başqasına keçməsi.
Bundan başqa, MM-in 241-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq
sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş
dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.
Yuxarıda sadalanan müxtəlif növ əqdlər bağlandıqdan və qanunvericiliyə müvafiq olaraq
rəsmiləşdirilərək dövlət qeydiyyatına alındıqdan sonra, habelə dövlət və ya bələdiyyə torpaqlarının fiziki və
hüquqi şəxslərin istifadəsinə ayrılması haqqında müvafiq sərəncamın verilməsindən sonra torpaq üzərində
mülkiyyət hüququnun yaranması və ya dəyişməsi tam qanuni olacaqdır.
Cinayətin obyektiv cəhəti torpaq üzərində mülkiyyət hüququnu torpaq sahəsini özbaşına tutma,
dəyişdirmə və ya becərmə yolu ilə pozmada ifadə olunmuşdur.
Şərh edilən maddənin dispozisiyasında nəzərdə tutulmuş mənada torpaq üzərində mülkiyyət hüququnun
pozulması dedikdə, təkcə bütövlükdə mülkiyyət hüququnun deyil, həm də onun ayrı-ayrı elementlərinin –
torpağa sahiblik, ondan istifadə və ya onun barəsində sərəncam vermə hüququnun da ayrılıqda pozulması başa
düşülməlidir.
Bu maddədə torpaq üzərində mülkiyyət hüququnu pozmanın konkret üsulları sadalanmışdır.
Torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı,
yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş
qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülməlidir. Bu zaman təqsirkar
qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur
(məsələn, torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-
məişət fəaliyyəti həyata keçirməyə başlayır).
Torpaq sahəsini özbaşına dəyişdirmə dedikdə, şəxsin öz mülkiyətində (sahibliyində, istifadəsində) olan
torpaq sahəsini başqa şəxsə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsi başa düşülməlidir.
Qanunvericiliyə müvafiq qaydada şəxsin istifadəsinə ayrılmış torpaq sahəsi əvəzinə başqa torpaq sahəsini ələ
keçirmə də torpaq sahəsini özbaşına dəyişdirmə hesab edilməlidir.
Torpaq sahəsini özbaşına becərmə dedikdə, hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa
qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların
93
yetişdirilməsindən ibarət fəaliyyət başa düşülməlidir. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün
yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizləmə və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi
hərəkətlərin məcmusudur.
Torpaq sahəsindən istifadə onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin razılığı ilə, lakin
qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə və dövlət qeydiyyatına alma olmadan həyata
keçirildikdə təhlil edilən maddə üzrə məsuliyyət istisna edilir, bir şərtlə ki, razılığın özü qanuni olsun (məsələn,
MM-in 242.2-ci maddəsinə əsasən, istifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun
mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər).
Cinayət göstərilən maddədə formal tərkib vasitəsi ilə ifadə olunmuşdur və torpaq sahəsinin özbaşına
tutulduğu, dəyişdirildiyi və ya onun becərilməsinə başlanıldığı andan başa çatmış olacaqdır.
Cinayətin subyektiv cəhəti birbaşa qəsddən ibarətdir. Təqsirkar torpaq sahəsini özbaşına tutduğunu,
dəyişdirdiyi və ya becərdiyini dərk edir və bu əməli törətməyi arzu edir. Araşdırdığımız bu cinayətin subyekti
16 yaşına çatmış hər bir anlaqlı fiziki şəxs ola bilər.
|