Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci il tarixli, 2062 №-li əmri ilə təsdiq edilmişdir



Yüklə 3.72 Mb.
səhifə31/47
tarix28.11.2016
ölçüsü3.72 Mb.
1   ...   27   28   29   30   31   32   33   34   ...   47

Nəzarətin müxtəlif növləri var: gündəlik nəzarət, tematik nə­za­rət, dövrü nəzarət, yekun nəzarət. Şagirdlərin tədris fəaliyyətinə nə­zarət onun xüsusiyyətlərini qiymətləndirmək və hesaba almaqla üz­v şəkildə əlaqədardır.

Nəzərə alınmalıdır ki, şərh olunan mərhələlər təlim prosesində bir-birindən tam ayrılıqda cərəyan etmir, onlar bir-biri ilə qarşılıqlı əla­qədə olur, hətta bir-birinə çevrilə bilir, biri digərində iştirak edir.

Təlim mərhələlərinin ardıcıllığına müəllim yaradıcılıqla ya­na­şır. Çünki fənnin və mövzunun, habelə qarşıya qoyulmuş didaktik və­zifənin xarakterindən asılı olaraq mənimsəməni cisim və ha­disələrin qavranılmasından deyil, anlayışların dərk olunmasından baş­lamaq, təlimin hansısa mərhələsini adlamaq mümkün olur. Tə­l­imdə bu cəhət də nəzərə alınmalıdır.

12.2. Mükəmməl təlim sisteminin altsistemləri
12.2.1. Bilik və fəaliyyət üsullarının əsasən hazır ötürül­məsi­ni özündə ehtiva edən altsistem.
Pedaqoji ədəbiyyatda təlimin müəllim tərəfindən bilik və fəa­liy­yət üsullarının əsasən hazır şəkildə ötürülməsi, hafizəyə daha çox üs­tünlük verilməsi əsasında cərəyan edən, təhsilin ilk iki səviyyəsi əha­tə olunan, şagirdlərin analitik və evristik fəaliyyəti üçün önəmli funk­siyalar daşıyan, analitik və evristik fəaliyyətin optimal mü­na­si­bət­lərin özündə saxlayan mükəmməl təlim sisteminə məxsus alt­sis-tem barəsində çox yazılmışdır. Həmin altsistem “izahlı repro­duktiv”, “izah­edici”, “izahlı-illüstrativ”, “reproduktiv” təlim anla­yı­şı (və ya “ya­naşmalar” termini) vasitəsilə təqdim olun-muşdur. Uzun müddət mək­təblərimizdə bu altsistem təlimin mükəmməl sistemi kimi qəbul edil­miş, ona ənənəvi təlim statusu verilmişdir. Bir çox tanınmış psi­xo­loqlar belə bir yanlış yanaşma üçün əsas ola biləcək ideyanın mü­əl­lifi kimi israrlı mövqedə dayanmışdır.

Sözügedən altsistemin mükəmməl təlim sistemi ilə ey­ni­ləş­di­ril­məsi cəhdi bəşərin təcrübəni əldə etməsinin formalaşmış yollarına zid­dir. Məlum olduğu kimi, insan bilik və fəaliyyət üsulları sist­e­mi­nə iki istiqamət üzrə yiyələnir:

- insan bəşərin öz ictimai-tarixi inkişafı prosesində əldə etdik­lə­rinin bir qismini başqasına hazır şəkildə ötürür (təbii ki, müxtəlif yol və vasitələrlə);

- insan öz potensial imkanlarını səfərbər etməklə, axtarış yolu ilə real aləm haqqında biliklərə, onun dəyişidirilməsi ilə bağlı fəa­liy­yət üsullarına yiyələnir.

Çoxillik müəllimlik təcrübəmizə və apardığımız konkret məq­sədli tədqiqat işindən əldə etdiyimiz ümumiləşdirmələrə əsasən is­rar­lıyıq ki, təlim sistemində biliklərin və fəaliyyət üsullarının əsasən ha­zır şəkildə ötürülməsinə, bunların şagirdlər tərəfindən əsasən icr­a­et­mə və reproduktiv fəaliyyətin nəticəsi kimi əldə olunmasına üs­tün­lük verilməsi tamamilə arzuolunan nəticələrə gətirib çıxarmır. Rep­ro­duktiv fəaliyyətə əsaslanan sistem barəsində N.Dayri haqlı ola­raq bildirir ki, orta təhsilin sürətlə inkişaf etməsi və biliklərə tələ­batın artması şəraitində bu cür təlimin çatışmazlıqları özünü get-gedə da­ha bariz surətdə göstərirdi.

Şagirdlərin bir çoxu dərsdə işləmirdi və hətta ən yaxşı hal­lar­da mənimsəmənin effektliyi şagirdlərin idrak imkanlarından geri qa­lırdı. Səbəb-nəticə əlaqələrinin, qanunauyğunluqların zəif mənimsə­nil­­məsi və ümumiyyətlə, biliklərin əzbərlənmiş olması və onların tət­biqini, başlıca səbəbin ayrılıb göstərilməsini, müha­ki­mə yürüdül­məsini, sübut edilməsini bacarmamaq və s. bu kimi çatışmazlıqlar təlim prak­tikasında özünü göstərirdi. Həmin altsistemin təlimin mü­kəm­məl sistemi üçün xarakterik və əhəmiyyəti danılmaz olan vəzifələrin hə­yata keçirilməsinə yönələn aşağıdakı funksiyaları effektli şəkildə da­şımadığını göstərməklə fikrimizi daha əsaslı arqumentləşdirə bi­lə­rik:

- yeni bilik və üsulların müstəqil mənimsənilməsi fəaliyyətinə şa­girdlərin daha geniş şəkildə cəlb edilməsi funksiyasını;

- şagirdlərin idrak müstəqilliyinin və yaradıcı qabiliyyət­lərinin in­kişafına təsir göstərmək funksiyasını;

- məktəblilərin dialektik təfəkkürünün formalaşdırılması funk­si­yasını;

- mənimsənilmiş biliklərin yeni situasiyada tətbiqinin əsasında du­ran yaradıcı bacarıq və vərdişlərin formalaşdırılması funksiya­sını;

- elmi tədqiqatın metodlarını əldə etmək və onlardan fayda­lan­maq üçün yaradıcı fəaliyyət, bacarıq və vərdişlərin formalaş­dı­rıl­ması funksiyasını.

Lakin deyilənlərdən səhv nəticə çıxararaq bu altsistemə eti­na­sız da yanaşmaq olmaz. Əgər təlim materialının məzmununda öy­rə­ni­ləcək anlayış və hadisələr ikinci dərəcəli (köməkçi) xarakterə ma­lik­dirsə, yeni biliklərin əldə olunması üçün istinad biliklərinin miq­darı kifayət deyildirsə, aktuallaşdırılmalı əlaqələr çətin və abstrakt ol­maqla çoxluq təşkil edirsə, faktiki material böyük miqdardadırsa, on­da belə bir altsistemdən necə istifadə etməmək olar?!

Bəşərin bilikləri və fəaliyyət üsullarını əldə etməsi təcrübəsi, şa­girdin psixi proseslərinin inkişaf xüsusiyyətləri bu altsistemə tə­lim prosesində yer verilməsini, təhsilin ilk iki səviyyəsinə uyğun və­zi­fələrin həllində bundan istifadə etməyin qaçılmazlığını təsdiq edir. İn­kar olunmazdır ki, hafizədə biliklərin böyük bir qismi məhz bu yol­la əldə oluna bilər. Nəhayət, təlim sistemində biliklərin və fəa­liy­yət üsullarının reproduktiv fəaliyyətin (şagirdin) nəticəsi kimi veril­mə­sini özündə ehtiva edən altsistemin mövcudluğunu biliklərin st­ruk­turu şərtləndirir. Biz bu mülahizəni söyləyərkən təlim ma­te­ri­alı­na daxil olan biliklərin üç qrupda birləşdiyini nəzərə alırıq: ümu­­miləşmiş biliklər, ümumiləşmiş fəaliyyət üsulları haq­qında bi­lik­lər; konkret biliklər.

Birinci qrupa anlayış, qanun, prinsip, qaydalar və s. daxildir. Bu qrupa aid bilikllər aşağıdakı yollarla mənimsənilə bilər: a) an­la­yı­şın və s. məzmun və mahiyyətini başa düşmədən əzbərləmək; b) ha­zır nəticə, ümumiləşdirmə şəklində öyrənmək, daha doğrusu an­la­yı­şın və s. məzmununun müəllim tərəfindən və ya dərsliyin köməyi ilə açılması; c) müstəqil əldəetmə. İkinci qrupa gerçək aləmin cisim və hadisələrinin mahiyyətinin, habelə müvafiq anla­yışların, qanu­na­uy­ğunluq və qanunların, qaydaların dərk olun­masında işlə­dilən üsul və priyomlar haqqında biliklər daxildir. Bu qrupa daxil olan bi­lik­lə­rin hər bir konkret halda mənimsənilmə yolunu məqsə­dəuyğun şə­kil­də (didaktik əsaslarla) müəllim müəy­yən etməlidir. Belə ki, an­la­yış, qayda, qanun və sairənin biri təlim probleminin həlli yolu, baş­qası isə izahlı-reproduktiv yol seçməklə mənimsənilə bilər. Üçüncü qru­pa faktlar, terminlər, tarixlər, adlar, verilmiş kəmiyyət miqdarları, ha­disələr və s. daxildir. Bu qrupa aid olan biliklər ümumiləşdirici xa­rakter daşımır, o sadəcə əzbərçilik, yad­da­saxlama tələb edir. Üçün­cü qrup biliklər bir qayda olaraq problemli öyrənmə yolu ilə mə­nimsənilmir.

Tədqiqat materiallarının ümu­miləşdirilməsi söyləməyə əsas yaradır ki, haqqında açıqlama ver­diyimiz bu altsistem müxtəlif layihələrin (texnologiyaların) tət­biq edilməsi və komponentlərin –imkan daşıyıcılarının funksiyala­rın­dan daha kamil istifadə olunması əsasında təkmilləşdirilə biləndir.

Ancaq ideal təkmilləşdirmə belə onu mükəmməl sistem halına g­ə­tirə bilməz. Çünki bəşər mədəniyyətinin dərk olunması, qo­run­ması və yaradıcılıqla inkişaf etdirilməsi təcrübəsinin mənim­sə­nil­məsi şəraitini tənzimləyən sistemin xarakterik əlaməti alqoritmik və ev­ristik fəaliyyətlərin optimal münasibətlərini özündə saxlamasıdır. Tə­bii ki, buna adekvat olan təlim sistemi (mükəmməl sistem) həm sö­zü­gedən altsistemi özündə saxlamalıdır, həm də yeninin müstəqil, prob­lemli mənimsənilməsi şəraitini tənzimləməlidir. Odur ki, bi­lik­lə­rin əsasən hazır şəkildə əldə olunması yolunu təkmilləşdirməklə yox, onu tamamlamaqla mükəmməl sistemi formalaşdırmaq olar.

Təbiəti və funksiyaları barədə bəhs etdiyimiz altsistemdə şa­gird alqoritm quran (tərtib edən), evristik fəaliyyətini idarə edən sub­yekt yox, sözügedən növ fəaliyyətlərin müşahidəçisi rolunda çı­xış edir, bəzi hallarda onun struktur tərkiblərinin bir qisminin ic­ra­çı­sı olurlar. Nəticədə şagirdin alqoritm qurmaq, evristik və analitik fəa­liyyətin subyekti rolunda çıxış etmək üçün zəruri bilik və inkişaf sə­viyyəsi formalaşmır.

Yeninin müəyyənləşdirilməsinə yönələn analitik və evristik fəa­liyyətin yerinə yetirilməsi prosesi müəyyən alqoritm ehtiyatına və möhkəm qaydalar sisteminin mövcudluğuna istinad edir. Bilik və fəa­liyyət üsullarının öyrənilməsini özündə ehtiva edən altsistemdə al­qoritmik, evristik və analitik fəaliyyətin optimal münasibətlərinin tən­zimlənməsi problemin təbiəti, problemliliyin səviyyəsi ilə şərt­lə­nir. Bilik və fəaliyyət üsullarının əsasən hazır ötürülməsini özündə sax­layan altsistemdə isə alqoritmləşdirmə alqoritmik mədəniyətin in­kişafına olan zəruri (həm şagirdlərin idarəetmə, reproduktiv fəa­liy­yəti üçün, həm müəllimin yeninin axtarışına yönələn fəaliyyətini şü­ur­lu müşahidə etmək, həm də problemli öyrənmə prosesinə hazır­lan­ma baxımından) tələbatla şərtlənir.

Şagirdin alqoritmləri mənimsəməsi, tərtib etməyi bacarması əq­li fəaliyyətin düzgün istiqamətdə cərəyan etməsini şərtləndirir, ev­ristik fəaliyyətin inkişafı üçün geniş imkanlar açır. Pofessor B.A.Əhməov vurğulayır ki, nəzəri biliklərin əməli tətbiqi baxımı­n­dan alqoritm əldə etməyin müstəsna əhəmiyyəti vardır. Biz bu fikrə şə­rikik. Şagirdlərə müəyyən işin icrasını öyrətmək, fəaliyyətini ida­rə etməyə hazırlamaq üçün zəruri alqoritmlərin mənimsənilməsinə na­il olmaq gərəkdir və bu, bizim otuz beş illik təcrübəmizdən irəli gə­lən qənaətimizdir. Bu sahədə ilk təcrübəmiz “Dərsin tək­mil­ləşdirilməsi yolları”na həsr olunmuş respublika konfransı tərə­fin­dən təqdir edilmişdir. (Bakı, 1977-ci il). Təlimi alqoritmləşdirmək ona görə faydalı hesab olunur ki, şagirdlər bunun vasitəsilə öz təfəkkür və əməli hərəkətlərini təşkil edir və onlar idarəetməyə alışırlar. Tə­li­min altsistemlərinin təkmilləşdirilməsi, onların uzlaşmasının təm­i­na­tı alqoritmləşdirməyə xüsusi önəm verməyi tələb edir.

Təbii ki, bu işdə aludəçiliyə yol vermək olmaz, onun zəif cə­hət­lərinin də mövcudluğunu nəzərdən qaçıra bilmərik. Həddindən ar­tıq alqoritmləşdirməyə uymaq təlim prosesini zəiflədər, şa­gird­lərin yaradıcı qabiliyyətlərinin inkişafını ləngidər, təlimdə forma­lizm əmələ gətirə bilər. Təbii ki, hər şey alqoritmləşdirməli deyildir, bu­na lüzum da yoxdur. Əgər məsələdə bütün şərtləri, əməlləri, on­ların ardıcıllığını nəzərə almaq mümkün deyildirsə və ya tərtib edi­lən alqoritm hədindən artıq mürəkkəbdirsə, alqoritmləşdirməyə yö­nələn cəhdin nə mənası vardır? Amma elə məsələlər də vardır ki, onun alqoritminin tərtibi ilə bağlı iş müəyyən vaxt itkisinə səbəb ol­sa da belə, bundan yan keçmək olmaz. L.N.Landa şagirdlərin müs­tə­qil şəkildə alqoritm tərtib etməsinin onun təfəkkür müstəqilliyinin for­malaşması baxımından böyük didaktik dəyərə malik olduğunu vur­ğulayır. Şagirdlərin alqoritmik mədəniyyəti bu və ya digər mə­sə­lə­lərin həlli alqoritminin tərtibi üzrə fəaliyyətinin nəticəsidir.

Biz alqoritmik mədəniyyət dedikdə, elə spesifik təfəkkür, ba­ca­rıq və vərdişlərin məcmusunu nəzərdə tuturuq ki, bu həm cəmiy­yə­tin indiki inkişaf mərhələsində hər bir insanın mədəniyyətinin his­səsi kimi, həm də məktəb təhsilinin məqsədyönlü komponentlərini tə­yin edən bir amil kimi çıxış edir. Məktəblilərin alqoritmik mədə­niy­yətini müəyyən edən komponentlər qrupu əsasən aşağıdakılardır:

1. Alqoritm anlayışının mahiyyətini, xassəsini, habelə dilini an­layıb dərk etmək;

2. Alqoritm yazmaq üçün üsul və vasitələrə yiyələnmək;

3. Məktəb kursunda işlədilən alqoritmlərə yiyələnmək;

4. Kompyuterlər üçün proqramlaşdırmanın elementar əsasla­rı­nı bil­mək.

Tədqiqatdan əldə etdiyimiz materialların təhlili göstərir ki, mü­əllim­lərimizin işində sözügedən komponentlərin əldə olun­ma­sına istiqamətlənən işə zəif diqqət yetirilir. Bunu tərəfimizdən tətbiq edi­lən anket sorğusunun nəticələri təsdiq edir. Həmin an­ket­lərə aşağıdakı tapşırıqlar daxil edilmişdir:

1. Siz müxtəlif elmlərin əsasları ilə tanış olur, bilik, bacarıq və vər­dişlər sisteminə yiyələnirsiniz. Bu və ya digər məsələni həll edər­­kən alqoritmlərdən istifadə edirsinizmi? Hansı fənlərdə? Bir ne­çə­sinin adını göstərin.

2. İstədiyiniz fənn üzrə hər hansı bir məsələnin həlli al­qo­rit­mi­ni yazın.

3. Gündəlik həyatınızda alqoritm üzrə yerinə yetirdiyiniz fəa­liyyət növlərinə aid nümunələr göstərə bilərsinizmi? Onlardan hər hansı birinin alqoritmini istədiyiniz şəkildə təsvir edin.

Məlum olmuşdur ki, şagirdlərin 70 faizinin “alqoritm” anla­yı­şın­dan xəbəri yoxdur. Onların cəmi 2 faizə yaxın hissəsi bu və ya di­gər məsələnin ümumi alqoritmini qura bilir, otuz faizdən bir qədər az hissəsi verilmiş alqoritm üzrə öz fəaliyyətini tənzimləməyi baca­rır. Xüsusilə, onların dil, fizika, coğrafiya, kimya fənləri üzrə məsə­lə­­lərin həlli alqoritmləri barədə məlumatları azdır. Belə vəziyyəti do­ğuran əsas səbəb isə vurğuladığımız kimi, müəllimlərin fəaliyyəti ilə bağlıdır.

Şagirdlərin alqoritmik mədəniyyətinin sonrakı inkişafı üçün ha­zırlıq mərhələsində məsələlərin həlli planından, təlimatdan isti­fa­də olunması əhəmiyyətlidir. Təbii ki, burada fəaliyyətin hər bir ad­dımı, təlimatın tələbləri şüurlu şəkildə yerinə yetirilməlidir, onun tət­bi­qində hansı nəzəri müddəalara əsaslanıldığı bəlli olmalıdır. L.Q.Vyaltsevanın və A.S.Alekseyevin tərəfimizdən qəbul edilən (bə­­yənilən) qənaətinə görə, belə planın tərtibində aşağıdakı prin­sip­lər gözlənilməlidir:



  1. Planın nəzəri əsası üçün vacib olan mühüm məlumatlar əl­də olunmalıdır;

  2. Bircins məsələlər sistemini əhatə edən təlimat sistemi ol­ma­­lıdır;

  3. Təlimat sistemi tam olmaqla yanaşı, həm də kifa­yətlən­di­ri­ci olmalıdır ki, o son nəticələri almağa imkan versin;

  4. Təlimat sistemi zidiyyətli olmamalıdır, hər sonra gələn əv­vəl­kini təkzib etməməli, onu məntiqi cəhətdən izləməlidir;

  5. Planın maddə və bölmələrinin sayı çox olmamalı, mümkün qə­dər az sayda olmalıdır;

  6. Təlimat sistemi eyni tipli məsələləri kütləvi şəkildə əhatə et­mə­lidir.

V.A.Baydak, V.İ.Yefimov, M.P.Lapçik təlimdə alqoritmik xət­tin inkişaf mərhələləri məsələsinə münasibətini bildirmiş və bu xət­tin inkişafını təlim keyfiyyətinin yüksəldilməsinin etibarlı yolu he­sab etmişlər. Onların o fikri ilə razılaşırıq ki, şagirdlərin al­qo­rit­mik mədəniyyətinin inkişafının ümumi seçimi aşağıdakılarla əlaqə­lən­dirilməlidir:

a) alqoritmləşdirmənin məzmun və metodlarının açılması ilə;

b) alqoritm və onun xassələri anlayışının mənimsənilməsi ilə;

ç) əsas hesablama alqoritmlərindən istifadə bacarıqlarının in­ki­şafı ilə;

c) alqoritmlərin müxtəlif forma və növlərinin yazılması və təs­viri bacarıq və vərdişlərinin formalaşdırılması ilə;

d) əsas alqoritmik şərti işarələrdən istifadə olunması ilə.

Tədqiqatımız belə qənaəti təsdiqləmişdir ki, alqoritmik mə­də­niy­yətin inkişafı varislik əlaqələri ilə həyata keçirilir. Bu əlaqənin re­al­laşdırılmasının iki istiqaməti vardır: məsələ və anlayış vasitəsi i­lə.

Alqoritm tərtib edərkən aşağıdakılar diqqət mərkəzində saxla­nıl­malıdır:

1. Ayrı-ayrı zəruri addımlar müəyyənləşdirilir; hər addım mə­lum əməliyyatın yerinə yetirilməsindən ibarət olmalıdır;

2. Ayrı-ayrı zəruri addımların hər birini təşkil edən əməliyyat ic­ra­çı üçün elementar olmalıdır;

3. Alqoritmlərin elementar əməliyyatlarının ardıcıllığı dürüst mü­əyyən olunmalıdır.

Alqoritm tərtib etmək və onu hazır şəkildə şagirdlərə vermək hər hansı mövzunun tədrisində alqoritmləşdirmə məsələsini həll et­mir. Əsas məsələ alqoritmin qurulması yolunu şagirdlərə öyrət­mək­dir. Bu zaman daha sadə məsələlərin həlli alqoritminin qurulma­sın­dan mürəkkəb məsələlərin alqoritminin qurulmasına doğru hərəkət et­mək lazımdır. Alqoritmlərin tərtibi və tətbiqi zamanı varisliyə cid­di əməl olunmasını anlayışların inkişafı tələb edir. Anlayışların in­ki­şafı ilə əlaqədar olaraq əvvəlki addımlar sistemini əmələ gətirən əmə­liyyatlar sonrakı mərhələdə elementar addıma çevrilib alqorit­min tərkibinə daxil olur. Alqoritmi mürəkkəb və çoxaddımlı olan mə­sə­lələrin həllində xüsusi hallara müvafiq sadə alqoritmlərin tər­tibi üzrə iş aparmaq, sonra onları birləşdirməklə bütün halları əhatə et­mək faydalıdır.


12.2.2. Problemli öyrənməni özündə ehtiva edən altsistem.
Pedaqoji ədəbiyyatda şagirdlərin problemli fəaliyyətinə əsas­la­nan, alqoritmik və evristik fəaliyyətin optimal münasibətlərinin tən­zimlənməsi yollarından biri olan altsistemə yanlış olaraq “prob­lem­li təlim” anlayışı adı altında geniş yer verilmişdir. Onu bu və ya di­gər kateqoriyalar sisteminə aid etməyə çalışırlar. Məsələn, F.Bay­ko­vun fikincə, problemli təlim müəllimlə şagird arasında yaranan dai­mi, düz və əks əlaqə nəticəsində ardıcıl surətdə təşkil olunan və həll edilən problemli vəziyyət sistemini özündə birləşdirən fəal pe­da­qoji proses kimi səciyyələndirilə bilər. T.V.Kudryavtsev prob­lem­li təlim prosesini şagirdlər qarşısında elə didaktik problemlərin qo­yulmasında görür ki, onların həllində şagirdlər həm ümumiləşmiş bi­likləri, həm də problemli məsələlərin həlli prinsipini əldə edir. V.Okon problemli təlim anlayışında problemli vəziyyətin təşkili, prob­lemin formalaşdırılması (bu prosesdə tədricən şagirdlərin özlə­ri­nin iştirakı ilə), problemin həllində şagirdlərə zəruri köməyin gös­tə­rilməsi, həllin yoxlanılması və nəhayət, əldə olunmuş biliklərin möh­kəmləndirilməsi və sistemləşdirilməsi prosesinə rəhbərlik kimi hə­rəkətlər çoxluğunun başa düşüldüyünü göstərir. Bəzi pedaqoqlar o əsasa görə problemli təlimi metod adlandırırlar ki, təlimin istə­ni­lən metodu həmişə problem həlli üzrə şagirdlərin fəaliyyətinə rəh­bər­likdir. M.İ.Maxmutov bunun əksinə olaraq yazır ki, qabaqcıl mü­əl­limlərin çoxsaylı dərslərinin müşahidəsi və təhlili problemli təli­min heç də metod olmadığını göstərir. Bu təlimin müxtəlif tədris pri­yom və metodları ilə uzlaşmada yaradıcı və məqsədyönlü tətbi­qi­nə əsaslanan daha geniş anlayışdır, kateqoriyadır. Bir halda ki, prob­lemli təlim bütün təlim prosesində şagirdlərin əqli fəaliyyətinin da­ha yüksək səviyyəyə yüksəlməsinə təsir edir, o, təlim metodu və şa­girdlərin fəaliyyətinin təşkili forması deyildir. M.İ.Maxmutov prob­lemli təlimin, biliklərin və fəaliyyət üsullarının yaradıcı mə­nim­sənilməsi qanunauyğunluqlarına və elmi axtarışın mühüm cə­hətl­ərinə məxsus öyrətmə və öyrənmə metod və priyomlarının spe­si­fik uzlaşmasının daxil edilməsinə əsaslanan didaktik sistem kimi ba­şa düşülməsini düzgün hesab edir. M.Mehdizadə sözügedən an­layışda təlimin xüsusi növünün ehtiva olunması qənaətindədir. M.Kruqlyak da əsaslandırmağa çalışır ki, problemli təlimi me­tod­lar­dan biri kimi mənalandırmaq olmaz, o, problemin həlli yolu ilə bi­lik­lərin əldə olunması zamanı əqli axtarışın təşkili formasıdır.

Problemli təlim bir çox hallarda problem situasiyası ilə ey­ni­ləş­dirilir ki, bu da onun məhdud şəkildə anlaşılması deməkdir. Bəzi pe­daqoqlar belə hesab edirlər ki, əgər problem qoyulmuşsa, deməli, ar­tıq problemli təlim həyata keçmişdir. Baxmayaraq ki, M.A.Da­ni­lov, B.P.Yesipov, M.İ.Maxmutov və başqaları pedaqoji tədqiqat­la­rın­da göstərmişlər ki, şagirdlərin müstəqil idrak fəaliyyətinin xü­su­siy­yəti hər hansı idrak məsələsini və ya onun hissəsini müstəqil həll et­məsidir.

Problemli təlimə aid söylənilən mülahizələrdə onun bu və ya di­gər elementi ilə eyniləşdirilməsi mövqeyinə də rast gəlmək müm­kündür. Məsələn, bəzən problemli təlim anlayışı yalnız problemli şərh prosesi kimi qəbul olunur, bəzən də bunun əksinə olaraq prob­lemli təlimi özündən daha geniş anlayışla eyniləşdirməyə də cəhd olu­nur, hətta inkişafetdirici təlim anlayışı ilə problemli təlim an­layışı sinonim kimi işlədilir. Bununla da, tam ilə hissə münasibətləri pozulmuş olur. Qeyd edək ki, “problemli təlim” anlayışından isti­fa­də olunmasına etiraz edənlər də vardır. N.Dayri göstərir ki, son il­lər­də pedaqoji prosesin bu və ya digər yeniliklərini, keyfiyyətlərini, cə­hətlərini, priyomlarını “təlim” adlandırmağa başlamışlar... Mü­əl­lim­lərin və məktəblilərin bütün müstəsna rəngarəng təlim fəa­liy­yətini, o cümlədən problemlərin həllini xarakterizə edən və özündə sax­layan “təlim” terminini “problemli təlim” termini ilə əvəz et­məyə əsas yoxdur. N.Dayri fikrini belə davam etdirir: “... elə bu mülahizələr üzrə “problemli təlim haqqında” deyil, “təlimdə prob­lemlilik” haqqında danışmaq lazımdır. Bu problemliliyi azaltmır, am­ma ümumi terminin (təlimin) qismi terminlə-“problemli təlim” termini ilə ifadə olunmasını və bu sonuncunu universallaşdırmağı ar­adan qaldırır. Bu cür ifadə olunma və universallaşdırma nəticə­sin­də isə müəllimlər əslində o cür olmayanı problemli təlim adlandırır, müvəffəqiyyətsizliyə uğrayır və təlimin effektli priyomlarını inkar etməyə başlayırlar . N.Dayrinin fikri ilə razılaşan V.P.Strezikozin də göstərir ki, problemli təlimə xüsusi didaktik sistem kimi baxmaq təhlükəlidir. Onu metod da hesab etmək olmaz. “Təlimdə prob­lemlilik” anlayışını irəli sürmək daha məqsədəuyğundur. Bu ba­xım­dan N.Dayri ilə razılaşmaq olar .

Praktika göstərir ki, şagirdlərin problemli öyrənmə fəaliyyəti ön plana çəkilən proses onların çətinlik çəkməsinin və idrak müs­tə­qil­liyinin müxtəlif səviyyəsini doğurur. Bu faktla bağlı bəzi mü­əl­liflər problemli təlimin özünü növlərə ayırır. M.N.Skatkin onun şa­girdlərin idrak fəaliyyətlərinin təşkili üsullarından asılı bir neçə növünü ayırır.

Zənn edirik ki, gətirdiyimiz nümunələr yuxarıdakı fik­rimizin əyaniləşdirilməsi, daha doğrusu arqumentləşdirilməsi üçün kafi qə­dərdir. Əlbəttə, pedaqoqlar arasında mövcud olan fikir ay­rı­lıqlarının bir sıra səbəbləri vardır. Biz aşağıdakıları fərq­lən­diririk:

- təlim prosesinin tədqiqində sistemli yanaşmadan yan ke­çil­mə­si;

- təlim prosesində başlıcaların (əsas arqumentlərin) seçilmə­m­ə­si;

- təlim prosesində formal, dialektik və qeyri-səlis məntiqlərin ye­rinin müəyyənləşdirilməməsi;

- təlim prosesində psixodidaktik invariantların təyini mə­sə­lə­si­nə birmənalı yanaşmanın mövcud olmaması;

- təlim texnologiyalarının həm nəzəriyyə, həm də praktikaya d­axil edilməsi zamanı “tam-hissə” münasibətlərinin unudulması, bir­tərəfli yanaşmaların rolunun şişirdilməsi cəhdlərinin qəbul edil­mə­si, hətta onların bir çoxunun mükəmməl didaktik sistem səviyy­ə­sin­də dəyərləndirilməsi;

- müəllimin rəhbərliyi altında həyata keçirilən təlim prosesi­nin pedaqoji kateqoriya olmaqla təhsilvermənin, tərbiyəetmənin və in­ki­şaf­et­dirmənin əsas yollarından biri kimi interpretasiya olunma­ma­sı.

Apardığımız tədqiqatın nəticəsi kimi əldə olunan materialların ümu­­miləşdirilməsi bizi belə düşünməyə təhrik edir ki, idrak pro­sesinə nəzərən “elmi tədqiqat prosesi” kiçik prosesdir. V.A.Şa­po­rins­kinin qeyd etdiyi kimi, “böyük proses” “kiçik proseslərin” sadə cə­mi deyildir. Biz israrlıyıq ki, böyük prosesə mənsub olan kiçik pro­seslər altsistemlərdir. Ümumi yanaşmada, idrak prosesinin elmi təd­qiqat prosesi altsistemidir. Təlim sisteminə nəzərən də problemli öy­rənməni əhatə edən sistem altsistemdir. Təlimin altsisteminin ay­rıl­masının əsasında bəşərin gerçəkliyi dərk etməsinin tarixən for­ma­laş­mış ictimai inkişaf yolunun bilik və fəaliyyət üsullarının hazır ötürülməsi və müstəqil axtarışla əldə olunması kimi tərkiblərinə adek­vatlığı xassəsi durur. Qənaətimizə görə, yeni biliyin əsasən müs­təqil əldə olunmasını ön plana çəkən altsistemin mahiyyəti tə­fək­kür prosesinin qanunauyğunluqları, əqli fəaliyyətin növləri və onların strukturu əsasında dərk oluna bilər.

Bu altsistem daxili diferensiyaya malik proses olub, mürəkkəb struk­turludur və müxtəlif amillərdən asılı şəkildə nəticələr verə bilər. Təd­qiqat göstərir ki, aşağıdakılarla nəticələnən proses effektli he­sab olu­na bilər:

a) şagirdlərin bilik, bacarıq və vərdişlərinin həcminin art­ması; b) şagirdlərin biliklərinin möhkəmlənməsi və dərinləşməsi, öy­rən­mə və tərbiyəliliyinin yeni səviyyəyə yüksəlməsi; c) şagirdlərin idrak tələbatlarının yeni səviyyəsi.

Effektli sayılan prosesdə qarşıya qoyulan məqsəddən asılı ola­raq biliklərin mənimsənilməsinin müxtəlif səviyyələrinə nail ol­maq müm­kündür: a) qavrama, anlama və dərketmə səviy­yəsində; b) nü­munə üzrə biliklərin tətbiqi səviyyəsində; c) yeni situasiyada bilik­lə­rin tətbiqi səviyyəsində; ç) yeni biliklərin əldə olunması səviy­yə­sində. Bu sonuncu mənimsəmə səviyyəsi məhz şagirdlərin prob­lem­li öyrənmə fəaliyyətini ön plana çəkən altsistem üçün xarakterikdir.

Yeri gəlmişkən vurğulayaq ki, əgər təlim materialının məz­mu­nuna daxil edilən yeni bilik elementlərinin istinad olunan bi­lik­lərə nisbəti yüksək əmsala malikdirsə, elementlərin bağlılığı kifayət qə­dərdirsə, onda belə bir altsistemə üstünlük verilməsi zəruridir və fay­dalıdır. Bu hala biganə qalmaq şagirdləri cisim və hadisələrin ya­ra­dıcılıqla müstəqil mənimsənilməsi kimi mühüm keyfiyyətlərdən məh­rum etmək deməkdir.

Bu altsistemdə şagirdin biliklər sisteminə yeni informasi­ya­nın daxil edilməsi ilə bağlı əqli fəaliyyəti özündə yeninin dərkinə tələ­ba­tın yaranmasını, problemin formulə olunmasını, yeninin kəş­fini, həllin yoxlanılmasını ehtiva edir.

Qeyd olunmalıdır ki, şagirdlərin analitik və evristik fəaliyyəti za­manı mərhələlərin əhatə olunması bir çox faktorlardan asılı­dır. Biz aşağıdakıları xüsusi olaraq fərqləndiririk:


  1. Problemliliyin səviyyəsindən;

  2. Şagirdlərin müstəqillik dərəcəsindən;

  3. Müəllimin nəzəri və praktik hazırlığından.

1   ...   27   28   29   30   31   32   33   34   ...   47


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə