Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci il tarixli, 2062 №-li əmri ilə təsdiq edilmişdir


Təlim sisteminin spesifik invariantları



Yüklə 3,72 Mb.
səhifə34/47
tarix28.11.2016
ölçüsü3,72 Mb.
#313
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   47

13.2. Təlim sisteminin spesifik invariantları

və onlardan irəli gələn prinsiplər


  • Təlim prosesində təhsil, tərbiyə və inkişafın vəhdəti nə qə­dər düz­­gün təmin olunarsa, onda səmərə hökmən bir o qədər yük­səl­miş olar.

Buradan təlimin hərtərəfli inkişafa xidmət etməsi prinsipi irəli gə­­lir.

  • Təlim prosesi ilə elmin inkişaf səviyyəsi və məntiqi arasında əla­­qə vardır. Təlimin məzmunu və gedişi elmi cəhətdən nə qədər zən­­gin və əsaslı olarsa, mənimsəmənin səviyyəsi hökmən bir o qə­dər yüksələr. Buradan elmiliyin və elmin məntiqinin gözlənilməsi prin­sipi irəli gəlir.

  • Təlim prosesində zəruri materialın mənimsənilməsinə zaman va­hidi nə qədər səmərəli şəkildə sərf olunarsa, onda təlimin nəticəsi bir o qədər yüksək olar.

Həmin invariant asılılıqdan aşağıdakı prinsiplər irəli gəlir:

a) möhkəmləndirmə ilə təlimin zəruri sürəti arasında vəhdətin göz­lənilməsi;

b) şagirdlərin gücüçatan səviyyədə nəzəri müddəaların, apa­rıcı ideyaların öyrənilməsinə, onların tətbiqinə üstünlük verilməsi və şagirdlərin yüklənməsinin qarşısının alınması.


  • Təlim prosesində müəllim şagirdin əyani faktlar üzərin­də­ki mü­şahidələrini ümumiləşdirmə ilə nə qədər çox əlaqələndirərsə və ümu­miləşdirməni əyanilik vasitəsi ilə düzgün konkretləşdirərsə, şa­­gird cisim və hadisələrin mahiyyətini hökmən bir o qədər yaxşı dərk edər.

Bu asılılqdan təlim prosesində konkretləşdirmə ilə ümu­mi­ləş­dir­mə arasındakı daxili əlaqənin gözlənilməsi prinsipi irəli gəlir.

  • Təlim prosesində müəllim biliklərin əldə olunması ilə onun tət­biqi arasındakı daxili əlaqəni nə qədər çox nəzərə alarsa, on­da sə­mə­rə hökmən bir o qədər üstün olar. Bu asılılıqdan təlim pro­sesində bi­lik, bacarıq və vərdişlər arasındakı əlaqənin gözlənil­məsi prinsipi irə­li gəlir.

  • Təlim prosesində müəllim altsistemlər arasındakı əlaqəni nə qə­dər çox nəzərə alarsa, onda əldə edilən nəticə hökmən bir o qə­dər yük­sək olar.

Buradan təlim sistemində altsistemlərin optimal uzlaşdırılmsı prin­sipi irəli gəlir.

  • Təlim sistemində ehtiva olunan altsistemlərin təkmilləş­mə­­­si­nə, onların uzlaşmasına elmin və praktikanın tələbatından ya­ranan tə­lim texnologiyaları (layihələr) nə qədər məqsədəmüvafiq yö­nəl­miş olarsa, əldə olunan nəticə hökmən bir o qədər yüksək olar.

Buradan texnologiyaların təlimin altsistemlərinin tək­mil­ləş­di­ril­məsinə və onların optimal uzlşdırılmasına xidmət etməsi prinsipi irə­li gəlir.

  • Təlimin hərəkətverici qüvvəsi olan ziddiyyətlərin şagirdlər tə­­rə­findən duyulması, qəbul edilməsi və dəf olunmasına nə qədər səy göstərilərsə, mənimsəmənin və inkişafın səviyyəsi hökmən bir o qə­dər artar.

Göstərilən asılılıqdan ziddiyyətin şagirdlər tərəfindən du­yul­ması, qəbul edilməsi və aradan qaldırılmasının zəruriliyi prinsipi irə­li gəlir.

13.3. Nəzəriyyədə və praktikada özünə yer almış bəzi ümumpedaqoji və spesifik prinsiplərin interpretasiyası
Təlim prinsiplərində təlimin normativ əsasları ifadə olunur. Prinsiplər təlim prosesinin is­ti­qamətini və burada müəllimin fəaliy­yə­tini müəyyən edən əsas və mü­hüm cəhətləri aşkara çıxarır. Prin­sip­lər təlim təcrübəsinin ümu­mi­ləş­di­ril­mə­sindən meydana gəlmiş­dir, bu prinsiplərdə təlim prosesinin tipik ha­disələri üçün səciyyəvi olan obyektiv qanunauyğunluqlar əks olun­muşdur.

Elmdə olan hər hansı kateqoriya kimi prinsiplər kateqoriyası da inkişaf edir. Prinsiplər cəmiyyət tərə­fin­dən məktəbin qarşısında qoyulmuş vəzifələrə, ictimai tərəqqi tə­ləb­lərinə cavab verir, burada şagirdlərin təlim fəaliyyəti, bu fəa­liy­yətin psixoloji əsası nəzərə alınır. Təlim prinsipləri özünün tam ifa­də­sini müəllimlə şagirdlərin təlim prosesindəki birgə fəaliyyətində ta­pır. Ona belə tərif verilir: təlimin qanunauyğunluqlarından irəli gələn, onun məzmununa, üsullarına, təşkili formalarına təsir göstərən, müəllim və şagirdlərin birgə fəaliyyətini səmərəli qurmağa imkan verən didaktik ideyalara təlim prinsipi deyilir . Doğrudan da, məktəb qarşısında qoyulmuş ictimai vəzifələrin ifadəsi olan tə­lim prinsipləri istər bütövlükdə təlim prosesinin, istərsə də onun kom­ponentlərinin başlıca tələb­lə­ri­ni və ümumi istiqamətlərini: təlim pro­sesinin məzmununu, üsulla­rı­nı, təşkilini müəyyən edir və mü­əl­lim­lə şagirdlərin fəaliyyətində hə­yata keçirilir.

Yeri gəlmişkən qeyd edək ki, didaktikada prinsiplər kate­qo­ri­ya­sından fərqli olan təlim qaydaları anlayışı da vardır. Qayda prin­siplərdən irəli gəlir, onu konketləşdirir, prinsipə tabe olur, müəl­li­min və şagirdlərin prinsipi həyata keçirməyə yönəlmiş olan fəa­liy­yət­lərində ayrı-ayrı üsulların xarakterini müəyyən edir.

Təlim prinsipləri bütün təlim prosesi ilə birlikdə inkişaf edir. Məkt­əbin varlığının müxtəlif dövrlərində təlim prinsipləri gah bu, gah da digər təlim məsələlərini aktuallaşdırır. İndi də məktəbin qar­şı­sında duran mürəkkəb vəzifələrlə əlaqədar olaraq sözügedən di­dak­tika kateqoriyasını elmi surətdə işləyib hazırlamaq tələb olunur. İn­kişafetdirici təlim problemi, təlim prosesinin bir obyekti olan şa­girdin fəaliyyətinin səmərəli təşkili, təlim və müstəqil təhsil və müasir məktəb üçün digər bir sıra ak­­tual məsələlər hazırda təşəkkül tapmış prinsipləri bir daha nə­zər­dən keçirib dəyişdirməyin zəruri olduğunu söyləməyə əsas verir.

İndi didaktikada özünə yer alan, təlim vəzifələrinə və ictimai tə­rəq­qi tələblərinə cavab verən, təlim prosesinin ümumi istiqa­mə­ti­ni, onun xarakterini, müəllimin öyrədici fəaliyyətinin əsaslarını və şa­girdlərin dərketmə fəaliyyətinin idarə edilməsində müəllimin düz­gün hədəfini müəyyən edən prinsiplərdən bəziləri üzərində bir qədər ət­raflı dayanaq.

İstehsal, idarəetmə, xidmət və mədəniyyət dairələrində elmi bi­liyin tətbiqi sahəsi xeyli genişləndiyi bir zamanda, təlimdə elmilik prin­sipi xüsusi bir əhəmiyyət kəsb edir. Orta məktəbdə elmilik prin­sipi demək olar ki, bütün tədris fənlərinin strukturunu və məz­mu­nunu nəzərdən keçirib dəyişdirmişdir. Bu prinsip hər bir fənnin məz­mununda elmin əsas, inkişaf meyllərini əks etdirən və eyni za­man­da müvafiq yaşda olan uşaqların başa düşə biləcəyi aparıcı ide­ya­ları müəyyənləşdirməyi tələb etmişdir. Elmilik prinsipinin həyata ke­çirilməsi şagirdləri elmi üsullarla tanış etmək, onlara tədqiqat üsul­larını, aparılan təcrübələrin köməyi ilə proseslərin inkişafı üzə­rin­də uzun müddətli müşahidələr aparmaq, mənbələri təhlil etmək və s. vasitəsilə müstəqil surətdə bilik əldə etmək yollarını da öyrət­mək məqsədini güdür. Bu sahədə aparılan pedaqoji tədqiqatlar gös­tə­rir ki, həmin istiqamətdə müəllimin məqsədyönlü işi təlimin sə­mərəli olması ilə nəticələnir.

Təlimdə sistemlilik prinsipi olmadan təlimin elmiliyi də müm­kün deyildir. Belə ki, hər bir el­min özünə məxsus olan məntiqi var­dır. O, mexaniki surətdə məktəbə gə­tirilə bilməz və gətirilmə­mə­lidir, lakin tədris fənnində olan sistem onu elmə yaxınlaşdıran xü­susiyyətlərdən biridir. Elmdə olduqca çox mü­cərrəd material, çoxlu fərziyyə, elmi nəzəriyyə, mübahisəli kon­sep­­siyalar vardır. Məktəbə, şagirdlərə təmizlənib müəyyənləşmiş, elm tərəfindən qəbul olunmuş biliklər və əlbəttə, uşaqlar və ye­ni­yet­mə­lər üçün müyəssər olan, onların yaş və psixoloji xüsusiyyətlərinə uy­ğun biliklər verilir.

Didaktik sistem elmi sistemdən onunla fərqlənir ki, tədris fən­ni elmin sistemini olduğu kimi götürüb təkrar etmir, lakin ümu­miyyətlə, ona xas olan məntiqi və biliklər sistemini saxlayır, bu sis­tem­də isə əvvəl öyrənilən bilik ondan sonra gələn biliyə doğru yol açır, elmi anlayışlarla ümumi qanunauyğunluqlar arasında daxili əla­qə aşkara çıxır. Bununla belə, fənn üzrə biliklərin sistemi, tədris il­ləri üzrə materialın yerləşdirilməsi qaydası, əlbəttə, şagirdlərin in­k­işaf edən psixoloji xüsusiyyətlərinə və imkanlarına uyğun ol­ma­lı­d­ı­r.

Professor Ə.X.Paşayev və professor F.A.Rüstəmov yazır ki, tə­limdə şagirdlərə mənimsəmək üçün təklif edilən biliklər elm tə­rə­fin­dən müəyyənləşdirilmiş həqiqi biliklər olmalıdır. Elə təlim me­tod­larından istifadə edilməlidir ki, onlar öz xarakterinə görə öy­rə­ni­lən elmin metodlarına yaxın olsun. Onlar göstərirlər ki, elmilik prin­si­pinin əsasında bir sıra elmi müddəalar durur. Bu müddəalar aşa­ğı­da­kılardır:

1. Dünya dərk olunandır, praktikada yoxlanılmış biliklər dün­ya­nın inkişafının obyektiv, düzgün mənzərəsini əks etdirir.

2. Elm insanın həyatında getdikcə daha mühüm rol oynayır, ona görə də məktəb işi elmi bilikləri mənimsəməyə, böyüməkdə olan nəsli obyektiv gerçəklik haqqında biliklər sistemi ilə silah­lan­dır­mağa yönəldilmişdir.

3. Təhsilin elmiliyi, hər şeydən əvvəl, məktəb təhsilinin məz­mu­nu, onun formalaşması prinsiplərinə ciddi riayət edilməsi ilə tə­min olunur.

4. Təlimin elmiliyi müəllimlərin qəbul olunmuş məzmunu re­al­­laşdırmasından asılıdır.

5. Təlimin elmiliyi mənimsənilən biliklərin faydalılığından, təd­ris planları və proqramlarının sosial və elmi-texniki tərəqqinin sə­viyyəsinə uyğunluğundan, praktikada əldə olunan biliklərin möh­kəm­ləndirilməsindən, fənlərarası əlaqədən asılıdır.

Mütərəqqi didaktik sistemlərin təcrübəsi elmilik prinsipinin hə­yata keçirilməsi üçün bir sıra qaydaları və tövsiyyələri işləyib ha­zır­lamışdır1. Bunlar aşağıdakılardır:

1. Elmilik prinsipini həyata keçirərkən pedaqogikanın, psi­xo­lo­giyanın, metodikanın, qabaqcıl pedaqoji təcrübənin yeni nailiy­yət­lə­rinə əsaslanın.

2. Təlim, təhsil-tərbiyə nəzəriyyəsinin və təlim psixo­lo­gi­ya­sı­nın yeni nailiyyətlərini nəzərə alarkən həm induktiv, həm deduktiv tə­limin məntiqindən ağıllı istifadə edin, hətta ibtidai siniflərdə abs­trak­siyanı cəsarətlə tətbiq edin, çünki o, konkreti dərindən başa düş­mə­yə kömək edir. Bununla yanaşı, məktəb kursu çəçivəsində tam, düz­gün tərifi (izahı) olmayan abstraksiyalardan çəkinməyə çalışın.

3. Tədris fənninin məntiqini açıb göstərin, çünki bu , fənni öy­rən­məyə başlayan ilk andan yeni elmi anlayışlarla yaxından tanış ol­maq üçün etibarlı əsası təmin edir.


4. Şagirdlərdə öyrədilən predmetlərə, hadisələrə dialektik ya­naş­manı tərbiyə edin, onlarda elmi-dialektik təfəkkür elementlərini for­malaşdırın.

5. Təlim metodlarında elmi idrak metodlarını əks etdirin. Tə­lim prosesində şagirdləri axtarışa, yaradıcılığa yönəltməklə onların tə­fəkkürünü inkişaf etdirin.

6. Elmin, texnikanın, mədəniyyətin yeni nailiyyətləri haq­qın­da öz şagirdlərinizə sistemli məlumat verin. Yeni nailiyyətləri şa­gird­lərdə formalaşmış biliklər sistemi ilə bağlayın, əlaqələndirin.

7. Tədris fənninə təzə daxil edilən yeni elmi anlayışları fənnin təd­risi müddətində müntəzəm olaraq təkrar edin, əks təqdirdə onlar yad­dan çıxa bilər.

8. Yeni ideyalarla tanışlığı, yeninin qavranılmasını ayrıca bir iş­lə məhdudlaşdırmayın: hər hansı bir hadisəyə yeni-yeni əlaqələr və münasibətlərdə baxın.

9. Şagirdləri görkəmli alimlərin bioqrafiyası ilə, elmin in­ki­şa­fın­da onların xidmətləri ilə tanış etmək imkanlarını əldən verməyin.

10. Elmi idrakın metod və çətinliklərini şagirdlərin qarşısında açın, nəticələrin metodlardan asılılığını göstərin.

11. Ən yeni elmi texnologiyalardan istifadə edin, köhnəlmiş ter­­minləri işlətməyin, öz fənniniz üzrə son elmi nailiyyətlərdən xə­bər­dar olun.

12. Elmi biliyin genezisini, həqiqətin embriologiyasını açıb gös­tərin, təlimdə tarixiliyin tələblərini ardıcıl olaraq həyata keçirin.

13. Elmi informasiyanın artması ilə əlaqədar olaraq başlıca diq­qəti elmin əsas problemlərinə yetirin, elmi nailiyyətlərin əsas ide­yalarını şagirdlərin qarşısında açıb göstərin, onları elmi informa­si­yanı izləməyə alışdırın, elmi-texniki və sosial problemlərin kol­lek­tiv müzakirəsini alqışlayın, rəğbətləndirin.

14. Yuxarı siniflərdə mübahisəli elmi problemlərdən yan keç­mə­yin, müvafiq formada o problemlərin məzmununun və həllinin pers­pektiv yollarını açıb göstərin, şərait imkan verərsə, diskussiya təş­kil edin.

15. Şagirdlərin yeni anlayışları və terminləri elmi nə­zə­riy­yə­lərlə, qanunlarla vəhdətdə mənimsənilməsinə nail olun.

16. Şagirdlərə nailiyyətlərinə sevinmək, müvəffəqiyyət hissini ya­­şamaq, gərgin idraki fəaliyyətdən məmnun olmaq imkanı verin.

17. Elmdə və texnikada yeni nailiyyətləri işıqlandırarkən tə­lim texnologiyasının təkmilləşməsi haqqında danışmağı yaddan çı­xar­mayın, təlim əməyinin çətinliklərini və onun səmərəliliyini yük­səlt­mək yollarını açıb göstərin, tədris əməyinin elmi təşkili ide­ya­la­rı­nı inamla təbliğ edin.

18. Birmənalı olmayan və saxta ifadələrdən istifadədən çə­ki­nin, onlar qeyri-sağlam təsəvvürlərin yaranmasına səbəb ola bilər. Məkt­əbdə, xüsusilə onun birinci və ikinci pilləsində müəllimin de­di­yinin şagirdlər tərəfindən özbaşına və yanlış şərhinə yol vermək ol­­maz. Bu, heç də uşaq fantaziyasının inkişafına mane olmaq demək de­yil. Amma bilmək lazımdır ki, ciddi şeylər birmənalı qəbul edil­mə­lidir.

19. Şagirdlərin tədqiqatçılıq işini rəğbətləndirin. Onları eks­pe­ri­mental və təcrübi işlərin, ilk mənbələrin və məlumat materialla­rı­nın, arxiv sənədlərinin saf-çürük olması texnikası ilə tanış etməyə vaxt tapın.



Təlimdə müvafiqlik prinsipi. Məlumdur ki, tə­lim-tərbiyə praktikasında iki mühüm tələb gözlənilir: 1) şa­gird­lərin yaş inki­şa­fının qanunauyğunluqları nəzərə almaq; 2) təlim-tər­bi­yə prosesini şagirdlərin inkişaf səviyyəsinə uyğun olaraq təşkil et­mək və həyata keçirmək. Təlimin müvafiqlik prinsipi bu tələblərdən for­malaş­mış­dır. Təlimin müvafiqliyi məktəblilərin yaş xüsusiyyət­lə­ri ilə müəy­yən olunur və onların fərdi xüsusiyyətlərindən asılıdır. Ey­ni za­man­da müvafiqlik tədris prosesinin təşkilindən, müəllimin tət­biq etdiyi metodlardan, şəraitdən asılı olaraq təmin olunur, təli­min əvvəlki vəziyyəti ilə müəyyən edilir. Məktəblilərin əqli inkişaf sə­viyyəsi, təsəvvür və anlayışlar ehtiyatı nə qədər yüksək olarsa, ye­ni bilikləri öyrənən zaman onlar daha çox uğur qazana bilərlər. Tə­lim­də çə­tinlikləri tədricən artırmaq və onları aradan qaldırmağa alış­dır­maq şagirdlərin inkişafına və onlarda müsbət əxlaqi keyfiyyət­lə­rin for­ma­laşmasına ciddi təsir göstərir. Təlimin optimal çətinlik sə­viy­yəsində qurulması onun sürətinə və səmərəliliyinə, biliklərin key­fiyyətinə müsbət təsir edir.

Müvafiqlik prinsipinin praktik olaraq həyata keçirilməsi ilə bağ­lı Y.A.Komenskinin formalaşdırdığı klassik qaydalar məlumdur. Bun­lar asandan çətinə, məlumdan məchula, sadədən mürəkkəbə qay­da­larıdır. Təlimin müasir nəzəriyyə və praktikası onun şagird­lə­rin yaşına müvafiq həyata keçirilməsi üçün məcburi qaydaların və töv­siyələrin siyahısını genişləndirmişdir. Bunlar həm müəllimlərə, həm də tələbələrə ünvanlandığından sərbəst üslubda ifadə olun­muş­dur. Bu belə də olmalıdır, çünki pedaqoji proses yaradıcı prosesdir.

Y.A.Komenskinin aşağıdakı nəsihətini yaddan çıxarmayın:

1. Öyrənilməsi nəzərdə tutulan bütün nə varsa, yaş mərhə­lə­lə­ri­nə müvafiq olaraq elə bölüşdürülməlidir ki, başa düşülən, hər yaş döv­ründə qavranılmaya müvafiq olsun.

2. Unutmayın ki, şagirdlərin ağılı hər hansı bir fənni öy­rən­mə­yə hazırlanmalıdır.

3. Təlim zamanı şagirdlərin hazırlıq və inkişaf səviyyəsini nə­zə­rə alın, öyrədən zaman onların imkanlarına istinad edin. Şa­gird­lə­rin həyat təcrübəsini, maraqlarını, inkişaf xüsusiyyətlərini öyrənin və nəzərə alın.

4. Təlim zamanı şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alın, elə edin ki, təlimin məzmunu və yolları onların inkişafını bir qədər qa­baqlasın.

5. Təlim prosesində hər bir şagirdin fərdi oxuma səviyyəsini (sa­vadını) mütləq nəzərə alın, eyni səviyyədə oxuyan (savadlı) şa­gird­ləri ayrıca kiçik qruplarda birləşdirin.

6. Tədris prosesini optimal surətdə qurmaq lazımdır, amma güc­lü şagirdləri ləngitməyin, orta və zəif şagirdlərin fəaliyyətini in­ki­şaf etdirin.

7. Təlim müəyyən gərginlik tələb edir. Belə olmayanda şa­gird­­lər tam gücü ilə işləməkdən soyuyurlar. Şagirdlərin özlərinin mü­­əy­yən etdiyi təlim sürəti, adətən, onların imkanlarından və gü­cün­dən aşağı olur. Konkret şəraitə uyğun olaraq optimal sürəti müəy­­yən edin, lazım gələrsə onu dəyişdirin.

8. Pedaqogika və psixologiyanın ən yeni nailiyyətlərindən is­ti­fadə edin: konkret bilikləri, bacarıqları addımbaaddım, ümumi­ləş­mə­ni isə iri addımlarla öyrədin.

9. Təlimin yaşa müvafiq olması üçün analogiyadan, müqa­yi­sə­dən, tutuşdurmadan geniş istifadə edin; şagirdlərin fikrinə təkan ve­rin, hətta ən mürəkkəb bilikləri belə anlamağın mümkün olduğu­nu onlara sübut edin.

10. Yeni və mürəkkəb materialı öyrədən zaman güclü şagird­lə­ri, həmin materialı möhkəmləndirən zaman isə orta və zəif şagird­lə­ri işə cəlb edin.

11. Şagirdlərin anlayışları mənimsəməsini yüngülləşdirin. Bu­nun üçün həmin anlayışları onlara əks və ya zidd anlayışlarla tutuş­du­run.

12. Hər hansı yeni anlayışın işlədilməsi məntiqi olaraq təkcə qar­şıya qoyulmuş idraki vəzifələrdən irəli gəlmir, həm də təlimin bü­tün əvvəlki gedişi ilə hazırlanmalıdır.

13. Şagirdlər üçün ən çətin başa düşülən və mənimsənilən cə­miy­yətin inkişaf qanunauyğunluqları, təbiətin fundamental qanun­la­rı­dır. Bütün fənlərin müəllimləri metodoloji biliklərin formalaşması pro­sesinə öz töhfəsini verməlidir: bunun üçün tədris etdiyiniz fən­dən ümumi və ən ümumi qanunauyğunluqların müxtəlif təzahür­lə­ri­ni nümunələrlə göstərin.

14. Ehtiyac olmadan təlim prosesini başa vurmayın, tez mü­vəf­fəqiyyət qazanmağa çalışmayın: müvafiqlik üçün maneələri azalt­mağın pedaqoji imkanları sonsuz deyil.

15. Müvafiqlik də inandırıcılıq və emosionallıq kimi müəl­li­min aydın nəqlindən və nitqindən asılıdır: anlayışları dəqiq və bir­mə­nalı ifadə edin, monotonluqdan qaçın, həyatdan, ədəbiyyatdan gə­­tirilmiş maraqlı faktlardan və nümunələrdən istifadə etməklə öy­rə­d­in.

16. Monoloqları uzun-uzadı söyləməyin: şagirdlərə nəyi izah et­mək lazım gəldiyini, onların nəyi müstəqil öyrənə biləcəklərini hiss edin, şagirdlərin özlərinin asanlıqla mənimsəyə biləcəkləri şeyi izah etməyin.

17. Müvafiqlik prinsipini həyata keçirərkən əsas diqqəti şa­girdlərin idrak fəaliyyətinin idarə olunmasına verin: pis müəllim hə­qi­qəti söyləyir, onu başa düşməyə qoymur, yaxşı müəllim həqiqəti tap­mağı öyrədir, onu axtarıb tapmaq prosesini asanlaşdırır.

18.Müvafiqlik heç də asan təlim etmək deyil və müəllimin funk­siyası heç də müstəqil bilik əldə etmək, onu dərk etmək və mə­nim­səmək üçün şagirdlərin əməyini daim yüngülləşdirməkdən iba­rət deyil: kömək etmək, istiqamətləndirmək, aydın olanın köməyi ilə aydın olmayanı açıb göstərmək, müstəqil təhlil üçün kiçik bir yol aç­maq, bəyənmək bütün bunlar yaşamüvafiq təlimdə adi iş tərzidir.

19. Müvafiqlik iş qabiliyyəti ilə bağlıdır: iş qabiliyyətini in­ki­şaf və məşq etdirməklə şagirdləri daha uzun sürən və intensiv fikri fəa­liyyətə alışdırın. İş qabiliyyətini yüksəltməklə siz təlimin mü­va­fiq­liyi üçün maneələri azaltmış olarsız.



Qeyd: Təbii ki, istər elmilik, istərsə də müvafiqlik prinsip­lə­ri­nin prak­­tik olaraq həyata keçirilməsi ilə bağlı professor Ə.X.Pa­şa­ye­vin və professor F.A.Rüstəmovun müəllifləri olduqları “Pe­da­qogika” ki­ta­bından (Bakı: Nurlan, 2007) götürülmüş qaydalardan hər bir mü­əl­lim yaradıcılıqla istifadə edərək faydalana bilər. Yaxşı olar ki, bu qaydalarla (həmin kitabda özünə yer alan digər prin­siplərin prak­ti­ki həyata keçirilməsi ilə bağlı təqdir olunan digər qaydalarla) iş mü­əllim hazırlığı ilə bağlı pedaqoji təcrübədə diqqət mərkəzinə çə­kil­sin. Bu bizim subyektiv anlamımıza görə faydalı olar. Bundan baş­qa, yaxşı olar ki, didaktika fənninin tədrisi üzrə seminarlarda hə­min qaydalar üzrə müstəqil işə tələbələr cəlb olunsun. Bu qaydaları özü­nünküləşdirə bilən bu günkü tələbə sabah məktəbə müəyyən prak­tik hazırlığa malik müəllim kimi göndərilmiş olar. Bu da çox va­cib məsələdir.

Nəzəriyyə ilə praktikanın əlaqəsi prinsipinin əsasını klassik fəlsəfənin və müasir qnoseologiyanın əsas müddəası olan “prak­tika həqiqətin meyarıdır” qənaəti təşkil edir. Bununla yanaşı nə­zəriy­yənin praktika ilə əlaqəsi prinsipini bir çox fəlsəfi, pedaqoji və psixoloji müddəalar şərtləndirir. Əslində həmin müddəalar qa­nu­na­uyğun olaraq bu prinsip üçün başlanğıc rolunu oynayırlar:

1. Təlimin effektliliyi və keyfiyyəti praktika ilə yoxlanılır, təs­diq olunur və istiqamətləndirilir.

2. Praktika həqiqətin meyarıdır, idrak fəaliyyətinin mən­bə­yi­dir və təlimin nəticələrinin tətbiqi sahəsidir.

3. Düzgün qurulmuş təhsil-tərbiyə həyatın, praktikanın özün­dən doğur, onunla qırılmaz surətdə bağlıdır, böyüməkdə olan nəsli fə­al dəyişdirici fəaliyyətə hazırlayır.


4. Şəxsiyyətin formalaşmasının effektliliyi onun əmək fəaliy­yə­tinə cəlb edilməsindən asılıdır və həmin fəaliyyətin məzmunu, növ­ləri, formaları və istiqaməti ilə müəyyən olunur.

5. Təlimin həyatla, nəzəriyyənin praktika ilə əlaqəsinin effekt­li­liyi təhsilin məzmunundan, təlim-tərbiyə prosesinin təşkilindən, tə­limin forma və metodlarından, əmək və politexnik hazırlıq üçün ay­rılan vaxtdan, həmçinin şagirdlərin yaş xüsusiyyətlərindən ası­lı­dı­r­.

6. Şagirdlərin əmək və istehsal fəaliyyəti nə qədər dolğun olar­sa, onların hazırlığının keyfiyyəti də bir o qədər yüksək olar.

7. Şagirdlərin məhsuldar əməyi və peşəyönümü işi nə qədər yax­şı təşkil olunarsa, müasir istehsalat şəraitinə onların uy­ğun­laş­ma­sı prosesi də bir o qədər uğurla gedər.

8. Dərsdə politexnizmin səviyyəsi nə qədər yüksək olarsa, şa­gird­lərin bilikləri də bir o qədər güclü, təsirli olar.

9. Şagirdlərin əldə etdikləri biliklər həyatda nə qədər çox tət­biq edilərsə, ətrafdakı proseslərin və hadisələrin dəyişdirilməsi üçün is­tifadə olunarsa, təlimin şüurluluğu və ona maraq bir o qədər yük­sək olar.

Fikrimizcə, Ə.Paşayevin və F.Rüstəmovun sıraladığı yuxa­rı­da­kı müddəalar bu prinsipin təlim prosesində özünə yer alması üçün baş­lanğıc rolunu oynamaqla yanaşı müvafiq qaydaların da formalaş­dı­rıl­masına və praktik olaraq istifadəsinə əsas yaradır.

Şüurluluq və fəallıq prinsipi təlim prosesində şagirdlərin fəa­liy­­yətinin xarakterini, onların təlimə münasibətini əks etdirir. Bu prin­sipin əsasına aşağıdakı müddəaları qoymaq olar:

1. Gərgin şəxsi əqli fəaliyyət yolu ilə mənimsənilmiş biliklər in­sanın aldığı təhsilin mahiyyətini təşkil edir.

2. Şagirdlərin bilikləri şüurlu mənimsəməsi bir sıra şərtlərdən və amillərdən asılıdır: idrak motivlərindən; şagirdlərin idrak fəal­lı­ğı­nın səviyyəsi və xarakterindən; təlim-tərbiyə prosesinin təşkilinin sə­viyyəsindən və xarakterindən; şagirdlərin idrak fəaliyyətinin idarə olun­masından; müəllimin təlimdə tətbiq etdiyi metod və vasi­tə­lər­dən və s.

3. Məktəblinin şəxsi idrak fəallığı onun oxuması üçün mühüm amil­dir və tədris materialının mənimsənilməsinin sürətinə, dərinli­yi­nə və möhkəmliyinə həlledici təsir göstərir.



Bu aparıcı prinsipdir, şagirdlərin idrak fəaliyyətinə və bu fəa­liy­yətə rəhbərlik işinə başlıca istiqamət verir. Müasir məktəbdə bu prin­sipin təlim prosesində həyata keçirilməsi sözün həqiqi mə­nas­ın­da təlim və öyrənmənin müvəffəqiyyətini təmin edir, çünki bu, təli­min başlıca vəzifələrinin yerinə yetirilməsinə imkan verir. Son illər­də şüurluluq, fəallıq, idrak müstəqilliyi problemlərinə bir çox didak­tik və psixoloji tədqiqat əsərləri həsr edilmişdir. Həm də bu əsərlə­rin hər biri təlimdə şüurluluq prinsipinin həyata keçirilməsi məsə­lə­si­ni özünəməxsus anlamda həll edir. Bu prinsip hər hansı müasir ya­naş­ma çərçivəsində təlim prosesini müəyyən edir. Problemli təlim (alt­sistem olmaqla) şagirdlərin fəal surətdə bilik əldə etməsi pro­se­si­nə hər vasitə ilə cəlb olunması, elmin qanunauyğunluqlarının, əsas ide­yalarının, proses və hadisələrin şagirdlər tərəfindən şüurlu su­rət­də mənimsənilməsini təmin etmək üzərində qurulmuşdur. Müvafiq su­rətdə seçilmiş addım tapşırıqları olan proqramlaşdırılmış təlim (tex­nologiya olaraq) müqayisə, təsnifat, təhlil, sintez kimi zehni əmə­liyyatlardan fəal surətdə istifadə etməyi şagirdlərə öyrətməyə ça­lışır. Diferensiallaşdırılmış təlim, şagirdin hazırki real im­kan­la­rı­na arxalanaraq, zəif və orta şagirdləri tədricən, irəlilədib daha yük­sək səviyyəyə, biliyi şüurlu surətdə mənimsəmək, əldə edilmiş ba­ca­rıqlardan fəal surətdə istifadə etmək səviyyəsinə qaldırmağı nə­zər­də tutur. Şüurluluq prinsipi müəllimlərdən tələb edir ki, şagird­lə­rin idrak fəaliyyətinə rəhbərlikdə konkret və mücərrəd prosesləri düz­gün əlaqələndirsin. Q.İ.Şukina göstərir: “Bu prinsipin təlim pro­se­sində həyata keçirilməsi eyni zamanda müəllimin qarşısında şa­gird­lərin təfəkkür fəaliyyətinə çox mürəkkəb və incə rəhbərliyi hə­ya­ta keçirmək vəzifəsini qoyur ki, bu da şagirdlərdə elmi anlayışları for­malaşdırmaq üçün:

  • anlayışların mühüm əlamətlərini ayırmağı və ümumiləş­dir­mə­yi öyrətmək, zahiri təsadüfi əlamətlərin ayrılmasına məhdud və sət­hi yanaşmanı aradan qaldırmaq;

  • hadisə və prosesləri ümumi və fərq dərəcəsinə görə mü­qa­yi­sə etməyi, şagirdin özünün etdiyi müqayisə əməliyyatının məna­sı­nı ba­şa düşməyi ona öyrətmək, onda müstəqil idrak zamanı müqayi­sə­dən istifadə etmək bacarığı tərbiyələndirmək;

  • öyrənilən proses və hadisələri təhlil etməyi, bu proses və ha­di­sələri sintez etməyi, tam, vahid şəkildə ümumiləşdirməyi şagird­lə­rə öyrətmək, onları təhlilin kobud formalarından, tamı, sintezi ayrı-ay­rı cəhətlərin ümumiləşdirilməsi ilə əvəz etməkdən çəkindirmək;

  • dərketmədə şagirdlərin deduktiv yanaşmasına, əsas, başlıca, mü­­hüm cəhəti ümumi şəkildə qavramaqdan onların ayrı-ayrı cəhət­lə­rinin dərk edilməsinə doğru getmələrinə hər cür imkan vermək.

  • konkret məzmundan və təlimin qarşısında duran vəzifədən ası­lı olaraq, deduksiya və induksiyanın vəhdətindən sürətlə istifadə et­məyi öyrətmək lazımdır”.

Şüurluluq və fəallıq prinsipi tələb edir ki, müəllim idrakda olan bütün mürəkkəb əlaqələr sisteminin şagird tərəfindən başa dü­şü­lüb anlaşılması kimi daxili prosesə nüfuz etsin.

Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin