272. Beynəlxalq İnkişaf Assosasiyası (İnternational Developmend Assosiation-IDA) YBIQ-nın təsis edildiyi dövrə təsadüf etməklə, əslində müvafiq institutun reallaşdırılmasının beynəlxalq institusional maliyyə mexanizmilərindən biri kimi meydana gəlib. İnkişaf etmiş ölkələrdən ABŞ-ın təşəbbüsü ilə inkişafda olan ölkələrə kreditlərin verilməsi, investisiya qoyuluşunu təmin etmək üçün təsis edilmişdir. 1959-cu ildə IBRD-nin növbəti sessiyasında Dünya Bankının filialı kimi Beynəlxalq İnkişaf Assosasiyasının yaradılması haqqında qətnamə qəbul edilir.
Qurum haqqında müqavilə 1969-cı ildə qüvvəyə minir. O, 1961-ci ildən BMT – nin ixtisaslaşdırılmış qurumu statusuna malikdir. IDA-nın əsas məqsədi iqtisadi yüksəlişə nail olmaq, məhsuldarlığı artırmaq və inkişafda olan ölkələrdə sosial rifah səviyyəsini yüksəltmək təşkil edir. Qurum daha çox infrastruktur, kənd təsərrüfatı və sosial müdafiə kimi sahələrdə olan layihələri kreditləşdirir. Kredit müqavilələrinin şərtləri IBRD tərəfindən müəyyənləşdirilir. IDA əsasən faissiz, aşağı faizli və 35-50 illik uzunmüddətli kreditlər verir.
273. XX əsrin ortalarında xarici investisiyaların təhlükəsizliyi ilə bağlı bir sıra problemlər ortaya çıxmış, dövlətlərə qoyulan xarici investisiyalar hökumətlər tərəfindən əvəzsiz milliləşdirməyə məruz qaldığından xarici şirkətlər üçün ciddi beynəlxalq təminat sisteminə zərurət duyulurdu. İlk növbədə ABŞ-ın təşəbbüsü ilə Dövlətlə digər dövlətlərin şəxsləri arasında investisiya mübahisələrinin həlli qaydaları haqqında Vaşinqton Konvensiyasına uyğun olaraq İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz yaradılır (455). Mərkəz investisiyalarla bağlı yaranan mübahisələrin arbitraj qaydasında həllini nəzərdə tutur. Lakin məlum olurki, qeyd olunan qurumun investisiyaların təminatı sahəsində fəaliyyəti kifayət etmir. Buna görə də, IBRD-nin təşəbbüsü ilə qeyri-kommersiya risklərinin sığortalanmasının nəzərdə tutacaq Dünya Bankının yeni bir filialı – İnvestisiya Təminatlarının Çoxtərəfli Agentliyinin (Multilateral İnvestment Guarantee Agency-MIGA) təsis olunması haqqında 1985-ci ildə Seul Konvensiyası imzalanır (236).
274. Beynəlxalq Valyuta Fondu və Dünya Bank Qrupu BMT, Dünya Ticarət Təşkilatı və digər beynəlxalq təskilatlarla sıx əlaqədə fəaliyyət göstərirlər. 1947-ci ildə hər iki qrum ilə BMT arasında müqavilə imzalanmışdır. Qeyd olunan müqavilələr BMT Baş Məclisinin 124 sayılı qətnamələri ilə təsdiq edildikdən sonra 1947-ci ildən hər iki qurum BMT-nin ixtisaslaşdırılmış təşkilatı statusuna mailikdir.
BMT qeyd olunan ixtisaslaşmış orqanlarına yalnız texniki məsələlərlə bağlı təkliflər verə bilər. IMF və Dünya Bank Qrupu BMT-nin İqtisadi və Sosial Şurasına öz fəaliyyətləri ilə bağlı illik hesabatlar təqdim edilir ki, bu hesabat sonradan BMT Baş Məclisində müzakirə olunur. BMT ilə IMF və Dünya Bankı arasında imzalanan müqavilədə bir-birinin orqanlarının işində qarşılıqlı təmsil olunma ilə bağlı öhdəlik təsbit olunub.
8.10. Beynəlxalq Valyuta Fondu və Beynəlxalq
Yenidənqurma və İnkişaf Bankının strukturu
275. Hər iki qrumun ali orqanı İdarəetmə Şurasıdır (Board Governors). Bütün üzv dövlətlər 2 nümayəndə ilə 5 il müddətinə İdarəetmə Şurasında təmsil olunur. Nümayəndələrdən biri sədr, digəri isə müavin funksiyasını yerinə yetirir. Sədr adətən ya maliyyə naziri, ya da mərkəzi bankın idarə heyətinin sədri olur. Fondun ümumi fəaliyyəti İcraçı Şura (Executive Board), Direktorat və ya Direktorlar Şurası tərəfindən yönəldilir. Fondun tərkibində (vergi hüququ, xəzinədarlıq, hesablaşma xidmətləri, valyuta mübadiləsi məsələləri üzrə) 5 departament fəaliyyət göstərir.
İdarəetmə Şurasının səlahiyyətlərinə
yeni üzvlərin qəbulu;
üzvlüyün dayandırılması;
beynəlxalq təşkilatlarla müqavilələrin bağlanması;
dövlətlərlə bağlanan kredit sazişlərinin təsdiq edilməsi;
nizamnamə kapitalını artırmaq və ya azaltmaq;
üzv dövlətlərin kvotalarına nəzarət edilməsi;
Fondun büdcəsinin təsdiqi;
Müvafiq olaraq IMF və IBRD haqqında müqavilələrlə bağlı yaranan mübahisələrin həll edilməsi;
ümumilikdə valyuta sisteminin dəyişdirilməsi;
xarici valyutaların alqı-satqı ilə bağlı məsələlər daxildir.
IMF-nin icraedici orqanı IBRD-də olduğu kimi İcraedici Direktorluq və Direktorat 40 daimi və müvəqqəti üzvdən ibarətdir. Daimi Direktoru ən çox kvotası olan dövlətlər iki il müddətinə təyin edir, müvəqqəti üzvlər isə 2 il müddətinə coğrafi prinsipə uyğun olaraq üzv dövlətlərin nümayəndələri arasından təyin olunur: müvafiq olaraq 3 üzv Avropa ölkələrindən, 3 üzv Latın Amerikası ölkələrindən təyin olunur. Direktorat valyuta kurslarının formalaşma mexanizminə nəzarət edir, eləcədə üzv dövlətlərə maliyyə yardımları edilməsi ilə bağlı qərar qəbul edir. İdaredici Direktoratın sədri IMF-nin idarəetmə orqanlarının üzvü olamayan şəxslər sırasından seçilir. Direktorun səs hüququ yoxdur, o yalnız səslər bərabər olduqda həlledici səsvermə hüququna malikdir. İcraedici Şuranın Direktoru həmşinin IMF-nin katibliyinə də sədirlik edir. İdarəedici Direktor IMF və IBRD-nin orqanları, üzv-ölkələr arasında, eləcə də fondla BMT Katibliyi və digər beynəlxalq təşkliatlar arsında əlaqələri təmin edir.
IMF-nin baş qərargahı Vaşinqtonda yerləşir, eyni zamanda Paris və Cenevrədə də daimi nümayəndəliyi fəaliyyət göstərir.
IBRD-nin təşkilati quruluşu IMF-nin strukturu ilə eynidir. Bununla yanaşı, Bankın İcraedici Direktoratı hər konkret vəziyyətdə üzv-dövlətlərə kredit vermək səlahiyyətinə malikdir.
8.11. Beynəlxalq Valyuta Fondunun kredit mexanizimləri
276. IMF-nin kredit fəaliyyətinin əsas məqsədlərindən biri dövlətlərin tədiyyə balansında sabitliyin təmin olunmasıdır. Verilən kreditlər bir-birindən fərqlənir və müxtəlif kredit mexanizmləri formalaşdırılır.
IMF-nin resurslarından istifadə etmək üçün tranş sazişləri və “stend-bay” sazişləri bağlanır. Tranş sazişləri ilkin təqdim edilən maliyyə yardım forması olsa da özünü doğrultmamışdır. Belə ki, bu halda yardım istəyən dövlət özünün valyutasının müqavilində xarici valyutanı əldə edir. Hüquqi baxımdan bu halda Fond üzvlərinə borc vermir, yalnız müəyyən müddətdə satın alma hüququnu saxlamaq şərtilə valyuta satışını həyata keçirir. Bu metod çevikliyə malik olmadığı üçün Fondun Nizamnamasinə edilmiş dəyişikliyə görə IMF “stend bay” sazişlərində (stand by arrangement) istifadəyə başlamışdır. “Stend-bay” sazişi kredit xəttindən ibarət olmaqla iki sənədlə rəsmiləşdirilir. Birinci sənəddə götürülən borcun həcmi, müddəti, qəbul edən dövlətin öhdəliyi nəzərdə tutulursa, digərində qəbul edən dövlətin valyuta siyasəti təsbit edilir. Bir qayda olaraq “stend-bay” sazişinin təqdim olunması kredit istəyən dövlətin iqtisadiyyatını sağlamlaşdırmaq haqqında planından asılı olur.
277. IMF-nin gəlir səviyyəsi aşağı olan ölkələrə yardım mexanizmi iki fond: Sistem Dəyişiklikləri Fondu (SAF) və Struktur Dəyişikliklərinin Genişləndirilməsi Fondun (ESAF) çərçivəsində üzv-dövlətlərə kreditlərin verilməsilə həyata keçirilir. Qeyd olunan mexanizmlər çərçivəsində Fond dövlətlərlə müxtəlif tipli, o cümlədən, konpensasiya sazişlər, stabilləşdirmə sazişləri, bufer sazişləri, maliliyələşdirmənin genişləndirilməsi üzrə sazişlər, tamamlayıcı maliyələşdirmə haqqında sazişlər bağlayır.
8.12. Beynəlxalq Valyuta Fondunun nizamnamə
kapitalında dövlətlərin payı və səsvermə mexanizmi
277. Üzv dövlətlərin Fondu işində effektiv iştirakı, Fonddan alınacaq kreditlərin həcmi, səsvermə imkanları, bir qayda olaraq onların nizamnamə kapitalındakı kvotalarından asılı olur. Kvota pul ehtiyyatlarının birləşməsindən yaranır. Onun əsasında dövlətə verilə bilən məbləğ müəyyən olunur. Eləcə də, dövlətin Fond qarşısında öhdəliyi kvotanın həcminə müvafiqdir. Dövlətlərin kvotaları mürəkkəb meyarlar (dövlətin dünya ticarətində mövqeyi, ümummilli daxili məhsulun səviyyəsi, eləcə də əhalinin sayı və s.) əsasında müəyyən olunur. Ümumi kvotalar Fond tərəfindən 5 illik intervallarla nəzərdə keçirilir. Yeni üzvlərin kvotalarında artım olduqda, kvotaların 25% -ə qədərini beynəlxalq ehtiyat valyutaları (SDR) ilə, 75%-i isə özlərinin milli valyutaları ilə verilir. Əgər dövlətin tədiyyə balansında kəsir yaranmışsa, o Fonddakı kvotası həcmində özünün “xüsusi çəkmə haqqından”, “xüsusi borclama hüququndan” (Special Draving Rights) istifadə edərək Fonddan borc götürə bilər. SDR Fondun Nizamnaməsinə edilən ilk dəyişiklik zamanı (1969) təsis edilib. SDR- i formalaşdıran səbəti ABŞ dolları, Yapon iyenası və avrodan asılı edilib. Fond həmin səbəti dəyişmək səlahiyyətinə də malikdir.
278. SDR ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır. Belə ki, SDR gah qeyd etdiyimiz nisbətdə milli valyutanın xüsusiyyəyində çıxış edir və milli valyuta ilə müqayisə edildikdə bir halda özünün stabilliyi ilə onu üstələyirsə, digər halda özünün həm ratione materiae, həm də ratione persone məhdud istifadəsi ilə ondan geri qalır. Faiz daşıyıcısı olduğu üçün valyutaların qiymət meyarı kimi çıxış etmiş qızıla nisbətdə üstünlüyə malik olduğu halda eyni zamanda xüsusi yığımın obyekti kimi çıxış edə bilmir. Buna görə də SDR beynəlxalq valyuta olaraq yalnız dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən istifadə edilir.
SDR-ə malik olan dövlət Fond tərəfindən müəyyən edilən SDR sərəncamçısı olan digər dövlətlərdən sərbəst valyuta istifadə edilə bilən məbləğdə hüquq əldə edir. Qeyd etmək lazımdır ki, tədricən SDR özünün ilkin fransız kredit konsepsiyasından ABŞ valyuta keyfiyyətinə yaxınlaşmaqdadır.
Üzv dövlətlərin IMF və Dünya Bankının orqanlarında səslərinin həcmi dövlətlərin nizamnamə kapitalında olan kvotasına müvafiqdir. Fondun və Bankın üzv olan hər bir dövlətin ilkin olaraq 250 səsi var. Bu limitdən artıq olan hər bir səsə dövlətlər kvotalarından 100 000 SDR ödəməlidirlər. ABŞ 180000 səsə malikdir (ABŞ-un səslərinin həcmi 1948-ci ildən ümumi səslərin 30% -ni təşkil etsə də, XX əsrin sonlarına yaxın 17, 7 %-ə enib). Böyük Britaniya ümumi səslərin 6 %-nə, Almaniya və Yaponiya 5, 5 %-ə, Avropa Birliyi 26%-ə malikdir. Ümumiyyətlə, səslərin 70%-i sənayecə inkişaf etmiş ölkələrin payına düşür.
Beynəlxalq Maliyyə Korporasiyanın hər bir üzvü ilkin olaraq 250 səsə, Beynəlxalq İnkişaf Assosasiyasında isə 500 səsə malikdir. Birinci qurumda bir səs 1000 SDR, Beynəlxalq İnkişaf Assosasiyasında isə bu 5000 SDR-ə bərabərdir.
8.13. Beynəlxalq Valyuta Fondunun dövlətlərin
valyuta siyasətinə nəzarəti
279. IMF dövlətüstü tənzimetmə səlahiyyətinə malikdir. Təsis müqaviləsinin IV maddəsinə görə Fondun dövlətüstü xarakteri – üzv-dövlətlərlə valyutanın tənzimlənməsi və valyuta kurslarının müəyyən olunmasında ifadə edir. Dövlətlər heç bir halda Fondun nəzarətindən kənar valyuta tənzimlənməsi həyata keçirə bilməz. Bununla yanaşı, dövlətlər Fonda bildirmədən müstəqil olaraq istədikləri həcmdə valyuta almaq, valyutaların dəyərini dəyişdirmək hüququndan məhrum edilib. Bundan başqa, dövlətlər Fondun nəzarəti olmadan devalvasiya və revalvasiya tədbirləri həyata keçirə bilməzlər. IMF haqqında müqavilənin XII maddəsinə əsasən üzv-dövlətlər həmçinin öz maliyyə və valyuta sistemlərinin vəziyyəti ilə bağlı Fonda mütəmadi məlumat verməlidirlər.
280. XX əsrin 70-ci illərində Bretton-Vuds maliyyə sisteminin ixlası ilə bağlı təsis müqaviləsinin IV maddəsinə edilən dəyişiklikdən sonra Fondun dövlətüstü səlahiyyətləri müəyyən qədər zəifləmişdir. Dövlətüstü səlahiyyətin azaldılması yeni “üzən valyuta” sisteminə keçidlə bağlı olmuş və bunun nəticəsində müvafiq sferada dövlətlərin səlahiyyətləri genişləndirilmişdir. Buna baxmayaraq beynəlxalq valyuta vasitələrindən olan SDR-in tənzimlənməsinə nəzarət yenə də fondun tam nəzarəti altındadır. Fondun təsis müqaviləsinin analizi belə deməyə əsas verir ki, say etibarı ilə 40-a yaxın məsələ ilə bağlı qurum üzv dövlətlərə icrası məcburi olan göstərişlər verə bilər. Fond çoxtərəfli və birtərəfli qaydada üzv-dövlətlərin valyuta siyasətlərinə nəzarət edir. Təsis müqaviləsinin VIII maddəsinə görə üzv-dövlətlər beynəlxalq valyuta sisteminə zərər verə bilən valyuta manipulyasiyaları etməməli, eləcə də, dövlətlər Fondla razılaşmaya görə beynəlxaq ödəmələrdə üstünlük qazanmaq məqsədilə valyuta kurslarını dəyişdirməməlidirlər.
IMF-nin təsis müqaviləsinə sayca III, 1990-cı il dəyişikliyinə görə Fondun İcraedici Direktoratı öhdəliklərini yerinə yetirməyən dövlətə qarşı sanksiya kimi müvafiq dövləti səsvermə və bununla bağlı digər hüquqlardan məhrum edə bilər.
Qurum çərçivəsində qəbul edilən qərarlar məcburi xarakter daşıyır və dövlətüstü hüquq kimi IMF hüququnu formalaşdırır. Lakin müasir dövrün iqtisadi problemləri IMF hüququnun inkişafına və təkmilləşdirilməsinə zərurət olduğunu sübut edir.
Qeyd etdiyimiz kimi, IMF və IBRD universal xarakterli beynəlxalq maliyyə qurumları və qloballaşan iqtisadi sistemin beynəlxalq hüquqi tənzimlənməsinin əsas institusional vasitələrindən biri olaraq üzv-dövlətlərin fərqli inkişaf səviyyəsindən doğan fərqli iqtisadi sistemləri nəzərə almalıdır (325). Fərqli iqtisadi inkişaf isə müxtəlif iqtisadi-siyasi maraqların formalaşmasına təsir edir və nəticədə dövlətlərin quruplaşmaları baş verir. Qeyd olunan maliyyə qurumları çərçivəsində də bu proses baş verməkdədir.
281. 1975-ci ilə qədər Fondun və Bankın İcraedici Direktoratında daimi üzvlərdə ibarət olan “5-lər Qrupu ” təsis edilmiş, daha sonra qeyd olunan 2 dövlətin daxil olması ilə “7-lər Qrupu” formalaşmışdır. Bu qrup kvazibeynəlxalq təşkilat xarakteri daşıyır. Qrupun daimi təşkliati quruluşu olmadığı kimi, fəaliyyəti də siyasi xarakterli normalar ilə tənzimlənir. Qrup çərçivəsinndə yüksək inkişaf etmiş ölkələr beynəlxalq iqtisadi – maliyyə siyasətini həyata keşirmək üçün Fondun və Bankın fəaliyyəti sahəsində mövqeylərini uzlaşdırmaq siyasəti yürüdürlər. 1998-ci ildən Rusiya da qrupun onunla bağlı məsələlərin müzakirəsi üzrə keçirilən iclaslarında iştirak etməyə başlamışdır. Qeyd edilən məsələ ilə bağlı 2002-ci ildən qrupa daxil edilmişdir. Fondun və Bankın orqanları qrupun iclasları üçün hesabatlar hazırlayır. Qrupun qəbul etdiyi qərarlar müvafiq qurumların orqanları tərəfindən yenidən təftiş edilir və icraya yönəldilir.
282. Beynəlxalq valyuta münasibətləri sferasındakı qruplaşmadan biri də IMF çərçivəsində Borclar haqqında Baş Sazişin (1962) iştirakçısı olan dövlətlərdən ibarət “10-luq Qrupu” fəaliyyət göstərir. Qrup üzvləri digər dövlətləri maliyyələşdirmək üçün Fonda borc verir və nəticədə Fonddan kvotalarından asılı olmayaraq güzəştli şərtlərlə valyuta ala bilirlər. “10-luq Qrupu” üzv dövlətlərin maliyyə nazirləri və mərkəzi bankların idarə heyyətinin sədri qismində fəaliyyət göstərir.
Sənaye dövlətlərindən fərqli olaraq inkişafda olan dövlətlər isə “24-lər Qrupu”nu formalaşdırıb Qrup üzvləri IMF və Bankın İdarəetmə Şurasında, İcraedici Direktoratda və digər orqanlarda ümumi siyasət yürüdürlər.
Azərbaycan Respublikası və digər yeddi ölkə “İsveçrə Qrupu”na daxildir. Qrupun əsas fəaliyyəti keçid iqtisadiyyatlı ölkələrin mövqeylərini Fond və Dünya Bankı çərçivəsində əlaqələndirməyə yönəlib.
8.14. Azərbaycan Respublikasının beynəlxalq maliyyə
və valyuta sisteminə inteqrasiyası
283. Dövlətin maliyyə sistemi onun suverenliyi ilə sıx bağlıdır. Hər bir dövlət öz
maliyyə sisteminə münasibətdə suverendir. Dövlətlər öz maliyyə sisteminin formalaşdırmaqda, valyuta tənzimlənməsində müəyyən istisnalar olmaqla üstün hüquqular malikdir. Digər dövlətlər kimi, AR də müstəqil olaraq maliyyə -valyuta sistemində iştirak edir. Bu istiqamətdə atılan ilk addımlar kimi 1992-ci ildə milli valyutanın –manatın dövriyyəyə buraxılması, maliyyə və valyuta sahəsində mərkəzi dövlət orqanlarını, o cümlədən maliyyə və valyuta sistemində yaranan münasibətləri effektiv surətdə tənzim etmək üçün mərkəzi icra hakimiyyət orqanları olan maliyyə nazirliyi və milli bankın yenidən formalaşdırılması, eləcə də Beynəlxalq Valyuta Fonduna, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına üzvlüyə qəbulu qeyd edilməlidir
Bunun ardınca bir sıra qanunvericilik sahələri xüsusən də, milli bank haqqında, valyuat tənzimlənməsi haqqında və d. Qanunvericilik aktları qəbul edilir, özəl sərmayəli maliyyə qurumlarının – bankların, birjaların yaradılması üçün qanunvericilik tədbirlər görülür. Valyuta münasibətlərinin tənzimlənməsi sahəsində Valyuta tənzimlənməsi haqqında Azərbaycan Respublikasının 1994-cü ildə qəbul edilən qanunu valyuta münasibətlərinin tənzimlənməsi sahəsində əsas prinsip və qaydaları müəyyən edir. Qanun Azərbaycan Respublikasında valyuta tənzimlənməsini həyata keçirən operatorların hüquq və vəzifələrinin reqlamentləşdirir. Qanunvericiliyə görə valyuat tənzimlənməsi sahəsində mərkəzi operator qismində Milli Bank çıxış edir.
Maliyyə-valyuta sisteminin əsas operatorlarından olan bankların fəaliyyətinin tənzimlənməsi üçün öncə Banklar və bank fəaliyyəti haqqında Qnun, daha sonra isə Banklar haqqında, Kredit ittifaqları haqqında və d. Qanunvericilik aktları qəbul edilir.
Dövlət daxili qanunvericiliklə yanaşı maliyyə-valyuata siyasətinin həyata keçirilməsi tədiyyə balansında yaranan kəsrin aradan qaldırılması, infrastrukturun yenidən qurulması, yoxsulluğun aradan qaldırılması sahəsində ikitərəfli, regional, universal səviyyədə beynəlxalq əməkdaşlıq genişləndirilməkdədir. AR maliyyə-valyuta sahəsində bir sıra dövlətlərlə - Almaniya, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Rusiya və d. dövlətlərlə iqtisadi- texniki əməkdaşlıq, eləcə də kredit müqavilələri imzalanmışdır. Xüsusən də, AR hökuməti və Türkiyə Cumhuriyyəti hökuməti arasında uzunmüddətli iqtisadi və ticarət əməkdaşlıq haqqında Saziş, AR hökuməti və Almaniya hökuməti arasında maliyyə əməkdaşlığı haqqında sazişlər və s. qeyd edilə bilər.
Bundan başqa AR müxtəlif fond və banklarla – OPEC, Beynəlxalq İnkişaf Fondu Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa İnvestisiya Bankı (409), Avropa Yenidənqurma və İnkişaf Bankı və s. ilə iqtisadi-texniki əməkdaşlıq, kredit müqavilələri, o cümlədən AR və Səudiyyə İnkişaf Fondu arasında kredit sazişi imzalanmışdır. AR beynəlxalq maliyyə qurumlarından Beynəlxalq Valyuta Fondu və Dünya Bankı sistemi ilə fəal əməkdaşlıq edir.
284. Azərbaycan Respublikası IMF-yə 1992-ci ildə qəbul edilib. Kvotası 160, 90 milyon SDR və ya 218 milyon ABŞ dolları həcmindədir və 1609 səsə malikdir. Qeyd etdiyimiz kimi, IMF iki məqsəd üzrə - tədiyyə balansında yaranan qeyr-bərabərliyin aradan qaldırılması və makroiqtisadi sabitliyin təmini, iqtisadiyyatda sturuktur islahatlarının həyata keçirilməsi üçün kreditlər verir. AR yaxın vaxtlara qədər Fonddan kredit almaqdan davam etmişdir. Azərbaycan Respublikasının Fonddan aldığı ilk krediti Sistem Dəyişiklikləri Fondu (STF) çərçivəsində almışdır. Bu kredit mexanizmi 1993-cü ildə fəaliyyətə başlamış və qeyri-bazar yönümlü ticarətdən bazar istiqamətli ticarətə keçidlə bağlı ödəmələrin kəsişməsi nəticəsində tədiyyə balanslarında kəsir yaranan postsovet dövlətlərə yardım məqsədi daşıyırdı. AR qeyd olunan məqsədləri həyata keçirmək üçün IMF-nin 1995-ci ildə Sistem Dəyişiklikləri Fondundan (STF), 1995-ci ildə Ehtiyyat Kreditlər Razılaşmasından (Stand bay), 1996-cı ildə Sturuktur Dəyişikliklərinin Geniş Maliyyələşdirilməsi Fondundan (ESAF), 1999-cu ildə Güzəştli və Fövqəladə Maliyyə Mexanizmindən və 2001-ci ildə Yoxsulluğun ixtisari və iqtisadi artımın təmin olunmasına yönəldilmiş kredit mexanizmilərindən istifadə etmişdir.
IMF tərəfindən ayrılan kreditlər çərçivəsində AR sruktur islahatları, dövlət əmlakının özəlləşdirilməsi, bank islahatları, ticarətə dövlət müdaxiləsinin azaldılması istiqamətində geniş islahatlar həyata keçirmişdir. Növbəti öhdəliyə görə, valyuta rejimi liberallaşdırılmalıdır.
285. IMF-lə yanaşı AR Dünya Bankı ilə də əməkdaşlıq edir. AR Dünya Bankına 1992-ci ildən üzv olmuşdur. Kvotası 164,6 miliyon ABŞ dolları məbləğindədir və səslərin sayı 1896-dır. AR-lə Dünya Bankı arasında müxtəlif istiqamətdə 23 iqtisadi layihənin həyata keçirilməsi üçün 459 miliyon avro məbləğində kredit müqaviləsi və 2007-2010-cu illər üçün yoxsulluğun ixtisarı ilə bağlı fəaliyyət proqramı imzalanmışdır. Azərbaycan Respublikasına ayrılan kreditlər əsasən sturuktur islahatlarının həyata keçirilməsi, makroiqtisadi stabilliyin təmin edilməsi, təbii resursların idarə edilməsi, yoxsulluğun azaldılması, sosial vəziyyətin yaxşılaşdırılması, maliyyə-idarəçilik sisteminin təkmilləşdirilməsi və qeyri-neft sektorunun inkişafı ilə bağlıdır.
ƏDƏBİYYAT SİYAHISI
Ернылева И.Ю. Международное банковское право: механизм правового регулирования
банковской деятельностью / Гос. и право, 1996, №12
Международные расчеты по коммерческим операциям. Ч. I. Аккредитов». Изд. 2-ое. М. 1994: Ч. 2. Инкассо: Пер. с анг. М. 1994.
Трапезников В.А. Валютные регулирования в международном инвестиционном праве. М. Наука. 2004, с. 191.
Шумилов И.М. Международное финансовое право. М. 2003.
Эбке В.Ф. Международное валютное право. Пер. с нем. М. Международные отношения, 1997-336 с.
Mann F.A. The legal Aspect of Money. 5ed.. Clarendon Press. Oxford 1992.
Trade Finance Payments and Services. L. BPP Publishing ltd. 1993
8. Gold. J. The stand-by arrangement of international monetary Fund. - Washington .DC LMF, 1970.
Ainley M. The general arrangements to borrow LMR Pamphlet series # 41. Washington DC 1984.
Gold J. Borrowing by the international monetary Fund from nоn official Lenders. The International Lawyer. 1986.
IX FƏSİL. BEYNƏLXALQ ENERJİ HÜQUQU
9.1. Beynəlxalq enerji münaibətlərinin beynəlxalq hüquqi tənzimlənməsinin inkişaf mərhələləri
9.2. Beynəlxalq enerji hüququnun anlayışı və sistemi
9.3. Beynəlxalq enerji münaibətlərinin tənzimlənməsi sferasında hüquq qaydası
9.4. Beynəlxalq enerji münaibətlərinin institusional tənzimetmə mexanizmi
9.5. Beynəlxalq enerji hüququnun prinsipləri
9.6. Enerji resursları üzərində dövlət suverenliyi prinsipi
9.7. Beynəlxalq enerji təhlükəsizliyi Prinsipi
9.8. Enerji bazarının tənzimlənməsində liberallaşdırma prinsipi
9.9. Enerji effektivliyi və ətraf mühitin mühafizəsi prinsipi
9.10. Enerji dövriyyəsində əməkdaşlıq və monitorinq prinsipi
9.1. Beynəlxalq enerji münasibətlərinin beynəlxalq
hüquqi tənzimlənməsinin inkişaf mərhələləri
286. Beynəlxalq münasibətlərin müxtəlif sferalarını əhatə edən beynəlxalq hüquqi tənzimetmənin formalaşdırılması ölkələrin qeyri-bərabər inkişafının, inkişafda olan dövlətlərin borc, ərzaq probleminin, valyuta, maliyyə, enerji böhranının aradan qaldırılmasında stimul kimi çıxış edir.
Sadalanan problemlərdən enerji təchizatı iqtisadi inkişafla və beynəlxalq iqtisadi təhlükəsizliklə bağlı olduğundan onun beynəlxalq hüquqi tənzimlənməsi daha çox əhəmiyyət kəsb edir. Beynəlxalq münasibətlər sferasında ümumi enerji hüquq normalarının qəbulu XX əsrin əvvələrinə təsadüf edir. Belə ki, Elektroenergetika sferasında İsveçlə Danimarka arasında 1915-ci il beynəlxalq Sazişi; Bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı məsələləri tənzim etmək məqsədilə bir neçə dövlətin maraqlarına uyğun su hövzəsi enerjisindən istifadə haqqında 1923-cü il Cenevrə Konvensiyası; Elektrik enerjisinin tranzit ötürülməsi üzrə 1923-cü il Barselona Konvensiyası qeyd edilə bilər. Beynəlxalq enerji münasibətlərinin çoxtərəfli qaydada və daha təkmil səviyyədə hüquqi tənzimlənməsi Avropaya məxsusdur. Məlum olduğu kimi, 1951-ci il Paris və 1957-ci il Roma müqavilələrinə uyğun olaraq Avropa Kömür və Polad Birliyi və Atom enerjisi üzrə Avropa Birliyinin əsası qoyulmuşdur (401,414).
Problemin yalnız Avropa birlikləri çərçivəsində həllinin qeyri-mümkünlüyünü nəzrə alaraq, yenə də həmin illərdə daha geniş tərkibdə və ayrı-ayrı enerji resursları üzrə beynəlxalq hüquqi tənzimetmə mexanizmləri formalaşdırılmağa başlanır. Belə ki, atom enerjisindən dinc məqsədlər üçün istifadə ilə bağlı 1957-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyi (İnternational Atomiç Energy Agency - IAEA) təsis edilir. Bundan sonra nüvə enerjisindən dinc məqsədlər üçün istifadə sahəsində də, beynəlxalq sazişlər sistemi formalaşdırılır.
Dostları ilə paylaş: |