Vəziyyəti bilmə: söhbət ilk növbədə qloballaşmanı anlamaq üçün tələb olunan faktlardan
169
(məsələn, iqtisadi və maliyyə anlayışlarından, müəssisə və təşkilatlar barədə biliklərdən) gedir.
İnformasiya mənbələri haqqında biliklər. Söhbət kütləvi informasiya vasitələrinin, xüsusən
də İnternetin insan üçün açdığı informasiya və kommunikasiya imkanlarından, habelə
informasiyanı təklif edən insan və təşkilatlardan gedir.
Başqa mədəniyyətlərdə qərar qəbuletmə situasiyalarında davranış haqqında biliklər.
Söhbət başqa mədəniyyətlərin nümayəndələrinin risk və qərar qəbuletmə situasiyalarında necə
davranması barədə biliklərdən gedir.
Qərar qəbuletmə strategiyaları haqqında biliklər. Bu zaman çıxış situasiyası baxımından
diqqətin hərəkət alternativləri üzərindəmi yoxsa nəticənin dəyərliliyi üzərindəmi fokuslanmasından
asılı olaraq iki strategiyanı fərqləndirmək lazımdır. Birinci strategiyada alternativlər verilmiş olur,
ikincidə isə onları işləmək lazım gəlir.
Texniki və koqnitiv səriştəlilik. Burada da söhbət tamamilə yeni və ya mürəkkəb məsələlərin
həlli üçün lazım olan qabiliyyətlərdən fərqli bir şeydən getmir. Qloballaşmanın gedişində fərd tez-
tez belə situasiyalarla qarşılaşır. Fərdin bu situasiyaların öhdəsindən uğurla gəlməsi üçün aşağıdakı
səriştəliklər təhsil prosesində mümkün qədər erkən vaxtlarda aşılanmalıdır:
Qeyri-səlis düşüncə qabiliyyəti. Bu zaman bir sıra düşüncə tərzləri başa düşülür. Bunların
üzərində ətraflı dayanmayıb sadəcə misal üçün, tutalım, “mental modellər” (D.O.Konnorun və
İ.Makdermotun tərifinə görə, mental modellər tərbiyə və təhsilin, gedişində bizə aşılanan və ömür
boyu müstəqil olaraq qazandığımız ideya, konsepsiya və təsəvvürlərdir ki, onlar bizim hərəkətlərimizi
istiqamətləndirir və onlardan səbəb və nəticələri anlayıb izah etmək, habelə həyat təcrübəmizə məna
vermək üçün istifadə edirik [2]) üzrə düşüncə tərzini, xarici reallığın və mümkün hərəkətlərin və onların
nəticələrinin inikasını göstərə bilərik. Fikri modellər hipotetik ardıcıllıqları imitasiya etmək, eyni
zamanda ssenarilər də qurmaq imkanı verir. Mental modellər üzrə düşüncə bütün mümkün şərtləri və
nəticələri daxil etməyi, habelə bütün elementləri bir-biri ilə əlaqələndirmək qabiliyyətini tələb edir.
İnformasiyanı axtarıb tapıb emal etmək qabiliyyəti. Fərd relevant informasiyanı axtarıb tapmağı,
bu zaman relevant informasiya mənbələrini seçib onların əhəmiyyətini və mötəbərliyini qiymətləndirməyi
bacarmalıdır. Bundan başqa, o, informasiyanın axtarış dairəsini məhdudlaşdırmaq və ya axtarışı
dayandırmaq iqtidarında da olmalıdır, əks halda qərar qəbuletmə məsələsi yenə də sual altında qalmış
olacaqdır. Bunun üçün qərar verən şəxs informasiyanı “filtrdən” keçirməli, yəni böyük həcmdə
informasiyanı aydın meyarlar üzrə reduksiya etməli, başqa sözlə, onun sayını azaltmalıdır. Təbii ki, o,
kompüterdən informasiyanın emalı aləti, habelə qərara dəstək sistemi kimi istifadə etməyi də bacarmalıdır.
Məqsədi təyin etmək və strukturlaşdırmaq qabiliyyəti. Fərd öz məqsədlərini təyin edib, onları
strukturlaşdırmağı və qiymətləndirməyi bacarmalıdır. Bu, hər bir rasional qərarın əhəmiyyətli ilkin şərtidir.
Situasiyanı təhlil etmək qabiliyyəti. Fərd qərar qəbuletmə məsələsinin xarakteristikalarını
düzgün təhlil edib qiymətləndirməlidir ki, münasib strategiyanı seçə bilsin. Bu, məsələn,
mürəkkəblik, qeyri-müəyyənlik, risk və resurslarla bağlı mühakimələrin irəli sürülməsini və buna
uyğun qərar vermə strategiyasının seçilməsini nəzərdə tutur.
Nəzarət və qiymətləndirmə qabiliyyəti. Fərd, xüsusən də kontekstin sürətlə dəyişdiyi bir
şəraitdə uzun müddət üçün əhəmiyyətli qərarlar verərkən, öz qərarvermə davranışını və qərarının
uğurluluğunu-uğursuzluğunu tənqidi izləməlidir.
Risklər və strategiyalarla bağlı kommunikasiya qabiliyyəti. Fərd başqaları ilə, xüsusən də
başqa mədəniyyətlərə mənsub olan insanlarla idarəetmə qərarları ilə bağlı ünsiyyət qurmağı
bacarmalıdır. Səmərəli mədəniyyətlərarası kommunikasiya insanın özünün mənsub olduğu
mədəniyyətdə qərar qəbuletmə məsələsinin şübhə altına alına bilməsini nəzərdə tutur.
Avropa Şurasının və Avropa İttifaqının materiallarının təhlilindən “ideal” avropalının simasını
yaratmaq olar. Qloballaşmanın pespektivlərində inkişaf etmiş şəxsiyyət idealı olaraq dünya miqyasında
gedən dəyişikliklərə baxmayaraq təkrarsız fərdiyyət kimi inkişaf etmiş və “bütün dünyaya açıq olan
vətəndaş” nəzərdən keçirilir. O, inkişaf etmiş mənlik şüuruna, vətəndaşlıq keyfiyyətlərinə, tənqidi
təfəkkürə, Avropa və milli identikliyi bir araya gətirən “Mən”obrazına malik, mühakimələrində sərbəst
olan, özünütəkmilləşdirməyə, özinkişafa can atan, fasiləsiz təhsildə iştirak edən,ümumi mədəniyyətə
maraq bəsləyən, demokratik və mənəvi dəyərləri (tolerantlıq, həmrəylik) bölüşdürən, dəyişikliklərə
adaptasiya edən, situasiyanı adekvat qiymətləndirməyi, qərar qəbul etməyi, komandada işləməyi bacaran,
170
fəal şəxsiyyətdir. Bu idealın mərkəzi elementini intermədəni səriştəliyin inkişaf etdirilməsi təşkil edir. Bu,
həyat tərzi kimi başa düşülən çoxdillilik, dil-mədəniyyət baxımından çeviklik, başqa mədəniyyətlərə
açıqlıq, stereotiplərə və ayrıseçkiliyiə qarşı həssaslıq kimi müxtəlif ölçüləri əhatə edir [7, s. 156].
Qloballaşma proseslərinə hazırlıqda mərkəzi rolu başqa dillərdə danışmaq bacarığı oy-nayır. Son
illər xarici dili mümkün qədər erkən vaxtda öyrənilməsi məsələsi gündəmə gəlmişdir. 2000-ci ildə
Lissabonda Avropa Şurası strateji məqsəd kimi Avropa vətəndaşlarının dil səriştəliliyinin
yaxşılaşdırılması məsələsini qaldırmışdı. 2002-ci ilin mart ayında isə Barselonada Avropa ölkələrinin
dövlət və hökumət başçıları erkən yaşlar-dan ən azı iki xarici dilin öyrənilməsini və dil səriştəliyi
infikatorunun (Avropa Birliyi ölkələri üçün dil səriştəliliyinin vahid qiymətləndirmə meyarları)
[6]
yaradılması məsə-ləsini gündəmə gətirdilər.Bilik cəmiyyətinin təsiri təkcə səriştəlilik modellərinin
dəyiş-məsində təzahür etmir. Bir tərəfdən biliyi “ehityat üçün saxlamaq” dövrü arxada qaldı. Gələcək
tələbləri bu gün proqnozlaşdırmaq mümkün olmadığından, “ömür boyu təlim” (“davam etməkdə olan”,
“sonrakı”,“permanent”,“fasiləsiz”) haqqında təsəvvürlər for-malaşmışdır. Özünütəhsil, özünütəşkil,
öninkişafda öz ifadəsini tapan və tipik bilik və bacarıqlar üzərində bir növ üstqurum olan,digər
səriştəliklərin əldə edilməsi prosesini asanlaşdıran meta-səriştəliklər böyük əhəmiyyət əldə edir.
Avropa Birliyi 2000-ci ildə qloballaşma proseslərininn tələblərinə uyğun olaraq Birliyi dünyada
rəqabətə qabil, biliyə köklənən iqtisadi məkan etmək iddiası ilə çıxış etdi. O zamandan həmin təklif
şübhə və tənqidlərə səbəb oldusa da, Polşa sosioloqu Марек Kwiekin haqlı olaraq qeyd etdiyi kimi,
əmək bazarlarında akademik dərəcələ-rin tanınması artıq reallıqdır [4, s. 760].
Lakin təkcə uğurlar deyil, gərginlik sahələri də vardır. Sosial, iqtisadi, texniki və si-yasi
dəyişikliklər bu gün qloballaşmış dünyada daha sürətlə baş verir, lakin cəmiyyətin həmin
dəyişikliklərə tab gətirmək üçün institusional dayaqları azdır. İnam və etibar strukturları risk
strukturları ilə əvəz olunur [1, s.128].
Lissabon sammitinin gündəliyində qeyd olunan məqsədlərə nail olma məsələsi də mü-
bahisəlidir. Mütəxəssislər Boloniya prosesinin ikiliyinə, ambivalentliynə diqqəti çəkir-lər onun
əsasında ekspansivlikmi durur yoxsa müdafiəçilik? Xüsusən də, Avropanın müxtəlif bölgələrinə
nəzərə yetirdikdə, aydın olur ki, hər iki nöqteyi-nəzərə bəraət qaz-andırmaq mümkündür.Avropanın
hüdudlarındakı sınıq xətləri,ilk növbədə onun inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatları
arasındakı fərqlər Boloniya prosesi çərçivəsində ayrıca bir mövzudur. Bu zaman əsas çağırışlardan
biri zəif iqtisadiyyatın ali məktəblərdə sırf elitar təhsildən geniş təhsilə keçid edilməsidir. Əslində
qeyd edilən və “kütləviləşmə” adlanan dəyişiklik Qərbi Avropada və ABŞ-da hələ 30 il bundan
öncə baş vermişdir.İndi həmin proses sürətlə Şərqi və Orta Şərqi Avropaya da yayılacaqdır.
Sırf neqativ münasibətdən uzaq olmaq lazımdır, çünki belə yanaşma qlobal proses-lərin
müsbət effektlərini və verdiyi şansları dərk etmək imkanı vermir. Qlobal qaydalar təsis olunduqca,
risklər azala bilər və həmrəylik effekti ilə bağlı olan əmək bölgüsü mexanizmləri təsis edilə bilər
[5, s.159]. Hökumətlər və ayrı-ayrı ali məktəblərin rektorları səviyyəsində Boloniya prosesinə qarşı
cüzi müqavimət izlənilir. Bu prosesin əleyhinə olanlar ayrı-ayrı alimlərdir ki, onları da qane
etməyən dəyişikliklərin ənənəvi müəllim anlamından imtina edilməsi və prosesin məqsədlərinin tam
aydın olmamasıdır. Lakin heç kim baş vermiş dəyişikliklə-rin radikallığına və müsbət effektə malik
olmasına şübhə etmir. Bunu ali məktəblərin, o cümlədən Azərbaycan ali məktəblərinin tədris
proqramlarında fasiləsiz olaraq aparılan mütərəqqi islahatların miqyası göstərir. Siyasi səviyyədə də
yeni modelin tətbiqi istiqamətində fəal işlər aparılır. Praktiki olaraq bütün ölkələr milli təhsil
sistemlərində müvafiq islahatlar aparır.Təhsil islahatları dövlət siyasəti statusunu almışdır.
Ölkəmizdə də təhsil sahəsində aparılan islahatlar təhsilin mühüm sosial dəyər, strateji resurs
olduğunu, dövlətin gələcək nəsillərə yaşamaq üçün daha yaxşı şanslar vermək qayğısına qaldığını bir
daha təsdiqləyir. Dual təhsil sisteminə keçid Azərbaycanın təhsil sistemini bu qloballaşma proseslərinin
çağırışlarına adekvat cavab verməsi üçün müvafiq təşkilati mexanizmlərə malik olan uğurlu modelə
çevirəcəkdir. Qeyd edək ki, nəzəri təhsil ilə iş yerlərində praktiki təlimin kombinasiyasına əsaslanan
dual peşə təhsili sistemi Almaniyada tətbiq olunur və bütün dünyada peşə hazırlığının əmək qüvvəsi
bazarına keçidinin strukturunun müəyyənləşdirilməsinin uğurlu modeli hesab olunur. Almaniyada tətbiq
olunan bu modellə müqayisədə sırf məktəb yönümlü sistemlər (məsələn, Fransadakı kimi) və ya sırf
konkret iş yerində təlimə əsaslanan təhsil modelləri (məsələn, ABŞ-da tətbiq olunan „Training on the
171
job“) qloballaşma proseslərində özünün səmərəsizliyini nümayiş etdirir. Belə ki, bu sistemlər çox vaxt
gəncləri əmək bazarının çağırışları qarşısında aciz edir, onları problemlərin həlli üçün yalnız məhdud
praktiki vərdişlərə yiyələndirir (məktəbə söykənən sistemlər),yaxud işçi qüvvəsini daha çox bir spesifik
şirkətin hüdudlarında lazım olan bilik və kvalifikasiyalarına xüsusi əhəmiyyət verir (Training on the
job). Dual peşə təhsili sistemi bu iki ifrat yanaşma arasında “praqmatik kompromiss” olmaqla nəzəri
təlimi peşə təcrübəsi ilə əlaqələndirir [3, s.7]. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci
il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında, 24
oktyabr 2013-cü il Sərəncamı ilə təsdiq etdiyi Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında təhsilə
utilitar texnokratik baxışdan təhsilin dövlətin təmin etdiyi nemət kimi dərkinə keçid öz ifadəsini tapdı.
Bu planların reallaşdırılması bizim ölkəmizə rəqabət qabiliyyətliyini yüksəldərək sivilizаsiyаnın yеni
inkişаf mərhələsində yеrini tаpmаqdа rеаl, bəlkə də unikаl şаns vеrir.
ƏDƏBİYYAT
1.
Гидденс Э.Последствия модерна. М., Праксис, 2011
2.
О'Коннор Д., Макдермот И. Искусство системного мышления. Издательство Альпина
Бизнес Букс. М., 2006
3.
Blossfeld, H. P./Stockmann, R. (1999): The German Dual System in comparative perspective.
In: International Journal of Sociology,Vol. 28, s. 3 – 28
4.
Kwiek, M. (2004): The emergent European educational policies under scrutiny: The Bologna
process from a central European perspective. In: European Educational Research Journal,
Vol. 3, No. 4, pp. 759 – 776
5.
Münch R. (2001): Internationale Arbeitsteilung als Motor transnationaler Verge-
sellschaftung. In: Münch R. (Hrsg.), Offene Räume. Soziale Integration diesseits und jenseits
des Nationalstaats, Frankfurta. M.: Suhrkamp, s. 151– 178
6.
The European Indicator of Language Competence, Communication from the Commission to
the European Parliament and the Council, Commission of the European Communities, 2005,
21 P.
7.
Ulich, M./Oberhuemer, P.(2003): Interkulturelle Kompetenz und mehrsprachige Bild-
ung.In:Fthenakis,W.E.(Hrsg.): Elementarpädagogik nach PISA.Wie aus Kindertagesst-ätten
Bildungseinrichtungen werden können. Freiburg im Breisgau: Herder, s. 152-168.
ABSTRACT
Muslim Nazarov, Nizami Guliyev
Globalization: threats and opportunities
The article focuses on the threats and opportunities offered by the fundamental changes that
have occurred in the era of globalization. There communicate threats mainly from the education
systems of countries identified the competencies required the individual to understand and actively
participate in the processes of globalization, drawing attention to the ambivalence of the Bologna
process, while at the same time justified by the idea that as the global rules of the institution risks
will decrease, and the changes will have a positive effect.
РЕЗЮМЕ
Муслим Назаров, Низами Kулиев
Глобализация: угрозы и открываемые возможности
В статье речь идет об угрозах и возможностях, открываемых коренными изме-нениями,
произошедшими в эпоху глобализации. Отмечается связь угроз в ос-новном с системами
образования стран, выявляются компетенции, необходи-мые индивиду для понимания и
активного участия в процессах глобализации, обращается внимание на амбивалентность
Болонского процесса, в то же время обосновывается мысль о том,что по мере учреждения
глобальных правил риски уменьшатся,и произошедшие изменения будут иметь положительный
эффект.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru,
dosent V.Rzayev
172
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
XALƏDDİN SOFİYEV
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
sofiyev.xaleddin@mail.ru
UOT:008
KULTUROLOGİYADA TAKSONOMİK VƏ TİPOLOJİ METODLARIN
MÜNASİBƏTLƏRİ
Açar sözlər: Taksonomik düzüm, “anlayışların altına salmaq”, mədəni sahənin diplomatiyası,
tipoloji model, harmoniya
Key words: taxonomic order, “to adjust to notions”, diplomacy of cultural sphere, typological
model, harmony
Ключевые слова: таксономический порядок, «подгонять под понятия», дипломатия
культурной сферы, типологическая модель, гармония
Kulturologiyada həm taksonomik bölgüləndirmələr, həm tipoloji axtarışlar, həm də tarixi-
müqayisəli tədqiqatlar müasir dövrdə öz nüfuzunu və lazımlığını itirməyib. Taksonomik, tipoloji
tədqiqatlar linqvistikada olduğu kimi kulturologiyada da tarixi-müqayisəli araşdırma paradiqmaları
ilə sıx bağlıdır. Taksonomik, tipoloji və tarixi-müqayisəli metodla bağlı narrasiya çoxlu təəccüb
doğurucu faktlar və hallarla oynadığı üçün materialın dramatik gərginlikdə verilməsinə xidmət edir.
Marksist kulturologiyanın tarixilik metodundan narrasiyaya gələn cəzbedici xüsusiyyətlər tarixi-
müqayisəli metodun söyləm üslubunda da iştirak edir.
Taksonomik və eləcə də tipoloji kulturologiya özündə düşüncənin bir önəmli əməliyatını
yüksək səviyyədə əks etdirir. Fəlsəfədən bəllidir ki, eyniləşdirmə (identifikasiya) və fərqləndirmə
təsdiq və inkarın variantları kimi mühakimə yürütməkdə böyük rol oynayır. Bunu A.F.Losev Antik
filosoflara istinadən belə formulə etmişdi: fikirləşmək nələrisə birləşdirmək, nələrisə ayırmaqdır
[1.s.208-209] . Kant «anlayışın altına salmaq» deyimini işlətməyi sevirdi. Bu, əslinə baxsan, başqa
formada konkret hadisəni hansı anlayışlasa eyniləşdirib anlamağı bildirirdi [2.с.26] . Mədəniyyətlə
bağlı istənilən məqalədən, monoqrafiyadan mühakimələri və ya belə deyək, söyləmləri seçib
strukturunu analiz etsək, görərik ki, onların xeylisi identifikasiya aktlarına tabe olaraq nələrisə hansı
anlayışlarlasa eyniləşdirir. Bu söylədiklərimizi nümayiş etdirmək üçün Yeganə Əliyevanın «Mədəni
sahənin diplomatiyası» kitabından bir fraqmentə nəzər salaq. Adını çəkdiyimiz kitabı ona görə
seçirik ki, bu əsər ölkəmizdə ənənəvi kulturoloji problemlər dairəsindən kənara çıxan yeni tipli
araşdırma olmağa iddia edir. Kitabda «mədəni diplomatiya» anlayışının əlamətləri sadalandıqdan
sonra müəllif maraqlı identifikasiya apararaq Qədim və Ortaçağın məşhur fiqurları olan tacirləri,
səyyahları, səyyar rəssam və aktyorları bu kateqoriyanın «altına salır» [3.s.17] . Beləliklə, müasir
fenomenin, yəni mədəniyyət sahəsinin diplomatiyasını reallaşdıran funksionerlərin, rəsmilərin tarixi
prototipləri aşkar edilir. Yəni idraki əməliyyat tarixilik tələblərinə cavab verir.
Haqqında danışdığımız tədris vəsaitində «mədəni imperializm», «dövlətin imici» kimi
anlyışlar izah edilir ki, sonra müasir siyasi dünyanın bir çox prosesləri onlarla identifikasiya edilsin.
Eyniləşdirmə bu mənada kulturoloji tədqiqatlara əsl informativ xidmət göstərir.
İdrakda eyniləşdirmə əməliyyatının bir önəmli növü taksonomiyadır. Bu termin yunanca
«düzüm» (taks) və «qanun» (nomiya) söz köklərindən yaradılaraq təsnifat, bölgüləndirmə
əməliyyatlarını bildirib. Təsnifat nədir? İlkində xaotik görünən reallığı növlərə bölməkdir. Beləcə,
dilçilikdə nitq hissələri yaranıb və xaoik görünən sözləri «isimlər», «sifətlər», «feillər» qruplarında
paylaşdırıb. Mədəniyyət dəyərlərinin maddi və mənəvi dəyərlərə bölünməsi taksonomik metodun
xidmətidir. Mədəniyyətin coğrafi prinsipdən çıxış edərək Şərq, Qərb, Cənub, Şimal mədəniyyətlərinə
təsnif edilməsi başqa bölgüləndirmə işinin nəticəsidir. Takson bu bölgüdəki xanaları bildirir.
Taksonomik təsnifatın bir cəhətini də qabartmalıyıq. O təkcə üfiqi istiqamətdə qrupları
düzmür. O həm də hər qrupun, növün içində müəyyən ierarxik düzüm qurur. Məsələn, dilçilikdə
173
isim nitq hissəsindən məlumat veriləndə göstərilir ki, canlıları və cansızları bildirən iki alt qrup var.
Mədəniyyətdə maddi dəyərlərin içində alt qruplar kimi bu dəyərlər maddənin növünə, xarakterinə,
funksiyasına görə bölünə bilər. Beləcə, əmək funksiyasında olan alətləri geyim funksiyasında olan
paltarlardan, qida funksiyası olan yemlərdən ayıraraq müxtəlif maddi dəyərlər qrupunu göstərmək
olar.
Taksonomiyanın sayəsində biologiya elmi xeyli uğurlar qazanmışdır. Coğrafiya, dilçilik,
sosiologiya taksonomiyaya öz metodunda böyük üstünlük verirlər, ona görə də predmetlərində
araşdırdıqları hadisələr təsnifat səliqəsində təqdim olunurlar. Taksonomiya, göründüyü kimi,
öyrənilən sahədə səliqə-səhman yaratmaq üçün bu sahənin hadisələrini müəyyən əlamətlər əsasında
birləşdirir. Bu birləşdirmədə (eyniləşdirmədə) aydın şəkildə təfəkkürün anlamaq üçün identifikasiya
etmək paradiqmasını görmək olar. Həmin paradiqmaya isə təsnifləşdirmək və ierarxiyanı
aydınlaşdırmaq paradiqmaları əlavə olunur. Amerikan sosioloqu Corc Mördok taksonomik
kulturologiyanı universaliyalar termini ilə zənginləşdirərək göstərir ki, mədəniyyətdə onların sayı
60-a çatır. Alim tez-tez təkrarlanan sosial münasibət formalarına universaliyalar deyir. Bu
universaliyalara aid olanlara bəzi örnəklər: birgə əmək, bədənin bəzədilməsi, rəqslər, təhsil, yas,
qonaq qəbulu, zaraftalar, dini mərasimlər və s. Hər bir mədəniyyət bu universaliyalar əsasında öz
insanlarının fizioloji, psixoloji, sosial tələblərini ödəyir. Mördok haqlı olaraq yazır ki,
universaliyalar əsasında müxtəlif mədəniyyətləri müqayisə etmək olar [4.с.42]. Göründüyü kimi,
taksonomik kulturologiya univresaliyalar vasitəsi ilə eyniləşdirmə apararaq müəyyən mədəniyyət
hadisələrini, məsələn, qonaq qəbulunu, bədənin bəzədilməsini uyğun universaliyalara yığır. Bu
eyniləşdirmədən sonra isə hər bir universaliyada topladılmış hadisələrin müxtəlif mədəniyyətdə
fərqləri problemini qoymaq olar. Aydın məsələdir ki, Yakut (Saxa) mədəniyyətində qonaq qəbulu
azərbaycanlıların qonaq qəbulundan elementlərinə görə ciddi fərqlənir. Yeni dövrdə sərhədlər
açılanda azərbaycanlıları Anadolu türkləri və günyelilərlə bağlı ən ciddi təəccüblərindən hallardan
biri bu doğma adamların qonaqpərəstlik məsələsində Quzey azərbaycanlılardan fərqi idi. Qonaqla
bağlı bizdəki səxavətin qarşılığında güneylilərin və Anadolu türklərinin rasionallığı bizim camaata
xəsislik kimi görünürdü.
Əgər taksonomiyaya, tipologiyaya, tarixi-müqayisəli araşdırmalara metodoloji yanaşsaq,
görərik ki, onların çalarlar səviyyəsində yox, qabarıq şəkildə fərqini tapmaq çox müşkül məsələdir.
Bu araşdırmaların hamısının önəmli paradiqmalarından biri «identifikasiya etmək yolu ilə dərk
etməkdir». Tipoloji və komparativ (müqayisəli) analizlərin narrasiyasında mədəniyyətin müxtəlif
coğrafi, tarixi aləmlərinə səyahət mühüm yer tutur. Tipologiya üçün yaxın mədəniyyət hadisələrinin
eyniliyinə mane olan bütün irrelevant (dəxli olmayan) cəhətləri kənarlaşdırmaq xarakterikdir
(əslində «tip» sözünün yunanca mənası nəyinsə artıq əlamətlərdən təmizlənmiş görünüşüdür).
Deməli, düşünmək aktı nələrisə birləşdirməkdirsə, tipoloji metod kulturologiyaya bu aktı
reallaşdırmaq imkanını verir. Özü də bu imkanı formal, abstrakt olaraq vermir, bir paradiqma olaraq
tipoloji analizlərin və nəzəriyyələrin bütün «ixtisaslaşmış» aparatını, vasitələrini verir. Tip anlayışı,
bədii obrazlarla bağlı necə işlədilməsindən göründüyü kimi, ümumi olanı xarakterik olan
görünüşündə verir. Xəsisliyi Şeylok və ya Hacı Qara xarakterində buna örnək kimi göstərmək olar.
Ona görə də Ortaçağın, Maarifçi mədəniyyətlərin tipoloji modelləri abstrakt parametrlərdə yox,
məhz skulptur qabartıda, stereoskopiklikdə görükdürülməlidir.
Tipoloji axtarışların o biri üzü fərqləndirmə aktlarıdır. Əgər düşünmək üçün hansısa
mədəniyyət hadisələrini bir tipdə birləşdirirsənsə, bu tipin necəliyini aydınlaşdırmaq üçün onu
başqalarından fərqləndirmək lazımdır. Yapon mədəniyyətinin tipoloji analizi onu utancaqlıq
mədəniyəti kimi kvalifikasiya etməyə imkan verirsə, bu, mədəniyyəti Qərbin günah duyğularına
köklənmiş mədəniyyətindən fərqləndirmək məsələsini aktual edir [5.p.112-114].
Azərbaycan kulturologiyası müsəlman mədəniyyətinin tipoloji cəhəti kimi ornamentallığı
götürmüşdü. Bu ideya belə izah edilirdi ki, müsəlman şüuru üçün tekstin düzümü, qrammatikası
naxış bəzəyində olanda fakt tekst statusunu alır. Naxış eyni motivlərin bütün müstəvidə təkrarıdır.
Bəzək effektini məhz bu təkrarlar verir. Motivlərin ornamental təkrarını biz təkcə xalçada,
memarlıqda yox, qəzəllərdə də görürük. Ornamentallıq səbəbindəndir ki, müsəlman mədəniyyəti
boşluğu sevmirdi, rastına boşluq çıxan kimi onu ornamentləşdirməklə ortadan götürməyə çalışırdı.
Bütün bu söylənənlər müsəlman mədəniyyətinin tipoloji xarakteristikasını verir, çünki memarlığı,
verbal sənəti, miniatürləri bir əlamətdə, bir tipdə, - ornamentallıqda birləşdirir. Həmin
birləşdirmənin əksi kimi Çin mədəniyyətinin tipologiyası göstərilir. Bu axırıncı Dao fəlsəfəsinin
təsiri altında boşluqdan tekst fraqmenti kimi geniş istifadə edirdi [6. с.131-132].
174
Tipoloji model qurmaq üçün mədəniyyətin daxilindəki hadisələri gözlənməz əlamət
ətrafında birləşdirmək və bununla da həmin hadisələri başqalarından ayırmaq tədqiqatın təhkiyəsini
xüsusi ifadəlilik şiddətinə qaldırır. Bunu mərhum Azərbacan filosofu Həsən Quliyevin aşağıda
gətirəcəyimiz kulturoloji fikirlərindən yaxşı görmək olar. O belə bir əlamət kimi zibili götürərək
göstərirdi ki, arxeologiya, əslində, arxaik mədəniyyətlərdən tapdığı zibillər əsasında
həmin mədəniyyətləri rekonstruksiya edir. Hər kültürün zibil baxımından öz sifəti var.
Hər mental tarixin öz zibilləmək və zibildən istif adə etmək texnologiyası var. Bir
mədəniyyətin zibili başqa mədəniyyətdə qeyri -zibil hesab oluna bilər. Azərbaycan
mədəniyyətində öz yaşayış sahənlə özgə sahə arasından keçən sərhəd zolağında, adətən, zibillik çox
olur. Çünki azərbaycanlı öz evindən zibili çölə atır və bu zaman evin zibili mənfi qavranılsa da, çöl
məkana süpürülmüş zibil heç də elə qavranılmır, ona görə də azərbaycanlı küçəni zibilləməsinə
pintilik kimi baxmır. Özəl dünyalar arasındakı sınırları, - küçələri hamı yad sayır və zibili ora atır.
Azərbaycanlı üçün təmizlik öz yaxşı dünyanı başqa, yad dünyalardan ayırmaq üçün ciddi
vasitələrdəndir. Azərbaycanlı zibil arxetipinin təsiri altında durmadan zibili başqasının məkanına
süpürməyə məhkumdur. Alim bu məsələ ilə bağlı bir təmizlik paradoksunu da açır: azərbaycanlı
qadın xalçanı küçədən keçənlərin başına çırpanda, bu heç də onun keçənlərə pis yanaşmasından
gəlmir. O, sadəcə, zibil arxetipinin təsiri altında təmizlik işi aparır. Maraqlıdır ki, söhbətində Həsən
Quliyev «zibil fəlsəfəsi» deyimini də işlətmişdi [7. с.164-169]. Filosof bununla sanki
zibilin mədəniyyətdə tipoloji araşdırmalar üçün yüksək eyniləşdirmək və fərqləndirmək
statusunu müəyyən etmək istəmişdi. İndi konkretləşdirib deyə bilərik ki, epistemoloji
paradiqmalar olan «eyniləşdirmə» və «fərqləndirmə»,-bu ikisini birləşdirib «eyniləşdirmə-
fərqləndirmə» paradiqması da adlandırmaq olar,-taksonomik, tipoloji və kompravistik
kulturologiyanın əsas idrak vasitələridir. Onların kulturoloji düşüncələrdə paradiqma olaraq necə
işləməsini və mədəniyyəti necə maraqlı söyləmdə, narrasiyada açmasını post-struktrualist
intellektual Mişel Fukodan gətirdiyimiz fikirlər yaxşı göstərir. Bu alim kitabında yazırdı ki, 16-cı
əsrəcən oxşarlıq kateqoriyası və onunla qohum anlayışlar Qərb mədəniyyəti çərçivəsində bilik üçün
konstruktiv rol oynamışdı. Oxşarlıq tekstlərin şərhini, simvolların düzümünü (qrammatikasını),
eləcə də bədii əsərləri idarə edirdi. Bu yüzildə oxşarlığı bildirən sözlərin siyahısı da çox idi.
Məsələn, pərçimlənmək (convenientia) belə sözlərdən biri kimi mülahizələrdə geniş işlənirdi.
Pərçimlənməkdə oxşarlıq qonşulaşmaq, bir-birinə hansı nöqtədə isə yapışmaqdan alınır (metonimik
işarələri yada salın). Oxşarlıq epistemasının hökmüranlıq etdiyi dövrdə düşünürdülər ki, ruh və
bədən bir-birinə pərçimlənib, ona görə də bir-birindən təsirlənə bilirlər. Günah Allah-təalanın ruhu
materiyanın içinə qoymasından doğub. Ona görə də nəfsin ehtiraslarının oynatdığı bədən
korlanmağa məhkum olur. Dünyanın hər şeyi çulğalıyan, bürüyən «qrammatikasındakı»
pərçimləmək qaydası sayəsində ən müxtəlif cisimlər bir-birinə cürbəcür təsirlər ötürür.
Hermenevtika işarələri danışdıran biliklər toplusudur. Semiologiya işarələrin harada olmasını
tapmağa imkan verən, onların bağlantılarını açan biliklər toplusudur. İşarələrin qanunlarını
axtarmaq bir-birinə oxşar cismləri tapmaq kimidir. Mənanı tapmaq da oxşartıları tapmaqdır. Fukoya
görə 16-cı əsrin episteması belə izah edilə bilər [8. с.61-76]. Daha sonra fransız filosofu göstərirdi
ki, Don Kixot Eyniliyin qəhrəmanıdır. O eyniliklər, oxşartılar əsasında düşünür və öz növbəsində
eyniliklər, oxşartılar da davamlı onu ələ salır, gülünc vəziyyətlərə düçar edirdilər. "Don Kixot" yeni
çağın ilk əsəridir ki, eynilik və fərqin epistemoloji gücünü amansızcasna ələ salır.
Fuko aydın etdi ki, 17-ci əsrdən mədəniyyətdə və təfəkkürdə oxşarlıq prinsipinin hörmətdən
düşməsi başlayır. Dekart "Ağıl üçün tövsiyə qaydaları" əsərində oxşartıların necə çaşdırmasını
anladır. Bekonun idollar nəzəriyyəsi isə oxşartıların yanıldıcı təsirini nümayiş etdirdi .
Fuko kitabında epistemadan danışanda əslində paradiqmalardan söhbət açırdı. Düzdür,
Tomas Kun «paradiqma» termini ilə daha çox təbiətşünaslıq elmlərini idarə edən mental əsasları
nəzərdə tuturdu. Fuko isə «epistema» termini ilə alimlərin də, adi insanların da, sənətçilərin də
idrakını idarə edən vahidləri bir anlayış-termində birləşdirirdi. Bu mənada onun termininin əhatə
dairəsi «paradiqma»dan geniş idi. Ancaq hər-halda «epistema» «paradiqma»dan populyar olmadı.
Hərçənd Fukonun 16-17-ci əsrlərin mədəniyyəti haqqında açdıqları həm də paradiqmaların
kulturoloji nəzəriyyələrdə necə işləməsinə yaxşı örnəklər verdi.
Kulturologiya tarixində müqayisəli tədqiqatlar sayəsində mədəniyyətin tipoloji modellərinin
qurulması bir neçə istiqamətdə gedib. 19-cu əsrdə hansısa kültür faktının bütün mədəniyyətlərdə
variant dəyişmələri ilə invariant əsasını tapmağı tipoloji təfəkkür tələb edirdi. Bu işdə xüsusi ilə
Frezerin «Əhdi-ətiq və folklor» əsəri populyarlaşdırıcı rol oynamışdı. O, məsələn, bir çox qitələrin
175
arxaik mədəniyyətlərini əhatə edən belə bir tipik situasiyanı aşkar etmişdi ki, əhd kəsmək
mərasimində hansısa heyvanın hissələrə bölünməsi geniş yayılıb [9.с.174-179]. Deməli, müxtəlif
mədəniyyətlərdə əhd etməyin, bağlamağın variantlarında təkrar olunan invariant cəhət «kəsmək»
aktı idi («əhd, mərcə kəsmək» deyimində «kəmək» feili buradandır). Bu tipologiyadan çıxış edərək
Azərbaycan alimi Niyazi Mehdi dilimizin bəzi dialektlərində niyə əhd kəsməklə bağlanmış
müqaviləyə «kəsmət» deyildiyini izah etmişdi [10. c.31-34].
Tipoloji axtarışların bu növündə bir fakt (məsələn, geyim detalı), bir situasiya (hədiyyə
etmək, evlənmək), bir süjet başqa mədəniyyətlərdə və ya mədəni dövrlərdə öz oxşarları (variantları)
ilə tutuşdurulandan sonra tipolojiləşdirilirdi. «Toy bir çox mədəniyyətlər üçün tipolojidir»
(universaliyadır), «bir çox mədəniyyətlərdə şənliyin yemək-içməklə ifadə olunması tipolojidir»
kimi diskursların elmdə peyda olması tipologiyanın konkret simvolla bağladılmasının məhsuludur.
Beləcə, sinxronik (eynizamanlı) xətdə və diaxronik (zaman ardıcıllığı) planında tipoloji simvolla
bağlı mədəniyyətlər üzərində birləşdirmə aktı yerinə yetiriləndə çox maraqlı məsələlər ortaya çıxır.
Kamal Abullanın «Gizli Dədə Qorqud» araşdırması Oğuz dastanları ilə yunan mifologiyası arasında
külli miqdarda tipoloji yaxınlıqlar tapır. Beləcə, Təpəgözlə Polifem, Edip və Buğac, Odissey və
Beyrək arasında tipoloji yaxınlığın tapılması alimin söyləminə, narrasiyasına ovsunlayıcı cazibə
verir .
Sehirli nağılların süjet müxtəlifliyini bir tipoloji modeldə birləşdirmiş Proppun «Nağılların
morfologiyası» kitabı Qərbdə strukturalizmin yaranmasına öz təsirini göstərmişdi [11. с.400-428].
Biz bu faktı ona görə söyləyirik ki, tipologiya əsasında mədəni faktları identifikasiya əlaqəsinə
salmaq, yəni onları bir tip, bir anlayış altında birləşdirmək bizim elmi maraqlı perspektivlərə çıxarır.
Tipoloji təfəkkür sayəsində tapılmış səyyar süjetlər kulturologiya üçün sirli suallar ortaya
çıxarmışdır. Onlardan biri belə idi: səyyar süjetlər mədəniyyətlər arasında mübadilə nəticəsində
mümkün olub, yoxsa onların tipoloji eyniliklərinin mənbəyi başqadır?
Ziqmund Freyd yuxularda və miflərdə eyni simvolların olmasını onunla izah edirdi ki, hər
ikisinin müəllifi şüuraltıdır. Təxminən eyni cavabı Karl Yunq da vermişdi. Miflər ruhun şüursuz
qatlarının təbiətə proyeksiyası olduğu üçün müxtəlif xalqların mifologiyasında tipoloji təkrarlar baş
verir. Tipoloji araşdırmaların başqa «tipi» oxşar mədəniyyət faktlarını, süjetlərini toplamağa
əsaslanmır. Onu daha çox maraqlandırır mədəniyyətləri tipoloji modellərdə birləşdirərək «İbtidai-
icma mədəniyyəti», «Şərq mədəniyyəti», «Antik mədəniyyət», «Qərb mədəniyyəti», «Müsəlman
mədəniyyəti» kimi «taksonları» (taksonomik vahidləri) formulə etmək. Sadaladığımız birliklərin
hamısında ən müxtəlif empirik mədəni materiallar bir ideya ətrafında birləşməklə tipoloji vəhdət
əmələ gətirir. Toynbinin və Hantinqtonun araşdırmalarında bəzi sivilizasiyaların tipini Katolisizm,
Buddizm kimi konfessiyalar verirdi. Bu konfessiyalar müəyyən etdikləri sivilizasiyalarda insanlara
eyni davranış modellərini aşılayırdı. Hantinqton, məsələn, xeyli statistik faktlar əsasında göstərirdi
ki, İslam sivilizasiyası qaçılmaz olaraq digərləri ilə münaqişələr yaşayır. Alimin fikrincə, müsəlman
cəmiyyətlərinin çoxlu konfliktə cəlb olunması onunla bağlıdır ki, bu cəmiyyətlər xeyli militarlaşmış
sosiumlardır. Başqa səbəb odur ki, bir din kimi İslamla hərb, döyüşkənlik arasında əzəli bağlılıq
var. Bu baxımdan onun «qılınc dini» adlandırılması təsadüfi deyil. Məhəmməd özü İsus və
Buddadan fərqli olaraq böyük sərkərdə olub. İslam doktrinində inanmayanlarla savaş var. Sonralar
bu, təriqətlər arasında savaşlara transformasiya olub. İslam dünyasında fitnə (daxili savaşlar) cihada
nisbətdə heç də az olmayıb. Quranda zorakılığa qarşı az yasaqlar var. Münaqişələri dinc yolla çözmək
anlayışı İslam ehkamlarında və praktikasında yoxdur [13.p.258]. Əlbəttə, radikal islamçılara, İŞİD kimi
qaniçənlərə aid ittihamların İslam mədəniyyyətinə və müsəlmanlara yönəldilməsi ciddi elm üçün
qəbuledilməzdir. Hələ onu demirik ki, qılınc ideyası İsus mouzələrinə də yad olmayıb. Eyni zamanda
dini motivlər üstündə Katolisizm, Parvoslavlıq və Protestanizm arasında qanlı münaqişələr olsa da heç
kim bundan Xristianlığın qılınc dini olması nəticəsini çıxarmamışdır. Ona görə də Hantiqtonun gətirdiyi
statistikanı başqa narrasiya tipində söyləməsi elmi baxımdan daha politkorrekt olardı. Görkəmli
amerikan politoloqu, ən azı, onu nəzərə almalı idi ki, qonşularının sayı və dini-etnik müxtəlifliyi
müsəlmanlarda hamıdan çox olduğundan münaqişələrin statistikası da belə yüksək olmalı idi.
Sivilizasiyalar üzrə tipoloji axtarışlar kulturologiyanın ən səmərəli (produktiv) istiqamət–lərin–
dəndir, ona görə bu istiqamət son dövrlər Azərbaycanda paradiqma işini görərək müxtəlif tədqiqatlar
törətmişdir. İstedadlı alim Rahid Ulusel Sivilizasiya mövzusunda harmoniya axtarışlarını önə çəkmişdir
[15.s.19]. Gənc tədqiqatçı Ərəstu Həbibbəyli isə sivilizasiya nəzəriyyələrinin tarixi və indisi haqqında
kifayət qədər səriştəli məlumatlar verəndən sonra «Türk sivilizasiyası» ideyasının aktuallığını göstərən
arqumentlər irəli sürmüşdü. Əlbəttə, rus alimləri Slavyan sivilizasiyası məsələsini qoyanda
176
Ə.Həbibbəylinin təşəbbüsü tam məntiqi görünür . Gənc alim bu sivilizasiya ilə bağlı irəlidə bizim
qabartdığımız qonşuluq fenomenini vurğulayır. Türk sivilizasiyasının dini və etnik baxımdan müxtəlif
qonşularının sayı yalnız İslam sivilizasiyası ilə müqayisəyə gələ bilər. Bütünlükdə isə, görünür,
sivilizasiyaların sayı, adı, mənsubiyyəti haqqında hər hansı diskussiya perspektivsizdir. Əgər kimsə
Hantiqtonun Katolik, Ortodoks, Buddist, Hinduist sivilizasiyalarının sırasına türk, ərəb sivilizasiyalarını
artırmaq arzusunda olsa, onun qarşısında yalnız bir tələb qoymaq olar. Bu əlavələrin sivilizasiya
nəzəriyyəsi üçün kəmiyyət artımından başqa hansı dəyəri var? Bu əlavələr sivilizasiya nəzəriyyəsinə
yeni ideyalar verə bilirmi? Bu suallara müsbət cavab vermək üçün Türk sivilizasiyasının uğurlu, təsirli
tipologiyasını qurmaq lazımdır. Təəsüf ki, Türk dünyasının tipoloji modelləşdirilməsi məsələsində hələ
də ciddi irəliləyiş yoxdur. Ortaçağın özündə müsəlman dünyasında fars, ərəb və türk dünyalarının
tipoloji fərqini intuitiv duyurdular. Ərəb dilini bəlağət, fars dilini hazırcavablıq, türk dilini sadəlik dili
adlandıranlar təkcə dil fərqini nəzərdə tutmurdular. Beləcə, həm də ərəblərin, farsların, türklərin mental,
kulturoloji özünəməxsusluqları qabardılırdı. Göründüyü kimi, hətta Orta əsrlərdə belə «müsəlman»
anlayışının eyniləşdirici gücü o qədər deyildi ki, etnik fərqləri şüurlardan tam götürsün. Bu fərqlərin
mədəniyyətdə qalmasına «Azərbaycan», «Bakuvi», «Təbrizi» kimi kunyalar, ləqəblər də öz xidmətlərini
göstərirdilər. İndi ümumiləşdirmə aparıb söyləyə bilərik ki, mədəniyyətləri anlamağın ciddi yollarından
biri onları hər hansı tipoloji modelin içinə salaraq düşünməkdir. Bundan çıxış etsək, deyə bilərik ki,
kulturoloji nəzəriyyələrin tarixi mədəniyyətlərlə bağlı müxtəlif tipologiyalar, taksonomik modellər
qurmaq tarixidir. Ancaq bu zaman ciddi vasitələrdən biri müqayisə etmək mexanizmidir. Dedik ki,
kulturologiyada müqayisə, əslində, yenə birləşdirmək və fərqləndirmək əməliyyatının strukturunda
iştirak edir. Bizim dilimizdəki müqayisə mənasında «tutuşdurmaq» sözü bu prosesin yalnız bir aspektini
açır. Tutuşdurmaq iki faktı yan-yana tutub birinin o birisinə baxanda necə olmasını aşkar etməkdir. İki
çubuqdan hansının uzun olduğunu beləcə tutuşdurub tapırlar. Ancaq «tutuşdurmaq» sözünü müqayisə
anlayışına transformasiya edəndə, artıq, genişlənərək təkcə uzunluğu yox, necəliyi, nəliyi və nə
qədərliyi də əhatə edir. Beləliklə, müqayisə əməliyyatı üçün iki hadisəni hansı məkanda isə bir
müstəviyə gətirmək lazımdır. Bu müstəvi coğrafi məkan ola bilər. Deməli, müəyyən mənada fiziki
məkan mədəniyyətlərin, mədəniyyət hadisələrinin tipoloji müqayisəsi üçün müstəvi verə bilər. Bunu
qonşuluq da adlandırmaq olar. Şərq və Qərb mədəniyyətlərinin belə fiziki məkan müstəvisində,
qonşuluq koordinatlarında müqayisə olunması elmdə çox bəhrə vermişdir. Bununla da, bu barədə
söylədiklərimizdən aşağıdakı nəticəni çıxarmaq olar:
1) Taksonomiya elmin obyektini əmələ gətirən, deməli, idrakın hədəfləri olan cism və
hadisələri nizam-intizamlı düzmək vasitəsidir. Ona görə də qruplaşdırma və düzmək taksonomik
paradiqmalarla bağlıdır.
2) Düşünməyin fundamental paradiqması nələrisə ayırmaq, nələrisə birləşdirməkdir.
Taksonomiya, kompravistika və tipologiya hərəsi bu epistemoloji əməliyyat üçün öz qaydalarını
verirlər.
Dostları ilə paylaş: |