I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
344
Əsərdən gətirilən bu nümunədə müəllif mətnaltı olaraq çox şeyləri vurğulayır. F.Kərimzadə
dənizdən-dənizə böyük imperiya yaratmaq xülyası ilə yaşayan, özgə torpaqlarından özlərinə
sığınacaq düzəltmələri azmış kimi, onu daha da genişləndirmək istəyilə tarix boyu dəfələrlə
torpaqlarımıza soxulub onu işğal edən, insanlığa sığmayan faciələr törədən ermənilərin bu qara
niyyətlərindən heç vaxt əl çəkməyəcəklərini, tarixin yaxın zamanlarda təkrarlanacağını sanki
əvvəlcədən hiss etmişdi. Odur ki, Şah İsmayılın dili ilə bu “başıbəlalı torpaq”da möhkəm
dayanmağa, ona sahib çıxmağa çağırırdı.
Ağrı dağının Şah İsmayılın daxilində doğurduğu assosiasiya bir tərəfdən vaxtilə qalada
keçirdikləri məhbus həyatının, çəkdikləri ağrı-acıların yadına düşməsi idisə, digər tərəfdən məhz
Ağrının ifadə etdiyi məzmunla bağlı idi. Şah İsmayıl toponimik vahid kimi Ağrının adına izah
verərək, onu adı ilə daşıdığı məzmun yükü baxımından obrazlı şəkildə uzlaşdırır.
“Xudafərin körpüsü”ndə dağ və rəng simvolikası əlaqəli şəkildə alınmışdır. Epik təsvir
zamanı rənglər simvolika baxımından düzgün seçilərək dağ simvolikası ilə vəhdətdə mövzunun
məna yükünün və əsas məramın aşkarlanmasını şərtləndirmişdir. Burada əski türk mifoloji
sisteminin atributlarının və ya atributlaşmış obrazlarının təsvir elementi kimi rənglərin simvolizə
etdiyi semantik tutumdan uyğun kontekstdə istifadə olunmuşdur. Bu baxımdan dilogiyada dağ və
rəng simvolikasının əlaqəli inikası ilə qurulan epik təsvirlər konkret semantik tutumları ifadə edir.
Təqdim edilən nümunələrin müqayisəsindən görürük ki, Savalanın zirvəsi qırmızı, Ağrının
zirvəsi isə göy rəngdə təsvir olunmuşdur. Türk etnosunun əski çağlardan bu günümüzə qədər
formalaşıb oturuşmuş inancına görə günəşin, odun, alovun rəmzi olan qırmızı rəng semantik tutum
baxımından xoşbəxtlik, xeyir, bərəkət, şadlıq, firavanlıq və başqa bu kimi sevincli yaşantıları ifadə
edir. Qırmızı rəng, eyni zamanda, mübarizə və azadlıq rəmzi kimi də simvolizə olunur.
Başqa bir maraqlı məqama da diqqət yetirək. Bəzən dilimizdə qırmızı sözü qızılı və ya qısaca
olaraq qızıl sözlərilə də ifadə olunur. Qırmızı rənglə əlaqəli qızarmaq, qızartı, qızılca və başqa bu
kimi sözlərin kökündə hazırda dilimizdə daha çox işlək olan qırmızı sözünün deyil, qırmızının
sinonimi olan qızılı, yaxud qızıl sözünün dayanması da maraqlı fakt kimi diqqəti çəkir. Bu
kontekstdə “Kitabi-Dədə-Qorqud” eposunda maraqlı nümunələrə rast gəlirik. Dirsə xan qırx igidi
ilə Bayandır xanın məclisinə gələndə Bayandır xanın igidləri onu qarşılayıb qara otağa aparırlar.
““Bayandır xandan buyruq böylədür, xanım”
-
dedilər. Dirsə xan aydır: “Bayandır xan bənim nə
əsküglügüm gördi? Qılucumdanmı gördi, süfrəmdənmi gördi? Bəndən alcaq kişiləri ağ otağa, qızıl
otağa qondurdı. Bənim suçum nə oldı kim, qara otağa qondurdı?”
-
dedi” (4, 34).
Yaxud: “Oğuz zamanında bir yigit ki evlənsə, ox atardı. Oxı nə yerdə düşsə, anda gərdək
dikərdi. Beyrək xan dəxi oxın atdı, dibinə gərdəgin dikdi. Adağlusından ərgənlik bir qırmızı qaftan
gəldi. Beyrək geydi. Yoldaşlarına bu iş xoş gəlmədi. Səxt oldılar.
Beyrək aydır: “Niyə səxt oldunuz?”, – dedi. Ayıtdılar: “Necə səxt olmıyalum? Sən qızıl
qaftan geyərsən, biz ağ qaftan geyəriz!” – dedilər” (4, 57).
Göründüyü kimi, burada qızıl sözü rəng anlamında qırmızının sinonimi kimi və müvazi
şəkildə işlənilmişdir. Belə yəqin etmək olar ki, rəng bildirən qızıl, yaxud qızılı sözləri qırmızı
sözündən daha qədimdir.
Bu məsələyə toxunmağımız heç də təsadüfi deyil. Tarixdən məlumdur ki, Səfəvilər və Şah
İsmayıl müridləri üzərində qırmızı parçadan tikilmiş on iki dilim olan xüsusi baş geyimindən
istifadə etmişlər. Buna görə də onlar özlərinə qızılbaşlar, başlarına qoyduqları həmin baş geyiminə
isə qızılbaş çalması deyirdilər. Qızılbaş deyimindəki qızıl sözü də burada rəng anlamında semantik
tutumuna görə qırmızını ifadə etmişdir. Deməli, balaca İsmayılın dustaq olduqları qaladan günəşin
qızıl-qırmızı rəngə boyadığı Savalan dağının zirvəsinə doğru can atması təsadüfi deyildir. Bütün
bunlar - Mübarizə, qurtuluş, azadlıq, qızılbaşlıq, şeyxlik, şahlıq və ucalıq! – Şeyx Heydər oğlu Şah
İsmayılın gələcək taleyini şərtləndirən başlıca məqamlar idi. F.Kərimzadə dərin tarixi qatlardan
xəbər verən bu məqamları kiçik bir epizodda ustalıqla təqdim edə bilmişdir.
Epik təsvir zamanı zirvəsi göy rəngə boyanan Ağrı dağının təqdimində də rəng
simvolikası baxımından aşkar və mətnaltı məqamlar diqqəti çəkir.
Bildiyimiz kimi, göy rəng, adətən, dərd, kədər, matəm anlamlarını ifadə edir və bu kontekstdə
qara ilə eyni məzmun yükü daşıyır. Elə bunun göstəricisidir ki, doğmasını, əzizini itirən insanlar
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
345
qara, yaxud onun ekvivalenti olan göy rəngdə libas geyinir, qadınlar başlarına bu rənglərdə yaylıq
bağlayırlar. Kökü əski çağlara gedib çıxan və bu gün də xalq arasında işlənilən “qara geyinib göy
bağlamaq” deyimi də buradan qaynaqlanmışdır. Sözügedən adətin və bu adəti əks etdirən deyimin
qədimliyinə diqqət yetirmək üçün yenə də ana kitabımız olan “Kitabi-Dədə Qorqud”a müraciət
edək. On altı illik dustaqlıqdan qurtaran Bamsı Beyrək Oğuz elinə gəlib babasının yurduna
çatanda görür ki, onun otağını qaraya, göyə tutublar, bacıları da qəmgin halda “qaralu- göglü”
oturublar. Beyrəyin öldürüldüyü boyda isə deyilir: “Beyrəgin babasına-anasına xəbər oldı. Ağ evi-
eşigində şivən qopdı. Qaza bənzər qızı-gəlini ağ çıqardı, qara geydi. Ağ-boz atının quyruğını
kəsdilər. Qırq-əlli yigit qara geyüb-gög sarındı” (4, 125).
Göründüyü kimi, burada göy rəng qara rənglə eyni funksiyanı daşıyaraq qəm-kədəri, matəmi
simvolizə etmişdir.
Göy rəng, eyni zamanda, türkçülüyün simvoludur ki, bunun da kökü əski mifoloji qatlara
gedib çıxır. Mifik təsəvvürdən gəlmə bu motiv “Oğuz Kağan” dastanında Oğuzun görünüşünün
təsvirində təzahürünü tapmışdır:
“Yenə günlərin bir günü Ay kağanın gözləri
yarıdı, bir oğlu oldu.
Bu oğlanın üzü göy idi” (1, 124).
Dastanın gedişatında göy rəng kutsal olaraq öz təzahürünü yenə də kultla bağlı məqamlarda
tapır. Belə ki, Oğuzun yol göstərəni, qoruyucu-hamisi də “göy tüklü, göy yelkəli” qurddur. Urum
kağan Oğuz kağana tabe olmaqdan boyun qaçıranda Oğuz kağan qəzəblənir, onunla vuruşmaq üçün
öz qoşunu ilə yola düşür. Qırx gündən sonra Muz dağın ətəyinə çatıb alaçıqlar qurdurur, sakitləşib
yuxuya gedir. Dan söküləndə Oğuz kağanın alaçığına gün kimi bir işıq düşür. Bu işıqdan göy tüklü,
göy yelkəli böyük, erkək bir qurd çıxır və Oğuz kağana deyir:
“Oğuz, ay Oğuz,
Sən Urum üstünə getmək dilərsən.
Oğuz, ay Oğuz, mən səndən irəlidə gedəcəyəm.
Bundan sonra
Oğuz kağan alaçıqları yığdırdı.
yola düşdü. Gördü ki,
ordunun önündə
göy tüklü, göy yelkəli böyük,
erkək bir qurd gedir.
Bu qurdun arxasına düşüb,
ardınca getdilər” (1, 129).
Göründüyü kimi, göy rəng əski türk mifoloji sistemində kutsal hesab edilən atributların və
ya atributlaşmış obrazların simvolik ifadəsidir. “Türk mifoloji sistemində göy rəngli bütün obrazlar
səmavi mənşəli və sakraldır. Bu rəng simvolikası həm də türk etnik mədəniyyətini başqa etnik
mədəniyyətlərdən fərqləndirir... Əski türklər göyə (səmaya) tənqri deyirdilər. Göy əslində metoforik
addır, rəngin, əlamətin adlaşmasıdır. Göy Tanrı ifadəsi də göyün hakimi mənasında anılırdı. Türklər
Tanrını məkandan və zamandan kənarda (konkret məkan və zaman bəlgəsi olmayan) təsəvvür
etdiklərindən onu bütövlükdə sonsuz göylə adekvatlaşdırırdılar” (1, 52).
Buradan belə bir nəticəyə gəlirik ki, “Xudafərin körpüsü” dilogiyasında Ağrı dağının
zirvəsinin göy rəngdə təsvir edilməsi təsadüfi olmayıb, ən azı iki məzmun daşıyır:
1.
Bu torpaqların əzəli və əbədi olaraq Azərbaycan türklərinə məxsusluğu.
2.
Ermənilərin alçaq niyyətləri sayəsində bu “başıbəlalı” torpaqlarımızın zaman-zaman
dərdlə, kədərlə üz-üzə qalması.
Bu “başıbəlalı torpaq”da “möhkəm dayanmağı tövsiyə edən Şah İsmayıl burada daha bir qala
tikdirdiyini, “Qoy bu mahalda işlər rəvan getsin!”, - deyə bu niyyətlə həmin qalanın adını Rəvan
qoyduğunu söyləyir. Bildiyimiz kimi, “r” samitilə başlayan bəzi sözlərin əvvəlinə xalq arasında
tələffüz zamanı “i” saiti əlavə olunur. Rəvan sözü də dil hadisəsi – proteza nəticəsində İrəvan
formasını almış və bu vaxta qədər elə İrəvan şəklində də qalmışdır. Deməli, yazıçı əsərdə bu tarixi
fakta da diqqət çəkməyi unutmamışdır.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
346
Göründüyü kimi, istedadlı yazıçı F.Kərimzadənin “Xudafərin körpüsü” dilogiyasında türk
mifik təsəvvüründən, epos və dastan mətnlərindən gəlmə dağ və rəng simvolikasının inikası əlaqəli
şəkildə alınaraq obrazın daxili portretinin yaradılmasına, xarakterinin və daxili yaşantılarının
açılmasına, ən əsası isə sözügedən əsərin məna yükünün və başlıca məqsəd-məramın
aşkarlanmasına xidmət etmişdir.
ƏDƏBIYYAT
1.
Bayat Füzuli. Oğuz epik ənənəsi və “Oğuz kağan” dastanı. Bakı, “Sabah”, 1993, 196 s.
2.
Kərimzadə Fərman. Seçilmiş əsərləri. 5 cilddə, I cild. Xudafərin körpüsü. Bakı, “Ağrıdağ”,
2002, 390 s.
3.
Kərimzadə Fərman. Seçilmiş əsərləri. 5 cilddə, II cild. Çaldıran döyüşü. Bakı, “Ağrıdağ”,
2003, 328 s.
4.
Kitabi-Dədə Qorqud (tərtib, transkripsiya, sadələşdirilmiş variant və müqəddimə Fərhad
Zeynalov və Samət Əlizadənindir). Bakı, “Yazıçı”, 1988, 265 s.
5.
Ögel Bahaeddin. Türk mitolojisi. II cild. İstanbul, 2001, 164 s.
Aynur Khalilova
MOUNTAİN AND COLOR SYMBOLİSM İN THE CREATİVİTY
OF FARMAN KARİMZADE
One of the interesting trends for benefıtting from the folklore in Azerbaijani prose is the use of
symbols. The system of symbols of Turkish ethnic community was created in association of its
ethnopsychological features and world outlook. İn this context, the use of symbols in Azerbaijani
prose increases its national quality even more.
One of the writers who used symbols in their creativity was our outstanding prosaist Farman
Karimzadeh. İn this context, the symbol of a mountain draws attention in his “Khudaferin Bridge”,
two related books, dedicated to the powerful military-ruler Shah İsmail Khatai. Here, the use of
symbol of the mountain serves to create a psychological portrait and character of the hero, to the
opening of his intimal and psychological State, to the imposition of ideas and goals of the work and
so on. İnterestingly, that here the symbols of mountain and the color are coherent. While the epic
literary description, colors were chosen correctly in terms of meaning they they convey, and in
unity with the symbol of the mountain help to reveal the sense and main purpose of the topic.
Aynur İsrafilova, fil.ü.f.d.
AMEA-nın Məhəmməd Füzuli adına Ədəbiyyat İnstitutu
Aparıcı elmi işçi
israfilova-aynur@mail.ru
TÜRK SOYADLI RUS ŞAİRƏSİ VƏ DAŞKƏND ƏDƏBİ MÜHİTİ
Dünya xalqları arasında ünsiyyətin asanlaşması mədəniyyətlərarası əlaqələrin asanlaşmasına,
ardıcıl, davamlı inkişafına yol açdı. Bu mənada Şərqə, xüsusilə də Asiyaya, onun ahəngdar,
mühafizəkar, belə demək mümkünsə, öz ilkinliyini, sadəliyini qısqanclıqla qoruyan həyatına
mədəni və texniki inqilablar dövründə maraq daha da artdı.
Məhz buna görə də, Şərq ədəbiyyatının güclü təsiri bir çox Avropa mütəfəkkirlərini öz
cazibəsinə salmış, uzun müddət Şərq və ona aid olan nə varsa, ekzotika sayılaraq böyük marağa
səbəb olmuşdur.
Ana tərəfdən türk əsilli olan Anna Axmatova da bir çox ədib, mütəfəkkirlər kimi bu ecazkar
aləmin sehrinə düşmüşdü. Onun Şərqlə özünəməxsus mistik bağlantıları söylənilən ictimai-mədəni
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
347
inkişaf şəraitində daha qabarıq şəkildə özünü göstərirdi. Şairə ciddi şəkildə Şərqi öyrənməyə,
araşdırmağa çalışırdı.
Anna Andreyevnanın yaradıcılığında Şərq təsirinin güclü əks-sədası XX əsrin ilk
onilliklərindən açıq-aydın hiss olunmağa başlamışdı. Lakin onun yaradıcılığında Şərq bütün
gözəlliyi ilə yalnız ötən əsrin 40-cı illərində çiçək açdı. Biz bu təsirdə iki istiqaməti müəyyən edə
bilirik:
1) A.Axmatova yaradıcılığına Şərq ədəbi mühitinin təsiri;
2) A.Axmatova yaradıcılığında Şərq ədəbiyyatından tərcümələr.
Şairin bioqrafiyasından da bəlli olduğu kimi, A.Axmatova 1941-ci ilin noyabrından 1944-cü
ilin may ayınadək Daşkənd şəhərinə evakuasiya olunmuşdur. Bu məcburi səyahət onun yara-
dıcılığında «Asiyaya məxsus» iz qoymuş, o, bir sıra dəyərli şeir silsiləsi yaratmışdır. Ən əsası o,
Daşkənddə “Qəhrəmansız poema”sını qismən də olsa başa çatdırmağa nail olmuşdur.
A.Axmatovanın Daşkənd dövrü yaradıcılığını tədqiq edən Qafar Hüseynov bu yaradıcılıq
partlayışını belə əsaslandırır: “...Burada, Asiyada ondakı yeni qabiliyyətlər və poetik duyumun yeni
çalarları üzə çıxdı. Yəqin ki, bu asiyalı qanının qeyri-ixtiyari özünü büruzə verməsi idi. Hər halda,
hər bir Şərqə məxsus cəhətlər onun poetik ruhunu daha çox cəlb etməyə başlamışdı” (1, 11).
Bu bağlılıq, bu cazibə A.Axmatovanın daxilindən gəlirdi. Həmin səs onda yeni, eyni zamanda
qəlbinin dərinliklərində gizlənmiş, ulularından gələn hissləri oyadırdı. O, bir çox müasirləri kimi
Sovet Şərqinə təkcə çətin şəraitdə bir sığınacaq, dara düşən adamın təxəyyülündə canlandırdığı,
arzuların çiçək açdığı xəyallar aləmi olaraq yox, əcdadlarının vətəni olaraq da baxırdı.
“Axmatova” təxəllüsü rus poetik mühitində uzun müddət özünə maraq oyatmışdır. Bu soyadın
təxəllüs kimi götürülməsi isə təsadüf deyildi. İ.Brodski bu haqda belə yazır: “Anna Qorenkonun
əcdadları arasında ana xətti tərəfdən Çingiz xanın nəslindən olan sonuncu Qızıl Orda hakimi Axmat
xan (Əhməd xan) olmuşdur” (1, 11).
Bu dövrdə sənətkarlar Rusiyada Şərqə hələ də bir ekzotika kimi baxır, incəsənətin müxtəlif
sahələrində onu təqlid etməklə populyarlıq qazanmağa çalışırdılar. A.Axmatova isə ekzotika
arxasınca qaçmırdı, kökündən gələn səsi izləyir, şeiriyyətində qəlbinin tələbini açıqlayırdı. Çünki
məlum səbəblərə görə, tatarlara məxsus hər bir şey uzun müddət kinayəli, qərəzlə və düşməncəsinə
qarşılanırdı. Bu səbəbdən də, tatar əslini diriltmək, Şərqə meyillilik A.Axmatova üçün bir
populyarlıq mənbəyi deyil, milli təəssübkeşlik və milli özünəqayıdış hisslərindən daxili bir tələbat
kimi üzə çıxmışdır.
«Anna Axmatova və Daşkənd ədəbi mühiti» mövzusu həm rus, həm də Azərbaycan
ədəbiyyatşünaslığında az öyrənilən sahədir. Son dövrlərdə A.Axmatovanın Daşkənddəki təxliyyə
həyatı, onun Şərq ədəbiyyatından etdiyi tərcümələr müəyyən qədər öyrənilmiş, lakin tam, əhatəli
tədqiq olunmamışdır. Bu yalnız şərh və müəyyən mənada müasirlərinin xatirələrinin onun ya-
radıcılıq aktı ilə əlaqələndirilməsi kimi nəticələnmişdir. A.Axmatova yaradıcılığının Daşkənd dövrü
mərhələsinin müasir ədəbiyyatşünaslıq mövqeyindən, ədəbi əlaqələrin tələbləri baxımından öyrənil-
məsi də bu mövzuda yeni tədqiqat işinə xüsusi zərurət yaradır. Belə ki, şairənin Daşkənddəki
təxliyyə həyatını elmi bioqrafik dəyərləndirmələr səviyyəsində öyrənmək və yaradıcılığının
Daşkənd dövrünü şərqşünaslıq baxımından araşdırmaq da şərqmərkəzçiliyi aspektində əhəmiyyət-
lidir.
Daşkənd A.Axmatova üçün Şərqin real təcəssümüdür. Çox maraqlıdır ki, onun Daşkənd
şeirlərində yalnız bir dəfə Daşkənd şəhərinin adı çəkilir, qalan hallarda isə bu sözün əvəzinə, “Asiya
şəhəri” və ya “Asiya ölkəsi” kimi birləşmələrdən istifadə edilir. Bəzən isə “Asiya” kəlməsi daha
geniş anlayışın ifadəsi kimi başa düşülür.
A.Axmatova irsinin bəzi tədqiqatçıları haqlı olaraq şairin Daşkənd dövrü yaradıcılığını onun
fəlsəfi lirikasının başlancığı kimi də qiymətləndirirlər. Bu fəlsəfilik isə ilk növbədə əzablı həyat
təcrübəsindən savayı, Asiyanın zəngin tarixi-fəlsəfi ənənələri və şeir mədəniyyəti ilə bağlı idi.
Rusiya üçün qəlbi sızlayan və səksəkəli anlar yaşayan, doğma Leninqradın mühasirəsi illərində
böyük narahatlıq keçirən Axmatovanın ilham pərisi şairin bütün ruhi sarsıntılarına baxmayaraq,
Asiya reallıqlarına biganə qala bilməmişdir. Bunu onun Daşkənddən yazdığı məktubları (xüsusilə
N.Harciyevə göndərdiyi) da təsdiqləyir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
348
İkinci Dünya müharibəsi illərində isə Rusiya və Asiyaya məxsus fərqli düşüncə tərzlərinin
çulğalaşdığı əsrarəngiz bir məkan olan Daşkənddə Axmatova qələmi üçün yeni olan Şərq
mövzularının və Şərq mədəniyyətinin heyrətamiz təsirini özündə əks etdirən bir sıra əsərlər
yarandı. A.Axmatova öz tərcümeyi-halında bu haqda belə yazırdı: «1944-cü ilin may ayınadək mən
Daşkənddə yaşamışam. ...Daşkənddə ilk dəfə olaraq mən yanar ağacların istiliyinin və kölgəsinin,
suyun səsinin nə olduğunu bildim. Həmçinin mən insana məxsus yaxşılığın nə olduğunu anladım»
(2, 238-239).
Bəli, A.Axmatova birinci dəfə Daşkənddə əcdadlarına anlaşıqlı ola biləcək bir dildə danışdı.
Sanki ona öz dövrünün heç də sonuncusu deyil, əksinə dünyanın sahiblərindən biri olduqları
əcdadlarının aləminə, bir arzu dünyasına baş vurmaq nəsib olmuşdu.
A.Axmatova bir əl hərəkəti ilə tarixin gərdişini, xalqların taleyini dəyişən Rusiyadan fərqli
olaraq, dəyişikliyin o qədər də ciddi hiss olunmadığı Şərqdə müdrik səbr fəlsəfəsini dərk etdi, məhz
burada insanlardan “dağı düzənə, səhraları isə vahəyə çevirməyi” tələb etmirdilər. Burada insanlar
həyata qiymət qoymağı bacarır, təbiəti olduğu kimi sevirdilər:
Я не была здесь лет семьсот,
Но ничего не изменилось…
Все так же льется Божья милость
С непререкаемых высот (3, 215).
Mən burada yeddi yüz ildir ki, olmamışam,
Lakin heç nə dəyişməyib.
Allahın lütfü, inayəti həmişəki kimi yağmaqdadır
Əlçatmaz yüksəkliklərdən (Sətri tərcümə – A.N.).
Şair onun öyrəşmədiyi, elə də yaxşı şəraiti olmayan bir mənzildə kağızın belə olmamasının
fərqinə varmırdı, nədə olursa olsun yazmaq, iç dünyasını aşkara çıxarmaq, hisslərini bəyan etmək
qərarında idi. Bu dövrün ağır yükünü Anna Andreyevna ilə bölüşən N.Tatarinova onun təxliyyə
həyatının ilk günlərini belə xatırlayır: “...Bir qədər uzaqda küncdə elə də böyük olmayan stol və ya
tumba təsiri bağışlayan xırda güzgülü bir mizin üzərində sapa keçirilmiş muncuqlar, odekalon və
karandaşlar var idi. Bu karandaşlara, kitablara baxıb şeirlərin burada, məhz bu qələmdanda
doğulduğunu düşünmək elə də çətin deyildi. Kağızın olmaması onu sıxırdı. Buna qalanda, o zaman
şeirləri nədə oldu yazırdılar” (4, 97).
Cəbhədə döyüşən, faşist konslagerlərində zülm çəkən, Stalin düşərgələrində ölənlərə görə
vətənindən kənarda həyəcan keçirən, dəfələrlə ilham pərisinə bu qədər dəhşəti ifadə etmək üçün
yalvaran A.Axmatovaya bu çətin anlarda birdən-birə Şərq haqqında lirik şeirlər yazmaq asan
olmadı. O çətin dövrün bir çox ziyalıları kimi o da özünü şəksiz, əsl vətənpərvər vətəndaş kimi hiss
edirdi. Bu və ya digər əsər üzərində işləyərkən o, sanki maneələri aşır, poeziyanın və insanlıq
qürurunun qorunması üçün zülmət və nurun, səssizlik və nəğmənin ahəngdarlığının saxlanılmasına
can atırdı. Göründüyü kimi, bu dövrdə qələmə aldığı əsərlərində o, özünü həmin anlarda Asiyadakı
əbədiyyət qoruyucusu kimi hiss edirdi, Qərbə əbədi müdriklik sirrini bəyan edən carçı tək cəsarətlə
çıxış edirdi.
Q.Hüseynov A.Axmatovanın təxliyyə həyatını “Vətənlər vətəni – sən, Asiya” adlı
monoqrafiyasında belə işıqlandırır: “Burada, Asiyada şair bir daha ona əmin ola bildi ki,
mudrikcəsinə yaşaya bilmək bacarığı müəyyən kök və ənənəyə malikdir” (1, 15). Məhz burada,
Asiyada A.Axmatova böyük dünya mədəniyyətinin izlərini axtarırdı.
Onun üçün özünəməxsus genoloji əsasa malik inkişafı olmayan poeziya o qədər də aktual
deyildi. Şairə başqaları kimi Şərq və Qərb ədəbi ənənələrini birləşdirməyə can atmırdı. Lakin ona
Şərq yaşam keyfiyyətində olan poeziya maraqlı idi. Şərqin təkrarolunmaz əsrarəngiz ipəyi, çölün,
səhranın, əbədi dağların, qaynayan çayların və mirvari göllərin suyunun bəxş etdiyi rəng
çalarlarının Axmatova şeiriyyətində dil açıb danışması onun özü üçün də yeni keyfiyyət əldə etmiş
poetik yozum kimi zövq mənbəyi rolunu oynayırdı.
Şair bizi Asiyanın diktə etdiyi sinəmizdə aramsız döyünən ürəyin səsinə qulaq verməyə,
dünyanın hər tərəfindən həqiqi sülhə doğru aparan yolun məhz ona istiqamətləndiyini anlamağa
çağırır:
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
349
…И звук какой-то ветер мчит
На крыльях ночи –
То сердце Азии стучит
И мне пророчит,
Что снова здесь найду приют
В день светлый мира.
…И где-то близко здесь цветут
Поля Кашмира (3, 221).
...Hansısa bir səslə külək çapır,
Gecə qanadlarında –
Gah da Asiyanın ürəyi vurur
Və mənə öncədən xəbər verir ki,
Yenə burada sığınacaq tapacağam
İşıqlı bir sülh günündə.
...Və haradasa buraya yaxınlıqda çiçəklənib
Kəşmir tarlaları (Sətri tərcümə – A.N.).
Şairin bu dövr şeir yaradıcılığında qeyri-ixtiyari olaraq öz əcdadlarını yada salması, özündə Dostları ilə paylaş: |