İdman təbabətinin inkişaf tarixi
XVIII əsrin ikinci yarısında rus alimlərindən A.H.Protasov, S.Q.Zabelin və başqaları öz əsərlərində bədən tərbiyəsinə tibbi nəzarət edilməsinin zəruriliyini əsaslı surətdə sübut etmişdilər. Lakin o vaxt bu mütərəqqi fikirlər inkişaf edə bilməmişdi. Yalnız XIX əsrdə Rusiyada tibb, fiziologiya və pedaqogika elmlərinin inkişafı ilə əlaqədar olaraq bədən tərbiyəsində həkim nəzarəti üzrə elmi işlər görülməyə başlayır. 1870-ci ildə rus alimi P.M.Veryovin tərəfindən gənclərin bədən tərbiyəsinə aid bir əsər yazılır. Daha sonra görkəmli rus filosofları və həkimləri H.P.Piroqov, M.Y.Mudrov, A.Q.Zaxarin, S.P.Botkin, A.A.Ostroumov, Y.M.Seçenov, J.P.Pavlov, N.S.Vedenski elmdə bir sıra kəşflər nəticəsində bədən tərbiyəsinin insan orqanizminə xeyri və idman edən şəxslər üzərində həkim nəzarətinin zəruriliyi haqqında fikirlər irəli sürmüşlər.
Tibb alimi S.M.Qrijimalla (1860) bele hesab edirdi ki, gimnastika hərəkətləri dəqiq anatomik və fizioloji biliklər əsasında qurulmalı və həkimlər tərəfindən təyin edilməlidir.
Tibbdə və pedaqogikada bədən tərbiyəsi ideyasını yalnız professorlardan P.T.Lesqaft (1837-1909), V.Y.İgnatyev (1867-1927), V.V.Qorinevski inkişaf etdirərək bir sıra maraqlı müddəalar irəli sürmüşlər.
Prof. P.F.Lesqaft dünyada ən qabaqcıl və elmi əsaslar üzərində qurulmuş rus bədən tərbiyəsi sistemini yaratmışdır. İdmanla məşğul olanlar üzərində tibbi nəzarət metodikasını da P.F.Lesqaft işləyib hazırlamışdır. O, göstərirdi ki, fiziki tərbiyə zehni, əxlaqi və estetik tərbiyə ilə sıx əlaqədardır, şəxsiyyətin inkişafında mühüm mövqe tutan tərbiyə və təhsildir, fiziki tərbiyə isə ümumi tərbiyəyə daxildir.
P.F.Lesqaft fiziki tərbiyə sistemini insanın psixi və fziki inkişafının vəhdəti əsasında qurmuş və bədən tərbiyəsini inkişafda olan gənc orqanizmə təsiri məsələlərini öyrənmişdir.
1925-ci ildə V.V.Qorinevski və Q.K.Birzin «Həkim nəzarətinə aid rəhbərlik» adlı kitab nəşr etdirdilər.
V.S.İqnatyev fiziki tərbiyə və məktəb gigiyenası sahəsində görkəmli xadim idi. O, üşaqların və yeniyetmələrin fiziki inkişafı üzərində bir çox elmi-tədqiqat işləri aparmış Moskva Mərkəzi Bədən Tərbiyəsi İnstitutunun ilk direktoru (1920-1927-ci illər) və həkim nəzarəti kafedrasının müdiri olmuşdur.
Həkim nəzarətinin təşkilində ilk SSRİ-nin səhiyyə komissarı N.A.Semaşko olduqca böyük xidmət göstərmişdir.
Bu illərdə bədən tərbiyəsi üzərində məcburi həkim nəzarəti qoyulur, əhalinin fiziki tərbiyəsinə nəzarət üçün həkimlər təyin edilir. Böyük idman bazalarında, idman cəmiyyətləri, institutlar və məktəblərdə həkim nəzarəti kabinələri açılır.
Həkim nəzarətinin bir elm kimi inkişafında Moskva elmi-tədqiqat Bədən Tərbiyəsi İnstitutunda S.P.Letunovun rəhbərliyi altında fəaliyyət göstərən laboratoriyanın böyük xidməti olmuşdur. Letunovun rəhbərliyi ilə həkim-pedaqoji müşahidələrin kompleks metodikası əsaslandırılıb və məşqliyi təyin etmək üçün diaqnostik üsul təcrübədə tətbiq olunmuşdur.
J.M.Sarkizov-Serazini, A.N.Krestovnikov, N.V.Zimkin, V.K.Dobrovolski, A.Q.Dembo, M.Z.Karpman və başqaları idman təbabəti elminin nəzəri və təcrübi əsaslarının inkişafında mühüm rol oynamışlar.
Dostları ilə paylaş: |