Hörümçəkkimilər sinfi, daxili orqanlarının topoqrafiyası
Hörümçəkkimilər (lat. Arachnida) — Buğumayaqlılar (lat. Arthropoda) tipinin Xeliserlilər (lat. Chelicerata) yarımtipinə aid sinifdir. 36000-dən artıq növü vardır. Müxtəlif şəraitdə yaşamağa uyğunlaşdığından geniş yayılmışdır. Hörümçəkkimilərə meşələrdə, bağlarda, tarlalarda, həyətlərdə, evlərdə və müxtəlif yerlərdə rast gəlinir. Hörümçəklər tor qura bilmələri, əqrəblər qarıncıq buğumlarının çox olması və son buğumunda zəhər vəzisinin yerləşməsi, qısqacların çox güclü inkişaf etməsi, diri bala doğması ilə seçilir. Əqrəblər əsasən isti yerlərdə çox olurlar. Bövlərin zəhər vəziləri olmur. Onlar kənd təsərrüfatı zərərvericilərini məhv etdikləri üçün faydalı hesab olunur. Gənələr hörümçəkkimilərin zərərverici nümayəndəsidir. Bunlar bitkilərdə, heyvanlarda, insanlarda parazit həyat tərzi keçirirlər, digər qrupu isə xəstəlik keçiriciləridir. Torpaq gənələri, anbar gənələri, tor gənələri, qoturluq gənələri kimi növləri var. Otlaq gənəsi ensefalit xəstəliyini, qoturluq gənəsi qoturluq xəstəliyinin törədicilərini insanlar və heyvanlara keçirir. Habelə onlar brusellyoz, taun, spiroxetoz xəstəliklərinin törədicilərini insanlar və heyvanlar arasında yayır.
Həzm sistemi
Hörümçəkkimilərin əksəriyyəti yırtıcı həyat tərzi keçirirlər, bəzi nümayəndələr isə bitki və heyvanlarda parazitlik edirlər. Onlar yarımmaye qida ilə qidalanmağa uyğunlaşmışlar. Hörümçəkkimilərdə həzm sistemi üç şöbədən- ön, orta və arxa bağırsaqdan ibarətdir. Hörümçəklərdə ön bağırsaq ağız dəliyi ilə başlanır. Ağız dəliyi udlağa, udlaq nazik qida borusuna, o da mədəyə açılır. Mədə sorucu tipdədir və onun divarı dörd kutikulyar lövhələrdən əmələ gəlmişdir. Bu lövhələr möhkəm əzələlərlə təchiz olunmuşdur. Odur ki, hörümçəyin mədəsi şikarının daxili möhtəviyyatını sormaq üçün uyğunlaşmışdır. Udlaq, qida borusu və sorucu mədə bağırsağın ön hissəsini təşkil edərək ektoderma qatından əmələ gəlmişdir və daxili hissədən xitin örtüyə malikdir. Udlağa bir cüt ağız suyu vəziləri açılır. Vəzilərin ifraz etdiyi şirə zülalı parçalamaq qabiliyyətinə malikdir. Xaçlı hörümçəkdə qidanın həzmi bağırsaqdan kənarda baş verir. Orta bağırsaq baş-döş hissədə 5 cüt vəzili kor çıxıntıya malikdir. Onlardan 4 cütü qarın tərəfə əyilərək buraya qaraciyər vəzisinin axarları açılır. Orta bağırsaqda olan çıxıntılar bağırsağın səthini genişləndirir və sorulma prosesi daha yaxşı gedir. Arxa bağırsaq genişlənərək rektal kisəsi və ya kloaka adlanan hissəni əmələ gətirir. Arxa bağırsaq anusla nəhayətlənir.
Dostları ilə paylaş: |