İfrazat sistemi
Hörümçəkkimilərdə ifrazat sistemi özünəməxsus quruluşlu olub, ifrazat funksiyasını malpigi boruları, koksal vəziləri, nefrosit və quanosit adlanan xüsusi hüceyrələr yerinə yetirir. Malpigi boruları boruşəkilli olub, 4 şaxədən ibarətdir və kor qurtaracaqla nəhayətlənir. Malpigi boruları orta və arxa bağırsağın sərhədində rektal kisəsi və ya kloaka adlanan hissəyə açılır. Orqanizmdən xaric etdikləri ifrazat məhsulları maye şəklində olmayıb, quru kristal şəklindədir. Koksal vəziləri mezodermal mənşəli olub, cütdür, kisəşəkillidir və birinci və üçüncü cü hərəkət ayaqlarının əsasında xaricə açılır. Koksal vəziləri cavan yaşlarda daha yaxşı inkişaf etmiş olur. Nefrosit və quanosit hüceyrələri bədən boşluğunda yerləşir və ifrazat məhsullarının xaric olunmasında iştirak edirlər.
Sinir sistemi
Yaxşı inkişaf etmişdir. Əqrəblərdə baş-döş hissədə sinir düyünləri birləşərək sinir kütləsini əmələ gətirir və o da konnektivlər vasitəsilə cüt udlaqüstü sinir düyünü ilə birləşir. Baş-döş sinir kütləsi 2-6-cı cüt ayaqları sinirləndirir. Bundan sonra 7 sinir düyünü qarın sinir zəncirini əmələ gətirir. Hörümçəklərdə sinir sisteminin əsasını udlaqüstü və udlaqaltı sinir düyünləri təşkil edir. Udlaqüstü sinir düyünü beyin adlanır və ondan gözlərə, xeliserə sinirlər gəlir. Udlaqaltı sinir düyünləri isə bir cütü çənə ayaqlarını, dörd cütü isə ayaqları sinirləndirir. Hörümçəklərdə hiss orqanlarının əsasını görmə və toxunma hiss orqanları təşkil edir. Gözləri sadə göz tipində olub, bir neçə cütdür. Hörümçəklərdə 8 cütdür və iki cərgədə yerləşmişdir. Toxunma hiss orqanları sinir hüceyrələri ilə sıx əlaqəli olub, çoxlu miqdarda qıl və tükcüklərdən ibarətdir. Hörümçəkdə həmçinin iybilmə və dadbilmə orqanları da vardır.[2]
Dostları ilə paylaş: |