Məzmun standartı şagirdin bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Hər bir standart iki hissədən ibarətdir: bilik və fəaliyyət.
Biliyin 4 növü və hər növün özünə məxsus kateqoriyaları var:
Deklorativ (faktoloji) bilik - prosesləri və ya fəaliyyət mərhələlərini ehtiva etmir. Müəyyən bir fənn üzrə məlumat xarakterli biliklərdir. Bunların sırasına faktlar, anlayışlar, təriflər, terminologiya, hər hansı bilik sahəsini dərk etmək və problemləri həll etmək üçün vacib olan məlumatlar daxildir. Mütəxəssislər deklorativ biliyi Blumun taksonomiyasında [4] altı mərhələnin ən aşağı iki mərhələsi olan bilik və anlama ilə də əlaqələndirirlər. Deklorativ biliklərə faktoloji də deyilir. Faktoloji bilik iki kateqoriyaya bölünür:
terminoloji bilik
spesifik bilik
Terminoloji bilik xüsusi bir sahə ilə bağlı olan elementləri əhatə edir. Terminoloji biliyə misal olaraq elmi terminologiya, müxtəlif sənət sahələrində və s. göstərmək olar.
Spesifik biliyə isə hadisə yer, insanlar, tarixə aid olan informasiya aid edilir.
Prosedural bilik - prosesi ehtiva edir. Bu bilik hər hansı bir fənn və ya bilik sahəsində fəaliyyətin icrasına kömək edən prosesləri əhatə edir. Bunların sırasına tədqiqat, araşdırma, tətbiqetmə, metod və texnikalar, alqoritmlər, xüsusi metodologiyalar daxildir. Prosedural biliyin deklorativ bilikdən fərqi ondan ibarətdir ki, bu biliklər tapşırıqların yerinə yetirilmə prosesində tətbiq edilir. Prosedural bilik üç kateqoriyaya bölünür:
hər hansı fənnə aid olan bacarıqlar və alqoritmlər;
hər hansı fənnə aid olan texnika və metodlar;
müvafiq prosedurlardan yerində istifadə etmək meyarı.
Kontekstual bilik - deklorativ və prosedural biliyin yeni məzmununu təşkil edir. Fəaliyyətin icrası zamanı əldə olunan yeni biliklərdir. Bunların sırasına müəyyən bilik sahəsinə münasib faktları ümumiləşdirən və əlaqələndirən, şəxsin yaratdığı yeni konsepsiyalar, ümumiləşdirmələr, nəzəriyyələr, təsnifatlar, proseslər, modellər, strukturlar daxildir. Kontekstual nəzəriyyəyə əsasən təlim o zaman baş verir ki, şagird öz bilik dairəsi çərçivəsində yeni informasiyalar və ya biliklər emal etsin. Kontekstual bilik də üç kateqoriyaya bölünür:
a) təsnifat və kateqoriyalar;
b) prinsip və ümumiləşdirmələr;
v) nəzəriyyə, model və strukturlar.