MəMMƏdov qəRİb xəLİlov mahmud


 Pekan ağaclıqlarının artırılması



Yüklə 4,78 Mb.
səhifə517/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   513   514   515   516   517   518   519   520   ...   751
 

14.9. Pekan ağaclıqlarının artırılması 

Pekan (Carya pecan Engl.) və ya Amerika qozu qoz fəsiləsinin gikori-kariya cinsinin bir növüdür. 

Vətəni  Şimali Amerikadır. Təbii halda ABŞ-ın  şərq yarısında, enliyarpaqlı meşələrin tərkibində bitir. Onun 

arealı Amerikada Böyük Çöllərdən başlayıb Meksika və Floridaya qədər uzanır. Dağlarda dəniz səviyyəsindən 

200 m-ə qədər yüksəkliyə qalxır.  

Pekan nəhəng ağacdır və vətənində boyu 50-65 m-ə, diametri 2,5 m-ə çatır. Uzunömürlüdür, 500 ilə qədər 

yaşayır.  

Pekan ağacı nisbətən gec çiçək açır, adi qozdan 3-4 həftə sonra çiçəkləyir. Gec çiçəkləməsi onun mühüm 

bioloji xüsusiyyəti sayılır. Bu səbəbdən o, yaz şaxtalarına məruz qalmır. Pekanın meyvəsini bərk lətli təbəqə 

örtür. Yetişərkən bu təbəqə çatlayaraq 4 hissəyə ayrılır. Meyvələri salxımda yerləşir, hər salxım 3-10-a qədər 

meyvə gətirir. Meyvəsi adi qozdan xırda olub, uzunluğu 2,5-6,0 sm, eni 1,0-2,5 sm-dir, iki barmaqla asan sınır. 

Ləpəsi açıq sarı rəngdədir.  

Pekanın toxumundan törəyən ağacları 8-10 yaşında, calaq ağacları isə 4-5 yaşında meyvə verir.  

Pekan güclü inkişaf edən kök sisteminə malikdir. Əsas kökü dərinə  işləyir, yan kökləri ilə  ətrafa geniş 

yayılır, odur ki, bu ağac küləyə qarşı davamlı olur.  

Pekan torpağa və onun nəmliyinə çox tələbkardır, çay terraslarında, gətirmə torpaqlarda yaxşı inkişaf edir. 

Adi qozun davam gətirmədiyi çox rütubətli torpaqlarda pekan normal böyüyür, lakin bataqlaşmış və duzlu tor-

paqlarda bitmir. Neytral və az turş torpaqlarda da pekan normal böyüyür, hətta turş torpaqlarda da bitir.  

Təbii  şəraitdə pekanın nəmli torpaqlarda yayılması onun rütubətə  tələbkar növ olduğunu göstərir. Pekan 

ağacının təbii arealında 1000 mm və daha çox yağmur düşür. Arealının qərb hissəsində isə yağmurların miqdarı  

500 mm olur. 

Pekanın 400-dən artıq sortu məlumdur. Bu sortlar meyvəsinin forma və ölçüsünə, meyvə qabığının rənginə 

və qalınlığına, ləpəsinin forma və dadına görə müəyyən edilir. 

Pekanın meyvəsi adi qozdan da qiymətli sayılır. Onun dadlı  ləpəsi yağ, karbohidrat, vitamin və başqa 

maddələrlə zəngindir. Bir meyvəsinin çəkisi 4-6 qramdır, ləpəsi meyvəsinin 40-50%-ni təşkil edir. Tərkibi isə 

belədir: su – 3,4%, zülal – 12,1%, yağ – 70,7%, karbohidratlar – 8,5%, sellüloz – 3,7%, kül - 1,5%. Bununla 

yanaşı, ləpənin tərkibində azotsuz ekstraktiv maddələr – fosfor, kalsium, «B» qrupu vitaminləri və s. də vardır.  

Respublikamızda pekan əkinlərinin tarixi nisbətən qədimdir. Onun ağaclarına Lənkəran və Astara 

rayonlarında daha çox rast gəlmək olar. Ən yaşlı və iri ağac hazırda Lənkəran şəhərindədir. Bu ağacın nə yolla 

buraya gətirildiyi məlum deyil. Deyilənlərə görə, XIX əsrdə Lənkəranda olan iki nəfər xarici səyyah bir evdə 

qonaq qalarkən pekanın toxumlarından ev sahibinə verərək onu əkməyi məsləhət görmüşlər.  

A.İ.İvaşenko 1938-ci ildə  həmin ağac 40 yaşında ikən boyunun 15 m, diametrinin 60 sm olduğunu 

göstərmişdir. O, qeyd edirdi ki, bu ağacın məhsuldarlığı ayrı-ayrı illərdə 35-80 kq olmuşdur. 2000-ci ilin iyu-

lunda biz həmin ağacı yenidən müşahidə etdik. Təxminən 110 yaşında olan bu ağacın boyu 45 m, döş 

bərabərində yoğunluğu 110 sm-dir. Ağacın 50 m-ə çatan geniş çətri var. Ev sahibinin dediyinə görə, məhsulu 

birdəfəlik yığmaq mümkün olmadığından ağacda nə  qədər məhsul olduğunu təyin etmək çətindir. Belə ki, 

cəsarət edib bu nəhəng ağaca çıxa bilən adam olmadığından meyvələr yalnız yerə töküləndən sonra yığılır və 

hesaba alınmır. Təsvir etdiymiz ağacdan yığılmış toxumların tam quru halda göstəriciləri aşağıdakı kimidir: 

toxumun orta uzunluğu 2,50 sm. bir toxumun orta çəkisi 3,10 q, ən iri toxumun çəkisi 3,48 q, ləpə çıxarı isə 

44% olmuşdur. Lənkəran və Astara rayonlarında və ümumiyyətlə, respublikamızın ayrı-ayrı bölgələrində rast 

gəlinən pekan ağacları fikrimizcə, bu ağacdan artırılıb.  

Lənkəran zonasında müxtəlif pekan əkinləri mövcuddur. Gərmətük kəndində 4 hektara yaxın sahədə pekan 

plantasiyası mövcuddur. Burada ağaclar 10x10 m sxemi əsasında şahmat qaydasında əkilmişdir. Sahədə 350-yə 

qədər ağac vardır. Kəsilmiş köhnə bir kötüyə əsasən ağacın təxminən 61 yaşı (2000-ci ildə) olduğunu təyin et-

dik. Ağacların orta boyu 30 m, ən iri ağacın diametri isə 86 sm-dir. Ağaclığın çətri birləşərək meşəliyə 

çevrilmişdir. Kənar cərgələrdə olanların çətri daha geniş olub işığa doğru 25-30 m-ə qədər inkişaf etmişdir. Bu 

ağaclar bol meyvə gətirir. Sahədə pekanın cücərtilərinə və yaşı 15-20-yə qədər olan çoxlu cavan ağclara da rast 

gəlinir. Cətir altında yeniyetmələr işığın azlığından zəif böyüyür. Onlardan yalnız əkin materialı kimi istifadə 

etmək lazımdır.  

Kəndin yaxınlığındakı  qəbiristanlıqda çoxlu cavan pekan ağacları bitir, onların boyu 10-15 m-ə çatır. bu 

ağaclar qeyd etdiyimiz, pekan plantasiyasından quşlar vasitəsilə yayılan toxumlardan əmələ gəlmişdir. Planta-

siyada ağacların intensiv inkişaf edərək meşəlik yaratması göstərir ki, Lənkəran ovalığının münbit torpaqlarında 



 

308


pekan bağı salarkən ağacların aralarının 10 m-dən artıq götürülməsi vacibdir. Fikrimizcə, bu şəraitdə pekan 

plantasiyası 15x15 m sxemi əsasında əkilərsə, ağacların çətri yaxşı inkişaf edər, onlardan bol məhsul götürmək 

olar. Bu plantasiyanın bəzi yerlərində ağacların seyrəldilməsi məqsədəuyğundur.  

Buricəli qəsəbəsində yeməkxananın qabağında 150 ədədə qədər pekan ağacı vardır. Bu ağaclar 5x6 m sxe-

mi  əsasında  əkilib,  şahmat qaydasında yerləşdirilmişdir. Burada ağacların orta boyu 17 m, ən hündür ağacın 

hündürlüyü isə 20 m-dir. Ağaclığın orta diametri 40 sm, ən yoğun ağacınkı isə 54 sm-dir. Bağda mal-qara 

otarıldığından və gediş-gəliş çox olduğundan ağacların dibi tapdanır və  bərkiyir. Həm bu, həm də  yəqin ki, 

qrunt suyunun dərində yerləşməsi (18 m) səbəbindən ağaclar zəif böyüyürlər.  

Lənkəran rayonu Sütəmurdov kəndində, mexaniki dəstənin həyətində 50ədədə  qədər pekan ağacı saydıq. 

Onların yaşı 60-65 arasındadır. Ağaclar 10x10 sxemi əsasında əkilmişdir. Onların orta boyu 26 m, ən iri ağacın 

boyu  32 m-dir, orta diametri 52 sm, ən yoğun ağacın diametri 72 sm-dir.  

Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik bitkilər İnstitutunun filialının əsas binası yanında 4 pekan 

ağacı vardır. Onların diametri 32-84 sm-dir. Bir qədər açıqlıqda bitdiklərindən boyları uca olmayıb 14-17 m-dir. 

Həmin binaya yaxın mövcud meşə zolağının 2 cərgəsində 20 ədəd pekan ağacı əkilmişdir. Ağacların boyu 19-20 

m, diametri 24-36 sm arasında dəyişir.  

Astaranın Təngərük və Maşxan kəndlərinə gedən şose yolunun qırağında boyu 17-20 m olan 15 dədə qədər 

pekan ağacı vardır.  

Lənkəran rayonu ərazisində olan meşə zolaqlarında da pekan ağaclarından istifadə olunmuşdur. Rayonun 

Girdəni kəndinin yanında 1950-ci ildə salınmış tarlaqoruyucu meşə zolağında  əsasən pekan və katalpa 

əkilmişdir. Hazırda zolaqdakı katalpa ağaclarının çoxu kəsilmişdir. Pekan isə faydalı  ağac olduğundan 

saxlanmışdır. Onların boyları 22-25 m, orta diametri 80 sm, maksimum diametri isə 102 sm-dir. Bol meyvə 

gətirir. Bu ağacların yanında yerləşən çay plantasiyaları son vaxtlar istifadəsiz qalıb sıx gəndəlaş, ayıdöşəyi 

(vel) və ya qarğı ilə örtülmüşdür. Onların arasında boyları 2-5 m olan çoxlu cavan (8-10 yaşlı) pekan ağacları 

bitib. Belə sahələrdə xidmət işləri aparmaqla məhsuldar pekan bağı yaratmaq olar.  

Hazırda Lənkəran-Astara zonasında pekan tez böyüməsinə, dadlı və bol meyvəsinə görə yerli əhalinin se-

vimli ağaclarından birinə çevrilmişdir. İndi həyətyanı sahələrdə bu ağaca tez-tez rast gəlmək olar.  

Pekan toxumla və vegetativ üsulla artırılır. Onun toxumları oktyabr, noyabr aylarında yığılır, təmizlənir, 

qurudulur və payızda səpilir, yaxud sonrakı ilin yazına saxlanılır. Yaz səpinində toxumlar stratifikasiya 

olunmalıdır. Təcrübələr göstərir ki, pekanın toxumları 60-90 gün müddətində rütubətli qumda stratifikasiya olu-

naraq səpinqabağı 15 gün müddətində isti şitilliklərdə saxlandıqda yüksək bitiş alınır.  

Pekanın plantasiyası səpin yolu ilə salındıqda, qabaqcadan sahədə səpin yerləri qeyd olunur, quyular qazılır, 

ora məhsuldar ağaclardan seçilmiş keyfiyyətli toxumlar basdırılır.  

Pekan vegetativ üsulla – calaq, kök pöhrələri, qələm və çiliklərlə də artırılır. Calaq üsulu ilə pekanın bütün 

sortlarını artırmaq mümkündür.  

Qərzək meyvəli cinslərin (qoz, şabalıd və s.) arasında pekan ən möhtəşəm ağac sayılır. Düzbiçimli gövdəsi, 

yuxarıya qalxmış geniş tünd yaraşıqlı çətri adamı özünə cəlb edir. 

Pekanın lələkvari yarpaqlarının rəngi ilin hər fəslində gözəldir. Yarpaqları yazda açıq yaşıl, yayda tünd par-

laq yaşıl, payızda isə çoxçalarlı narıncı-sarı olur.  

Pekandan yaşıllaşdırma işlərində, xiyaban salınmasında, qrup halında, tək-tək, küçə və yolların kənarında, 

həmçinin bağlarda istifadə etmək olar.  

Pekan ağacının göstərilən faydalı xüsusiyyətlərini nəzərə alıb respublikamızda – Lənkəran ovalığında, 

Qanıx-Həftaran vadisində, Samur-Dəvəçi düzənliyində və Kür-Araz ovalığında sənaye əhəmiyyətli plantasiyalar 

salmaq mümkündür və lazımdır. Ondan meşə zolaqları yaradılmasında da istifadə edilməsi məsləhətdir.                        


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   513   514   515   516   517   518   519   520   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin