Sovet hakimiyyəti dövründə fəlsəfi fikir. 1920-ci ildə Azərbaycanda sosial-
siyasi həyat və ictimai fikirdəki fərqli prioritetlər, onların ictimai şüurda əksi, mil-
lətin siyasi və mənəvi baxımdan parçalanmasına, Azərbaycan Xalq Cümhuriyyəti-
nin süqutuna, ideoloji həyatda getdikcə marksizmin kök salmasına və yeni sosial
quruluşun qələbəsinə gətirib çıxartdı. Yeni hakimiyyət dövründə terror və siyasi
repressiyalar vasitəsilə millətin mövcud rejimə siyasi və ideoloji müxalifəti, xüsu-
sən ziyalıları müntəzəm olaraq məhv edilirdi. Marksist-leninçi ideologiyanın hakim
ideologiyaya çevrilməsi üçün geniş imkanlar yarandı. Məqsədyönlü və ardıcıl siya-
si və ideoloji təbliğat yolu ilə yeganə hakim dünyagörüşünə çevrilən marksist-le-
ninçi fəlsəfə sovet hakimiyyəti illərində özünəməxsus təkamül dövrünü keçdi. Bu
dövrdə Azərbaycanın proletar diktaturası və marksizm fəlsəfəsinə müxalif mütəfək-
kirlərinin bir qismi siyasi repressiya qurbanı oldu, digər hissəsi isə mühacirət edə-
rək xaricdə siyasətlə bərabər fəlsəfə sahəsində də öz fəaliyyətlərini davam etdirdi-
lər. Beləliklə, Azərbaycanın qeyri-marksist fəlsəfəsi mühacirətdə, Şərq və Avropa
ölkələrində Ə.Ağaoğlu, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Hüseyn Baykara, Mirzəba-
la Məmmədzadə, Əbdülvahab Yurdsevər və b. tərəfindən inkişaf etdirilir və yayılır-
dı. XIX əsrin sonu- XX əsrin əvvəllərində Azərbaycan fəlsəfi fikrinə xas türkçülük,
islamçılıq və müasirlik prinsipləri üzərində yüksələn və müstəmləkə Şərqinin dirçə-
liş ideologiyası kimi səciyyələndirilən bu ideyalar qlobal məkanda türk xalqlarını
müstəqilliyə hazırlamaq baxımından zəruri idi. Bu zərurətin nəticəsidir ki, sovet ha-
kimiyyətinin süqutundan sonra bu üç prinsip zamanın sınaqlarından çıxaraq milli
ideologiya və fəlsəfi dünyagörüşünün ontoloji və sosioloji aspektlərinin müddəaları
kimi yaşamaqdadır. Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra ölkədə
marksizm-leninizmə müxalif olan ideoloji cərəyanların fəaliyyəti dayandırıldı, qey-
ri-marksist fəlsəfi və ictimai-siyasi problemlərin tədqiqinə son qoyuldu. Sovet İtti-
faqının daxilində Azərbaycan Respublikasının marksist olmayan filosofları ilə ya-
naşı, bir çox həqiqi marksist filosoflar da müxtəlif illərdə siyasi təqibə məruz qaldı-
lar. Onların fəlsəfi irsinin məxfi arxivlərdə saxlanılmış kiçik bir hissəsi Azərbaycan
alimi Z.Göyüşovun “Sovet Azərbaycanında fəlsəfi fikir” (1979) kitabı vasitəsilə
Azərbaycanın fəlsəfə tarixi elminə daxil edildi.
Sovet dövründə fəaliyyət göstərmiş bir neçə görkəmli filosof barəsində qısa