Mövzu Böyük Fransa burjua inqilabı və ondan sonrkı dövrdə Plan


XVIII əsrdə Fransa mütləqiyyətinin tənəzzülü



Yüklə 89,1 Kb.
səhifə4/24
tarix19.03.2022
ölçüsü89,1 Kb.
#53983
1   2   3   4   5   6   7   8   9   ...   24
Mühazir yt 4

XVIII əsrdə Fransa mütləqiyyətinin tənəzzülü. XVIII əsrdə Fransa monarxiyası özünün xarici görkəmini saxlasa da, kral sarayı eyş-işrət içərisində yaşasa da, ictimai həyatın bütün sahələrində feodal mütləqiyyət quruluşu dərin böhran içərisində idi. Kral XVI Lüdovik demək olar ki, dövlət işləri ilə məşğul olmurdu. Fransa maarifçilərinin bir sıra ideyaları hələ daha əvvəl, burjua inqilabının baş vermiş olduğu İngiltərədə meydana gəlsə də, onlar Fransada daha çox parlaqlıq əldə edərək burjuaziyanın feodalizm ilə mübarizə ideologiyasına çevrilmişdir. XVIII əsr Fransanın ictimai fikir tarixinə burjua dünyagörüşünün feodal ideologiyası üzərində qələbəsi dövrü kimi daxil olmuşdur. Fransa maarifçiləri aristokratik mədəniyyətin təsirinə məruz qalaraq özünəməxsus fəaliyyət forması olan dərnəklər şəklində inkişaf edirdi. Bu dərnəklər həm azad zaman keçirmək, həm də siyasi və ədəbi diskusiyalar keçirmək, eləcə də intellektual insanların cəmləşdiyi yer kimi fəaliyyət göstərirdi. Belə dərnəklərlə məşğul olan Helvetsi və Holbax daha çox fərqlənirdilər. Bu dərnəklər içərisində ən çox fərqlənən ensiklopedistlər (Ensiklopediya və ya elmin, incəsənətin və sənətin izahlı lüğətini yazanlar belə adlanırdılar. Bu lüğət 1751-1772-ci illlərdə ayrı-ayrı formalarda çap olunmuşdur) idi. Bu dərnəyin təşkilatçısı Deni Didro, fəal üzvləri isə Holbax, Helvetsi, Russo, Kondorse, Kondilyak və başqaları idi. Maarifçilərin əksəriyyəti XVIII əsrin əvvəllərində Böyük Britaniyada yaranmış mason təşkilatının (1717-ci ildə yaranmış Böyük London Lojasının) üzvləri idilər. Masonların ritualları və simvolları maarifçilər tərəfindən mistiqcəsinə ifa olunurdu. Çünki onların ideyaları və məqsədləri maarifçilərinki ilə yaxın idi. Hətta bəzi hallarda masonlardan götürürdülər. Ən məşhur maarifçilərdən Monteskye (Şarl Lyu de Sekuide), Volter (Fransua Mari Arue), Kondorse və b. məhz mason idilər. Maarifçilik işi yeni ideyaların və insani dəyərlərin təbliği ilə sıx bağlı idi. Xalqın maarifləndirilməsi XVII əsrdə ingilis ictimai fikrinə xidmət etmişdir. Məhz ingilis maarifçilərinin, əsasən də Con Lokkun cəmiyyət və dövlət haqqında ideyaları fransız maarifçilərinə təsir göstərsə də bu hərəkat Fransada daha geniş və güclü olmuşdur. Fransız maarifçilərinin ən parlaq nümayəndələrindən olan Monteskye (1689-1753) bu hərakatın ən dərin siyasi mütəfəkkiri kimi tanınmışdı. Onun 1711-ci ildə yazdığı və 1721-ci ildə çap etdirdiyi " İran məktubları" Fransada maarifçilik ideyasını yayan ədəbiyyat sahəsində yazılmış ilk əsəridir. Bu əsərdə müəllif Şərq hökmdarlarının saraylarında baş verən qeyri-insani prosesləri satirik mövqedə təsvir etmişdir. Monteskye 1748-ci ildə çap etdirdiyi "Qanunların ruhu haqqında" traktatında C. Lokkdan sonra dövlət idarələrini 3 qola- qanunverici, icraedici və məhkəmə hakimiyyətinə ayırmış və cəmiyyətdəki əsas siyasi qüvvələr kimi bir-birlərinə nəzarət etmələrini vacib hesab etmişdir. Monteskyeyə görə, məhkəmə hakimiyyəti təşkilata deyil, şəxsə aid olmaqla, təsbit olunmuş qaydalarda xalqın içindən məhkəmənin tərkibinə insanlar dəvət olunmalıdır. Qanunverici hakimiyyəti isə xalq öz içərisindən seçdiyi nümayəndələri vasitəsilə idarə etməlidir. İcra hakimiyyətinə gəlincə isə Monteskye hesab edirdi ki, onu monarxa həvalə etmək lazımdır. Monteskyenin fikirləri insanın abstrakt təbiətindən deyil, obyektivlikdən, xalqların qanunlarının ruhundan irəli gəlirdi. O, bu ideyalarında regionların iqlimini, torpağının xarakterini, landşaftını, dövlətin olduğunu, xalqın yaşayış tərzini, əhalisinin sayını, təsərüffat fəaliyyətini, dini və s. amilləri əsas götürürdü. O, belə hesab edirdi ki, sərin və soyuq iqlim insanlarda möhkəmlik, cəsarət, iradəlilik, mübarizlik, isti havalı iqlim isə zəif xarakter, zəiflik və mütilik yaradır. Münbit torpaqlarda insanlarda asılılıq meyilləri artır, münbit olmayan torpaqlarda isə əksinə, insanlar cəsur və döyüşkən olurlar. Monteskye idarəçiliyin də 3 növünü göstərirdi: despotizm (onun fikrincə, əsasən, Şərq ölkələrinə xasdır), hansı ki, qorxu və özbaşınalığa əsaslanır. Monarxiya despotizmdən hökmdarın hakimiyyət qanunlarına düzəliş olunması ilə fərqlənir və respublika Monteskyonun əsas idealı isə parlamentli inkişaf monarxiyası idi. Beləliklə, Monteskye öz görüşlərinə görə Fransa burjua konstitision nəzəriyyəsinin banisi hesab olunurdu.

Fransız maarifçilərinin digər məhşur nümayəndəsi Volterdir. (1694-1778). Parisli orta məmur ailəsində doğulmuş. Volter böyük filosof, publisist, şair, dramaturq və siyasi xadim idi. Yazdığı əsərlərə görə dəfələrlə Bastiliya qalasında həbsdə olmuşdur (1715-1725-ci illərdə). Fransadan İngiltərəyə köçməyə məcbur olmuş Volter feodal-katolik ideologiyasına qarşı mübarizədə müxtəlif formalardan istifadə etmişdir: elmi-fəlsəfi traktatlardan tutmuş dramatik əsərlərə kimi. Hətta monarxlar belə Volterin böyük şöhrətindən öz məqsədləri üçün istifadə etməyə çalışmışdılar. (II Fridrix və II Yekaterina onu saraya cəlb etməyə çalışmış, XV Lüdovik isə onu özünün tarixşünası adlandırmışdır). Lakin Volterin sarayda olması çox çəkməmişdir. Həyatının son 25 ilini isə İsveçrədə yaşamışdır. XV Lüdovikin ölümündən sonra Volter Parisə qayıtmışdır(1778). Elə həmin ildə də vəfat etmişdir. O, İsveçrədə olarkən özünün ən məhsuldar iş dövrünü yaşamışdır. Onun qələmindən çıxmış "Dini dözümsüzlük haqqında traktat", "Fəlsəfə lüğəti" və digər fəlsəfi povestlər və romanlar onu maarifçiliyin ən yüksək zirvəsinə qaldırmışdır. Volter ömrünün son dəqiqələrinə kimi katolik kilsəsi ilə mübarizədə olmuşdur. Lakin o, ateizmin əleyhinə idi, hesab edirdi ki, dini mütləq qaydada xalq kütləsinə təsir etmək üçün saxlamaq lazımdır. Volter dünyagörüşün ilahi başlanğıcdan qaynaqlandığına inansa da, təbiətin təbii qanunlarla inkişaf etdiyini söyləyirdi. O, əsl deist (Allahı inkar etməyən) idi. Volter feodal asılığının məhv edilməsini və bütün vətəndaşların qanun qarşısında bərabərliyini tələb edirdisə də, onların iqtisadi bərabərliyinin əleyhinə idi. Böyük maarifçi təbiəti materialist baxımından izah edirdisə, tarixi anlama isə idealist yanaşırdı. Volter xalq kütləsini çox təhlükəli təbii hadisə hesab edirdi. O, maarifçi mütləqiyyəti müdafiə edirdi. Hərdən isə konstitusiyalı monarxiyaya da söykənirdi. İkili baxışlarına baxmayaraq, Volterin inqilabın ideyasını hazırlamaqda rolu çox böyük olmuşdur.



Fransız maarifçiliyyinin demokratik ideologiyasının nümayəndəsi Jan Jak Russo (1712-1778) olmuşdur. O, Cenevrədə saatsaz ailəsində doğulmuş, çox ağır həyat keçirmişdir. Gəlir gətirmədikcə öz sənətini dəyişməli olmuşdur. Buna baxmayaraq o, kitablar yazırdi. Lakin həmin kitablar hakimiyyət tərəfindən yandırılırdı. Volter və Monteskyeyə nisbətən daha az fəlsəfi və adəbi əsərlər yazmasına baxmayaraq, Russonun öz müasirlərinə təsiri daha güclü olmuşdur. Onun mübarizəsi əsasən, sosial bərabərsizliyə qarşı olmuşdur. Hansı ki, bu digər marifçilərdə daha zəif idi. Özünün "İnsanlar arasında bərabərsizliyin mənşəyi və səbəblərinin müzakirəsi", "İctimai müqavilə haqqında" və başqa traktatlarında Russo mövcud quruluşu kəskin tənqid atəşinə tutmuşdur. Siyasi quruluş haqqında danışarkən Russo xalqın müstəqilliyi ideyasını irəli sürmüşdür. Ona görə ən yaxşı dövlət quruluşu isə respublika idi. Hansı ki, xırda dövlətlərdə xalq onun idarəçiliyində birbaşa iştirak edirsə, böyük dövlətlərdə isə nümayəndələrinin seçilməsi ilə iştirak edir. Russonun ideyası həmin dövrün daha demokratik ideya olmaqla xalq kütləsinə daha yaxın idi. Əsasən də inqilab zamanı kəndlilər bu ideyadan daha geniş istifadə etmişdilər. Fransız maarifçiliyində ensklopediyaçılar məktəbi xüsusi yer tuturdu. Mütləqiyyətin daha dərin böhran keçirdiyi bir zamanda-1750-ci illərdə "Elmin, incəsənətin və sənətkarlığın ensklopediya"sına abunəçi qeydiyyatı aparılırdı. Tezliklə birinci və ikinci-cild çapdan çıxmış "Ensiklopediya" quruluşun bütün düşmənlərini və qabaqcıl ideyalara birləşdirə bilmişdir. Ensiklopedistlər mənsubiyyət cəhətdən bir deyildilər. Onların içərisində respublikaçılar və konstitusiya tərəfdarları, ateistlər və deistlər, hətta materialistlər belə var idi. Onların hamısı mövcud quruluşa qarşı mübarizə aparır və üçüncü silki müdafiə edirdilər. Ensiklopediyanın redaktoru Fransa filosofu və yazıçısı Deni Didro(1713-1784) və fransız materialist filosofu Jan D. Alamber (1717-1783) olmuşdur. Ensiklopediya ilə bir sıra fransız mütəfəkkirləri- Volter, Monteskye, Russo, Holbax, Helvetsi və başqaları yaxından əməkdaşlıq edirdilər. Bu mütəfəkkirləri isə ümumi olaraq ensiklopediyaçılar adlandırdılar. "Ensklopediya" həmin zamanında mövcud quruluş üçün çox təhlükəli idi. Odur ki, 1759-cu ildə onun nəşrinə qadağa qoydular. Lakin Didro və onun tərəfdarları bu işi dayandırmadılar. 1772-ci ildə "Ensiklopediya”nın 28-ci cildini nəşr etdirdilər. 1774-1776-ci illərdə isə daha beş cildi çap olundu. "Ensiklopediya”da çap olunmuş məqalələrin bir hissəsi təsdiq edirdi ki, materialist düşüncənin mənbəyi məhz təbiətdir. Lakin müəlliflər hesab edirdilər ki, ictimai həyatın bütün qanunauyğunluqları ideyalarla müəyyənləşdirilir. "Ensiklopediyadan" başqa həmin dövrdə ruhuna və müəllif tərkibinə yaxın proqressiv jurnallar da nəşr olunurdu. Bunlar "Nəşriyyat salnamələri" və tənqidi biblioqrafik "Ensklopediya jurnalı" idilər. XVIII əsrin ikinci yarısında bədii ədəbiyyat, təbiət elmləri və fəlsəfə çox böyük maraq doğururdu. Coğrafiyaya aid kitablar və səyyahların qeydiyyatları daha məşhur idi. Odur ki, "Səyyahların ümumi tarixi" adlı dərgi çap olunmağa başlandı.

Mədəniyyin inişafı üçün XVIII əsrin ikinci yarısında Fransada oxucuların və kitabxanaların sayının artması xarakterik cəhət idi. Özəl kitabxanaların açılması adi hal almışdır. Əgər XVIII əsrin birinci yarısında kitabxanaların sahibləri zadəganlar idisə, əsrin ikinci yarısında kitabxanalar məmurlar, alimlər, yazıçılar və b. idilər. Didronun, Bolterin, Tyürqonun, Mirabonun, Monteskyenun, Holbaxın və b. kitabxanaları geniş nüfuza malik idi. Acımasız senzura və onun çoxlu sayda olan məmurları (Volter bunları fikir gömrüyünün məmurları adlandırırdı) bütün demokratik mətbuatı təqib etməklə məşğul idilər. Hələ əsrin əvvəllərindən yansençilər (yezuitlərin düşmənləri) öz əsərlərini xaricdə çap etdirməyə başlamışdılar. Tezliklə bu hərəkat kütləvi xarakter aldı. Volter, Monteskye və Russo kimi maarifçilərin əsərləri də xaricdə çap olunmağa başlamışdı.

Fransız maariflçiliyində iqtisadçı fiziokratlar məktəbi də fəaliyyət göstərmişdir. Bu məktəbin əsasını qoyan və ideoloqu fransız maarifçisi Fransua Kenö olmuşdur. Madam de Pompadurun şəxsi həkimi və kral XV Lüdovikin həkimlərindən biri olan Kenö 25 il Versal sarayında yaşamışdır ki, bu dövr ərzində də onun yaşadığı otağa həmişə alimlər və filosoflar yığışmışdır. Məhz bu alim və mütəfəkkirlərlə apardığı diskussiyalar zamanı Kenönin iqtisadi fikirləri yaranaraq formalaşmışdır. O, əsasən kənd təsərrüfatı sahəsində istehsala fikir verməyi üstün tutur və hesab edirdi ki, "var -dövlətin mənbəyi torpaqdır" və onu yalnız əkinçilik artıra bilər. Ona görə də Kene istehsalla məşğul olan əhali təbəqəsini, əsasən də varlı və imkanlı fermerləri hərtərəfli ruhlandırmağı lazım bilirdi. Hətta o, təklif edirdi ki, vergi yükünü istehsalçılardan və istifadəçilərdən götürüb, torpaq sahiblərinin üzərinə qoymaqla daxili və xarici ticarəti sərbəstləşdirmək lazımdır.

Maarifçilik İngilrərədə meydana gəlsə də, Avropanın digər ölkələrinə nisbətən bu hərəkat Fransada daha geniş yayılmış və cəmiyyətə daha güclü təsir göstərə bilmişdir. Demək olar ki, Avropa insanları bu ideyalarla fransız yazıçıları və mütəfəkkirlərinin əsərləri vasitəsi ilə tanış olmuşdular. Maarifçilik ideyaları Fransa cəmiyyətinə belə güclü təsir göstərməsinə baxmayaraq, burada mütləqiyyətin maariflənməsi prosesi digər Avropa dövlətlərindən daha passiv formada olmuşdur. Belə ki, Fransa kralları maarifçilik ilə maraqlanmır, vaxtlarını eyş-işrətdə keçirirdilər. Hətta XV Lüdovikin uzunmüddətli hakimiyyəti(1721-1774) dövründə bir dəfə də olsun islahat keçirilməmişdir. Nəticədə isə Fransa islahatçılıq sahəsində digər Avropa ölkələrindən xeyli geridə qalmışdır. Lakin hakimiyyətinin son dövrlərində kral islahatlar əliyhinə olan parlamentin idarəçilikdə təsirini azaltmağa çalışmışdır. Bu isə imtiyazlarını itirməkdən qorxan əyanlar və saray məmurlarının kəskin əks-təsirinə səbəb olmuşdur.



1774-cü ildə kral taxtına əyləşən XVI Lüdovikin savadlı bir şəxs olmaqla, maarifçiliyin bir sıra ideyaları ilə həmfikir olduğu məlum idi. O, hakimiyyətə gələn kimi Fransanın maarifçilərindən biri olan iqtisadçı fiziokrat Tyurqonu maliyyə sisteminin ölkə üzrə baş nəzarətçisi təyin etmişdir. Yeni nazir hesab edirdi ki, azad bazar və azad rəqabət iqtisadi fəaliyyəti tənzimləyir. Odur ki, vəzifəyə təyin olunan kimi təklif etdi ki, dövlətin sabit saxladığı çörəyin qiymətini sərbəst buraxmaq lazımdır. Belə də oldu. Lakin çörəyin qiyməti sürətlə qalxdı ki, bu da böyük şəhərlərdə, əsasən də Parisdə ixtişaşların başlanmasına səbəb oldu. Şəhərlərin kasıb əhalisi mağazaları, anbarları dağıdır, çörəyin qiymətinin aşağı salınmasını tələb edirdilər. Etirazların genişlənməsindən Tyuqo islahatlarının əleyhdarları məharətlə istifadə etdilər. Bu əleyhdarlar içərisində yüksək vəzifəli əyanlar da var idi. Məhz onların təkidi ilə Kral Tyuqonu istefaya göndərdi və islahatlar dayandırıldı. Tyuqonun uğursuz islahatları, demək olar ki, maariflənmək istəyən mütləqiyyətin Fransada məğlubiyyəti idi.


Yüklə 89,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin