Fransa inqilab ərəfəsində. 1777-ci ildə tamamilə müflisləşmiş adamların rəsmi sayı 1100 min nəfər müəyyən edilmişdir. Kəndli kütlələri müflis olurdu. Kiçicik quraqlıq aclığa səbəb olurdu. Ac kəndlilərin kütlələri şəhərlərə axışırdı. O biri tərəfdən, harınlamış zadəganlar eyş-işrətə yüzminlərlə pul sərf edirdilər. zadəganların bir çoxu da müflisləşməkdə idi, amma onlar bunu büruzə verməmək üçün daha da eyş-işrətə qapılırdılar. Lakin əyalətlərdə vəziyyət ikili idi, bəzi kəndlilər əksinə, öz yoxsullaşan qonşularının hesabına varlanırdılar. Kəndlərdə kənd burjuaları yaranır onlar inqilab ərəfəsində feodal qaydalarına qarşı birinci etiraz edirdilər. Məhz onlar feodal hüquqların, zadəgan hüquqların, zadəgan mülklərinin müsadirəsi və bölünməsi yolu ilə təmannasız ləğvini tələb edirdilər. 1786-cı ildən kəndli üsyanları getdikcə çoxalmaqda idi. Taxta çıxmasından iki ay sonra XVI Lüdovik, yazıçı-iqtisadçı Türqonu nazirliyə cəlb etdi, bir aydan sonra isə onu maliyyənin əsas nəzrətçisi təyin etdi. İlk vaxtlar kral hətta israfçı zadəganlara qarşı Türqonun mövqeyini müdafiə etdi. 1774-cü ildə azad çörək ticarətinin elan olunması, 1776-cı ildə isə biyarın və şəhərlərdə sex korporasiyalarının ləğv edilməsi xalqda müəyyən ümid yaratmalı idi. Daha varlı kəndlilər isə vergi yığılmasında qarşılıqlı məsuliyyətin ləğv edilməsinə xüsusilə sevinirdilər. 1779-cu ildə kralın xüsusi mülklərində və təhimçilik hüququ, sonrakı ildə isə 1670-ci ildən-cinayət işlərində tətbiq olunan işgəncə praktikası ləğv edildi. Lakin Tyürqo əyalət təmsilçilik yığıncaqları və zümrələrdən seçilənlərin parlamentin haqqında danışmağa başlayanda kral onu istefaya göndərdi. Amma konstitusiya məsələsində qurtulmaq artıq mümkün deyildi və 1777-ci ildə Nekkerin nazir təyin edilməsi ilə bu məsələ yenə gündəmə gəldi. Nekker qüvvələr arasında müvazinət saxlamağa çalışdı. O, parlament məsələsini uzaq gələcəyin işi olduğunu vurğulayaraq, ilk növbədə əyalət təmsilçiliyi barədə danışdı, ancaq kral bundan qətiyyətlə imtina etdi. Lüdovik ancaq Berri və Yuxarı Qiyendə(1778-1779) əyalət yığıncaqları kimi, əhəmiyyətsiz güzəştlərə getdi. 4 iyul 1776-cı ildə Şimali Amerika ingilis müstəmləkələri öz müstəqilliklərini elan etdilər, 1778-ci ildə Fransa onların müstəqilliyini tanıdı və bu, İngiltərə ilə 1783-ci ilə qədər çəkən müharibəyə gətirdi. Bunun Fransada inqilab öncəsi vəziyyətə təsiri çox güclü idi. Birincisi ona görə ki, Amerika Ştatlarında elan olunan "İnsan hüquqları bəyannaməsi" fransız inqilabçılarına böyük təsir göstərmişdi, o biri tərəfdən isə Fransa iqtisadiyyatı İngiltərə ilə olan müharibə səbəbindən ağır vəziyyətə düşmüşdü. 1775-1777-ci illər arasında, zəif məhsil səbəbindən, bir sıra üsyanlar baş vermişdi. Parisdə sex məhkəmələrinin ləğv olunmasından sonra üsyanlar bir sıra əyalətlərə yayıldı.
1782-1783-cü illərdə üsyanlar yenidən qızışaraq və bütün ölkəni bürüdü: Puatye(1782), Vizil(1786), 1783-cü ildən 1787-ci ilə qədər Sevenna, Vivar və Jevadanda. 1787-ci ildə Paris parlamenti saraya pul verməkdən imtina etdi. Bunun əvəzində kral Paris parlamentini Truaya sürgün etdi, lakin Parisdə üsyan başladı və kral zümrə parlamentini geri qaytarmağa məcbur oldu. 1788-ci ildə Bretanda üsyan qalxdı. Dofinedə, xüsusi ilə Qrenobolda vəziyyət daha da-ciddiləşdi. Qanlı toqquşmalar oldu, çoxlu ölən vardı. Bununla əlaqədar Mariya-Antuanettanın 24 avqust 1788-ci ildə qraf Mersiyə, onun Nekkeri qaytarmaq haqqında çalışdığı barədə yazdığı məktubu maraqlıdır. Bu məktubdan bəlli olur ki, küçə yığıncaqları saraya necə təsir edirmiş.
XVIII əsrin 80-ci illərinin sonlarından etibarən Fransada feodal-mütləqiyyət quruluşunun böhranı olduqca kəskinləşdi. Fransanın dövlət borcu 1774-cü ildəki 1. 5 milyard livrdən, 1778-ci ildə 4. 5 milyard livrə çatmışdı. Milli büdcənin kəsiri 126 milyon livr təşkil edirdi. Yaranmış böhrandan çıxmaq üçün kral XVI Lüdovik 1614-cü ildən sonra çağırılmayan Baş Ştatların çağırılmasına razılıq verdi. Baş Ştatlar maliyyə və vergi islahatlarının keçirilməsində krala yardımçı olmalı idi. 1788-ci ilin ortalarından etibarən güclənməkdə olan xalq hərəkatı 1789-cu ilin yazı üçün ən yüksək nöqtəyə qalxmışdı. Bu dövrdə xalq kütlələrinin 450 çıxışı olmuşdur. Xalq kütlələrinin təzyiqi altında 1789-cu il mayın 5-də Versalda Baş Ştatlar işə başladı. Seçilmiş 1139 deputatın 578 nəfəri üçüncü silkin, 561 nəfəri isə birinci və ikinci silkin nümayəndələri idilər. Mütləq monarxiya dövründə Fransa xarici işlər nazirliyi ərazi prinsipi üzrə bölünən iki siyasi idarəyə ayrılmışdı: birinci idarə Qərbi və Mərkəzi Avropa dövlətləri, habelə Amerika ilə diplomatik münasibətlərə rəhbərlik edirdi. İkinci isə- Şərqi və Cənubi Avropa və Skandinaviya dövlətləri ilə münasibətləri həyata keçirirdi. XVIII yüzilliyin sonlarında Fransız mütləqiyyət aparatında xarici işlər idarəsi müstəqil nazirliyə çevrilmiş və ona uzun müddət Şarl de Verjen rəhbərlik etmişdir. İnqilab ərəfəsində Fransa Avopanın bütün ölkələri və bir sıra şərq ölkələri ilə diplomatik əlaqələrə malik idi. Fransız kralları diplomatik münasibətlərin normal saxlanılması üçün bir sıra vasitələrdən istifadə edirdilər ki, bunların içərisində nigah və sülalə müqaviləsi mühüm yer tuturdu.
Dostları ilə paylaş: |