Diskusiya metodları. Diskusiya insanlararası ünsiyyətin ən geniş yayılan forması olmasına baxmayaraq onu həyata keçirmək heç də asan olmur, çünki praktikada partnyorlar çox vaxt razılığa gələ bilmirlər, yaxud da istəmirlər. Ona görə də ünsiyyətdə uğur qazanmaq üçün onun formasından (kollektiv müşavirə, təkbətək danışıqlar və ya konfrans) asılı olmayaraq bütün partnyorlar tərəfindən qəbul edilən qaydalar tətbiq olunmalıdır. Bu qaydalar aşağıdakılardır:
Aparıcı (moderator): Hər diskusiya bir aparıcı tərəfindən aparılmalıdır.
Nitqin davamiyyəti: İştirakçıların heç biri aramsız olaraq müəyyən edilmiş vaxtdan (məsələn, 30 saniyəlik) çox danışmamalıdır.
Fasilələr: Planlaşdırma haqqında danışıqlarda hər 2 saatdan bir istirahət üçün fasilə olmalıdır.
Vizuallaşdırma: Aralıq nəticələr plakatlarda, lövhələrdə və ya plyonkada əks olunmalıdır.
Yerləşdirmə qaydaları: Bütün iştirakçılar qarşılıqlı surətdə bir-birini görməlidir.
Protokol: Əvvəldən müəyyən edilmiş protokol aparıcısı müzakirələrin nəticələrini yazılı qeyd etməlidir. Diskusiya dairəsi nə qədər böyük olarsa məqsədyönümlü diskusiya bir o qədər mürəkkəb və davamiyyətli olur.
Müəyyən olunmuşdur ki, diskusiya dairəsi geniş olanda ən səmərəli vəziyyət iclas boyunca tərkibin plenumla kiçik qruplar arasında sistematik dəyişməsində alınır. Diskusiyanın giriş və son hissələri plenumda, diskusiyanın planlaşdırılmış hissələri isə əksinə kiçik qruplarda emal olunur. Ümumi kompleks ayrı-ayrı mövzulara bölünür və onlar müvafiq kiçik qruplarda emal olunur. Plenumda ayrı-ayrı nəticələr yenidən bir yerdə cəmlənir.
Aparıcı (moderator) xüsusi vəzifəni yerinə yetirir, o, diskusiyanın sərbəst, məqsədyönlü keçməsini və hər bir iştirakçının iştirakını təmin etməlidir. Aparıcının vəzifələri aşağıdakılardır:
diskusiyanı məqsədə doğru yönəltmək;
məqsəddən yayınmağa yol verməmək;
konfliktləri aşkar etmək;
məntiqi blokadanı yarmaq;
yeni fikirlər ortaya çıxarkən onları diqqət mərkəzinə çəkmək; uzun danışanın nitqini kəsmək;
“öldürücü faza”nı blokadaya salmaq;
yaxşı, lakin rədd edilən fikirləri qeyd etmək;
gərginləşmiş sahələri (cəbhələri) sakitləşdirmək;
diskusiyalardan alınan töhfələri vizuallaşdırmaq;
aralıq nəticələri ümumiləşdirmək.
Nəticəsi görünməyən (dalana düşən) diskusiyaları səlis (şəffaf) “yazılı suallar”ın vasitəsilə zəiflətmək olar. Bu yolla diskusiyanın istənilən iştirakçısı, istənilən an diskusiyaya dəvət oluna bilər və ondan müəyyən suala yazılı cavab vermək tələb oluna bilər. Ayrı- ayrı vərəqlərdə yazılmış bu cavablar divarda yerləşdirilir və sonra plenumda müzakirə edilir. Bu üsulla iştirakçıların rəylərinin harmonizasiyası təmin olunur və sonrakı diskusiya üçün stimul yaradılır.
Şəffaf (səlif) sualların tipik nümunələri aşağıdakılardır:
“Siz bugünkü vəziyyətdən nə gözləyirsiniz?” Gözləmə sorğusu.
“Müzakirə edilən mövzu üzrə hansı problemləriniz vardır?” Problem sorğusu.
“Bu problemin həlli üçün hansı fəaliyyət zəruridir?” Fəaliyyət sorğusu.
“Bu an diskusiya prosesində sizə nə mane olur?” Əhval-ruhiyyə sorğusu. “Siz təklif olunan alternativləri necə qiymətləndirirsiniz?” Qiymətin sorğusu.
“Bu gün hansı anlarda sizin ümidinizi doğrultdu, hansılarda yox?” İcranın sorğusu.
Müzakirə dairəsində vacib aspekt həm də ondan ibarətdir ki, bütün söylənilən fikirlər və emal edilmiş nəticələr qeyd olunmalı və vizuallaşdırılmalıdır. Vacib fikirlərin yaddan çıxması və mübahisəli məsələlərin aydın aşkar edilməməsi təhlükəsi həmişə mövcuddur. Ona görə də iştirakçı, çox vaxt isə aparıcı diskusiya aparmaqla yanaşı paralel olaraq nəzərə çarpan və vacib fikirlərin plakatlarda, lövhələrdə və ya plyonkalarda qeyd olunmasını da öz üzərinə götürür. Belə vizuallaşdırma diskusiya iştirakçılarına aralıq nəticələrini gözləri qarşısında görməyə və məqsədyönlü şəkildə diskusiyanı davam etdirməyə imkan yaradır.