Keramika məmulatlarının sortunun eyniləşdirilməsi standartlara uyğun olaraq həyata keçirilir. Sort standartının tələblərinə və məmulatların istehlak xassələrinə və xarici görünüşünə, yerləşdiyi yerə, ölçüsünə və miqdarına əsasən müəyyən edilir. Çini, mayolika və saxsı qabları 1-ci, 2-ci və 3-cü sorta ayırırlar. Saxsı qırığının, formalaşmasının, bəzəyinin qüsurlarına görə bir-birindən fərqləndirilir.
Saxsı qırığının qüsurlarına deformasiya, işıq keçirməsinin və ağlığının azlığı, qabarcıqlar və sızanaqlar, detalların düzgün quraşdırılmaması, çopurlar, xallar və çapıqlar aiddir.
Keramika kütləsinin strukturu yekcins olmadığı halda məmulat qurudularkən və bişirilərkən qeyri-bərabər sıxlaşır ki, bu da deformasiyaya gətirib çıxarır.
Kifayət qədər işıq keçirməməsi çini məmulatlara xas olan qüsurdur.
Saxsı qırığının ağlığının kifayət qədər olmaması - saxsı qırığının boz, mavi və ya sarı çalarları olur. Bu qüsur aşağı keyfiyyətli xammal və məmulatın düzgün yandırılmaması nəticəsində yaranır.
Qabarcıqlar və sızanaqlar - qaz halında olan maddələrin yandırılması nəticəsində saxsı qırığının üzərində yaranan qabarmalardır.
Əlavə detalların korlanması - şirə təbəqəsinin altında görünən ikitərəfli və birtərəfli çatlar. Daha çox qulpun və ya ayaqların korpusa birləşdiyi yerlərdə, habelə məmulatların kənarlarında olur. Məmulatın qurudularkən və bişirilərkən qeyri-bərabər sıxlaşması nəticəsində yaranır.
Çat– saxsı və mayolika qablarda rast gəlinən, bişirilməsi və saxlanılması zaman minada yaranan xırda (tükə bənzər) çatlardır. Çat qabların gigiyenik xassələrini pisləşdirir, belə ki, minanın çatlarından saxsı qırığının məsaməli hissəsinə düşən maye məmulatların divarlarında çürüyür və qabların səthinin tədricən qaralmasına səbəb olur.
Bəzəmə nöqsanlarına boyanın yarımçıq bişməsi, yanması və lay-lay olması, cızıqlar, boya ilə pozub düzəltmə və s. aiddir.
Boyanın yarımçıq bişməsi - mufel yandırma temperaturunun aşağı olması nəticəsində yaranır; şəkil tutqun, solğun və əl ilə yoxlanıldıqda kələ-kötür alınır.
Boyanın yandırılması - mufel yandırma temperaturunun yüksək olması nəticəsində boya yanır və boya çox qaralır.
Rənglərin laylanması mufel yandırma temperaturunun kifayət qədər yüksək olmaması nəticəsində yaranır. Şəkillər tutqunlaşır və əgər onu kağız ilə silərsək məmulatın səthindən asanlıqla silinir.
1, 2 və 3-cü sort keramika məmulatlarında aşağıdakı qüsurların olmasına yol verilmir:
ikitərəflə çıxan çatlar;
cilalanmamış və minalanmamış;
qabarcıqlar (saxsı qırığının və ya şirənin 4 mm və daha böyük diametrdə qabarması);
şirənin çatlaması;
boyanın, şirənin laylanması.
2-2,5 mm qalınlığında çini məmulatlar işığı keçirməlidir. Məmulatlar kompozisiyaların bütövlüyünün, bəzəmənin mükəmməlliyinin tələblərinə, dəbə uyğun olmalıdır, yeni və orijinal formalara malik olmalıdır.
Çini məmulatların ağlığı 1-ci sort üçün ən azı 63%, 2-ci sort üçün ən azı 60% və 3-cü sort üçün ən azı 55% olmalıdır. Saxsı məmulatlarda təmiz göyümtül-boz və sarı çalarların olmasına icazə verilir.
Texniki şərtlərə görə mayolika məmulatları üçün icazə verilən nöqsanların sayı 1-ci növ üçün 3-dən , 2-ci növ üçün 6-dan və 3-cü növ üçün 7-dən çox olmamalıdır .
1-ci növ məmulatın üzərinə qırmızı rəngli, 2-ci növ məmulatın üzərinə göy rəngli, 3-cü növ məmulatın üzərinə yaşıl rəngli damğa vurulur.
Qiymət eyniləşdirməsi - keramika məmulatlarının qiymətlərinin keyfiyyət və ölçü göstəricilərinə uyğunluğunun müəyyən edilməsidir.
Ayaq üzərində (konusabənzər formalı, 6 mm hündürlüyündə olan ayaqlar) kənarları kəsilmiş, ayaq üzərində kənarları qabarıq kəsilmiş, kənarları şəbəkəli olan çini və saxsı məmulatların dizaynının mürəkkəbliyinə görə qiymətləri 5-20% həcmində artır.
Yemək servizində boşqablar; çay, qəhvə servizlərində, qarniturlarında, dəstlərində - nəlbəki və fincan; şərq qablarında isə piyalələr fasonunun mürəkkəbliyinə görə qiymət artımının həcmini müəyyən edən əsas məhsullardır.