Damaq – Ağız boşluğunun tavanını, burun boşluğunun isə fərşini – alt səthini təşkil edir və qübbə şəklində olub, iki əsas hissəyə bölünür:
SD – sərt damaq – damağın dilönü və dilarxasına qarşı duran hissəsidir və damağın öndən 2/3 hissəsini təşkil edir.
YD – yumşaq damaq – damağın dilarxasına qarşı duran hissəsidir ki, ön damaqdan sonra xirtdəyə doğru arxada yerləşmişdir. Yumşaq damağın ucu damaq pərdəsi, yaxud dilçəkdir.
D – Dilçək müstəqil surətdə hərəkət edə bilir və yuxarı qalxdıqda qırtlaqdan burun boşluğuna gedən yolu bağlayır, aşağı endikdə isə bu yol açılır ve beləliklə, sövti axının burun boşluğuna getməsi nəticəsində m, n kimi bir sıra səslərin formalaşması üçün şərait yaranır.
Dişlər ayrılıqda səslərin müxtəlifləşməsi üçün heç bir müstəqil vəzifəyə malik deyildir. Dişlər yalnız dil və dodaqlara köməkçi olaraq səslərin müxtəlifləşməsində iştirak edir. Məsələn, s, z səslərinin əmələ gəlməsi üçün dişlər dilə, ƒ, v səslərinin yaranması üçün dişlər alt damağa kömək edir. Dişlərin alt və üst çənələrdə yerləşdikləri yerlərin – yuvaqların da səslərin formalaşmasında rolu vardır.
Dodaqlar bəzən dairəvi bir şəkil almaqla, bəzən bir-birindən uzaqlaşmaqla, bəzən, əksinə, bir-birinə yaxınlaşmaq və ya kipləşməklə bir sıra müxtəlif sait və samit səslərin formalaşmasında fəal iştirak edən üzvlərdəndir.
Çənələr səslərin formalaşmasında iştirak edən üzvlərdəndir. Xüsusən alt çənənin iştirakı gözə çarpacaq dərəcədədir. Əlbəttə, alt çənə dodaqlar qədər çox iş görmür, lakin alt çənə, mütəhərrik olması nəticəsində müxtəlif dərəcədə üst çənədən uzaqlaşa bilir. Beləliklə də, bir tərəfdən ağız boşluğunun müxtəlif həcmdə olmasına, digər tərəfdən də dodaqların müxtəlif məsafədə aralanıb yaxınlaşmasına imkan yaratmış olur. Bu isə səslərin müxtəlif rənglərə düşməsindən ötrü zəruridir.
Bura qədər verdiyimiz izahatdan məlum olur ki, nitq səslərinin formalaşmasında nitq orqanizminin hissələrini təşkil edən üzvlərin hər birinin bu və ya digər dərəcədə müəyyən vəzifəsi vardır.
Buna görə də səslərin formalaşmasında iştirakına görə bu üzvləri üç qrupa ayırmaq olar:
1. Fəal (əsas) üzvlər.
2. Köməkçi (vasitəçi) üzvlər.
3. Avazlayan (rezonator) üzvlər.
Səs telləri, arxa damaq, dil, dilçək və dodaqlar fəal; dişlər, yuvaq- lar, ön damaq, nəfəs borusu və ağ ciyərlər köməkçi; qırtlaq, udlaq boşluğu, ağız boşluğu, burun boşluğu və çənələr avazlayan üzvlərdən sayılır.
Əlbəttə, bunların hamısı əsəb sistemi ilə idarə olunur.
Dostları ilə paylaş: |