Mühazirə 5
Yeraltı suların fiziki xassələri
Təbii suların həlletmə qabiliyyəti çox böyükdür və onların tərkibində müxtəlif miqdarda həll olmuş və ya kolloid hissəciklər halında kimyəvi maddələrə rast gəlinir. Hətta nisbətən təmiz hesab edilən atmosfer çöküntülərinin tərkibində həll olmuş halda qazlar (O2, N2, CO2 və s.). aşkar edilmişdir ki, bunlar da suyun həlletmə qabiliyyətini artırır və o süxurları daha intensiv aşındıraraq öz tərkibini aşınmış maddələrlə zənginləşdirir. Yer qabığında süxurların məsamə və çatlarında hərəkət edən yeraltı sular (termodinamik və geokimyəvi şəraitdən asılı olaraq) bu süxurlarla qarşılıqlı əlaqə nəticəsində öz ilkin tərkibini dəyişir. Ona görə yeraltı suların fiziki xassələri və kimyəvi tərkibi məkan və zamandan asılı olaraq dəyişir. Yeraltı suların fiziki xassələrinin və kimyəvi tərkibinin öyrənilməsi onların xalq təsərrüfatında müxtəlif məqsədlər üçün istifadə olunmasına zəmin yaradır. Hidrogeoloji tədqiqatlar zamanı yeraltı suların təyin olunan əsas fiziki xassələrinə onların temperaturu, rəngi, şəffaflığı, tamı və iyi aid edilir. Bəzi hallarda onların elektrik keçiriciliyi və radioaktivliyi də təyin olunur.
Dostları ilə paylaş: |