Mühazirə-12 Con Qolsuorsi (1867-1933) Qolsuorsinin həyatı və erkən yaradıcılığı. İngilis yazıçısı Con Qorsuorsi zəngin ailədə dünyaya gəlmişdir; onun atası dövrün məşhur hüquqşünası idi. Qolsuorsi Oksford universitetini bitirmiş, lakin bununla kifayətlənməyib dənizçilik hüququ problemlərini öyrənmişdir. Bununla belə heç vaxt ixtisası üzrə işləməmişdir. Bədii yaradıcılığa Qolsuorsi ingilis filosofu C. Reskinin təsiri altında qədəm qoymuşdur və o dövrdə ingilis ədəbi-bədii fikrində müəyyən mövqeyə malik neoromantik cərəyanın nümayəndələrinə qoşulmuşdur. Bu dövrdə onun yazdığı romanlar hələ yetkinlik təsiri bağışlamırlar. Sənətkarın 1904-cü ildə nəşr olunmuş “Riyakarlar adası” əsəri sosial-məişət romanlar silsiləsinin ilki oldu. Bu əsərlərdə müəllif ingilis cəmiyyətinin müxtəlif təbəqələrinin həyatını təsvir etmiş, hər yerdə siniflər və zümrələr arasında kəskin ziddiyyətlərinin mövcud olmasını üzə çıxarmışdır. Belə ki, “Malikanə” (1907) romanında müəllif iri torpaq sahibinin-mülkədarın obrazını yaratmışdır. Bu obrazın təsvirində müəllif özünün satirik istedadının yeni-yeni tərəflərini büruzə vermişdir. Qolsuorsinin digər bir romanı-“Qardaşlıq” əsəri o dövrdə İngiltərə gerçəkliyi üçün son dərəcə aktual olan insanların bərabərsizliyi probleminə həsr olunmuşdur. Artıq əsərin adı (“qardaşlıq”) kinayə məqamında ingilis cəmiyyətində bərabərliyin sözdə mövcud olduğunu, gerçəklikdə isə ondan əsər-əlamət belə olmadığını göstərir. İngilis aristokratiyasının həyat tərzi, üstün tutduğu dəyərləri həmişə Qolsuorsinin diqqət mərkəzində olmuşdur. Bu yazıçının 1911-ci ildə işıq üzü görmüş “Patrisi” romanının aparıcı mövzusuna çevrilmişdir. Bu əsərdə müəllif ingilis kübar cəmiyyətinin düşüncə məhdudluğunu satirik vasitələrlə təsvir etmişdir. Qolsuorsi ingilis cəmiyyətinin həyatının bütün təbəqələri ilə tanış idi. Onun “Fridlenlər” əsərində ingilis kəndlərində kəndlilərlə mülkədarlar arasında mövcud olan sinfi ziddiyyət və mübarizə təsvir olunmuşdur. Müəllifin “Tünd gül” (1913) əsərində onun istedadının yeni bir tərəfi-incə psixologizmi və yumşaq lirizmi özünü büruzə verir.
C. Qolsuorsinin “Forsaytlar haqqında saqa” epopeyası üç romandan və onları bir-birinə bağlayan iki kiçik hissəcikdən interlyudadan ibarətdir.Bunlar “Mülkiyyətçi” (1906), “Tələdə” (1920), “İcarəyə verilir” (1921). Epopeya bütünlüklə 1922-ci ildə nəşr olunmuşdur. İkinci Forsayt silsiləsinə həmçinin “Ağ meymun” (1924), “Gümüş qaşıq” (1926), “Qu quşu mahnısı”, habelə iki intermediya daxildir. Bütün epopeya 1929-cu ildə çap olunmuşdur.
Bu çoxcildli əsərdə müəllif bir növ öz ailəsinin tarixini həkk etdirmək istəmişdir. Silsilə burjua ailəsinin bir neçə nəslinin həyat yolunu təsvir etmişdir. Onu da qeyd etmək lazımdır ki, Qolsuorsi 1901-ci ildə nəşr etdirdiyi “Devondan olan adam” hekayələr toplusunda gələcək epopeyasının bir sıra mövzularını artıq işıqlandırmışdır. Müəllifin epopeyada qaldırdığı bir sıra problemləri Qolsuorinin dünyasını dəyişdirdikdən sonra nəşr olunmuş “Sonuncu fəsil” (1925-ci ildə yazılmışdır) “Forsaytlar, Pendayslar və başqaları” (1935) hekayələr toplusunda epopeyanın öz əks-sədasını tapmışdır. Epopeyada cərəyan edən hadisələr 40 ilə qədər bir müddəti ehtiva edir. Birinci dünya müharibəsində baş verən hadisələr də epopeyada bu və ya digər şəkildə öz təcəssümünü tapmışdır. Bu əsərdə İngiltərənin tarixində mühüm yer tutan Viktoriya dövrünün tam iflasa uğraması aparıcı mövzulardan biridir. Forsaytlar ailəsi Viktoriya cəmiyyətinin üzvi tərkib hissəsi kimi təsvir olunmuşdur. Öz mənşəi etibarilə aid olduğu bu nəslin nümayəndələrinin həyat yolunun dolanbaclarını təsvir etməklə müəllif böhran dövrünü yaşayan cəmiyyətin həyatını təcəssüm etməyə nail olmuşdur. Qolsuorsinin təsvirində bu dövrdə uzun yüzilliklər boyu təşəkkül tapmış mənəvi-əxlaqi dəyərlər sisteminin təməli tədricən aşınır. Bu isə bütün cəmiyyətin dərin böhranına səbəb olur. Bu dövrdə artıq insanların taleyində qan qohumluğu amili böyük rol oynamır. Forsaytların tarixi ağır zəhmət bahasına öz maddi rifah halını yüksəltmiş ailənin tarixidir. Onlar bütün ömürləri boyu mülkiyyətçilik hüququnu müqəddəs hesab etmiş və cəmiyyətin inkişafını məhz ayrı-ayrı ailələrin uğurları ilə əlaqələndirmişlər. Lakin Viktoriya dövrünün son mərhələlərində onlar da hiss edirlər ki, artıq “qoca ağac çürüməyə başlamışdır”.