14.3. Uzunmüddətli dövrdə istehsal xərcləri. İstehsal xərcləri və miqyas effekti Uzunmüddətli dövrdə xərclərin bütün elementləri dəyişəndir. Əgər hər bir istehsal həcminə ən az dəyərə malik resurs kombinasiyası tətbiq olunmuşsa, uzunmüddətli dövrdə orta xərclər əyrisi hər bir istehsal həcmi üçün minimal xərcləri xarakterizə edən nöqtələrin məcmusundan ibarət olacaq (LRAC əyrisi).
Qısamüddətli və uzunmüddətli dövrlərdə xərclərin qarşılıqlı əlaqəsini başa düşməyə şəkil 14.10 kömək edər.
Şəkil 14.10-da bir sıra qısamüddətli xərclər əyrisi verilib və bunlar müəssisənin müxtəlif ölçülərinə (istehsal miqyasına) müvafiqdirlər. Deyək ki, sahibkar əvvəlcə 1-ci qısamüddətli dövrdədir. O, istehsal veriminin azalması effekti özünü göstərənə, yəni qısamüddətli orta xərclər artmağa başlayana qədər istehsalı artıra bilər. Bundan sonra qısamüddətli dövrdə istehsalın artırılması imkanları tükənir. Müəyyən vaxt tələb olunur ki, sahibkar istehsalı yeni miqyasda təşkil edə bilsin, məsələn, yeni zavod tiksin, təzə sex açsın, əlavə dəz- gahlar quraşdırsın. Yəni bütün resurs növlərinin parametrləri dəyişməlidir. Beləliklə, müəssisə 2-ci miqyasa çatır və ikinci qısamüddətli dövrdə əlavə işçi qüvvəsinin, əlavə xammal və materialların cəlb olunması hesabına istehsal həcmini məhsuldarlığın azalması effekti işə düşüncəyə qədər artıra bilər. 3, 4, 5 və s. istehsal miqyaslarına keçid də eyni qaydada baş verəcək. Müxtəlif qısamüddətli dövrlərin xərclərin- dəki dəyişiklikləri birləşdirib, qısamüddətli xərclər əyrilərinə toxunan olaraq onları sanki əhatələyən uzunmüddətli orta xərclər əyrisini alarıq. Uzunmüddətli orta xərclər əyrisini çox vaxt paket-əyri də adlandırırlar, çünki onun içində, paketdə olduğu kimi, bütün qısamüddətli dövrlərin əyriləri yerləşir. Bu əyrinin daha bir adı «U - əyridir» ki, bu da onun latın hərfi U-nu xatırladan forması ilə şərtlənir.
Uzunmüddətli orta xərclər əyrisinin forması və yönümü müxtəlif ola bilər (şəkil 14.11 - 14.13). Bu istehsal miqyası artdıqca orta xərclərin kəmiyyətinin necə dəyişməsindən asılıdır. Başqa sözlə, uzunmüddətli dövrdə xərclərin dinamikası miqyas effekti ilə müəyyənləşir.
İstehsalın miqyası artdıqca orta xərclər azalmağa meylli- dirsə, miqyasın müsbət effektli olduğundan (şəkil 14.11) və ya istehsal artımında qənaətdən söhbət gedir. Belə qənaət əməyin ixtisaslaşdırılması, daha səmərəli idarəetmə, kapitaldan (binalar, avadanlıq, elektrik enerjisi və s.) istifadədə qənaət hesabına əldə olunur.
İstehsalın miqyası artdıqca orta xərclər də artırsa, miqyas effekti mənfi olacaq (əkil 14.12). Nəhənglik həvəsi idarəetməyə xərcləri artırmaqla onun səmərəliliyini aşağı sala bilər; bürokratizm, məsuliyyətin biri-birinin üstünə atılması və s. artar. Nəticədə resurslara kapital qoyuluşundan gələn gəlir azalar (məsələn, resursların 5% artırılması məhsulun həcmini cəmi 2% artıracaq), uzunmüddətli dövrdə orta xərclər isə istehsalın həcmi artdıqca artmağa başlayacaq.
Nəhayət, istehsal həcmi artdıqca orta xərclər vahidi dəyişmirsə, miqyas effekti sıfır olacaq (14.13).
Uzunmüddətli orta xərclər əyrisi adətən yuxarıda göstərilmiş hər üç əyrilərin qarışığından ibarət olur. Bu onunla əlaqədardır ki, istehsal miqyasları artdıqca orta xərclər əvvəlcə azalır, sonra bir müddət sabit qalır və nəhayət elə bir məqam var ki, ondan sonra istehsal həcminin artması orta xərclərin artımına səbəb olur.
Şəkil 14.14-də uzunmüddətli orta xərclər əyrisi verilmişdir.
Bu əyrini əsas götürərək uzunmüddətli dövrdə istehsalı hara qədər artırmaq mümkün olduğunu müəyyənləşdirmək olar. Aydındır ki, bütün mümkün az orta xərclər səviyyəsindən ən azını seçməyə imkan verən istehsal səviyyəsi optimal olacaqdır. Şəkil 14.14-də Q* istehsal həcmi uzunmüddətli orta xərclər əyrisinin ən aşağı nöqtəsinə müvafiqdir və deməli, məhz bu halda firma miqyasın müsbət effektindən tam istifadə edir və yalnız qısamüddətli dövrdə deyil, həm də uzunmüddətli dövrdə xərclərin azaldılmasına nail olur.
Şəkil 14.14. Uzunmüddətli orta xərclər əyrisi (əhatələyən əyri,
U formasında əyri)
Uzunmüddətli orta xərclər əyrisi hər bir sahənin özü üçün müəssisələrin optimal ölçüləri olduğunu nümayiş etdirməyə imkan verir. Bu həm texnologiya ilə, həm də bazardakı vəziyyətlə müəyyənləşir. Məsələn, metallurgiya, aviasiya, gəmiqayırma sənayelərində irihəcmli müəssisələr tikmək sərfəlidir, çünki məhz onlar uzunmüddətli orta xərcləri maksimal azaltmağa və miqyas effektindən tam istifadə etməyə imkan verir (şəkil 14.15).
Şəkil 14.15. Sahədə ən yüksək rəqabət qabiliyyəti (ən az xərclər) - iri müəssisələrdir
Nəhəng müəssisələr kiçik və ya ortalardan heç də həmişə səmərəli olmur. Bərbərxana işi kimi sahələrdə kiçik müəssisə rəqabət üstünlüyünə malik olacaq. Bu sahədə miqyasın müsbət effekti tez tükənir və müəssisənin sonrakı böyüdülməsi yalnız orta xərclərin artmasına səbəb olur (şəkil 14.16).