190
Yarımsistem sistemin elementidir. O həm də onu təşkil edən elementlərin
sistemi kimi çıxış edir. Öz daxili məzmununa görə mürəkkəb sistem bir
sıra yarımsistemlərin bütöv bir silsiləsindən ibarətdir. Həmin
yarımsistemlər bir-birilə qarşılıqlı əlaqədə və tə‟sirdə çıxış edirlər.
Sistemli obyektlər qeyri mütəşəkkil və təsadüfi xarakterli
elementlər çoxluğundan (məsələn, daş yığımı, bazarda və ya
nəqliyyatdakı insanlar məcmusu və s.) fərqlənir
. Onlar bütöv xarakter
daşıyır və sabit struktura malik olurlar. Onlara misal kimi kristalı,
memarlıq kompleksini, bioloji orqanizmləri və s. göstərmək olar. Sistemli
obyektlərdə vahid bir tamın daxilində elementlərin qarşılıqlı tə‟siri
sayəsində
«sistem effekti» deyilən
göstərici əldə edilir. Sistemlər müxtəlif
meyarlar üzrə növlərə ayrılır. Məsələn ətraf mühit ilə əlaqənin xarakterinə
görə aşağıdakı üç cür sistemlər vardır: reaktiv sistemlər (bunlarda ətraf
mühitin tə‟siri yüksəkdir), adaptiv (ətraf mühit ilə yanaşı sistemin daxili
tənzimetmə funksiyası fəaliyyət göstərir) mövcuddur. Sistemlərin üçüncü
növü aktiv sistemlər adlanır. Burada sistemin öz daxili məqsədi olur və bu
məqsəd çox vaxt ətraf mühiti sistemin tələbatlarına uyğun şəklə salmaq
işinə xidmət edir. Sistemlərin ən yüksək növünü özünütənzim edən
sistemlər təşkil edir. Burada əks əlaqə prinsipi üzrə idarəetmə həyata keçi-
rilir.
Sistemlər həm də elementlər arasındakı əlaqələrin xarakterinə,
elementlər və strukturun birləşməsi səviyyəsinə görə müxtəlif olur.
Onların iki əsas tipini (summativ və ya qeyri mütəşəkkil sistemləri) və
bütövlük xassəsinə malik sistemləri ayırmaq olar. Birinci tipə aid
obyektlərdə (məsələn müəyyən qayda ilə yığılmış taxtalar) sistemlilik
keyfiyyəti zəif olur. Elementlərin öz arasında və onlar ilə sistem arasında
münasibətlərdə sərbəstlik çox olur. Belə sistemlərdə elementlərin əlaqələri
o qədər də mühüm xarakterli deyildir. Burada xarici və bə‟zən də təsadüfi
amillər güclü rol oynayır. Bütün bunlara baxmayaraq, onları sistemsiz
hesab etmək doğru olmazdı. Ikinci tip sistemlər bütövlük xassəsinə malik
olur. Burada elementlərarası əlaqələr, onlar ilə sistem arasındakı qarşılıqlı
asılılıq aydın şəkildə ifadə olunur. Bütöv sistemlərdə daxili əlaqələr çox
möhkəmdir. Inteqrativ keyfiyyətlər çoxdur.
Dostları ilə paylaş: