Beləliklə cəmiyyət inkişaf etdikcə əxlaqın sinfi, sosial, milli və regional tərəfləri ilə ümumbəşəri tərəflər qarşılıqlı surətdə bir- birini zənginləşdirirlər .
Məsələn azərbaycan xalqının tarixən qərarlaşmış olan müsbət əxlaqi
keyfiyyətləri (böyüyə hörmət, həyalı olmaq, qarşıdakının halına yanmaq,
sözünün ağası olmaq və sair) tədricən dünya birliyi ölkələrinin xalqlarına
yayılır. Digər tərəfdən xalqımız inkişaf etdikcə ümumbəşəri əxlaqi
keyfiyyətləri və dəyərləri öz mənəviyyatına daha geniş miqyasda hopdu-
rur.
Əxlaqın ən əsas kateqoriyaları xeyir və şərdir . Xeyir insanların
xoşbəxtliyinə kömək edən amillərin əxlaqi ifadəsi deməkdir. Xeyir və
xeyirxahlıq bəşər övladının yaratdığı ən yüksək mənəvi keyfiyyətlərdir.
Buna görə təsadüfi deyildir ki, bütün cəmiyyətlərdə normal insanların
əksəriyyəti xeyirxahlıq göstərməyə çalışırlar. Şər dedikdə insanların icti-
mai və şəxsi həyatında mənfi rol oynayan hadisələr, ləngidici və dağıdıcı
qüvvələr başa düşülür. Şər qüvvələr həmişə cəmiyyətin ümumi
mənafeyinə zidd istiqamətdə fəaliyyət göstərirlər. Lakin bəzi hallarda şər
də tarixi prosesin inkişafına kömək edə bilir. Nəzərdə tutulmalıdır ki,
tarixdə köhnəliyə qarşı çıxan yeni qüvvələri müasirləri çox vaxt şər qüvvə
hesab edirlər. Əslində isə həmin şər tarixi prosesə təkan verir.
Insan cəmiyyəti elə bir sosial birlikdir ki, o öz üzvləri qarşısında
müəyyən öhdəlik və vəzifələr irəli sürür. Cəmiyyətin hər bir üzvü
qarşısında xalqın, vətənin, başqa xalqların, ailənin qoyduğu
sosial öhdəliklər mənəvi borc kateqoriyasında ifadə olunur . Həqiqi əxlaq
xeyirxah adamın öz borcunu yerinə yetirməyə yönələn mənəvi iradəsinin
möhkəmliyi deməkdir. Məhz o, hər bir şəxs ilə onu əhatə edən mühit (təbii
mühit və sosial mühit) arasında vacib olan qarşılıqlı təsiri ifadə edir.
Insanın mənsub olduğu ictimai qrupun mənafelərini başa düşməsi və bu
münasibətdə özünün yerinə yetirməli olduğu öhdəlikləri anlaması onu
mənəvi borcu yerinə yetirməyə sövq edir. Mənəvi borca əməl
olunmasında insanın təkcə əxlaqi bilikləri deyil, həm də başqalarını hiss
etməsi mühüm rol oynayır. Əgər insan öz vətəninin, mənsub olduğu kol-
lektivin və sosial qrupun uğurları ilə fəxr edir və ya uğursuzluqlarına
dərindən acıyırsa, onda o öz borcunu yerinə yetirməyə çalışır.