DAŞ YUXULAR 69
- Qızın necәdi? Deyirlәr diş hәkimi olacaq? Olsun,
olsun. Allah qorusun onu. Sәnin kimi doktorun mәnә nә
xeyiri? Bәlkә qızına deyәsәn ağzıma diş sala - Zöhrә arvad
dişsiz, batıq ağzını sığallayıb dedi.
Doktor Abasәliyevin әhvalı yavaş-yavaş düzәlirdi.
Soruşdu:
- Bәs yazıq Xankişinin başına harda daş saldın? O
dünyaya göndәrmisәn deyәsәn?
- Xankişini görüm yazıq ilan vursun, Zülfü! Köpәk
oğlu mәnnәn yaşadı ki? Üç il sığalladı, gecә-gündüz kefini
çәkdi. Sonra da oğru pişik kimi sivişib çıxdı aradan. Görün
nә deyirdi: mәnә qısır arvad lazım deyil. Çaqqal oğlu
mәndәn aralanandan sonra, iki kәrә evlәndi - hanı, züryәti
olmadı. Axırı başa düşdü ki, tәqsir mәndә deyil, özü
törәdә bilmir. - Zöhrә arvad yumşaqca doktor
Abasәliyevin çiyninә toxundu. -Tifağın dağılmasın,
neylәyәk, sәn dә mәni saymadın, gedib şәhәrli qızı tapdın.
Hazırcavablığı ilә tanınan doktor Abasәliyev nәsә bu
dәfә özünü itirәn kimi oldu, möhkәm qızardı, düşdüyü
vәziyyәtdәn tez çıxmaq üçün dәrhal söhbәti dәyişdi:
- Deyәsәn, göyçәk bacılığın da sәndәn aralaşıb. Bu
limonlar mәnә dәhşәtli dәrәcәdә tanış gәlir.
- Әlbәtdә, onun limonlarıdı. Haykanuşdan savayı bu
kәnddә kimin belә limonları ola bilәr? - Zöhrә arvad
stakanlara çay süzә-süzә dedi. - Hә doktor, Haykanuş
ötәn payız yıryığış elәyib getdi. Erevana, oğlu Joranın
yanına getdi. Bәlkә dә özündәn olsaydı, qalardı. Jora tәkid
elәdi. Çıxıb gedәndә nә hala düşdüyünü gәrәk özün
görәydin. Hәyәtdәn, evdәn heç cür qopmaq istәmirdi.
Ağacların başına dәli kimi dolanırdı. Artırmanın surahısını