SÖZARDI. SİYASƏT SƏHNƏSİNƏ TAMAŞAÇI BAXIŞI
Yüxarıda verilən müsahibə kitaba daxil edilərkən onu yenidən gözdən keçirdim.
Xatirimdə qalan bəzi əlavələr etməyə ehtiyac duydum.
Əlbəttə, jurnalistiin verdiyi tikanlı sual onun təmsil etdiyi qəzetin mənə
münasibətindən irəli gəlir. Amma hər halda mən bu jurnalist xanıma minnətdaram ki, bu
sualı bədxahlarımın tez-tez möhtəkirlik etdiyi bir məsələyə aydınlıq gətirməyim üçün
mənə fürsət verir.
İlk öncə onu demək istəyirəm ki,hakimiyyət və ziyalılar problemi bəzilərinin
düşündüüü kimi o qədər də bəsit məsələ deyil. Çox vaxt hakimiyyətin ziyalılara daha artıq
ehtiyacı olur, nəinki ziyalıların hakimiyyətə. Bir mitinqdə “ziyalılar belə etməldidir,elə
etməlidir» çağrışlarına cavab olaraq dedim ki, mən indiyə qədər heç vaxt «yuxarıların»
göstərişiylə hərəkət etmədiyim kimi,indi də «aşağıların» tələbləriylə hərəkət etmək fikrində
deyiləm. Məni müxtəlif iqtidarlar dövründə tutduğum vəzifədə qaldığıma görə qınayanlara
anlatmaq istəyirəm ki(əgər doğrudan da anlamaq istəyirlərsə) əgər hər hansı hakimyyətin
dövrundə mən məhz onun siyasəi xəttiylə hərəkət etsəydim, sonra onun yerinə gələn, tək
əks siyasi mövqedə duran iqtidarın vaxtında qalıb işləyə bilməzdim. Və yenə də növbəti
hakimiyyət dəyişikliyi vaxtında da öz müstəqilliyimi qoruyub saxlaya bilməsəydim
növbəti hökümətin asisinə çevrilərdim. Yəqin ki,həmişə öz sabit mövqeyimdə dayandığım
üçün, özümün düşündüyüm,inandığım kimi,doğru bildiyim kimi hərəkət etdiyim üçün
bütün iqtidarlar mənimlə hesablaşıblar.
Artıq yetmiş yaşı keçmiş ömrüm boyu nə qədər müxtəlif recimlərin,hakimiyyətlərin,
rəhbərlərin şahidi olmuşam.
İndi bu barədə fikirləşəndə və yada salanda görürəm ki, İmam Mustafayev, Vəli
Axundovdan uzü bəri Azərbaycana rəhbərlik etmiş Birinci şəxslərin hamısı ilə şəxsən tanış
idim, bəziləriylə az, bəziləriylə çox ünsiyyətdə olmuşam. Hörmətli İmam Mustafayevin,
hörmətli Vəli Axundovun rəhbərliyi dövründə mən hələ çox gənc idim, ədəbiyyat aləminə
yeni-yeni qədəm basırdım. Odur ki, ictimai anlamda onlarla təmaslarım olmayıb. Buna
341
görə də onların mənim ədəbi və ictimai taleyimdə rolları olduğunu deyə bilmərəm.
(Vurğulayıram ki, bu sözlər yalnız mənə aiddir, onların respubilkanın həyatında
oynadıqları əhəmiyyətli rol - danılmazdır). Sonralar şəxsi planda hər ikisiylə görüşlərim,
xoş söhbətlərim olub.
Şəxsən mənim ədəbi-ictimai taleyimdə - ən böyük və əvəzsiz rolu olan rəhbər,
şübhəsiz Heydər Əliyevdir. Onun məni və redaktoru olduğum «Qobustan»ı qorumasından
bu kitaba daxil olan başqa mətnlərdə, eləcə də «Unudulmaz görüşlər» adlı iri kitabımda
ətraflı yazmışam,burada təkrar etməyə ehtiyac yoxdur. Bircə onu demək istəyirəm ki, bu
məsələlər əsasən 70-ci illərə, yəni H.Əliyevin Azərbaycan KP MK-nın Birinci katibi
olduğu dövrə aiddir. Sonralar müstəqillik dövründə H.Əliyev bir neçə çıxışında sovet
illərində ona məndən, «Qobustan»dan nə qədər şeytançılıq edildiyindən, danoslar
verildiyindən danışdı.Müstəqillik dövründə isə artıq mən ona Yazıçılar Birliyinin sədri
kimi müxtəlif məsələlərlə bağlı müraciətlər edirdim və bu müraciətlərin hamısı müsbət
qarşılanır, operativ həll olunurdu. (Yazıçılar Birliyinin və onun ədəbi orqanlarının
büdcəyə götürülməsi, Türk dünyası Yazıçılarının Üçüncü qurultayının Bakıda keçirilməsi,
Dədə Qorqud yubileyinin dünya miqyasında bayram edilməsi və s.) Bütün bunlara görə
elementar nəcabət və nəzakət qanunlarına görə mən Yazıçılar Birliyi adından, şəxsən öz
adımdan Prezidentə minnətdarlığımı bildirəndə bəzi ağzıgöyçəklər bunu hansısa təmənna
naminə etdiyimi yazırdılar. Cılız təfəkkürlı xırda adam olduqlarına görə bü yaxşı
münasibətlərimizi guya mənim dövlətdən nə isə ummağımla bağlayırdılar. Süddən yanıq
olanlar kimi,fəxri adlardan, mükafatlardan yanıq olanlar da var. Mükafat, fəxri ad tamarzısı
olmasaydılar bu məsələni hər yazılarında hallandırmazdılar. Başqalarının malik olduqları
imtiyazları umduqları və ala bilmədiklərinə görə hamının,hər kəsin bu ölçülərlə, bu
meyyarlarla davrandıqlarını düşünürlər. Doğrudan da hərə öz arşınıyla ölçür. Hərçənd ki
mən, Heydər Əliyevin özünün də iştirak etdiyi toplantılarda bir neçə dəfə fəxri adların
(Xalq yazıçısı, Xalq şairi,Xalq artisti) ləğv olunmasını təklif etmişdim. Məgər mənim
günahımdır ki,ədəbiyyat,sənət sahəsində gördüyüm az-çox işlər dövlət tərəfindən, daha
konkret desəm şəxsən Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib. Məhz onun MK-
342
nın Birinci Katibi olduğu vaxt mən Əməkdar incəsənət xadimi adına və Respubikanın
Dövlət mükafatına layiq görülmüşəm. Müstəqillik dövründə məhz Prezident Heydər
Əliyev mənə Xalq yazıçısı adını və nasirlərdən birinci olaraq ölkəmizin ən yüksək ordeni
olan İstiqlal ordenini təqdim edib. Məhz onun təşəbbüsü və təklifiylə mənə Millət vəkili
kimi müstəqil Azərbaycanın ilk Milli Məclisini açmaq və aparmaq şəfəri nəsib olub.
Bu yaxınlarda bir müsahibim: - bu qədər Fəxri adınız, mükafatlarınız var,daha nə
istəyirsiniz?- deyə soruşdu.
-Heç nə istəmirəm-dedim - bütün bu adları, mükafatları mənə Heydər ƏIiiyev
verib.Təki onun verdiklərini almasınlar,ayrı bir şey istəmirəm -dedim.
«Yeni Müsavat» qəzetinin müxbiriylə söhbətimdə mənə hörmət edən rəhbər işçilərə
mən də hörmətlə yanaşmışam sözlərini də əbəs demirəm. Əlbəttə, mənim Heydər Əliyevə
munasibətim yalnız onun mənə xoş münasibətyilə bağlı deyil, bü böyük insanın
Azərbaycan tarixinin həlledici məqamlarında oynadığı rolla, özəlliklə 1993-cü ilin həyat-
ölüm sınaqlarında ölkəmizi xilas etməsiylə əlaqədardır. Amma «Yeni Müsavat»dakı
söhbətimdə razılaşmadığım məqamlar barədə dediyim sözlərim də başqa rəhbərlərin
olduğu kimi H.Əliyevin hakimiyyəti dövrünə də aiddir. Konstitutsiyada dilimizin adının
dəyişdirilməsi məsələsinə etiraz etmişəm, bu barədə yalnız toplantılarda deyil,mətbuatda
da çıxış etmişəm.Fəxri adların verilməsinin əleyhinə olmuşam və bu da mətbuatda əks
olunub.Ali məktəblərdən böyük xadimlərimizin,xüsusiylə də Konservatoriyadan Üzeyir
bəyin adının götürülməsinə mənfi münasibətimi bildirmişəm.
Heydər Əliyevdən sonra Azərbaycana rəhbərlik edən adamlarla da ünsiyyətdə
olmuşam və təkrar edirəm, mənə hörmətlə yanaşanlara hörmətlə yanaşmışam. Amma
şəxsiyyətlərinin miqyasına görə, siyasi dünyagörüşlərinin üfüq genişliyinə görə, tarixilik
duyğusu və iradə baxımından onların heç birini Heydər Əliyevin şəxsiyyəti ilə müqayisə
etmək olmaz.
Heydər Əliyevdən sonra Azərbaycana rəhbərlik edən Kamran Bağırova - çox abırlı
və təmiz adam kimi hörmət bəsləyirdim, onun da mənə münasibəti yaxşı idi.1987-ci il
iyunun
18-i
Yazıçılar İttifaqının rəhbəri seçildiyim gün heç yadımdan
343
çıxmaz.Yenidənqurma və aşkarlığın elə bir dövrü idi ki,partiya artıq Yaradıcılıq
təşkilatlarının işinə nə açıq,nə gizli şəkildə qarışa bilirdi.Mən də Partya göstərişi ilə deyil,
yazıçıların öz təşəbbüsüylə yekdilliklə İttifaqın Birinci katibi seçildim.Bu təklifi ilk olaraq
Əkrəm Əylisli irəli sürdü,İsi Məlikzadə, Tofiq Bayram, İsa İsmayılzaldə, İsmayıl Şıxlı
müdafiə etdi. (Mərhumların hamısına Allahdan rəhmət diləyirəm) Seçiləndən sonra məni
Mərkəzi Komitəyə Kamran Bağırovun yanına çağırdılar. Onun dediyi sözləri də heç vaxt
unutmaram: -Biz çox istəyirdik ki,sən seçiləsən - dedi - amma bilirsən də qarışa bilməzdik.
Bütün gecəni yatmamışam ki,görəsən Plenum necə keçəcək,istədiyimiz alındığı üçün çox
şadam.
Kamran Bağırov çox çətin bir dövrdə Azərbaycana rəhbərlik etməli oldu.Qarabağ
məsələsi təzə-təzə körüklənməyə başlamışdı,Sumqayıt hadisələri baş vermişdi.Daha əvvəl
Moskva altdan-altdan Heydər Əliyevə qarşı təxribatlara başlamışdı və Azərbaycanda
İkinci katib işləyən şəxs də buradan Moskvaya onlara lazım olan məlumatları çatdırırdı.
Mənə elə gəlir ki,şəxsən Kamran Bağırov Heydər Əliyevə etibarlı insan
idi,yadımdadır Heydər Əliyevin Moskvaya, yüksək vəzifəyə getməsindən əvvəl keçirilən
Plenumda (onun Birinci katib vəzifəsindən azad edilməsi məsələsi müzakirə olunurdu)
Kamran Bağırov çıxış edən zaman ağladı.Amma o çətin dövrdə Azərbaycanda Heydər
Əliyev yolunu,Heydər Əliyev siyasətini davam etdirməyə təəssüf ki, K.Bağırovun gücü
çatmadı ya imkanı olmadı. O vaxt K.Bağırorvun verdiyi bir bəyanat da zənnimcə düz
deyildi. O dedi ki,mən Azərbaycan Respublikasının Partiya pəhbəriyəm, bütün
Azərbaycanlıların rəhbəri deyiləm.Ermənilər var gücləriylə xaricdəki diasporalarına
arxalandığı bir məqamda Azərbaycan rəhbərinin ölkə dışındakı soydaşlarının
problemlərindən faktiki olaraq imtina etməsi yaxşı qarşılanmadı. Rusyada, Qərbdə o
vaxtlar mütəşəkkil olmayan Azərbaycan diasporası bir yana dursun, Gürcüstandakı, ən
vacibi isə Ermənimstandakı soydaşlarımıza Azərbaycanın sahib çıxmaması onların acı
taleyində müəyyən rol oynadı.
Kamran Bağırovdan sonra Moskva Respublika Partiya təşkilatına Əbdürrəhman
Vəzirov rəhbər göndərdi. Onu əvvəlcədən tanıyırdım,normal münasibətlərimiz vardı,
344
Moskvada ya xarici ölkələrdə işlədiyi zaman hər bayramda mənə təbriklər göndərərdi,
Mərkəzi mətbuatda çıxan yazılarım haqqında fikrini ifadə edən məktublar yollayardı,mən
də onlara cavab verərdim. Hindistanda Kəlküttada Sovet konsulu işlədiyi zaman yolum o
ölkəyə düşdü. Bir neçə gün bərabər olduq. Bir yerdə Şantineketona, Taqorun malikanəsi və
Universiteti olan şəhərə getdik. Yol boyu söhbətlərimizdə Moskva siyasi elitasının bəzi
məqamlarından məni agah edirdi, məsələn ilk dəfə ondan Brejnevin kürəkəni Çurbanovun
adını eşitdim və onun, arvadı Qalinayla bərabər sürdükləri eyş-işrətli həyat haqqında çox
şeyi bildim.Onu da qeyd etmək istəyirəm ki, o vaxt Vəzirov Heydər Əliyev haqqınla çox
böyük ehtiramla danışırdı və onun diplomatik işə keçməsində H.Əliyevin xeyirxahlığını
minnətdarlıqla xatırlayırdı.
Bakıda MK- nın Birinci katibi seçiləndən üç-dörd gün sonra mənə evə zəng elədi.
Xoş-beşdən sonra: -Necə bilirsən Qarabağ məsələsini həll elə biləcəyik? - deyə soruşdu,
mən cavab verməyə macal tapmamış özü: -Mütləq həll edəcəyik --dedi. Sonra birdən: -
sizə qonaq gəlmək istəyirəm-dedi. Ev şəraitim belə yüksək vəzifəli qonağı qəbul etmək
üçün uyğun olmadığı üçün çaşıb qaldım, amma məlum oldu ki, Yazıçılar İttifaqına qonaq
gəlmək istəyirmiş,-buyurun gəlin-dedim.- Amma bir xahişim var, o biri yaradıcılıq
təşkilatlarının rəhbərlərini də dəvət elə - hamıyla bir yerdə görüşək.
Elə də etdim,təyin olunduğu vaxt Vəzirov gəldi,bir-bir hamıyla görüşdü və mənim iş
masamın yanında, otağın bu başında əyləşdi. Bunu ona görə qeyd edirəm ki,otağın o biri
başında Bəstəkarlar İttifaqının sədri rəhmətlik Tofiq Quliyev əyləşmişdi. Vəzirovun ilk
suallarındant biri: Siz, yaradıcılıq təşkilatlarının başçıları, hansınız son vaxtlar
Komsomolda(yəni komsomolun Mərkəzi komitəsində) olmusunuz?
Hamı mat-mat bir-birinə baxırdı.Tofiq Quliyev: -Mən keçən həftə ora getmişdim -
dedi.Vəzirov otağın bu başından durub az qala qaça-qaça Tofiq Quliyevə tərəf atıldı və
onun üzündən öpdü.
Bu görüş çoxlarının yadında qaldı və yeni rəhbərin bir qədər ekssentrik davranışı
haqqında cürbəcür rəylərin yaranmasına səbəb oldu. Bəzən lətifəyə oxşayan bu davranışlar,
ifadələr və sözlər haqqında danışmaq istəmirəm. Hərçənd ki,özüm də belə hərəkətlərin
345
şahidi olmuşam.Bunları görənlər, eşidənlər az deyil,ən azı Televiziya ekranlarında Ali
Sovetin iclasını göstərən kadrlar -unudulmazdır. Rəhmətlik Nəcəf Nəcəfovu tribunadan
uzaqlaşdırmaq istəyən Birinci katibin nəticəsiz səyləri, köməyə Etibar Məmmədovu
çağırması və Etibarın da gəlib: İstefa e…- deməsini mən sonralar televiziya ekranında
görməkdən öncə,canlı ifada Ali Sovetin binasında müşahidə etmişdim.
Vəzirov Azərbaycana özünün nisbətən yaşlı vaxtında rəhbər təyin olunmuşdu,amma
elə bil o komsomol dövrünün davranışlarından hələ də uzaqlaşmamışdı.İnsaf naminə
deməliyəm ki, demokrat təbiətli adam idi. Hər bir rəyi dinləməyə hazır idi,amma özü
bildiyi kimi, daha doğrusu, Moskvanın dediyi kimi hərəkət edirdi.Qorbaçova sidq ürəklə
inanırdı. Komsomol katibi olduğu dövrlərdən Qorbaçovla da, Şevarnadzeylə də xoş
münaisbətləri vardı,amma həmin adamların(o vaxt Şeverdnadze SSRİ-nin Xarici İşlər
Naziri idi) Qarabağ məsələsində Azərbaycanın haqq işinə tərəfdar durmasına heç bir təsir
göstərmirdi.
Haçan zəng eləsəm məni dərhal qəbul edirdi, -«ancaq on dəqiqə vaxtım var» deyib,
azı qırx dəqiqə özü danışırdı. Odur ki,bir dəfə gələndə- xahiş edirəm mənə on dəqiqə təmiz
vaxt ayırasınız - dedim - Necə yəni təmiz vaxt? - Yəni on dəqiqə yalnız mən danışacam,
çünki bir çox vacib problemlərimiz var.
Bir dəfə Vəzirovun dəvətiylə hətta Büronun iclasında da iştirak etmişdim.
Yadımdadır Büroda Sumqayıt məsələsindən söz düşmüşdü,təklif etdim ki, bu şəhərdə ən
çox qətl törədən,(yəni erməniləri öldürən) Qriqoryanın adı mətbuata verilsin.Ona qədər bu
adı rəsmən çəkmirdilər.Vəzirov razılaşdı və ilk dəfə bu caninin adı mətbuatda səsləndi.
(Haşiyə. O vaxt biz Qriqoryanın bu hadisələrin iştirakçısı olduğunu eşitmişdik.İndi,
Sumqayıtdakı hadisələrlə bağlı məhkəmə prosesində İttihamçı kimi çıxış edən Aslan
İsmayılovun bu yaxınlarda çıxmış «Sumqayıt» kitabında təkzib olunmaz faktlar, sənədlər
və şahidliklərlə Eduard Qriqoryanın hadisələrin sadəcə iştirakçısı yox, cinayətkar dəstənin
başçısı, təşkilatçısı və erməni ünvanlarına yönəldici olması təsdiq olunur).
Son onilliklər ərzində Vəzirov Azərbaycandan çox uzaqlarda, Moskvada,konsul
kimi Hindistanda, səfir kimi Nepalda, Pakistanda yüksək diplomatik vəzifələrdə işləmişdı,
346
odur ki,Azərbaycan cəmiyyətinin əhval-ruhiyyəsindən,özəlliklə o dövrldə xalqın
hisslərindən, ovqatından az xəbəri vardı, bu da bəzən elə hərəkətlər etməsinə,elə
sözlər,ifadələr işlətməsinə səbəb olurdu ki, bunlar anekdotlara çevrilirdi.
Vəzirovun ciddi problemlərindən biri Azərbaycan dilində çətin danışması idi.Gərgin
məqamların birində: - Mütləq televiziyayla xalqa müraciət etməlisiniz-dedik.
-Azərbaycanca danışmaq mənə çətindir-dedi.-Mətni biz yazarıq, siz ancaq məşq edib
kağızdan oxuyun - dedik.
Yan otağa keçib Cəmil Əlibəyovla birlikdə bir mətn yazdıq,Vəzirov bunu bir neçə
dəfə oxuyub məşq edəndən sonra birlikdə Televiziyaya getlik. Dedim ki, Vəzirov bəzi
məqamlarda sanki uşaq kimi davranırdı. Televiziyada sədrin otağından anasına zəng edib:
-Mama, televizora bax - dedi- indi mən çıxış edəcəm.
Studiyaya keçdi. Biz çöldən çıxışını dinləyirdik. Azərbaycan dilində təxminən bəzi
indiki nazirlərimiz danışan kimi danışırdı.
Çıxışdan sonra xüsusi telefonla Meydana zəng elədi. Çıxışı meydana transliyasiya
edilirmiş. Telefonun dəstəyini qoyub məmnunluqla: - Çıxışımı meydana toplaşanlar
alqışlarla qarşılayıblar - dedi.
Evimiz Meydanın düz arxasında idi. Evə gələndə yoldaşım dedi ki, Vəzirovun səsi
meydana yayıldıqca adamlar onu fitə basırdı.
Deməli, Vəzirovun bir bədbəxtçiliyi də ətrafındakı adamların ona yalan söyləmələri
idi, xoşuna gələcək yalanları deyib, əsl həqiqəti gizlədirdilər.
Gəlişlərimdən birində «İzvestiya» qəzetinə yazdığı məqalənin verstkasını mənə
göstərdi - oxu -dedi.
Məqalə o vaxtkı siyasətin ümumi sözlərlə ifadəsindən ibarət idi, amma bir yerində
neqativ şəkildə Heydər Əliyevin və Kamran Bağırovun adlarını çəkmişdi. Buna etiraz
etdim: - hər ikisi indi vazifədə deyil - dedim - Moskva mətbuatında onları təzədən tənqid
etməyin nə mənası var? Razılaşdı, - Yaxşı, o cümləni poz -dedi - Yox, özünüz pozsanız
yaxşıdır- dedim və doğrudan da mənim yanımda o cümləni pozdu, sonra qəzetdə də
məqalə o cümləsiz çıxdı.
347
Azərbaycanda vəzifə tutandan sonra belə hesab edirdi ki, H.Əliyev ozü olmasa da,
bəzi tərəfdarları onu, yəni Vəzitrovu işləməyə qoymurlar. O biri tərəfdən də Xalq
cəbhəsiylə dil tapmaq istəmirdi, - Hamsı SRU-nun adamlarıdır-deyirdi, - onları yaxşı
tanıyıram,
Axır ki,onu inandırmağı bacardım ki, Xalq hərəkatının rəhbərləriylə görüşsün. Onu
da deyim ki, belə bir görüşü (əlbəttə, Vəzirovsuz) daha əvvəl Yazıçılar İttifaqında təşkil
etmişdik, Mən, rəhmətlik Tofiq İsmayılov, rəhmətlik Aydın Məmmədov, akademik Midhət
Abbasov, İsa Qəmbərov (o vaxt familyası belə idi), Hikmət Hacızadə, Tofiq Qasımov iş
otağımda toplaşdıq. Respublikanın vəziyyəti haqqında fikir mübadiləsi ediridik. Həm Xalq
cəbhəsinin nümayəndələri, həm də mən o vaxt təzə-təzə dəb düşən bir üsula əl atmışdıq:
söhbəti maqnitofon lentinə yazırdıq. Məndə o lent durur və bu yaxınlarda ona qulaq
asarkən özümü gülməkdən saxlaya bilmirdim. Xalq cəbhəsinin nümayəndələri
məqsədlərinin yalnız SSRİ-nin demokratikləşməsi, sosializmin təkmilləşdirilməsi
olduğunu deyir,yəni sonrakı radikal çıxışlarıyla heç cür bir araya gəlməyən sözlər,fikirlər
söyləyirdilər.Nə isə… Vəzirovla görüşlərini təşkil edə bildim,görüşə Əbülfəz bəy və Yusif
Səmədoğlu gəlməmişdilər, Nəcəf Nəcəfov, İsa, Etibar, Tofiq Qasımov iştirak edirdi.
Vəzirov mənə deyirdi ki, onları yaxşı tanıyır, indi isə onları bəlkə də ilk dəfə gördüyü
üçün məndən soruşurdu: - o kimdir, bəs bu kimdir?
Nə isə bu görüşün də iqtidar-müxalifat dialoqunun yaranmasında rolu olmadı.
Məndən də narazıydı ki, onun qarşısında həmişə Xalq cəbhəsinin mənafeini müdafiə
edirdim.
-Onların arxasında kim durur? -deyə soruşurdu.- Xalq deyə cavab verirdim.
Moskvada deputatlıq müddətimizdə də Vəzirovla ən çox mübahisələrimiz məhz muxalifətə
münasibətilə bağlı idi,- İngiltərədə muxalifəti necə adlandırırlar? -deyə xəbər alırdım. -
Nədi, mənə politprosvet dərsi keçirsən? -Yox, xəbər alıram,yaxşı mən deyim: Ülyahəzrət
kraliçanın müxalifatı.Yəni hər kralın ya kraliçanın, Prezident ya Baş nazirin, bizim
quruluşda isə hər Birinci katibin öz muxalifəti olmalıdır, onunla işləməli,dil tapmalıdır.
Görürsünüz,Suren Arutyunyan (Ermənistanın Vəzirovla eyni vaxtda təyin olunmuş Birinci
348
katibi) necə deyir… - -Sən bu…senzurasız bir ifadə işlətdi, -mənə niyə misal çəkirsən? -
Çünki o hər zaman deyir:- mən tamamilə partiya xəttini keçirmək istəyirəm,amma
müxalifətım bunları tələb edir,onların isə xalq arasında böyük nufüzu var.Biz də
muxalifətın xalq arasında doğrudan da böyük nufuzundan istifadə edib Moskva qarşısında
bir çox problemlərimizi daha kəskin,daha artıq qətiyyətlə qaldıra bilərik.
Elə bil mənimlə razılaşırdı,amma yenə əvvəlki kimi hərəkət edirdi.Çünki yalnız
Moskvayla,həm də Mosvanın üzdə də olsa mütürəqqi görünən və bizim Xalq cəbhəsiylə
əlaqələri olan dairələrylə deyil,ən konservativ çevrələriylə, bütün demokrtik hərəkata
düşmən kəsilmiş çevrələrlə məsləhətləşirdi,ən çox da hansı çevrəyə,hansı dairəyə mənsub
olduğu bilinməyən,ikili oyun oynayan Qorbaçovun yalan vədlərinə inanırdı.
Obyektivlik naminə onu da deməliyəm ki,deputatlığımız zamanı ondan Yazıçılar
üçün əlavə on mənzil ala bildim.Özü də söhbət edə-edə Kremldən Köhnə Meydana(Starı
Ploşada) SovİKP MK binasına piyada gedərkən həmin kağıza elə küçədəcə qol çəkdirdim.
Təkrar edirəm,şəxsən mənə münasibəti çox yaxşı idi və mən indi ,o vəzifədən
uzaqlaşandan sonra o vaxt,vəzifədə olanda üzünə dediyim şeyləri burda yenidən
yazıramsa bu «yıxılana balta çalmaq»- kimi qavranılmamalıdır. Sadəcə olaraq məqsəd
yalnız gördüklərimi, bildiklərimi, yadımda qalanları bütün təfərrüatıyla əks etdirməkdir.
Qəribə cəhətləri vardı Əbdürrəhman Xəliloviçin. Moskvada deputatlığımızın ilk
aylarında tənəffüs zamanı foyedə mənə bir nəfəri göstərib:
-Bilirsən bu kimdir?-deyə soruşdu. - -Yox-dedim -
-Şahnəzərov,Qorbaçovun köməkçisi, əsl kommunist, interna-sionalist bir şəxsdir.
Mən dinmədim,O vaxt Şahnəzərov haqqında bir şey bilmirdim.Beş altı aydan sonra
yenə də foyedə Şahnəzərovu mənə göstərib: -Bilirsən kimdir-deyə xəbər aldı. --Bilirəm --
dedim - Şahnəzərov,Qorbaçovun köməkçisi.
Vəzirov:-bəli-dedi -ən qəddar millətçi,daşnak,qatı düşmənimiz.
Fasilə zamanı onunla bir yerdə nahar etmək üçün yuxarı mərtəbəyə, aşxanaya
qalxmaq,daha doğrusu gedib çatmaq mümkün deyildi,addım başı kiminləsə görüşür,
öpüşür, söhbətləşirdi- salam Vasya, salam Petya, salam Vanya - sonra izah eirdi - bu filan
349
nazirdir,bu filan obkomun katibidir, bu filan komitənin sədridir.Və beləliklə tənəffüs vaxtı
qurtarırdı, iclas salonuna qayıdırdıq. Düşünürdüm ki, başqa, daha sakit bir vaxtda Vəzirov
bəlkə də müəyyən bir iniziabati işdə belə geniş şəxsi əlaqələrindən istifadə edərək
Respublika üçün faydalı işlər görə bilərdi,Amma tale(daha doğrusu Qorbaçov) onu elə bir
vaxtda Azərbaycana rəhbər göndərmişdi ki,o çətin tarixi vəzifənin öhdəsinrlən gəlmək
üçün tamam başqa keyfiyyətlər tələb olunurdu.Əlbəttə,Azərbaycana düşmən deyildi,amma
Azərbaycanın ağrılı problemlərinə sırf Qorbaçovun gözləriylə baxırdı,kor-koranə
Qorbaçova inanırdı. Özü danışırdı ki,Raisa Maksimovna : -Rəhman, Siz həmişə Mixail
Sergeyeviçlə olmalısınız-demişdi.Vəzirov isə: -Əlbəttə, axıracan- cavabını vermişdi..İnsan
kimi Vəzirov Qorbaçovdan daha sadədil,inanan adam idi. Qorbaçovun məkrli siyasətini isə
bəlkə də çox gec başa düşdü.Bəlkə də heç indiyə qədər də tam dərk etməyib.Amma yüksək
rütbəli Moskva partiya və dövlət məmurlarına kifayət qədər tənqidi baxışları da vardı.
Son dəfə onunla telefonla danışdım.Artıq Qara yanvar hadisələri baş vermişdi,o,
dediyi kimi huşunu itirmiş bir vəziyyətdə Moskvaya qaçırılmışdı.Məzuniyyətdən sonra Ali
Sovetin Sessiyası başlanmışdı,biz, Azərbaycan deputatları Qara Yanvar faciəsinin bütün
təfərrüatlarını auditoriya çatlırmağa çalışırldıq,günahkarların cəzalanldırılmasını tələb
edirdik.Bir axşam «Moskva» mehmanxanasındakı otağıma zəng olundu. Əvvəd səsi
tanımadım,-Tanımazsan da - dedi və bu an tanıdım. - -Xoş gördük, Rəhman Xəliloviç-
dedim- necəsiniz?
Xoş-beşdən sonra o sessiyanın işiylə maraqlandı,yanvar günlərində Bakıdan demək
olar ki,huşsuz halda çıxarıldığını danışdı. Mən bir başa sual verdim: -Siz qoşunların Bakıya
girməsi haqqında muraciət etmisiniz,ya ən azı buna razılıq vermisiniz? - deyə xəbər
aldım.Qəti şəkildə: -yox-dedi. Onda sabah Ali Sovetə gəlin,çıxış edin və bunu deyin. -
Görürsünüz neçə ildən sonra belə Patiaşvilini Gürüstana qoşun dəvət etməsinə görə
suçlayırlar,əgər bunu etməmisinizsə,açıq deməlisiniz. -- Yox-dedi- - bunu
etməmişəm,amma indi bunu deməyin vaxtı deyil,həm də hələ düzəlməmişəm,səhhətim
imkan vermir.
350
Beləliklə gəlmədi və bununla da tarixilik duyumunun güclü olmadığı bir daha sübut
edildi...
Eyni çətin vəziyyətdə Ayaz Mütəllibov da işləməli oldu və yenə də müdrikliyininmi
deyim,siyasi iradəsininmi deyim,mustəqil düşüncəsininmi deyim - yetərsizliyi qəti
hərəkət etməsinə əngəl oldu.Bəzən deyirlər ki, Mütəllibov xalqa qarşı zorakılıq tətbiq
etməklə vəzifədə qala bilərdi.Mən buna inanmıram,həm mülayim xasiyyətli şəxs olan
Mütəllibovun zor tətbiq etməsinə,həm - əgər bunu etsəydi belə- bu vasitəylə hakimiyyətdə
qalmasına…Olsa-olsa bəlkə bir - iki ay,ya hətta bir-iki həftə aqoniyanı uzada bilərdi,amma
tarixdə qanlı bir imiclə qalardı.Mütəllibov zahirən yaraşıqlı kişi idi və yaxşı geyinib-
keçinməyi həm sevir,həm də bununla qürurlanırdı.Amma kef-damaq vaxtı deyildi və belə
amansız məqamlarda şarmla, impozantlıqla vəziyyətdən çıxmaq, «mən Respublika liderləri
arasında iki bortlu kostyumu ilk dəfə geyinənəm» - deməklə problemləri həll etmək
mümkün deyildi.Mütəllibov siyasi xadim olmaqdan artıq istehsalatçı idi,odur ki,sovet
inzibati rəhbərlik sisteminin yetişdirmiş olduğu və bu sistemə alışmış adam kimi ölkədəki
demokrtik reformaları da sidq-ürəklə qəbul edə bilimirdi. Özü avtoritar rejim yarada
bilməsə də,belə bir recimin tərəfdarı idi,bu baxımdan Qorbaçova müəyyən antipatiya
bəsləyirdi və bunu bir-iki söhbətimiz zamanı hiss etmişdim.Odur ki,heç də təsadüfi deyil,
QKÇP hakimiyyəti bir günlük ələ keçirdiyi zaman İranda olan Mütəllibov onlara təbrik
teleqrammı vurmuşdu.Bir gündə hər şey dəyişdi və bir neçə nəfər ziyalıyla Bakıda
Mütəllibovun qəbuluna getdiyimiz zaman onu xeyli pərişan gördük Mən təklif elədim ki,
Moskvaya başsağlığı teleqramı göndərsin,qiyam zamanı həlak olmuş üç gəncin
ölümündən üzüldüyünü yazsın və xatırlatsın ki,daha böyük miqyasda belə bir dərdlə biz də
1990-cı ilin yanvarında üzləşmişik.Mütəllibov deyəsən belə məzmunlu bir teleqram
göndərməklə razılaşldı, katibi çağırdı.Ona belə bir teleqram göndərməyi tapşıranda o: -
artıq teleqram göndərmişik-dedi. --Nə teleqram? - Moskvada demokratiyanın zəfər
çalmasını alqışlayan teleqram.
Quruyub qaldıq.İki gün əvvəl demokratiyanın yıxılmasını təbrik edən adamın
adından indi Demokratiyanın zəfərini alqışlayan teleqram göndərilirdi.Çox- vaxt rəhbərləri
351
pis vəziyyətə qoyan elə ətraflarında olan adamlardır. O iki bir-birinə zidd teleqramdan
sonra Azərbayan Prezidentinə və dolayısıyla Azərbaycanın özünə münasibət necə ola
bilərdi? Ermənilər bundan dərhal istifadə etdilər. Zori Balayan növbəti dəfə Azərbaycana
qarşı fitnəkarlıq törədərək Mütəllibovun ünvanına nalayiq sözlər deyəndə, SSRİ Xalq
deputatlarının İkinci Qurultayında kürsüdən ona cavab verməli,Azərbaycan Prezidentini
müdafiə etməli oldum..
Mütəllibovun hələ MK-nın Birinci katibi olduğu zaman aramızda kiçik münaqişə
olmuşdu.Mən Azərbaycan Kommunist partiyasının qurultayında çıxış elərkən Xalq
cəbhəsiylə dialoq qurmağa çağırmışdım.(Bu çıxışım da kitabda var) Bu Mətllibovun
xoşuna gəlməmişdi və adımı çəkmədən ziyalıların ikili oyun oynamasını
qınamışdı.Azərbaycan Kommunist Partiyasının tarixinlə bəlkə də ilk dəfə olaraq Birinci
katibin sözünün üstündən söz deyilirdi -söz alıb: -ziyalılarla bu tonda danışmaq olmaz -
dedim- ziyalıların öz mövqeyi var və bu mövqe heç də mütləq iqtidarın ya müxalifatın
mövqeyiylə üst -üstə düşməməlidir.
Amma insaf naminə onu da deməliyəm ki,Mütəllimov bu çıxışımdan sonra dolayı
yolla olsa da məndən heç vaxt hayıf çıxmaq təşəbbüsündə bulunmadı.
Bu prinsipə ömrüm boyu sadiq olmuşam və ömrüm boyu da hər iki tərəfdən çox
vaxt anlışılmazlıqla qarşılaşmışam.
Mütəllibovla bağlı söhbəti son bir epizodla tamamlamaq istəyirəm.H.Əliyev
insafsızcasına bütün vəzifələrindən uzaqlaşdırılandan sonra Moskvada ona telefon etdim.-
Bakıya gəlmək istəyirəm-dedi və bu məsələdə ona kömək etməyimi xahiş etdi.
Bakıya gələn kimi Rüstəm İbrahimbəvoyla danışdıq, Mütəllibovun qəbuluna getdik -
Heydər Əliyevə qarşı ciddi hücumlar təşkil olunur-dedik-hətta bəziləri onun məsuliyyətə
cəlb olunmasına cəhd edirlər. Azərbaycan onu qorumalıdır.Heydər Əliyevi deputat
seçmək,ömrünün ixtiyar çağını rahat yaşaması üçün şərait yaratmaq lazımdır.
Mütəllibov bizimlə razılaşdı,amma birdən ona xas olmayan bir tərzdə yumruğunu
masaya vurub:-ancaq respubilkanın bir sahibi olmalıdır-dedi-əgər bura qayıdandan sonra
siyasətə qarışmaq istəsə ,buna imkan verilməyəcək.
352
-Onun xeyli yaşı var,özü də ağır xəstəlik keçirib,siyasət haqqında heç düşünmür də -
-dedik.
O vaxt mən doğrudan da elə fikirləşirdim ki,Heydər Əliyev bir daha siyasət aləminə
qayıtmayacaq.
Nə isə, Mütəllibov razılıq verəndən sonra onun yanından rahat ayrıldıq.Sonra
kimsə,necəsə onun fikrini dəyişdirdi, H.Əliyevin nəinki deputat seçilməsinə,hətta
Azərbaycana qayıtmasına belə mane olmağa çalışdı.
Və bununla da Ayaz Mütəllibov Heydər Əliyevin deyil,öz gələcək taleyini həll etmiş
oldu.
Sürətlə cərəyan edən hadisələr nəticəsində Mütəllibov vəzifəsimi tərk etməli
oldu.Xalq Cəbhəsi-Müsavat tandemi iqtidara gəldi,o vaxt zarafatla deyirdik ki, pleyboylar
hakimiyyətini plebeylər hakimiyyəti əvəz etdi.
Yeni Prezident seçkilərinə qədər Azərbaycana qısa mülddət ərzində Ali Sovetin
sədri İsa Qəmbər rəhbərlik etdi. Elə o zaman onu Yazıçılar Birliyinə dəvət etdim.
Məqsədim bağlanmaq təhlükəsi qarşısında olan ədəbi jurnallırımıza və «Ədəbiyyat
qəzeti»nə maddi dəstək almaq idi..İsaya dedim: - «ədəbi jurnallar,qəzet çıxmasa ədəbiyyat
da olmayacaq,ədəbiyyat olmasa dilimiz təhlükə qarşısında qalacaq,dil isə müstəqil
dövlətini əsas şərtlərindəndir,odur ki Dövlət nəşrlərimizə maddi dəstək verməlidir»
İsa Qəmbər bu dəlillərimə çox qəribə cavab verdi:
-Anar müəllim, bəyəm Füzulinin vaxtında jurnallar nəşr olunurdu.
Bu arqument o qədər gözlənilməz və əcaib idi ki,əvvəl-əvvəl nə deyəcəyimi
bilmədim,lakin sonra: -Amma Füzulinin vaxtında sultanlar Mersedesdə gəzmirdilər-dedim-
sən bura mersedesdə gəlmisən..
Nə isə, jurnallarımızı və qəzetimizi o illərdə böyük çətinliklər bahasına saxlaya
bildik və onlar yalnız Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra büdcəyə
salındı.Sonra da deyirlər ki,yazıçılar niyə H.Əliyevi dəstəkləyir?
Mədəniyyət,ədəbiyyat sahəsində Heydər Əliyev yolunu davam etdirən İlham Əliyev
də bütün təkliflərimizə diqqətlə yanaşır. Hələ 2003-cü ildə Prezident seçgiləri
353
ərəfəsində ziyalılarla görüşündə mən çıxış etdim və latın qrafikasıyla kitabların nəşr
olunması məsələsini qalırdım.İ.Əliyev çıxışında Prezident seçilərsə mütləq bu məsələni
həll edəcəyini vəd etdi və doğrudan da Prezident seçiləndən az sonra bu barədə sərəncam
imzaladı.
Prezidentliyi dövründə bir neçə məsələ - o cümlədən Yazıçılar Birliyi binasının
əsaslı təmiri,yaşlı və gənc yazıçılara təqaüdlər ayrılması,Yazıçıların yaradıcılıq evinin
bərpa olunmasıyla bağlı ona müraciət etdim.Hər üç məsələ müsbət həll olundu.Binamız
gözəl şəkildə təmir olunub tamamilə yeniləşdi.Təmirdən sonra İlham Əliyev Birliyə gəlib
bizi təbrik etdi. 50 yaşlı yazıçıya və 20 gəncə hər il təqaüdlər verilir,Yaradıcılıq evinin
tikilməsi üçün Dəvəçidə yer ayrılııb.
2009-cu ildə Yazıçılar Birliyinin 75 illiyinin dövlət səviyyəsində qeyd olunmasıyla
bağlı da Prezidentə müraciət etdim və o bu barədə sərəncam imzaladı,yubileyin layiqincə
keçirilməsi üçün lazımı tədbirlər nəzərdə tutuldu.
P.S.Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəy haqqında burda yazmıram,çünki
ona həsr etdiyim ayrıca yazı elə bi kitabda dərc olunur.
Sonda bir də onu demək istəyirəm ki, ziyalılarla hesablaşan, ziyalıları eşidən siyasi
xadim - istər iqtidarda olsun, istər müxalifətdə, uduzmur, udur.
Siyasət o qədər ciddi işdir ki,onu tək bir siyasətçilərin öhdəsinə buraxmaq olmaz
Dostları ilə paylaş: |