GƏNCƏ DÖVLƏT DRAM TEATRINDA
AKTYOR YARADICILIĞI
İkinci dərs
Milli teatr tariximizdə şərəfli yer tutan bir sıra aktyorlar yaradıcılıqlarının yalnız müəyyən
dövrlərini Gəncə teatrı ilə bağlayıblar. Lakin bu sənət ocağının aktyorluq ənənələrinin
formalaşmasında onların böyük xidmətləri olub. Buna görə də Gəncə DDT-nın aktyor məktəbinin
sənətkarlıq xüsusiyyətlərindən danışılanda onların yaradıcılıqlarını da dəyərləndirmək lazımdır.
* * *
Əhməd Salahlı
(1897- 1953)
Tiflisdə doğulub. "Salahlı" səhnə təxəllüsü olan Əhməd Musa oğlu Məmmədov səhnə
sənətinə on dörd yaşından maraq göstərib. Müxtəlif dram truppalarında aktyorluq edən sənətkar
Tiflis Dövlət Azərbaycan Teatrında (1922 - 1930 və 1941 - 1947), Bakı Türe İşçi Teatrında (1930 -
1932), Gəncə Dövlət Dram Teatrında (1933 -1941), Akademik Milli Dram Teatrında (1947-1953)
işləyib. Bu kollektivlərdə aparıcı aktyor kimi rəğbət qazanıb.
Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub (23 fevral 1940).
Mürəkkəb xarakterlər yaratmaqda xüsusi aktyorluq səriştəsi olan Əhməd Salahlı Gəncə
teatrında Qaya ("Bahar", Məmmədhüseyn Təhmasib), Turab ("Şərqin qalası", Qurban Musayev),
Babək ("Babək", Əbil Yusifov), Akif ("Həyat", Mirzə İbrahimov), Vaqif ("Vaqif", Səməd Vurğun),
Dəmirçi Musa ("Toy", Sabit Rəhman), Eyvaz ("1905-ci ildə", Cəfər Cabbarlı), Yusif ("Özgə uşağı",
Vasili Şkvarkin), İvan İvanoviç ("Üzləşdirmə", Lev Şeynin və Tur qardaşları), Aliran ("Vətən
namusu", Georgi Mdivani), Murov ("Cünahsız müqəssirlər", Aleksandr Ostrovski), Bələdiyyə rəisi
("Müfəttiş", Nikolay Qoqol), Rüstəm ("Namus", Aleksandr Şirvanzadə), Karl Moor ("Qaçaqlar",
Fridrix Şiller), Yaqo ("Otello", Vilyam Şekspir), Don Juan ("Daş qonaq", Aleksandr Puşkin)
rollarını ifa edib.
Əhməd Salahlının ifadə vasitələri əlvan və çoxqatlı, xarakterik və realist səpkili idi.
Dostları ilə paylaş: |