Nadġr abdullayev


Nitqin etik qaydalarına əməl etmək



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix24.05.2020
ölçüsü2,09 Mb.
#31516
1   ...   14   15   16   17   18   19   20   21   22
Azf-277620


Nitqin etik qaydalarına əməl etmək. Danışıq zamanı başqasının heysiy-
yətinə toxunan, şəxsiyyətini təhqir edən, ədəb qaydalarına uyğun olmayan söz və 
ifadələrə  (məsələn,  zırrama,  qurumsaq,  qanmaz,  anlamaz,  gopa  basma,  içəri 
soxulmaq,  meymun,  keçəl,  xosunlaşmaq,  kəllən  haqqı,  böyük  fısqırıq,  burnunu 
soxmaq,  əkilmək,  məzələnmək,  anqırmaq,  bağırmaq,  soxuşdurmaq,  burcutmaq, 
aradan sürüşmək, dürtmək (yemək mənasında), sərsəm, boşboğaz, toqqanın altını 
bərkitmək,  özü  doğub  göbəyini  özü  bağlamaq,  ipli-mıxlı  yoxa  çıxmaq,  eşşəyin 
quyruğuna  bağlamaq  və  s.)  yol  verilməməlidir.  Bu  cür  sözlər  və  ifadələr  hansı 
münasibətlə deyilməsindən asılı olmayaraq həmişə böyük narazılıqla qarşılanır və 
çox zaman adamların inciməsinə, bəzən isə hətta savaşmasına da səbəb olur. 
Xalqın  milli  təfəkkürünə,  etnoqrafiyasına,  ənənələrinə  uyğun  müəyyən 
nitq etiketi normaları, qaydaları vardır ki, hər bir mədəni və savadlı adamın onlara 
əməl  etməsi  nitq  mədəniyyəti  baxımından  zəruri  sayılır.  Danışığın  milli 
mintalitetimizə  uyğunluğu  ünsiyyətin  müxtəlif  məqamları,  situasiyalarında  söz, 
ifadə, nitq etiketlərindən düzgün istifadə edilməsində özünü göstərir. Ən münasib, 
xoşagələn  etiketlərin  (nəzakətli,  ürəkaçan  söz  və  ifadələrin)  yerində  işlədilməsi 
ünsiyyətə  girənlər,  dinləyicilər  tərəfindən  razılıqla  qarşılanır.  İnsanın  arzusu, 
istəyi,  hətta  bəzən  də  taleyi  çox  zaman  onun  müvafiq  nitq  etiketlərini  işlədə 
bilməsindən  asılı  olur.  Bu  tələblərin  gözlənilməməsi  insanların  narazılığına, 
münasibətin, qarşılıqlı anlaşmanın pozulmasına gətirib çıxarır. 
Ali  məktəb  praktikasında  tələbələrin  onlara  dərs  deyən  müəllimi  başqası 
ilə  əvəz  etmək  barədə  müraciətinin  dəfələrlə  şahidi  olmuşuq.  Müəllim  və  tələbə 
münasibətində  belə  xoşa  gəlməyən  hal  əksərən  danışıq  etikasının  pozulması, 
tələbəyə qarşı kobud söz və ifadənin işlənilməsi nəticəsində baş verir. İnsan bütün 
hallarda öz danışığına nəzarət etməyi, ifadələri ölçüb-biçməyi bacarmalı, heç bir 
vəziyyətdə etika qaydaları pozulmamalıdır. Xüsusi gərginlik keçirən adamlar çox 
vaxt əsəbi danışır. Belələrinə onu tanıyanlar “əsəbidir, bənd olmayın” deyə bəraət 
verirlər.  Əslində  heç  də  belə  olmamalıdır.  Qeyri-normal  danışığa  görə  adamlar 
məzəmmət edilməlidir. Həm ailədə, həm də ictimai yerlərdə nitqin etik normaları 
gözlənilməli, lüzumsuz, təhqiramiz sözlər işlədilməməlidir. 

 
228 
Cəmiyyətdə, kollektivdə, ailədə və s. yerlərdə hər bir fərdin şəxsiyyətinə, 
mənliyinə hörmət edilməlidir. Amma çox vaxt belə olmur. Müəyyən bir münaqişə 
fonunda  tərəflərdən  biri  başqasına  qarşı  qaba  və  nalayiq  sözlər,  ifadələr  (məs.: 
qotur, yaramaz, alçaq, ləçər, əclaf, tülkü, bayquş, qoyun, eşşək, donuz, heyvərə və 
s.)  işlədir  ki,  bununla  da  onu  təhqir  edir,  şəxsiyyət  və  mənəviyyatını  alçaldır. 
Başqasına  qarşı  hər  hansı  bir  münasibətlə  qaba  və  təhqiredici  sözlər  işlətməsi 
həmin    adamın  özünün  lazımi  əxlaqi  keyfiyyətə  sahib  olmadığını  göstərir. 
Tanışlarımdan  biri  haqsız  təhqirə  məruz    qalmışdır.  Soruşduqda  ki,  niyə  cavab 
vermədin, o dedi ki, bu mənim üçün çətindir, tərbiyəm buna yol vermir. 
İnsanlar arasında  müxtəlif səbəbdən konfliktlər, narazılıqlar, mübahisələr 
və  s.  ola  bilər.  Bütün  hallarda    etik  normalar  gözlənilməli,  təhqiramiz  sözlərə, 
ifadələrə yol verilməməlidir. Bunları işlədənlər tənbeh olunmalıdır. Nitqə verilən 
bu  tələb  məktəb  praktikasında  xüsusi  əhəmiyyət  kəsb  edir.  Nitqin  etik  
normalarını şagird və tələbələr daha çox müəllimin danışığı ilə mənimsəyir, əxz 
edirlər. Bu cəhət nəzərə alınmalı, hər hansı bir səbəbdən  əsəbilik keçirən müəllim 
şagird,  tələbə  və  digərləri  ilə    ünsiyyətdə  özünü  dərhal  ələ  almağı,  danışığında 
heysiyyətə  toxunan,  şəxsiyyəti  təhqir  edən  söz  və  ifadələr  (məsələn,  qanacaqsız, 
tərbiyəsiz,  alçaq,  yekəbaş, başdan xarab, qanmaz, heyvərə, kütbeyn, tupoy  və s.) 
işlətməkdən çəkinməlidir  
Müəllim-şagird,  müəllim-tələbə  münasibətində  müəllimin  davranışı, 
rəftarı,  şəxsi  mədəniyyəti,  ən  başlıcası  isə  davranış  tərzi  hər  zaman  önəmli  rola 
malik olmuşdur. Son psixoloji ədəbiyyatda təlimin humanistləşdirilməsi şəraitində 
müəllimin  xarakteri  aşağıdakı  cəhətdən  səciyyələndirilir:  hər  şagirdə  hörmətlə 
yanaşmaq,  onun  taleyi  ilə  yaxından  maraqlanmaq,  şagirdin  qabiliyyət  və 
istedadına  optimistcəsinə  hörmət  etmək,  şagirdlə  partnyor  kimi  əməkdaş  olmaq, 
stimullaşdırma  yolu  ilə  şagirdlərdə  daxili  motivlər  yarada  bilmək,  şagird 
nöqsanlarına  dözümlülük  göstərməyi  bacarmaq,  ünsiyyət  mədəniyyətinə  sahib 
olmaq.  Rusiya  məktəblərində  bu  məqsədlə  “Ünsiyyət  mədəniyyəti”  adlı  fənn 
tədris  olunur.  Həmin  fənnə  təkcə  nitq  mədəniyyəti  deyil,  dilxarici  aspektlər  də 
daxil edilmişdir. 

 
229 
Göründüyü  kimi,  ünsiyyət,  danışıq  mədəniyyəti  ziyalı  -  müəllim 
portretinin  əsas  cizgilərindən  biridir.  Nitqin  etik  normalarının  daşıyıcısı  və 
qoruyucusu kimi müəllim bu sahədə valideynlərlə müntəzəm söhbət aparmalıdır. 
Bəzən valideynlər, ata-ana, ailənin digər yaşlı üzvləri evdə bir-birinə qarşı normal 
olmayan  münasibət  zəminində  kobud,  təhqiramiz  sözlər  işlədirlər.  Belə  sözlər 
dərhal uşaqların  danışığına keçir, başqaları ilə kiçicik ixtilaf zamanı həmin sözləri 
işlədirlər.  Valideynin  uşağa  hər  hansı  bir  münaqişə  zəminində  bu  cür  sözlər 
işlətməsi  daha  dözülməzdir.  Uşağa  məhəbbət,  uşaq  şəxsiyyətinə  hörmət  hal-
hazırda  qabaqcıl  ölkələrin  tərbiyə  sistemində  çox  əhəmiyyətli  məsələ  hesab 
olunur.  Amerika  pedaqoqu  məşhur  Benciamin  Spok  özünün  “Analarla  söhbət” 
kitabında  uşaqlara,  onların  şəxsiyyətinə  hörmət  və  ehtiramdan  bəhs  edərək 
göstərir  ki,  uşaqlar  hər  hansı  bir  səbəbdən  intizamsızlıq  edirsə,  qayda-qanunu 
pozursa, biz, adətən, özümüzü həmin şagirdi vaxtında nəzarətdə saxlamamaqda və 
ya ona qarşı lazımi cəza tədbiri görməməkdə məzəmmət edirik. Əslində isə heç də 
belə olmamalıdır. Bunun səbəbini uşağa, onun  şəxsiyyətinə müəllimin, valideyn-
lərin  və  digərlərin  hörmətinin,  məhəbbətinin,  sevgisinin,  nəvazişinin  azlığında, 
etinasızlıq və biganəliyində axtarmaq lazımdır (58, 27). 
Natiqin  nitqi,  danışığı  onun  şəxsiyyətini,  mədəni  səviyyəsini,  dünya-
görüşünü  müəyyənləşdirən,  ətrafdakılarla  münasibətini  nizamlayan  başlıca  amil-
dir. Təcrübədə olduğumuz məktəblərdə divardan asılmış davranış qaydalarının bir 
neçəsində  müəllim  nitqinə    verilən  tələblərdən  bəhs  olunur.  Çalışın,  nitqinizdə 
qüsurlara  yol  verməyəsiniz.  Şagirdlərin  yaş  xüsusiyyətlərini  nəzərə  alıb  onlarla 
danışmaqda  ehtiyatlı  olun.  Şagirdlərə  müraciət  edərkən  pedaqoji  qayda  və 
tələblərə  riayət  edin  və  s.  Bu  tələblərdə  aydınlıq  və  konkretlik  az  olsa  da,  hər 
halda  müəllim  nitqinin  etik  normalarına  əməl  olunmasının  vacibliyi  qeyd  edilir, 
nəzərə çarpdırılır. 
Nəzakətli  danışıq  qaydalarının  şagirdlər,  eləcə  də  tələbələr  üçün  tərtib 
edilib divardan asılması və ya dərs vəsaitinin (məsələn, dəftərlərin) üz qabığında 
nəşr  edilməsi  və  s.  formada  nəzərə  çatdırılması  ancaq  fayda  verə  bilər.  Vaxtilə 
məktəblərimizdə  belə  bir  təcrübə  olmuşdu.  Məsələn,  60-cı  illərdə  məktəblilər 

 
230 
üçün nəşr edilmiş “Məktəblinin məlumat kitabı” adlı vəsaitdə mədəni danışmaq 
üçün aşağıdakılar tövsiyə olunur. 
“Söhbət  zamanı  ehtiramlı  və  diqqətli  ol.  Söhbət    etdiyin  adamın  sözünü 
kəsmə,  ona  diqqətlə  qulaq  as.  Əgər  bir  sözü  başa  düşməmişsənsə,  yaxud  eşidə 
bilməmişsənsə  belə  de:  “Bağışlayın,  mənə  aydın  olmadı”,  sonra  isə  ondan 
dediyini  bir  də  təkrar  etməsini  xahiş  et.  Böyüklər  səndən  bir  şey  soruşmayınca 
onların  söhbətinə  qarışma,  yaxud  onları  maraqlandıran  bir  məsələ  barəsində 
bildiyini demək üçün mütləq onlardan icazə al. 
Yalnız  bildiyini  de.  Uzunçuluq  etmə.  Hər  şeyi  səlis,  qaydasınca  danış. 
Dediyin  bir  şeyi  yenidən  təkrar  eləmə.  Bir  söhbəti  yarımçıq  kəsib,  başqasına 
keçmə.  Çox  hündürdən  danışma,  sözləri  bütöv  de.  Elə  sözlər  seçib  de  ki,  onlar 
sənin ifadə etmək istədiyin fikri daha aydın göstərmiş olsun. 
Yeri    gəldikcə  “xahiş  edirəm”,  “buyurun”,  “təşəkkür  edirəm”,  “çox  sağ 
olun” sözlərini işlət. 
Fikir  ver  ki,  danışığın  düzgün,  ədəbi  olsun.  Pis,  kobud  sözlər  işlətmə, 
“bəli” əvəzinə “hə” demə, “əşşi”, “şeydir”, “zaddır” və s. kimi sözləri işlətmə. 
Yoldaşlarına inciklik gətirən ləqəblər vermək pis şeydir. Ləqəb qoymaq, 
yoldaşın, yaxud böyüyün hörmətini saxlamamaq deməkdir”. 
Yeri  gəlmişkən  göstərək  ki,  məktəblərimizin  yarandığı  dövrdən  etibarən 
müəllim və yazıçıların tərtib etdikləri dərslik və dərs vəsaitlərində (Abbasqulu ağa 
Bakıxanov.  “Nəsihətnamə”,  1836;  Seyid  Əzim  Şirvani.  “Məcmuəyi-asari  Seyid 
Əzim  Şirvani”,  1870;  Firudin  bəy  Köçərli.  “Balalara  hədiyyə”,  1912;  Şeyxzadə 
Hafiz  Məmmədin.  “Fəsahət  və  bəlağət,  fənni-inşa  və  üsuli-kitabət”,  1908  və  s.) 
nəzakətli hərəkət, danışıq məsələlərinə xüsusi əhəmiyyət verilmişdir. Bu məqsədlə 
dərslik  və  vəsaitlərə  şagirdləri  mədəni  nitqə,  nəzakətli  davranış  qaydalarına 
yiyələndirmək  baxımından  faydalı  sayılan  bir  çox  nəsihətlər,  məzəli  əhvalatlar, 
hekayələr,    atalar  sözləri,  zərbi-məsəllər  və  s.  salınmlşdlr.  Bu  təcrübə,  ənənə 
mövcud  dərsliklərin  tərtibində  nəinki  nəzərə  alınmalı,  həm  də  inkişaf 
etdirilməlidir. 

 
231 
Aşağı  siniflər  üçün  yazılmış  dərsliklərdə  mədəni  davranış,  danışıq 
qaydalarını,  böyük-kiçik  münasibətlərini  ifadə  edən  etiketlərin  bəziləri  məktəb  
dərsliklərində  -  mətnlərdə,  çalışmalarda  çox  da  olmasa,  müəyyən  dərəcədə  öz 
əksini  tapmışdır.  Məsələn,  II  sinfin  dərsliyində  “Nəzakətli  sözlər”  başlığı  ilə 
aşağıdakı dialoq  verilmişdir: 

Bağışlayın, saat neçədir? 

Səkkizə beş dəqiqə qalıb. 

Təşəkkür edirəm 

Mümkünsə bu küçənin adını deyin. 

“İstiqlal”. 

Çox sağ olun. Sizi narahat etdiyim üçün üzr istəyirəm. 

Əmican, xahiş edirəm, bu pulu xırdalayın. 

Buyur. 

Minnətdaram
Lakin  bu  azdır.  Dərsliklər,  xüsusilə  aşağı  siniflərin  dərslikləri  belə 
mətnlərlə  zəngin  olmalıdır  ki,  məktəblilər  xalqımızın  təfəkkür  tərzində,  etik 
görüşlərində,  yazılı  və  şifahi  ədəbiyyatında  yaratdığı  nəzakətli  davranış  və  nitq 
normalarını öyrənsinlər və əxz etsinlər. Bu baxımdan yazıçı Y.Əzimzadənin “Hə, 
yoxsa bəli”  hekayəsi xarakterikdir. 
“Mən  balaca  idim.  Bilirdim  ki,  başqaları  çağıranda  gərək  “bəli” 
deyəsən.  Kim  məni  çağırsa  “hə”  deyərdim.  Anam  bir  neçə  dəfə  mənə  acıqlanıb 
demişdi: 
             - “Hə” yox, “bəli”... 
             Bir  dəfə  də  uzaq  qohumlarımızdan  qoca  bir  kişi  bizə  qonaq  gəlmişdi. 
Söhbət vaxtı məndən soruşdu: 
             - Adın nədir, bala? 
             - Murad. 
             Aradan bir az keçdi. Qoca bir də məni çağırdı: 
             - Oğlum. 
 Mən həmişə olduğu kimi dedim: 

 
232 
                 - Hə .                
Qoca elə bil cavabımı eşitmədi, bir də çağırdı. 
Mən  yenə  “hə”  sözünü  ucadan  təkrar  etdim...  Qoca  çox  acıqlı  halda 
üçüncü dəfə adımı çağırdı. 
Mən  yenə  də  “hə”  deməyə  hazırlaşırdım  ki,  birdən  “bəli”  sözü  yadıma 
düşdü. Bildim ki, qoca məndən bunu tələb edir. Utana-utana yavaşcadan dedim: 
           - Bəli. 
Bax belə, - deyə qoca gülümsündü. – İndi səndən xoşum gəldi”. 
Dərsliklərimizdə  belə  mətnlərin  sayını  mümkün  dairəsində  artırmaq 
lazımdır.  Bu,  milli  dəyərlərimizi  qorumaq  baxımından  faydalıdır.  Nitqin  etik 
qaydaları,  etiketləri  kiçik  yaşlarından  başlayaraq  şagirdlərə  öyrədilməli,  onlarda 
bu  etiketlərdən  istifadə  bacarığı  formalaşdırmalıdır.  Bu  məqsədlə  digər  üsullarla 
yanaşı, dərsliklərdə verilən və ya müəllimin özünün tərtib etdiyi çalışmalardan da 
istifadə  etmək  olar.  Bir  metodik  vəsaitdə  tövsiyə  edilən  çalışmalardan 
aşağıdakıları nümunə kimi göstərək: 
1.  Tutaq  ki,  sən  mağazaya  girib  köynək  almaq  istəyirsən.  Xoşladığın 
köynəyi sənə göstərməsi üçün satıcı qıza necə müraciət edərsən? 
2.  Fərz  edək  ki,  məktəbinizə  gəlmiş  hörmətli  qonağı  qarşılamağı  sənə 
həvalə etmişlər. Sən qonağı qarşılayarkən hansı sözlər işlədərsən? 
3.  Yaxın  və  uzaq,  yaşlı  və  cavan,  kişi  və  qadına  müraciətinin  hansı 
fərqli variantları vardır? 
4.   Hansı halda  müsahibə “sən”, hansı halda “siz” deyə müraciət etmək 
lazımdır? 
5.  Yaxın dostunun ad günündə sənə çıxış üçün söz versələr, hansı xoş, 
ürəkoxşayan etiketlərdən istifadə edərdin? 
6.  Valideynlərini (dostunu, yoldaşını) qatarla və yaxud təyyarə ilə  yola 
salarkən hansı xoş, nəzakətli sözlər söyləyərdin? 
7.  Öz  yoldaşlarının  danışığında  hansı  nitq  etiketi  qüsurlarını  müşahidə 
etmisən? 

 
233 
8.  Səni  tanımadığın  bir  adamla  tanış  etsələr,  onunla  ilk  ünsiyyətində 
hansı sözləri işlədərdin? 
9.  “Bağışlayın”,  “Üzr  istəyirəm”,  “Zəhmət  olmasa  deyin”  ifadələrini 
hansı məqamlarda işlətmək olar? 
10.  Çoxdan  görüşmədiyin  bir  dostun  qarşına  çıxarsa  sən  hansı  sözləri, 
ifadələri işlədərsən? 
Belə  çalışmaları  məqsəd  və  məqamdan  asılı  olaraq  istənilən  qədər  tərtib 
etmək olar (39, 33).  
Mədəniyyətə, o cümlədən də nitq mədəniyyətinə sahib olmaq  rəhbər işçi 
üçün  daha  vacibdir.  Kollektivdə  şəxsiyyətlərarası  münasibətləri  tarazlamaq, 
münaqişəli  məsələləri  yoluna qoymaq,  sağlam  psixoloji iqlimi  yaratmaq,  çağdaş 
idarəetmənin  tələblərini  yerinə  yetirmək  üçün  rəhbər  işçi  digər  keyfiyyətlərlə 
yanaşı, yüksək mədəniyyətə, nümunəvi danışıq qabiliyyətinə sahib olmalıdır. 
Nəzakətli  ünsiyyət,  xoş  rəftar  və  qarşılıqlı  anlaşma  harda  varsa,  xeyir-
bərəkət də ordadır, orada işlər gedir, əmək məhsuldarlığı artır, adamlar sağlam və 
uzunömürlü  olurlar.  Bəziləri    hesab  edirlər  ki,  işçini  ram  etmək  üçün  onunla 
kobud danışmaq, sərt rəftar daha yaxşıdır. Burada qədim yunan filosofu Sokratın 
bir  kəlamı  yerinə  düşərdi:  “İnsan  dünyanı  dərk  etməzdən  əvvəl  özünü  dərk 
etməlidir”. Doğrudan da, insan üçün çətin şeylərdən biri özünüdərketmə, “mən”in  
dərkidir. Özünü dərk edənlər həm də yüksək nitq mədəniyyətinə, nəzakətli danışıq 
qabiliyyətinə, təmkin və səbrə sahib olurlar. 
Cəbrayıl  şəhər  orta  məktəbinə  uzun  illər  rəhbərlik  etmiş  İslam  Məmmə-
dovu  şagirdləri  və  iş  yoldaşları  xoş  duyğular  və  hörmət  hissi  ilə  xatırlayırlar. 
Danışırlar ki,  İslam müəllim  məktəbə rəhbərlik etdiyi neçə onilliklərdə bir dəfə 
də  olsun  tabeçiliyində  olanlara  səsini  qaldırmamışdı,  ən  kritik  hallarda,  ən  çətin 
məqamlarda  səbrini  basmağa,  əsəblərini  cilovlamağa,  öz  yoldaşlarını  qoruyub, 
hifz  etməyə  nail  olardı,  kollektivin  nöqsana  yol  vermiş  üzvü  ilə  elə  səbrlə, 
təmkinlə, milli, əxlaqi, etik normalara uyğun kübar ağsaqqallığı ilə söhbət edir, iş 
aparardı ki, həmin adam bir də elə səhvə yol verməzdi. Onun lap kəskin şəkildə 
olan  danlağı  da  ata  böyük  qardaş  öyüdü  kimi  səslənərdi.  Bu  idarəçilik 

 
234 
mədəniyyəti,  nəzakətli  davranışı  və  danışığı  onu  kollektivin  nəzərində  ucaldar, 
nüfuz sahibi edərdi” (“Xüdafərin” qəzeti, 18 oktyabr, 2001-ci il). 
Həyatın  bütün  sahələrində,  xüsusən  dövlət  idarəçiliyində  insanlara 
göstərilən  xidmətlərdə  etik  qaydalara  əməl  olunması  vətəndaş  məmnunluğunun 
təmin  edilməsi  baxımından  xüsusi  əhəmiyyət  kəsb  edir.  “Azərbaycan 
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar 
üzrə Dövlət Agentliyinin yaradılması və dövlət orqanları tərəfindən vətəndaşlara 
göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan 
Respublikası Prezidentinin 13 iyul 2012-ci ildə imzaladığı fərmanda vətəndaşlara 
münasibətdə  etik  qaydalara,  nəzakətli  davranışa  əməl  olunması,  vətəndaş 
məmnunluğunun təmin edilməsi zəruriliyi xüsusi qeyd olunmuşdur. Fərmanda bu 
məqsədlə fəaliyyət göstərəcək dövlət orqanlarının əməkdaşları üçün etik davranış 
üzrə  kursların  təşkili,  vətəndaş  axınının  idarə  olunması,  vətəndaşları  qarşılama, 
dinləmə,  izahetmə  bacarığını  inkişaf  etdirən  müxtəlif  treninqlərin  keçirilməsinin 
təmin olunması tələb edilir. Dövlət orqanları əməkdaşlarının qarşısına qoyulan bu 
tələb cəmiyyətimiz üçün olduqca önəmlidir, onun yerinə yetirilməsi çox vacibdir. 
Böyük Nizami  çox yerində demişdir: 
 
Çalış ədəbli ol hər sözündə sən 
Ədəblə danışsın səni dinləyən. 
Əqilli bir işdir yumşaq danışmaq, 
Axmağın işidir kobudluq ancaq. 
 
Təvazökarlıq  mədəni  nitqin  başlıca  şərtlərindəndir.  Adamlar  öz 
şəxsiyyəti, fəaliyyəti barədə bu və ya digər məqsədlə başqalarına məlumat verməli, 
danışmalı  olurlar.  Nitq  fəaliyyətinin  bu  formasında  bəzən  təvazökarlıqdan kənar 
işlənən söz və ifadələrə yol verilir. Radio verilişində bir aktyor öz səhnə fəaliyyəti 
haqqında belə ifadələr işlədirdi: “Məndə dramatizm güclüdür. Mənim səsim əladır. 
Mən  həmişə  baş  rollarda  çıxış  etmişəm.  Bütün  görüşlərdə  tamaşaçılar  məni 
alqışlayıb. Mən professional səhnə ustasıyam”. Nitq üzərində apardığımız müşa-

 
235 
hidələr  zamanı  təvazökarlıqdan kənar işlədilən xeyli  fakt  qeyd  etmişik. Məsələn, 
“Həmin mahnını mən daha yaxşı çalıram”; “Dissertant mənim əsərlərimə istinad 
etməmişdir”;  “Bu  barədə  ilk  dəfə  mən  bəhs  açmışam”;  “Dilçiliyin  bu  sahəsi  ilə 
bağlı mənim xeyli kəşflərim var”; “Mən bu sahənin professoruyam” və s. Belələri 
başqalarının fikirlərini daima inkar edir,  tənqidi mülahizələrlə razılaşmırlar, onlar 
üçün yalnız bir həqiqət – özlərinin fikirləri mövcuddur. Kim onlarla razılaşmırsa, 
belələrini yabançı, düşmən kimi qəbul edirlər. İndi el qarşısında özünü tərifləmək, 
demək  olar  ki,  bir  dəbə  çevrilmişdir.  Axı  insan  özünü  ölkə  qarşısında  nə  qədər 
tərifləyər?  Bu  nə  müğənniyə,  nə  müəllimə,  nə  həkimə,  nə  də  digər  ixtisas,  peşə 
sahiblərinə yaraşar. 
Böyük mesenant H.Z.Tağıyev olduqca sadə və təvazökar insan imiş. Onu 
yaxından  tanıyan  ingilis  yazıçısı  O.Nilin  öz  əsərlərinin  birində  yazırdı  ki, 
Azərbaycan  tarixində  tanınmış  simalardan  olan  H.Z.Tağıyev  təbiətən  az  danışan 
olub.  Özü  haqqında  isə  ümumiyyətlə  az  danışarmış.  Bu  onun  təbiətindən, 
təvazökarlığından irəli gəlirdi.  
Dahilər,  həqiqi  mənada  elm  adamları,  savadlı  və  mədəni  şəxsiyyətlər 
özləri barədə, fəaliyyətləri haqda həmişə mümkün dərəcədə az danışmağa çalışmış, 
başqalarının  onları  tərifləməsinə  razı  olmamışlar.  Ali  məktəbdə  dərs  deyən, 
mühazirə  oxuyan  müəllimlərdən  iki  nəfəri  –  prof.Ə.Dəmirçizadəni  və  akademik 
F.Qasımzadəni  yetirmələri  həmişə  hörmətlə  xatırlayırlar.  Onlar  bir  çox 
dərsliklərin,  monoqrafiyaların  müəllifi,  sözün  əsl  mənasında  alim,  pedaqoq,  lap 
adi insanlar idilər. Onların dilindən mən, mənim əsərlərim, mənim təsirim, mənim 
fəaliyyətim,  yetirməm,  mənim  tədqiqat  üslubum  və  s.  kimi  ifadələri  bir  dəfə  də 
olsun  eşidilməmişdi.  Bu  insanlar  danışığında,  rəftarında  təvazökar,  sözü-söhbəti 
bütöv,  hər  şeyi  müdrikliklə  ölçüb-biçən  adamlar  idilər.  Biz  onları  öyrəndikcə, 
əsərlərini  oxuduqca  həmin  insanların  böyük  alim,  dilimizin,  ədəbiyyatımızın 
görkəmli  tədqiqatçıları  olduqlarını  dərk  etdik,  başa  düşdük.  Böyük  təvazökarlıq 
onları bizim gözümüzdə daha da ucaltdı.  
Ta  qədimdən  yazıb-yaradan  ədiblər,  filosoflar  sadəlik  və  təvazökarlıqla 
bağlı çox dəyərli, hikmətli sözlər söyləmişlər. Ə.Xaqani sadəlik və təvazökarlığı 

 
236 
insana  xas  olan  nəcib  sifət  kimi  tərənnüm  etmiş,  lovğalığı  və  xudpəsəndliyi 
pisləmişdir: 
“Mənəm, mənəm” deyib öymə özünü, 
Həmişə müxtəsər söylə sözünü. 
Cahildir özünü tərif edənlər, 
“Çox bilirəm” demə bilsən də əgər. 
 
Geniş  dünyagörüşünə,  mükəmməl  savada,  yüksək    intellektə  sahib  olan 
adamların nitqi, danışığı, adi söhbətləri təvazökarlıq baxımından xoşagəlimli olur. 
Onlar bir qayda olaraq gördükləri işi ümuminin adından təqdim edirlər. “Bizim bu 
sahədəki  nəticələrimiz  olduqca  faydalıdır”;  “Bu  məsələyə  bir  qədər  aydınlıq  
gətirməyə  çalışmışıq”  və  s.  Çoxları  öz  fəaliyyətləri  barədə    danışarkən  təvazö-
karlıq  xatirinə  belə  ifadələr  işlədir:  “Özünü  tərif  olmasın”,  “Özündən  demək 
olmasın”,  “Təvazökarlıqdan  kənar  olmasın”,  “Bu  mənim  şəxsi  fikrimdir”  və  s. 
Belə adamlar lovğalığın nə olduğunu bilməz,  hər hansı işinə görə təriflənməsini 
də xoşlamazlar. İmperator Sezar Avqust (b.e.ə., I əsr) onu tərifləyənlərin, yaltaq-
ların qənimi idi. O, “cənab” sözünü işlətməyi və onu tərifləməyi qadağan  etmişdi. 
Bir  dəfə  ailəsi  ilə  teatra  gedərkən  səhnədən  aktyorun  “Ey  mərhəmətli  hökmdar, 
Allah  səni  Roma  xalqı  üçün  çox  görməsin”  deməsinə,  tamaşaçıların  onu  alqış-
lamasına görə hiddətlənir və bir daha teatra gəlmir. 
Deyilənlərdən  aydın  olur  ki,  təvazökarlıq  mədəni  nitqin  başlıca  keyfiy-
yətlərindəndir. Natiqin nitqi bu baxımdan da nümunəvi olmalıdır. 
Məşhur  Amerika  pedaqoqu  və  natiqi  Deyil  Karneqi  nitqin  səmimiliyi 
məsələsindən  bəhs  edərkən  olduqca  həyati,  hətta  ibərətamiz  nümunələr  gətirir. 
Məsələn,  “Ceneral  Elektrik”  kompaniyasına  adamlar  mövsümi  şəkildə  işə  qəbul 
olunar, müddət başa çatanda baş mühasib onları bir-bir qəbul edər,  xüsusi takt və 
hörmətlə sözə başlayardı. “Mister Smit, siz yaxşı işçi olmuşsunuz. Sizi biz Hyu-
Yorka  göndərdiyimiz  zaman  çox  ağır  bir  tapşırıq  vermişdik.  Siz  bu  işi  yüksək 
səviyyədə  yerinə  yetirdiniz.  Mən  istərdim  biləsiniz  ki,  bizim  firma    sizinlə  fəxr 
edir.  Sizin  xarakteriniz  elədir  ki,  hər  hansı  yerdə  işləsəniz,  hamının  hörmətini 

 
237 
qazana  bilərsiniz.  Bizim  firma  Sizə  inanır.  Amma  çox  təəssüf  edir  ki,  sizdən 
ayrılmalı olacağıq və istərdik ki, Siz bunu biləsiniz”. 
Belə  bir  insani  münasibət  işdən  azad  edilənin  məyusluğunu  aradan 
qaldırır, onu işləməyə, fəaliyyət göstərməyə, yaşamağa ruhlandırırdı. 
Dünyanın  böyük  adamları  bir  də  ona  görə  böyükdürlər  ki,  onlar  öz 
uğurları ilə öyünmürlər, başqalarının mənliyinə, qüruruna toxunmurlar. 
Uzunəsrlik    düşmənçilikdən  sonra  1922-ci  ildə  türklər  yunanları  türk 
ərazisindən çıxarmaq qərarına gəlirlər. Mustafa Kamal öz əsgərlərini Aralıq dənizi 
uğrunda  vuruşmağa  çağırır.  Bu  böyük  vuruşda  türklər  qələbə  qazanır.  Yunan 
generallarından  Trikupie    və  Dianis  təslim  aktına  qol  çəkmək  üçün  Mustafa 
Kamalın qərargahına yollanırlar. Yol boyu türk əsgərləri onlara cürbəcür söyüşlər 
yağdırırlar. Lakin Mustafa Kamalın onlarla söhbətində qələbə təntənəsi o qədər də 
hiss  olunmurdu.  Mustafa  Kamal  onlara  yer  göstərir  və  deyir  ki,  siz,  yəqin  ki, 
yorulmuşsunuz.  Bundan  sonra  Mustafa  Kamal  hərbi  əməliyyatın  gedişini  müza-
kirə  edib,  nəhayətdə  məğlub  yunan  generallarının  dərdlərini  yumşaltmaq  məqsə-
dilə  deyir:  “Müharibə  bir  oyundur,  hərdən  ən  yaxşı  adamlar    belə  məğlubiyyətə 
düçar olurlar” (59). 
İnsan  öz  üstünlükləri  ilə  öyünməməli,  qürrələnməməlidir.  İngiltərənin 
maliyyə naziri Lorq Cesterfild oğluna deyirdi: “Əgər bacarırsansa hamıdan  ağıllı 
ol, amma bu haqda heç kimə danışma” Ağıllı adamlar “mən” şəxs əvəzliyinin çox 
az hallarda işlətmişlər. Onlar öz uğurlarından, necə deyərlər, xəsisliklə danışmış, 
həm  də  bunları  ümuminin  adı  ilə  verməyə  çalışmışlar.  Mərifətli  insanlar  tarixən 
təvazökar adamları özlərinə dost seçmişlər. 
Diskussiya mədəniyyəti 
Adamlar  gündəlik  nitq  praktikasında    başqaları  ilə  dialoqa,  fikir    müba-
diləsinə, diskussiyaya girirlər. Fikir mübadiləsi müxtəlif məqsədlərə (müəyyən bir 
informasiya, hadisə barədə məlumatlanmaq, müsahibini nəyəsə inandırmaq, sövq 
etmək, nədənsə çəkindirmək, deyilənlərə münasibət bildirmək və s.) xidmət edir. 
“Dialoq”  termini  yunanca  “dialoqos”  sözündən    götürülmüş,  iki  və  daha  çox 
şəxsin  qarşılıqlı  söhbəti,  fikir  mübadiləsi  mənasını  ehtiva  edir.  Geniş  mənada 

 
238 
Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin